Dini maarifləndirmə işi daimi proses kimi

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdış prosesi sürətlənib. Son illərdə milli-mənəvi dəyərlərimizə dövlət qayğısı daha da artıb. Əsas diqqət isə dini maarifləndirmənin gücləndirilməsi və düzgün istiqamətdə inkişaf etdirilməsinə yönəlib.

   Sirr deyil ki, dini maarifləndirmənin azlığı ucbatından son zamanlar zərərli cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar. Demək olar ki, buna dünyanın bütün ölkələrində rast gəlinir. Azərbaycanda bu istiqamətdə problem nəzərəçarpacaq dərəcədə olmasa da, heç kəs deyə bilməz ki, ölkəmiz bundan tam sığortalanıb. Düzgün dini təbliğat, insanlara dinimizin mükəmməl şəkildə çatdırılması bu gün dini qurumların üzərinə düşən əsas vəzifə və məsuliyyətdir.

   "Həqiqi İslamı gənclərimizə düzgün aşılamaq lazımdır"

   Ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini dərindən dərk edən dini qurumlarımız da son vaxtlar əməli işə keçiblər. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təkcə son ayda dindarlar üçün təşkil etdiyi təkmilləşdirmə kurslarını buna misal göstərmək olar. Ötən ayın sonunda müdavimlərə sertifikatların təqdim olunması mərasimində çıxış edən QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə qarşıdurmaların, dinlər və məzhəblər arasında salınan ədavətin dövlətləri parçaladığını, bəzi qüvvələrin müsəlmanla müsəlmanı, xristianla xristianı üz-üzə qoyduğunu, nəticədə insanların bir-birilərinə silah qaldırdığını deyərək, belə halların həm ayrı-ayrı dövlətlərdə, həm də bütünlükdə dünyada sabitliyin yaranmasına böyük zərbə vurduğunu bildirib. Şeyx bəzi Qərb dövlətlərinin müsəlman ölkələrində təfriqə saldıqlarını, Azərbaycana düşmən münasibəti bəsləyən qüvvələrin burada da dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyində olduqlarını deyərək, bu fikrə düşənlərin planlarının heç vaxt həyata keçməyəcəyni vurğulayıb: "Çünki Azərbaycanın güclü dövləti, bu dövləti hər zaman müdafiə edən sizin kimi insanları var. Dini radikallar qanun qarşısında cavab verəcəklər".

   Danılmaz faktdır ki, Azərbaycandan Suriyaya, İraqa gedib döyüşənlər və bundan ilhamlanaraq İslamda sünni-şiə ədavəti salmağa cəhd göstərənlər də var. Özü də nə qədər ağır olsa da, deməliyik ki, belələrinin sayı çoxalıb. QMİ sədri bu məsələdə din xadimlərinin də məsuliyyət daşıdıqlarını deyir. Onun fikrincə, bu gün gənclərimizin bu yola düşməsində hamının, o cümlədən din xadimlərinin də üzərinə böyük iş düşür: "Mən bütün Azərbaycan dindarlarına üz tutaraq deyirəm ki, baxaq görək biz harada boşluq buraxmışıq ki, ondan istifadə edib gənclərimizi bu yola çəkirlər. Bu çox təhlükəli oyundur. Siz məscidlərdə, moizələrinizdə, insanlar arasında apardığınız söhbətlərdə elə etməlisiniz ki, gənclərimiz hansısa qüvvələrin təsirinə düşməsin. Həqiqi İslamı gənclərimizə düzgün aşılamaq lazımdır" deyən Şeyxülislam bütün hallarda bunun qarşısının alınmasının vacibliyini vurğulayıb. Bunun üçün isə təbii ki, birinci növbədə dini maarifləndirmə güclü olmalıdır.

   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) də bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Qurumun ayrı-ayrı bölgələrdə "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda keçirdiyi regional konfransların da məqsədi dini maarifçilik işini genişləndirmək, dini icmaları sosial layihələrə cəlb etmək, dindarlar arasında vətənpərvərlik hissini gücləndirmək və tolerantlıq ənənələrini təbliğ etməkdir. Bu istiqamətdə "Qazi Qarabağ azanı" layihəsi, "Axund və imamlar üçün xütbə vəsaiti" və Milli Tolerantlıq Mərkəzinin yaradılmasını da xüsusi qeyd etmək lazımdır.

