Məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırılır

 

Son 5 ildə bu məqsədlə 1,11 milyard manat xərclənib

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Ölkəmizdə 2006-cı ildən başlayaraq məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı ayrılan vəsaitin 50 faizə qədəri, 2012-ci ildən etibarən isə 50 faizdən çoxu mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. 2014-cü ildə də mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyasəti davam etdiriləcək və ən azı 20 min məcburi köçkün mənzillə təmin ediləcək.

   Hökumətin bu səhədə fəaliyyətini gücləndirməsi başadüşüləndir. Çünki son onillikdə məcburi köçkünlərin digər sosial məsələlərinin həlli istiqamətində önəmli işlər görülüb və hazırda əsas ağır məsələ yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Hələ də məcburi köçkünlərin bir hissəsi təhsil, səhiyyə və digər dövlət qurumlarının xidməti binalarında yerləşib, şəxsi mənzillərdə məskunlaşıb, həmçinin yaşadıqları mənzillərin mövcud vəziyyəti acınacaqlıdır. Sadalanan məsələlərin kompleks həlli məqsədilə hökumət məcburi köçkünlərin yeni yaşayış sahələrində yerləşdirilməsini məqbul sayır.

   Qeyd edək ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1993-2013-cü illərdə 1,6 milyard manat vəsait sərf edilib.

   Bu vəsait həmin müddətdə məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ayrılan vəsaitin 35 faizini təşkil edir. 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,5 milyard manat həcmində vəsait sərf olunub. Ondan 2,1 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun və 0,9 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.

   Statistik rəqəmlərə diqqət yetirdikdə görürük ki, məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırılmasında dönüş 2003-cü ildən sonra mümkün olub. İndiyə qədər tikilən mənzillərin 80 faizdən çoxu məhz 2003-cü ildən sonraya təsadüf edir.

   1993-2003-cü illər ərzində mənzil tikintisinə 38,5 milyon manat ayrılıb. Tikinti üçün ayrılan vəsaitin azlığını başa düşmək olar. Çünki 1993-2003-cü illər ərzində qaçqın və məcburi köçkünlərin sosial məsələrlərinin həllinə dövlət büdcəsindən az vəsait ayrılırdı. Ümumilikdə bu məqsədlər üçün büdcədən 240,1 milyon manat xərclənib. Sosial məsələlər üçün ayrılan vəsaitin həcmi 1993-cü idə 800 min manat, 1994-cü ildə 4 milyon manat, 1995-ci ildə 7,6 milyon manat, 1996-cı ildə 10,1 milyon manat, 1997-ci ildə 10,3 milyon manat, 1998-ci ildə 12,2 milyon manat, 1999-cu ildə 22,1 milyon manat, 2000-ci ildə 29,6 milyon manat, 2001-ci ildə 38,1 milyon manat, 2002-ci ildə 51,7 milyon manat, 2003-cü ildə 53,6 milyon manat idi. Həmin illərdə daha çox vəsait beynəlxalq humanitar təşkilatların xətti ilə ayrılırdı və ondan mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün istifadə imkanları məhdud idi.

   2001-ci ildə Dövlət Neft Fondunun yaradılması və bura ilk vəsaitlərin daxil olması hökuməti qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə, o cümlədən mənzil-məişət problemlətinin həllinə daha çox vəsait ayırmağa imkan verdi. Bu dövrdə prezident 3 fərman imzaladı. Həmin fərmanlar əsasında Dövlət Neft Fondundan 74 milyon ABŞ dolları və ya 58,5 milyon manat həcmində vəsait ayrıldı. Bu vəsaitin 38,5 milyon manatı tikinti işlərinə sərf edildi. Həmin vəsaitin hesabına 400 min kvadrat metr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 16 tibb məntəqəsi tikildi, 195 km uzunluğunda asfalt yol, 188 km su xətti, 350 km elektrikötürmə xətti, 133 km irriqasiya su kəməri və s. sosial obyektlər istifadəyə verildi.

   2001-2003-cü illərdə 18 şəhər və rayonda 25 qəsəbə salındı. Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırıldı və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i 2003-cü ildə ləğv edildi.

   Ümumən 1993-2003-cü illəri əhatə edən dövr ərzində 7500 ailə (30 min nəfər) mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Bu 1993-2013-cü ildə görülən işlərin 18,7 faizi deməkdir.

   Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında dönüş 2003-cü ildən sonraya təsadüf edir. 2004-cü ildə Azərbaycan Prezidenti "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı təsdiqlədi. Həmin Dövlət Proqramına Azərbaycan Prezidenti 2007-ci il və 2011-ci illərdə əlavələri də təsdiq olundu. Qəbul edilən proqram sənədlərindən sonra məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasında dönüş baş verdi.

   Son 10 il ərzində 2,2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salındı, 37 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Bu da ümumiyyətlə indiyədək yeni salınmış qəsəbələrə köçürülənlərin 92 faizini təşkil edir.

   Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan 1.585,4 milyon manat vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salındı.

   Yeni salınan yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi, 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 45 mədəniyyət mərkəzi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 2 Olimpiya İdman kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırıldı.

   Beləliklə, indiyədək 40 min ailə və ya 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.

