"Rejissorları qınamaq olmur..."

 

Elmira Şabanova: "Oğlumun ən böyük arzusu Azərbaycanda dövlət səviyyəsində tarixi bir film çəkməkdir"

 

Gələn il 75 illik yubileyini qeyd edəcəyimiz xalq artisti Elmira Şabanova həyatının 50 ildən çoxunu Azərbaycan kinosuna həsr edib.

   1 noyabr 1940-cı ildə Bakıda anadan olan Elmira Şabanova M.A. Əliyev adına ADİİ-nin əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsində (1969) təhsil alıb. Kinoya gəlişi "Səhər" və "Əsl dost" filmləri ilə başlayır. Təxminən 20 ilə yaxın fasilədən sonra "Bədbəxtliyin astanasında", "Gəmi saatının sirri", "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "Dairə", "Zirzəmi", "Şahid qız", "Özgə vaxt", "Təhminə", "Fəryad", "Əlvida, cənub şəhəri", "Gecə qatarında qətl", "Gəlinlər" və s. filmlərdə unudulmaz obrazlar yaradıb.

   Ana obrazı ilə müxtəlif filmlərdə özünəməxsus obrazlar yaradan xalq artisti tamaşaçıların yaddaşlarda elə o cür də qalıb. Aktrisa gələcək həyat yoldaşı - rejissor Rüfət Şabanovla elə kinostudiyada rastlaşmışdı. Rüfət Şabanov Elmira xanımı "Əsl dost" filminə dəvət edir və onların gələcək ailə münasibətlərinin təməli həmin vaxtdan qoyulur.

   Düzdür, rejissor ərinin anasının tələbi ilə aktrisa 20 il səhnədən uzaq düşüb. Xalq artisti itirdiyi illərə görə peşmançılıq çəkmir və hesab edir ki, əsl aktrisa özünü bir filmdə də təsdiq edə bilər. Yenidən səhnəyə1978-ci ildə qayıdan Elmira xanım yaşla bağlı gənc qadın rolu oynaya bilməyəcəyini düşünüb çox təəssüflənsə də, arzuladığı əksər obrazları oynadığını deyir. Vaxtilə çılğın qadın obrazlarına meyl edən aktrisaya səhnəyə dönüşündən sonra ana obrazları həvalə olunur: məsələn, "Ötən ilin son gecəsi"ndə Həmidə obrazı.

   Bir müsahibəsində Elmira xanım ikinci səhnə həyatı ilə bağlı belə deyib: "Artıq özümü başqa obrazda görə bilmirəm. Rejissorlar da buna alışıb. Hər yeni ekran işində Elmira Şabanovanın adı hallandırılarsa, deməli, filmdə ana obrazı var".

       - Elmira xanım, qarşıdan Ramazan bayramı və Kino Günü gəlir. Fürsətdən istifadə edib, vaxtından əvvəl olsa da, Sizi hər iki bayram münasibətilə təbrik edirəm.

   - Diqqətinizə görə təşəkkür edir və mən də Sizi bu gözəl günlər münasibətilə təbrik edirəm.

   - Kino sadəcə Sizin deyil, ümumiyyətlə, ailənizin həyatında böyük önəmə malikdir, yəni bu, Sizin ailəvi bayramınızdır...

   - Haqlısınız. Mənim ailəmin bütün üzvləri kino işçiləridir. Həyat yoldaşım Rüfət Şabanov bildiyiniz kimi rejissor kimi bir çox sənət nümunələri yaradıb, oğlum Moskvada Kinematoqrafiya institutunu bitirib və hazırda orda rejissorluqla məşğuldur. O da önəmli sənət nümunələri yaradır. Mənə gəldikdəsə, artıq neçə illərdir ömrümü bu işə həsr etmişəm.

   - 116 yaşını qeyd edən milli kinomuzun tarixində sizin də imzanız var. Çox-çox əvvəlləri, çəkildiyiniz ilk filmin həyəcanlı anlarını yada salmağınızı istərdim...

