Münəvvər Kələntərli Milli kinonun unudulmaz xalası

 

Kələntərlilər ailəsindən 17 yaşlı bir qızın Lənkərandan Bakıya gələrək səhnəyə çıxması ötən əsrin 30-cu illər üçün olduqca cəsarətli addım idi. Ancaq 17 yaşlı Münəvvər həm də şanslı idi, çünki yanında qardaşı Haşım vardı...

Milli səhnəmizin xanım-xatın aktrisası Münəvvər Kələntərli sonralar xalqın sevimli sənətkarına çevriləcək, qardaşı Haşım da milli vokal sənətimizin parlaq təmsilçisi olacaqdı.

Haşım Kələntərli həm el mahnılarının, həm də muğamlarımızın mahir ifaçısı idi. Onun ifasında özəlliklə "Segah" yüksək qiymətləndirilmişdi - musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi də qəbul olunur.

Haşım bacısı Münəvvərlə 30-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edirdi. Kələntərlilərin özünəməxsus maraqlı və geniş mahnı repertuarları vardı. Konsert proqramlarında xalq mahnılarını, muğamı, həmçinin Lənkəran bölgəsinə aid el nəğmələrini - "Aman, nənə", "Kəşmiri şal" və "Lolo"nu məlahətli səslə ifa edərdilər.

Münəvvər xanım əvvəlcə Opera Teatrında, sonra isə arzusuna əsasən Musiqili Komediya Teatrında fəaliyyətə başlayır.

Müxtəlif səpgili rollar yaradan aktrisa çalışdığı teatrların ən aparıcı aktrisasına çevrilir. Münəvvər xanım "Muzkomediya"nın səhnəsində "Hacı Kərimin Aya səyahəti"ndə Kəblə Fatma, "O olmasın, bu olsun"da Sənəm, "Gözün aydın"da Gövhər, "Qızılaxtaranlar"da Xədicə, "Ulduz"da Tamams. obrazları ustalıqla, sevə-sevə yaratmış, bununla da adını teatr tariximizin yaddaşına həkk etməyi bacarmışdı.

O, "Hacı Kərimin Aya səyahəti"ndə böyük sənətkarımız Nəsibə Zeynalova ilə dublyor olub. Münəvvər xanım Lütfəli Abdullayev, Nəsibə xanım isə Bəşir Səfəroğlu ilə səhnəyə çıxardı.

Münəvvər xanımının qardaşı oğlu Səməd Kələntərli bibisi ilə bağlı maraqlı xatirələri var:

"Kələntərlilər İranda adlı-sanlı, nüfuzlu nəsil sayılıblar. Bizim babalarımız oradan üç-dörd yüz il bundan qabaq köçüb-gəliblər. Eşitdiyimə görə, buna Lənkəran, Astara və Cəlilabadda bəxşiş kimi aldıqları torpaq sahələri səbəb olub. Mənim ulu babam o zaman Lənkəranda yurd salıb.

Babam Səməd bəy Kələntərlinin mülkü Lənkəranın Böyükbazar adlanan məhəlləsindəydi. O, ticarətlə məşğul olar, alış-veriş üçün tez-tez İrana gedib-gələrmiş. Səməd bəyin uşaqlarının sayı çox olub. Ancaq onlardan altısı sağ qalıb - Haşım, Xanımbacı, Humra, Məmmədhüseyn, Cabbarsonbeşik Münəvvər. Evin böyük övladının - Haşım əmimin yaş kağızına təvəllüd tarixi kimi 1899-cu il, Münəvvər xanımınkına isə 1912-ci il yazılıb.

Uşaqlarının əli çörəyə çatmamış, babam əcəlinə tuş gəlib. Səməd bəy iki-üç yaşlı qızı Minanın (Münəvvər bibimi lap uşaqlıqdan evdə belə çağırıblar. Sonralar biz uşaqlar da bu adətə sadiq qaldıq) körpə yaddaşında heç bir iz qoymadan tərk edib bu dünyanı".