   Bu sahədə qət edilməli    uzun yol var

 

   Millət vəkili Fazil Mustafanın dediyinə görə, Azərbaycan faktiki olaraq müxtəlif dinlərin mövcud olduğu bir ölkə olsa da, dini maarifləndirmə işi o qədər də güclü deyil. Onun fikrincə, bunun üçün birinci növbədə təhsil sistemi təkmilləşdirilməli, dinin təhsil qurumlarında tədrisi təmin edilməlidir. "Orta təhsil İslam bilgiləri, din tarixi ilə bağlı düzgün və sağlam məlumatların öyrədilməsi, tərəfsiz bilgilərin verilməsi olduqca vacibdir" deyən həmsöhbətimizə görə, bu məsələdə dövlət əslində obyektiv və tarixi gerçəkliyə dayanan yolu tapmalıdır. "Bu məsələdə hansısa cərəyanı, hansısa fiqh məktəbini əsas götürmədən birbaşa Quran və Peyğəmbərin Sünnəsi prinsipi ilə hərəkət edilməlidir. Bundan başqa, əlavə bidətlər, dində olan ayrı-ayrı etnik sistemlərin yaratdığı hansısa yenilikiər burda nəzərə alınmamalıdır. Hətta belə məsələdə Azərbaycanda da mövcud olan ənənəvi inanclardan da bir az uzaqlaşaraq sırf obyektiv tarixi bir məsələ olaraq din məsələsi təqdim olunmalıdır. Sonra kimsə öz inancındakı hansısa məsələni yaşamaq istəyirsə, buna onun şəxsi işi kimi yanaşılmalıdır. Dövlət bu məsələdə israr etməlidir".

   Azərbaycanda cəhalət elementlərinin də çox olduğunu deyən deputat hesab edir ki, bu cür cəhalət sindromunu aşmaq üçün orta məktəbdən sağlam din təbliğatını gücləndirmək lazımdır. "Ən azı müəyyən dini bilgilər veriləndən sonra, insanların özlərinin doğru din axtarışına başlaması qaçılmazdır. Ali məktəblərdə də bu istiqamətdə bir ekol yaratmağa ehtiyac var. Misirin əl-Əzhər Universiteti kimi Azərbaycanda da yaxşı vəsait ayırıb, böyük bir kitabxanası olan, sağlam dini təhsil verə biləcək bir universitet yaratmaq imkanı düşünülə bilir".

   İlahiyyatçı Elşad Miri isə hesab edir ki, dini maarifləndirmə ilə bağlı müəyyən addımlar atılsa da, son vaxtlar baş verən hadisələrin müşahidəsi bu məsələdə hələ də qət edilməli yolun uzun olduğunu göstərir. Onun sözlərinə görə, dini maarifləndirmə üçün ilkin növbədə mövcud olan ilahiyyatçıların da dəstəyi ilə hər kəsi qucaqlayacaq, tolerantlığa qatqısı olacaq ədəbiyyatlar hazırlanmalıdır. "Bu ədəbiyyatlar sadəcə quru informasiyanın verilməsi deyil, kənardan gələcək dinlə bağlı yad ünsürlərə qalxan rolunu oynayacaq tərzdə hazırlanmalıdır. Bu hazırlıqdan sonra təhsil qurumlarında fakültətiv də olsa tədrisi üçün şərait yaradılmalıdır. Günümüzün insanının daha çox multimediyaya və sosial şəbəklərə istiqamətlənməsindən istifadə edərək bu sahələrdəki boşluqlar doldurulmalıdır. Sənədli filmlər, televiziya və radio verilişləri hazırlanmalı, iOS və android smartfonları üçün xüsusi proqramlar, insanlarımızın suallarına daha rahat cavab tapa biləcəyi internet resursları hazırlanmalı və insanlarımızın ixtiyarına verilməlidir. Bunları edərkən, ölkəmizdə mövcud olan digər dini konfessiyalarla münasibətlərə də toxunulmalı bu sahədə də ətraflı məlumatlar verilməlidir".

   E.Miri bildirir ki, dini maarifləndirmənin inkişafı üçün İslamın əsas kitabı olan Quranın izahlı tərcüməsi heyət halında hazırlanmalıdır. Bunların səsli versiyası da əlavə edilməlidir. Hətta mövzulara uyğun olaraq indekslərin hazırlanmasına da ehtiyac var. "Həmçinin bu izahların və Quran qissələrin uşaqların səviyyəsinə uyğun olaraq hazırlanması da bu maarifləndimə işinə güclü təsir edəcək mexanizm olacaq".