   - Doğrudan da, sənətdə ilkə imza atmaq böyük məsuliyyət olduğu kimi, həm də böyük həyəcan yaşamaqdır. Tələbə bir qız ilk dəfə kamera qarşısında dayanır, rejissorun dediklərini, görmək istədiklərini kamera qarşısında canlandırır və özünü aktrisa kimi təsdiq etməyə can atır. Bəzən ilk rol aktyorun həyatında önəmli rol oynamaya bilər və nəticədə həmin aktyor ümumiyyətlə sənətə bir qədər küskün düşə bilər. Ümumiyyətlə, aktyorlar var ki, ilk oynadığı rolla, aktyorlar var ki, sonrakı rolları ilə uğur qazana biliblər, şöhrətə gec yiyələniblər. Yəni, bu bir qədər mübahisəli, eyni zamanda da şans məsələsidir. Bu sənətdə mənim şansım hərtərəfli gətirib. Bildiyiniz kimi, ilk dəfə "Azərbaycanfilm" kinostudiyasının istehsal olan "Səhər" filmində rol almışam - o gündən də kino möcüzəsindən çıxa bilməmişəm.

   Mən bir zamanlar teatr aktrisası kimi də səhnəyə çıxmışam, bir neçə il Rus Dram Teatrında çalışmışam, bununla belə, üstünlüyü daima kinoya vermişəm. Düzdür, televiya tamaşalarında oynadığım obrazlar da tanınmağımda böyük rol oynayıb.

   - Kinoya möcüzə kimi baxanlar da var, onu sıradan bir kimi görənlər də. Adı kino olub özü kinoya bənzəməyən işlər də çoxdur...

   - Yalnız hər işin peşəkarı öz işinin ustadı ola bilər və ustadlığa qədər önəmli sənət nümunələri yaratmaqla o zirvəni fəth etməlidir. Qeyri-peşəkarın kinoda işi yoxdur, heç bir şey edə bilməz, çünki məşğul olduğu işin məsuliyyətini dərk etmir. Məsuliyyət hissi peşəkarlara aiddir. Qeyri-peşəkarların kinoya gəlişi Azərbaycanın ən çətin dövrünə təsadüf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hər sahədə olduğu kimi kinoda da durğunluq yaranmışdı - həmin dövrdən sui-istifadə edənlər tapıldı və nəticədə zəif filmlər meydana çıxdı. Kino hər hansı bir görüntünü lentə almaq deyil. Böyük və yaradıcı bir qüvvənin gücüylə ərsəyə gələn kino çəkmək üçün sözün həqiqi mənasında möcüzə yaratmaq lazımdır. Əslində ötən əsrdə yaranan sənət nümunələri buna canlı misaldır. "Azərbaycanfilm" kinostudiyası hər janrda - komediya, tarixi, dedektiv, tragediyas. janrlarda önəmli sənət nümunələri yaradıb və inanıram ki, kinomuz yenindən dirçələcək. Artıq yeni-yeni filmlər yaranır və bir-birindən maraqlı alınan filmlər artıq inkişaf mərhələsinə qədəm qoyub.

   Artıq müstəqil Azərbaycan kinosu yaranır, bu da bir mərhələdir. Bu mərhələdə daha çox nailiyyətlər qazanacağımıza inanıram.

   - Söhbətin əvvəlində "Səhər" filmindən bəhs etdiniz. İlk film kino həyatınızda böyük rol oynasa da, sonralar uzun illər çəkiliş meydançasından uzaq qaldınız...

   - Ailə qurduqdan sonra artıq filmlərə çəkilmədim. Çünki ailə məsuliyyəti qat-qat üstündür, uşaq tərbiyəsi ilə məşğul olmaq kimi hisslər, bu kimi duyğular məni bir qədər kinodan uzaq saldı. Bununla belə İncəsənət Universitetində pedaqoq olaraq çalışdım, onlarla tələbə yetişdirdim. Onların hamısının adını çəksəm, bu müsahibəyə yerləşməz...

