"Bütün kartlarımı açıq oynayıram..."

    Aslan Şirin: "Ən ağır haqsızlıqlara qarşı belə susa bilirəm"

 

  Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Aslan Şirinin "milli.az"a müsahibəsi

       - Necə oldu ki, aktyor oldunuz?

   - Mən lap kiçik yaşlarımdan incəsənətə meylli olmuşam. Orta məktəbdə oxuyarkən teatr dərnəklərinin üzvü olmuşam. Orta məktəbi bitirəndən sonra Dövlət Mədəniyyət İncəsənət Universitetinə daxil oldum. Oxuya-oxuya Azərbaycan Dövlət Televiziyasında verilişlər aparmağa başladım. Universiteti bitirdikdən sonra bir şans yarandı, məni təyinatla Musiqli Komediya Teatrına göndərdilər. Lakin oranı isətmirdim. O vaxt oranın rəhbəri rəhmətlik Hacıbaba Bağırov idi. O məni qəbul etdi. Lakin mən təyinatımı onun otağında cırdım. Çünki Akademik Milli Dram Tetrında işləmək istəyirdim. Zaman elə gətirdi ki, 1997-ci ildə bura işə qəbul olundum o vaxtdan bu günə qədər fəaliyyətimi davam etdirirəm.

   - Aktyorluqdan savayı əlinizdən daha gəlir?

   - Mən müğənni kimi faəliyyət göstərmişəm. Müxtəlif illərdə müxtəlif konsert proqramları ilə çıxışlarım olub. Hətta evdə həmin proqramların afişaları indi qalır.

   - Bəs üçün müğənnilik fəaliyyətinizi davam etdirmədiniz?

   - Çünki iki işi bir arada aparmaq mənim üçün çox çətin idi. Ona görə qərar verməli idim. Nəticə etibarilə aktyor olmaq qərarına gəldim.

   - Sizi bir çox tamaşalarda komik rollarda görürük. Sizə dram daha yaxındır, yoxsa komediya?

   - Mən dram kino aktyorluğu fakültəsini bitirdiyim üçün dram daha yaxındır. Lakin mənim üçün rolun necəliyinin əhəmiyyəti yoxdur. Əslində, mənə həvalə olunan bütün rolların arasında heç bir bağlılıq olmur. Fərqli-fərqli obrazlar canlandırmışam. Onu da deyim ki, bütün rejissorlar mənimlə işləyib.

   - Tamaşaların bir çoxunda siz türk dilində danışan obrazları canlandırırsınız. Bu nədən irəli gəlir?

   - Mən uzun illər Türkiyədə işləmişəm. Təsəvvür edin ki, hər yay mən Antalyaya gedib orada gecələr konsert proqramında çıxış edirdim. Dili gözəl bilməyim orada tez-tez olmağımdan qaynaqlanır.

   - Ailəlisiniz?

   - Bəli, bir qızım var.

   - Artıq orta yaşdasınız. Səhnədə ağır rollar oynamaq, müxtəlif plastikalar göstərmək s. sizin üçün çətin olmur?

   - Düzdür, artıq 45 yaşım var. Amma fiziki baxımdan xarici görünüşüm mənə ağır rollar oynamağa imkan verir. Tərif üçün demirəm, mənim yaşımda mən oynadığım rolları hər aktyor oynaya bilmir.

   - Aktyor sənətinin mənfi tərəfini görə bilirsiniz?

   - Aktyorluq çox gözəl məsuliyyətli sənətdir. Müsbət cəhətləri göz qabağındadır. Lakin tamaşaçı üçün görünməyən tərəfi isə budur ki, həddindən artıq çətin əziyyətli peşədir.

   - Sizin üçün artıq gecdir?

 

   - Vaxtında oynaya bilmədiyim rolları indi oynamaq mənim üçün artıq gecdir. Əslində, oynayaram. Çətinlikdən qorxmuram. Lakin mən özümü o rollarda görmürəm. Düzdür, indinin özündə mənə müxtəlif xarici film şirkətlərindən təkliflər gəlir. Onlar mənim xarici görünüşümə baxıb inanmırlar, ancaq həqiqəti biləndən sonra mənə 22 yaşında gənc oğlan roluna çəkilməyi s. təklif edirlər.

   - Bəs xüsusi arzuladığınız bir rol var?

   - Mən heç vaxt rol arzusunda olmamışam. Obrazın mənim üçün fərqi yoxdur. Mənə həvalə olunan bütün rolların öhdəsindən maksimum dərəcədə gəlməyə çalışıram.

   - Serillara tez-tez dəvət alırsınız?

   - Bəli, dəvətlər alıram. Artıq bir ilə yaxındır ki, serialdayam. Lakin onlarla imzaladığım müqaviləyə əsasən, başqa seriallarda çəkilə bilmərəm.

   - Təbiətcə necə insansınız?

   - Mən təbiətcə çox sakitəm. Hətta mənə qarşı olunan ən ağır haqsızlıqlara qarşı belə susa bilirəm. Mən susmağımla göstərirəm ki, onların böyük gördükləri, əslində, mənim üçün çox cılız əhəmiyyətsizdir.

   - Deməli, kifayət qədər haqsızlıqla rastlaşmısınız...

   - Bəli, saysız-hesabsız haqsızlıqlarla üzləşmişəm. Lakin mən bütün kartlarımı açıq oynayıram. Ona görə gec-tez ədalət öz yerini tapır.

   - Sizinlə bağlı hansı yeniliklər gözlənilir?

   - Yeni tamaşalar üzərində məşqlər gedir. İnşallah, yaxın zamanlarda təhvil veriləcək. Bundan başqa da yeniliklər var, lakin bunları hələ sirr kimi saxlayıram (gülür).

 

    Ekspress.-2014.- 3-5 may.-S.20.