   Əhalinin dini sahədə maarifləndirilməsi təkcə QMİ-nin, DQİDK-nın, dindarların deyil, həm də mətbuatın işi olmalıdır.

   Bəs bizim öhdəmizə   iş düşür?

   QMİ sədri Allahşükür Paşazadə mətbuatı dini mövzuları işıqlandırarkən obyektiv olmağa səsləyir. Son vaxtlar medianın dini mövzulara diqqətinin artmasını müsbət hal kimi dəyərləndirən Paşazadə jurnalistlərin bu əməyini yüksək qiymətləndirir. "Lakin təəssüf ki, bəzən dini mövzuları işıqlandırarkən də sensasiya axtarmaq meyli hiss olunur. Biz həmişə sağlam tənqidin tərəfdarı olmuşuq, amma hadisələrə qərəzli, birtərəfli yanaşılmasının, yalnız qüsurların qabardılmasının əleyhinəyik. Yaxşı işlərimizi də yazmaq, cəmiyyətə çatdırmaq lazımdır".

   Sovet Azərbaycanında dinə qarşı kifayət qədər soyuq münasibət olduğunu deyən Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, həmin dövrlərdə məktəblərdə dinlə bağlı kifayət qədər maarifləndirmə işləri aparılmırdı. "Amma Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə dinlə bağlı düşüncələr dəyişdi, formalaşmağa başladı. "Etiqad azadlığı" haqqında qanun qəbul olundu. Konstitusiyada "vicdan azadlığı" adlı bölmə ayrıldı" deyən MŞ sədri bildirir ki, bütün bunlar Azərbaycanda tolerantlığın təzahürüdür.

   Amaşov hesab edir ki, ölkədə din haqqında məlumatlı insanlar çox olsa da, Azərbaycan insanı dini dəyərlərin mahiyyətini tam olaraq anlamır. "Düşünürəm ki, bu sahədə də problemlər var. Bir çox məktəblərdə bu barədə məlumatlar verilsə də, hələ problemlər tam həllini tapmayıb".

   Son zamanlar ölkə mediasında Suriyada öldürülən azərbaycanlılarla bağlı yazıların daha da artdığına diqqət çəkən müsahibimizin fikrincə, nə qədər ki, ölkədə din lazımı səviyyədə təbliğ olunmur, bu kimi problemlər yenə də olacaq: "Arzu olunur ki, Azərbaycan mətbuatında din kifayət qədər təbliğ edilsin və Azərbaycan insanı dinin mahiyyətini anlaya bilsin".

   Şura sədri onu da bildirib ki, ölkə mətbuatında bəzən dinlə bağlı dolğun olmayan məlumatlara da rast gəlinir: "Müxtəlif qəzetlərə, saytlarda dini mövzularda yazan jurnalistlərimiz var. Amma onların sayı çox azdı. Bu gün dini sahədə yazanların çoxunun bu sahədə nə təhsili var, nə dini bilikləri".

   Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli dini maarifləriməni kanalların özünə uyğun həyata keçirdikdərini bildirir. "Çalışırıq ki, bütün televiziya kanallarında balans qorunsun. Kanallarda bütün təbəqələrə uyğun proqramlar hazırlansın, bütün istiqamətlədə proqramlara yer verilsin. Çünki cəmiyyətimizin bütün sahələrə ehtiyacı var".

   Həmsöhbətimiz hər bir sahədə olduğu kimi KİV-in də dini maariflərndirməni ifrata varmasının tərəfdarı deyil. Onun sözlərinə görə, dini proqramlar, dini mövzular yalnız yüksək səviyyəli mütəxəssislər tərəfindən təqdim edilməlidir: "Bəzən görürük ki, dindən də artıq şou xarakterli proqramlarda istifadə edirlər, dindən də şou yaradırlar. Mən bunun tərəfdarı deyiləm. Mən dini proqramlara qadağa qoymağın əleyhinəyəm. Amma hər şey həddində, ifrata varmayan bir şəkildə olmalıdır",- deyən MTRŞ sədri bildirib ki, dini proqramlar şou xarakterli yox, xalqın istəyinə uyğun olmalıdır.

   Dini maarifləndirmə  hamımızın işi olmalıdır

   Hər kəsin dini etiqad azadlığı var. Bununla belə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmayaq ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Odur ki, hamılıqla dini maarifləndirmə işinə daha diqqətli yanaşmalıyıq.

 

  

Qalib İBRAHİMOĞLU

Ekspress.-2014.- 3 iyul .- S.5.