   35 illik pedaqoji fəaliyyətim ömrümün ən önəmli bir dövrünü əhatə edir. Həm aktyorluqdan, həm də rejissuradan Mehdi Məmmədovun kafedrasında dərs demişəm. Öncəliklə öz müəllimlərimin adlarını çəkmək istərdim. Mən sənətin sirrini Məhərrəm Haşımov, Tofiq Kazımov, Rza Təhmasib və s. bu kimi görkəmli rejissorlardan öyrənmişəm və təhsilimi bitirdikdən sonra onlarla bərabər çalışmışam. Tədris teatrında bir çox tamaşalar hazırlamışam və hazırladığım tamaşalarda dərs dediyim aktyorların peşəkarlıq qazanması üçün onlara sənətin sirlərini öyrədirdim. Yəni, bir vaxtlar müəllimlərimdən öyrəndiklərimi, sonralar öz tələbələrimə öyrədirdim. Tələbələrimdən Rasim Balayev, Səməndər Rzayev, Şahmar Ələkbərov, Mikayıl Mirzəyev, Əliqismət Lalayev, Mübariz Həmidov, Nuriyyə Əhmədova, Firəngiz Mütəllibova, Hicran Hüseynova və başqalarının adlarını çəkmək istərdim. Onların hər biri çox məsuliyyətli tələbələr olub, sənətə böyük maraqları vardı, yəqin bunun nəticəsidir ki, hər biri sənət dünyasında özünəlayiq yeri tutmağı bacardı.

   - Təəssüflər olsun ki, adlarını çəkdiyiniz tələbələrin davamçıları yetişmir. Sizcə bunun səbəbi nədir?

   - Təbii ki, bunun başlıca səbəbi dövrlə bağlıdır - keçid dövründə həyatımızda bir çox dəyişikliklər oldu, məhz bu səbəbdən də sənət bir qədər arxa plana keçdipul qazanmaq insanların beynini tamamilə məşğul etdi. Artıq tələbəni dərsdə tapmaq olmur, müəllimlər şikayət edirlər ki, tələbələr dərsdə oturmur. Tələbələri də qınamaq olmur, qazanc dalınca qaçırlar.

 

   - Oğlunuz Fuad Şabanov Rusiyada artıq tanınmış rejissordur...

   - Oğlum olduğu üçün demirəm, Fuad Şabanov sözün həqiqi mənasında Rusiyada gözəl işlərə imza atıb, hazırda 12 bölümdən ibarət serial üzərində işləyir. Çox vaxt mənə irad tuturlar ki, niyə Fuad Azərbaycan üçün film çəkmir. Bu irada sizin qəzet vasitəsilə cavab vermək istərdim. Oğlumun ən böyük arzusu məhz Azərbaycanda dövlət səviyyəsində tarixi bir film çəkməkdir. İnanıram ki, Fuad bu arzusunu reallaşdıracaq.

   - Sizi filmlərinizə dəvət edirmi?

   - Oğlum xasiyyətcə çox mülayimdir, ancaq rejissor kimi çox sərt, hətta tələbkardır. Düşünürəm ki, o, çəkiliş meydançasında mənimlə sərt rəftar edəcəyindən çəkinərək öz filmlərinə çəkmir, ancaq deyəsən mənim üçün düşündüyü bir şeylər var. Ancaq məni filmlərinə dəvət etməsə belə incimərəm. Bildiyiniz kimi, mən həyat yoldaşımın quruluş verdiyi "Gəmi saatının sirri" filminə də çəkilmişəm. Təbii ki, filmdəki rol mənə uyğun olduğuna görə o məhz məni çəkmişdi. Ola bilsin ki, oğlum da məni gördüyüya görmək istədiyi hər hansı bir filmə dəvət etsin.