Səməd Kələntərli bibisinin sadə və şən bir qadın olduğunu yazır: "Ancaq rollarının əksəriyyətində sadəlövhlükdən çox-çox uzaqdı. Olduqca ayıq, hər şeyin yerini bilən, son dərəcə ağıllı, tədbirliydi. Dostları çox olsa da, ürəyinin qapısı hər kəsin üzünə açıq deyildi. Ən yaxın rəfiqələri Şövkət Ələkbərova, Gülxar Həsənova, Nəsibə Zeynalova, Sara Qədimova, Rübabə Muradova, Nəcibə Məlikova idi. Tez-tez bir araya gəlirdilər, günlərini çox maraqlı keçirirdilər. Təsəsvvür edin ki sevinməyə həmişə səbəb tapırdılar, çox mehriban idilər. Birinin uğuru hamının bayramıydı".

1941-1945-ci illər müharibəsi zamanı sənət adamları səngərlərə, hospitallara gedərdilər. Münəvvər Kələntərli də onların arasında idi. "Bibim rəngarəng konsert proqramları, səhnəciklərlə əsgərlərin qarşısında çıxışlar edir, onlara ümid verirdi, doğacaq sabahlara inandırırdı".

 

Öz dövrünün sevilən-sayılan sənətkarı Münəvvər Kələntərli indiki nəslin yaddaşında sadəcə kinoaktrisa kimi yadda qalıb. "Kino sənətində yolu isə Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun "Arşın mal alan" filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. "Arşın mal alan"ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu məşhur əsərini mənimsəməyə cəhd etdikləri bir vaxtda Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən aktrisa - Münəvvər Kələntərlinin isə cəmi 32 yaşı vardı".

Aktrisa sadəcə öz işləri ilə kifayətlənməz, sənət dostlarının da fəaliyyətini izləyir, onların hər birinə dəstək verirdi.

Səməd Kələntərli xatırlayır: "1939-cu il idi... Filarmoniyada verilən konsert proqramına bibim də sənət dostları ilə qatılır. Ümumiyyətlə isə dövrün sənətkarlarının bəlkə hamısının bir araya gəldiyi konsert proqramlarından biri imiş. Münəvvər bibim, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli və Həqiqət Rzayeva şair Əlağa Vahidə yaxınlaşıb, onu əhatəyə alırlar. Şairin də ən odlu-alovlu vaxtı idi. Sənətinin fədaisi olan xanımlar şairə ərkyana bir söz atırlar. Aralarında ən dilli-dilavər sayılan Yavər yenə qabağa düşür:

- Ay Vahid, nə oldu, hər gördüyün qıza, gəlinə qəzəl qoşursan. Bəs bizi niyə yada salmırsan?

Vahid fikirləşir ki, bunlar beş nəfərdir, indi mən nə deyim? Ancaq vəziyyətdən tez çıxır. Bədahətən deyir:

Həqiqətinlə Cahan

parlayır Sürəyyatək,

Münəvvər ölkəmin

hər bir zamanda

Yavəriyəm..."

Kinoya Cahan xala obrazı ("Arşın mal alan" filmi) gələn Münəvvər ilk debütündə uğur qazanır. 1946-cı ildə filmə Moskvada ictimai baxış keçirilir "Arşın mal alan"

SSRİ Dövlət Mükafatına layiq görülür. Bu filmdən sonra Münəvvər Kələntərli bir sıra filmlərdə maraqlı rollara imza atır. Aktrisa 10-dan çox bədii filmə, bir sıra qısametrajlı və sənədli filmlərə çəkilib. "Arşın mal alan" (1945), "Bakının işıqları"(1950), "Bəxtiyar" (1955), "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar günəş altında" (1957), "Kölgələr sürünür" (1958), "Onun böyük ürəyi" (1958), "Əmək və qızılgül" (1962) və s.

Yeri gəlmişkən, aktrisanın yaratdığı obrazların bənzərliyi diqqəti cəlb edir. Rejissorlar nədənsə onu oxşar obrazlara dəvət etməyi sevirdilər. "Arşın mal alan" filmindəki xala obrazında olan mülayimlik, səmimiyyət, "Bəxtiyar"dakı Gülcahanda olan qohumluq bağlarını qabartmaq, "Görüş"dəki Münəvvərə xas ötkəm xasiyyət belə bu bənzərliyi unutdurmur.

