Qarabağ müharibəsi əlilləri və şəhid ailələri

 

 Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanlara sosial qayğı gücləndirilməlidir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

Ermənistanın Azərbaycana qarşı təcavüzü torpaqlarımızın işğalı ilə bərabər ölkəmizdə çoxlu sayda müharibə əlilinin və şəhid ailələrinin yaranmasına da səbəb olub. 2013-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 13 560 şəhid ailəsi, təxminən 11 min Qarabağ əlili var. Şəhid ailələrinin üzvlərinin sayı isə 19 min nəfərə yaxındır.

   Dünyasını dəyişən və əlil olan insanlar Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizə aparmış insanlardır. Buna görə də dövlət həmin insanlara və onların ailələrinə xidmətlərinin müqabilində maddi dəstək göstərməyə borcludur. Həmçinin nəzərə alsaq ki, bu insanların bir qismi sağlamlığını itirib, hazırda geniş əmək fəaliyyəti ilə məşğul ola bilmir, digər qism isə dünyasını dəyişdiyindən ailələri köməksiz qalıb, o halda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin xüsusi qayğı ilə əhatə edilməsi vacibdir.

   Mövcud qanunvericiliyə diqqət yetirdikdə görürük ki, dövlət ümumi sayı 30 minə çatan Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsi üzvlərinin sosial müdafiəsi üçün həm məxsusi, həm də ümumiləşmiş şəkildə güzəştlər tətbiq edir. Bu insanlara ilk növbədə vergi güzəştləri var, bundan başqa qanunvericiliyə müavafiq şəkildə onlar aylıq müavinət və prezident təqaüdü alır, dövlət müharibə əlillərinə və şəhid alilərini mənzillə təmin edir, hərəkət çətinliyi olan əlillərə isə avtomobillər verilir.

   Sosial güzəştlər

   Mövcud qanunvericiliyə uyğun olaraq əlillik Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olduqda I qrup əlillərə verilən aylıq müavinət 83 manat, II qrup əlillər üçün 66 manat, III qrup əlillər üçün 60 manatdır. Qarabağ müharibəsi əlilləri bu katiqoriyaya aid edilir.

   Müharibə əlillərinə aylıq müavinətdən əlavə prezident təqaüdü də verilir. Son artımla təqaüdün aylıq məbləği I qrup müharibə əlillərində 110 manat, II qrup müharibə əlillərində 85 manat, III qrup müharibə əlillərində 60 manat müəyyən edilib.

   Şəhid ailələri də müavinət və təqaüd alır. Şəhidin dul arvadına və ya əmək pensiyaçısı olmayan ata-anasına kommunal güzəştlərə görə 12 manat aylıq müavinət verilir.

   Bununla bərabər bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına 17 manat (şəhid uşaqlarına) və 12 manat (müharibə əlillərinin) aylıq müavinət ayrılır.

   Eyni zamanda 13 560 şəhid ailəsinin hər biri ayda 200 manat prezident təqaüdü alır.

   Qarabaq müharibəsi əlilləri həm də ümumi əlillər kimi əmək pensiyasına çıxa bilir.

   2013-cü ilni sonuna olan məlumata əsasən ölkəmizdə əmək pensiyaslı alanların 27,18 faizi (345,6 min) əlilliyə görə əmək pensiyası alanlardır. Məlumata görə, əlil pensiyaçıların 3,6 faizi (12 444) müharibə əlilləridir ki, onların da bir hissəsini Qarabağ müharibəsi əlilləri təşkil edir.

 

   Azərbaycan dövləti 2013-cü ilin əvvəlində Vergi Məcəlləsində etdiyi əlavə və dəyişiklikdə sosialyönlü vergi güzəştlərini bir qədər də gücləndirib. Vergi güzəştlərindən istifadə edəcək sosial qruplar arasında müharibə əlilləri və şəhid ailələri də var.

   Güzəştlər hesabına Qarabağ müharibəsi əlillərinin və şəhid olan döyüşçünün dul arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

   Mənzil və avtomobillə təminat

   Müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı məsələsi də dövlətin diqqətində olan məsələlərdəndir. Azərbaycanın ərazi bütövlüyününKonstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar və şəhid olanların ailəsi dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Növbə əsasənda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilən yaşayış evlərindəki mənzillərin bölgüsü aparılır. Bölgünü nazirlikdə yaradılan müvafiq komissiya tərəfindən həyata keçirilir.

   Komissiyanın tərkibinə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxildir.

   Qarabağ əlilləri fərdi ev tikintisi üçün də nazirlikdə növbəyə dayana bilər. Növbəlilik qaydasında onlar üçün fərdi yaşayış evi inşa etdirilərək istifadəyə verilir.

   Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilib. Ümumilikdə, ötən illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. O cümlədən kənd rayonlarında həyətyanı sahəsi olan 750-dən çox fərdi ev inşa edilərək müharibə əlillərinə verilib. Hazırda ildə orta hesabla 700-dən çox mənzil inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir.