   - Ümumiyyətlə, Azərbaycan aktyorlarından hansınısa filmlərinə dəvət edibmi?

   - Ruslar buna imkan verməz. Bir məqamı xüsusilə diqqətinizə çatdırmaq istərdim. Əvvəllər filmin bütün cavabdehliyi rejissora aid olurdu. Məsələn, rejissor rola uyğun gördüyü aktyoru filminə dəvət edirdi. Bir haşiyə çıxmaq istərdim. Rasim Ocaqov məni "Otel otağı" filmində əsas rollardan birinə çəkmək istəyirdi, ancaq sonradan başqa bir aktrisa həmin rola çəkildi. Hətta rəhmətlik Rasim Ocaqov mənə üzrxahlıq da etdi. Demək istədiyim odur ki, hazırda filmi kim maliyyələşdirirsə, o da aktyor heyətini seçir. Qeyri-peşəkarlar bu durumdan yararlanır ki, nəticədə də film zəif alınır. Doğrudur, əvvəllər də bu kimi duruma təsadüf olunub, ancaq çox az hallarda. Məsələn, Tofiq Tağızadə "Bağ evi" filmini çəkərkən əsas obrazlara Həsən Məmmədovla məni çəkmək istəyirdi. Sonra həmin obrazlarda Həsən Məmmədovla Zemfira Sadıxovanı çəkdi. Səbəb də o idi ki, kinostudiyanın direktoru Zemfira xanımı rola uyğun görmüşdü. Etiraf edək ki, Zemfira Sadıxova həmin rolu yüksək peşəkarlıqla yaratdı. Yəni, əgər sənin dəvət aldığın rola sonra başqa bir peşəkar çəkilərsə, bu o qədər də adama təsir etməz, ancaq qeyri-peşəkara üstünlük veriləndə o zaman kino zərər görür, bu da adama necə təsir etməyə bilməz?! Hazırda mənzərə sanki sadəcə qeyri-peşəkarlar üzərində qurulub. Bu durumda rejissorları da qınamaq olmur, çünki rejissorlar artıq asılı vəziyyətə düşüb. İnanıram ki, bu da müvəqqətidir, zamanla hər şey dəyişəcək. Azərbaycan kinosu yenə də inkişaf edəcək və peşəkarların sayəsində önəmli sənət nümunələri yaranacaq.

   - Yubileyiniz ərəfəsində özünüzü necə hiss edirsiniz?

   - Gələn il 75 yaşım tamam olur, 75 il böyük bir zamandır. Doğrusu, heç bir vaxt inanmazdım ki, bu qədər yaşayacağam. Çox şükür ki, bu yaşımda heç kimdən asılı deyiləm - dövlətimin diqqəti, qayğısı sayəsində yaşayıram, bütün rahat şəraitim var. Bu səbəbdən özümü çox xoşbəxt sayıram. İki övladımla fəxr edirəm, nəvələrim var, ölkəmin xalq artisti, prezident təqaüdçüsüyəm, bütün titullara layiq görülmüşəm. Mənə dövlət səviyyəsində diqqət var, bundan böyük xoşbəxtlik olarmı?! Fürsətdən istifadə edib Kino günü münasibətilə bütün kino işçilərini ürəkdən təbrik edircan sağlığı arzulayıram. Belə bir söz var ki, "gözəllik dünyanı xilas edəcək". Mənsə demək istərdim ki, dünyanı yalnız və yalnız məhəbbət, səmimiyyət, mehribanlıq xilas edəcək. Ölkəmə, millətimə sülh şəraitində, problemlərdən uzaq, mehriban həyat arzulayıram. Ömrü boşa sərf etmək olmaz, ömrün dəyərini, hər günün qiymətini bilin...

 

  

Xədicə QİYAS

Ekspress.-2014.- 19-21 iyul.- S.19.