Çəkildiyi filmlərdə maraqlı, yaddaqalan hadisələr çox olurdu. Münəvvər xanımın sadəcə bir dublla çəkildiyi filmlərdə özünəxas ifası ilə unudulmaz kadrlar yaratması onun yüksək peşəkarlığından xəbər verirdi.

Aktrisanın sənət dostu Adil İsgəndərovun Münəvvər xanım haqqında belə demişdi: "Münəvvər Kələntərlinin çəkildiyi filmlərdə yaradıcı heyət yorulmur, çünki aktrisa sadəcə bir dublla obraza öz möhürünü vurmağı bacarır".

 

Kino onun həyatının bir parçasını çevrilmişdi, çəkilişlərdə aldığı zədələrə belə fikir vermirdi. "O olmasın, bu olsun" filmindəki məşhur epizodu bilməyən tapılmaz: yengə obrazını yaradan Münəvvər Kələntərli qapının açar deşiyindən baxdığı səhnəni deyirəm. "Gəlin" qaçarkən qəfildən qapını açır və aktrisa kəllə-məyyallaq yerə yıxılır. Bu zaman aktrisa barmağını sındırıbmış.

1953-cü ildə aktrisa "Vətən" kinoteatrına direktor müavini təyin olunur. O dövrlərdə kinotetarlar qaynayardı və bu fəaliyyəti Münəvvər Kələntərlini sevimli teatrından ayrır. O, ancaq film çəkilişlərinə olan dəvətləri qəbul edir. Sanki aktrisa hiss edirdi ki, onu gələcək nəslə kino tanıdacaq. 1959-cu ildə sənəti dövlət tərəfindən qiymətləndirilən Münəvvər xanım əməkdar artist adına layiq görülür.

Aktrisa bir qədər dolubədənli olsa da, gümrahlığı, sağlam görünüşü, şux qaməti ilə seçilirdi. Baxmayaraq ki, gənclik illərində cərrahiyyə əməliyyatı keçirmiş və həkimlər böyrəyinin birini götürmüşdülər.

Səməd Kələntərlinin dediyinə görə, bir böyrəyi olmasa da heç bir zaman xəstələnməzdi. Ancaq yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Moskvada kino çəkilişlərinə qatıldığı zaman özünü pis hiss etdiyi üçün xəstəxanaya gedir. Məlum olur ki, korbağırsağının əməliyyat olunması lazımdır. Moskvadan döndükdən sonra yenə də özünü yaxşı hiss edir, hətta Daşkəsəndə film çəkilişlərində iştirak etməyə hazırlaşırdı. Bu filmi həsrətlə gözləsə də, çəkilişdən öncə əməliyyat olmağı qərara alır.

1963-cü ilin fevralında öz ayağı ilə qohum-əqrəbanın əhatəsində deyə-gülə xəstəxanaya yollanır. "Münəvvər Kələntərli kimi sevilən aktyorun cərrahiyyə əməliyyatını xəstəxananın həkimi olan bir professor öz boynuna götürdü. O, aktrisanı yaxından tanıdığı üçün arxayın salmışdı: "Sən heç narahat olma, cərrahiyyə əməliyyatını özüm aparacağam". Qohum-əqrəbanın çoxu xəstəxanadaydı. Münəvvər Kələntərli heç elə bil cərrahiyyə otağına getmirdi. Danışır, hamıyla zarafatlaşırdı. Qohumlar dayanıb professorun çıxmasını gözləyirdilər. Nəhayət, həkim qapıda göründü - Korbağırsaq boş şeydir. Mən böyrəyini yoxlamışam. Hər şey qaydasındadır..."

Əməliyyatından sonra Münəvvər Kələntərli ikicə gün yaşayır, onu da huşsuz vəziyyətdə. Deyilənlərə görə, onu əməliyyat edən professor böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnir...

Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında bu fani dünyaya gözlərini yumur...

 

Xədicə QİYAS

Ekspress.-2014.- 7-9 iyun .- S.14.