   2003-2013-cü illərdə müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib və müxtəlif bölgələrdə 4 mindən çox, ümumilikdə 1997-ci ildən bu vaxta qədər 5 minə yaxın mənzil inşa etdirilib.

   Əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları da inşaası tamamlanıb. Həmin binaların istifadəyə verilməsi nəzərdə tutulur.

   Eyni zamanda, 1998-ci ildən indiyədək müharibə əlillərinə 4 minə yaxın avtomobil verilib ki, bunun 2800-dən çoxu son 10 ildə paylanıb.

   2009-cu ildə müharibə əlillərinə 500, 2010-cu ildə 350, 2011-ci ildə isə 304 avtomobil paylanılıb. 2012-ci ildə müharibə əlillərinə 325 minik avtomobili təqdim olunub.2013-cü ildə isə Qarabağ müharibəsi əlillərinə 280 ədəd minik avtomobili verilib.

   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun son açıqlamasına görə 2014-cü ilin ilk yarısında avtomobil növbəsində olan Qarabağ müharibəsi əlilləri avtomobillə təmin olunacaq. Bunun üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırıb. Naxçıvanda istehsal olunan "Naz-Lifan" maşınlarının alınması üçün həmin zavodun Müşahidə Şurasının direktoru ilə görüşkeçirilib.

   Ayrılan vəsait hesabına növbədə olan 650 nəfərə yaxın Qarabağ müharibəsi əlillərinin hamısı avtomobillə təmin olunacaq.

   Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin həm də məşğulluq məsələsinı xüsusi köməklik var. "Məşğulluq haqqında" Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların siyahəsənda müharibə əlilləri və şəhid ailələri də daxil edilib. Mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda kvota üzrə xüsusi yerləri müəyyən edilir.

   İşçi sayından asılı olaraq yerlərinin 3-5 faizi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün ayrılmalıdır. O cümlədən ayrılan yerlərinin ən azı yarısı əlillərə verilməlidir.

   Sosial dəstək gücləndirilməlidir

   Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün dövlət tərəfindən indiyədək böyük güzəştlər tətbiq edilsə də hələ də müəyyən məsələlər var ki, onların həlli vacibdir.

   Qarabağ müharibəsi əlillərinə və onların ailələrinə verilən pensiya, təqaüd və müavinətlərin məbləğinin daha çox artırılması yaxşı olardı. Hazırkı pensiya, təqaüd və müavinətlərin səviyyəsi onların gündəlik xərclərini lazımı qədər ödəmir, eyni zamanda xidmətlərdən yüksək səviyyədə istifadə edilməsinə imkan vermir.

   Hazırda müharibə veteranlarına 37 manat əlavə müavinət də verilir. Bu müavinət

   2002-ci ilə qədər müharibə veteranları üçün verilən bir sıra güzəştin (kommunal, nəqliyyat və s.) ləğvindən sonra tətbiq edildi. O vaxta qədər işsiz, təqaüdçü olub-olmamağından asılı olmayaraq bütün müharibə veteranları bu güzəştlərdən bəhrələnirdi. Daha sonra həmin güzəştlər ləğv olunaraq, əvəzinə müavinət təyin olundu. Yaxşı olardı ki, heç olmazda müavinətin indiki məbləği qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün daha yüksək məbləğdə müəyyənləşdirilsin.

   Qarabağ müharibəsi əlillərinin və şəhid ailələri üçün vacib məsələlərdən biritibbi sığorta ilə bağlıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirən və ya şəhid olan insanların ailəsi daha yüksək səviyyədə tibb xidmətindən yararlanması məqsədilə tibbi sığorta vacibdir.

   Təhsil xərclərindən azad edilməsi də qarabağ müharibəsi əlillərinin və şəhid ailələrini düşündürən məsələlərdəndir. Bu katiqoriyanın bütün növ təhsil müəssisələrində təhsil haqqı ödənişindən azad edilərək onun dövlət büdcəsi hesabına ödənilməsi vacibdir. Xatırladaq ki, məcburi köçkünlər və valideyn himayəsindən məhrum olan uşaqlar bu imkandan yararlana bilir.

   Həll edilməli digər məsələ vəfat edən Qarabağ müharibəsi əlili, veteranı və şəhid ailəsi üzvlərinin dəfn və mərasim xərclərinin dövlət tərəfindən ödənilməsidir.

   Yeri gəlmişkən bildirək ki, yaxın günlərdə Qarabağ müharibəsi əlilləri ilə bağlı müsbət xarakterli dəyişikliklərin olması gözlənilir. Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, əlillərin müavinətlərinin artırılması ilə bağlı ölkə başçısının müvafiq sərəncam imzalayacağı gözlənilir.

   Saytın məlumatına görə, əlillərin müavinətlərinın məbləği kifayət qədər artırılacaq. Hətta artımın 50% olacağını da gözləmək olar. Bundan başqa, Qarabağ müharibəsi əlillərinin övladları ödənişli əsaslarla ali məktəblərə daxil olacağı təqdirdə, onların təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi də gündəmdədir.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 18 mart.- S.9.