   2003-cü ildən sonra köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dönüş yaradılmasının əsas səbəbi bu məqsədlə daha çox vəsaitin ayrılmasının mümkün olmasıdır. Müqayisə üçün bildirək ki, yalnız 2013-cü il ərzində qaçqın və məcburi köçkün soydaşlarımızn sosial problemlərinin həlli məqsədilə 637 milyon manat vəsait ayrılıb. Ötən il ərzində ayrılan vəsait 1993-2003-cü illərdə dövlət büdcəsindənayrılan vəsaitdən cəmindən 2,65 dəfə çoxdur.

   2004-2013-cü illəri də iki dövrdə ayırmaq olar. İlk dövr 2004-2008, ikinci dövr 2009-2013-cü illərdir.

   İlk 5 ildə məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması məqsədilə 486 milyon manat həcmində vəsait (Dövlət Neft Fondundan 466 milyon manat, qrant, güzəştli kredit vəsaiti 17,5 milyon manatinvestisiya vəsaiti 2,7 milyon manat) sərf edilib.

   Bu illərdə 10401 ailə 47 min nəfər məcburi köçkün üçün 36 qəsəbə salındı. 534 min kvadrat metr yaşayış sahəsinə malik həmin qəsəbələrdə həmçinin 34 məktəb, 4 musiqi məktəbi, 18 uşaq bağçası, 26 tibb müəssisəsi, 21rabitə evi, 22 klub - icma mərkəzi, 29 inzibati bina, 5 yanğın postu tikilib istifadəyə verildi, 366 kilometr yol, 438 kilometr su xətti, 583 kilometr elektrik hava xətti çəkildi, 141 ədəd artezian quyusu qazıldı, müxtəlif həcmə malik 48 su anbarı, 20 nasos stansiyası inşa edildi, 349 transformator quraşdırıldı, 2650 hektar sahədə minadan təmizləmə işləri aparıldı.

 

   Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsinin daha qalan 7-i 2007-ci ilin sonunadək ləğv edildi. Eyni zamanda ölkədə olan, istismar müddəti başa çatan 16 fin tipli qəsəbədən 12-nin ləğvi təmin olundu.

   Birinci dövrün sonuncu ili olan 2008-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 338,1 milyon manat vəsait sərf edildi (163,1 milyon manat büdcə, 145 milyon manatı Dövlət Neft Fondunun, 30 milyon manatı isə beynəlxalq humanitarinkişaf təşkilatlarının vəsaiti). Bu da 2003-cü ildə (103,4 milyon manat, o cümlədən 53,4 milyon manat büdcə, 20 milyon manatı Dövlət Neft Fondunun, 30 milyon manatı isə beynəlxalq humanitarinkişaf təşkilatlarının vəsaiti) qeyd olunan məqsədlər üçün istifadə olunan vəsaitdən 3,2 dəfə çoxdur.

   2008-ci ildə 1000 ailə 4500 nəfər məcburi köçkün üçün 5 yeni qəsəbə inşa edildi. Ümumi sahəsi 52 min kvadrat metr olan yaşayış evləri ilə yanaşı 5 məktəb, 2 uşaq bağçası, 2 tibb müəssisəsi, 2 rabitə evi, 2 klub - icma mərkəzi, 5 inzibati bina, 2 yanğın postu tikilib istifadəyə verildi, 59 kilometr yol, 70 kilometr su xətti, 110 kilometr hava elektrik xətti çəkildi, 6 ədəd artezian quyusu qazılmış müxtəlif həcmə malik 10 su anbarı inşa edildi, 33 transformator quraşdırıldı.

   İkinci 5 illikdə daha iri həcmli işlər görülüb. 2009-2013-cü illərdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına 1,113 milyard manat xərclənib. Bu vəsait 1993-2013-cü illərdə eyni məqsəd üçün istifadə edilən vəsaitin (1,6 milyard manatın) 69,6 faizini təşkil edir.

   2009-cu ildə 101,5 milyon manat, 2010-cu ildə 123,3 milyon manat, 2011-ci ildə 168,5 milyon manat, 2012-ci ildə 352 milyon manat, 2013-cü ildə 368 milyon manat köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf olunub.

   Yalnız 2013-cü il ərzində 292 min kvadrat metr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 2736 şagird yerlik 5 məktəb inşa edilib, həmçinin incəsənət məktəbi ilə birlikdə 500 yerlik Mədəniyyət Sarayı, 4 uşaq bağçası, 5 tibb məntəqəsi, 4 klub - icma mərkəzi, 4 inzibati bina tikilib istifadəyə verilib, 30,7 kilometr yol, 54 kilometr su xətti, 117 kilometr elektrik xətti, 42 kilometr qaz xətti, 8 kilometr istilik xətti, 25 kilometr kanalizasiya xətti çəkilib, müxtəlif həcmə malik 18 su anbarı, 9 nasos stansiyası, 18 komplekt transformator yarımstansiyası inşa edilib, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılıb.

   Bu məqsədlə il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, büdcədən və investisiya xərclərindən isə 68 milyon manat olmaqla 368 milyon manat vəsait ayrılıb ki, bu da 2003-cü ilə nisbətən 18 dəfə çoxdur.

 

  

Vasif CƏFƏROV 

 Ekspress.-2014.- 13 iyun .- S.9.