"XXI əsrin Türk əsri olacağı şüarına sayğı duyulmalıdır"

 

Faiq Qəzənfəroğlu: "Türkçülük Azərbaycan xalqı üçün milli kimlik, milli özünüdərk milli özünütəyindir"

 

Bu yaxınlarda AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun (Qəzənfəroğlu) "Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (II hissə) adlı monoqrafiyası nəşr olunub. Milli ideologiya, milli ideya, milli kimlik, milli şüur, milli əxlaq və s. sahələr üzrə araşdırmalar aparan müəllif monoqrafiyanın II hissəsində, ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti: 1. İslam-Türk mədəniyyəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası: qərbpərəstlik, avropasayağı "mollanəsrəddinçilik", milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyənləşdirib. Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb.

   F.Qəzənfəroğlu ilə söhbətimiz də məhz bu məsələlərlə bağlı oldu.

       - Milli ideologiya mövzusuna müraciət etməyinizə səbəb nə oldu?

   - Ötən 20-22 il ərzində Azərbaycan türkləri, azərbaycanlılar milli ideyanın müəyyənləşməsi baxımından ziddiyyətli bir prosesin içində olublar. Belə ki, ilk dövrlərdə daha çox türkçülük və müəyyən qədər də islamçılığın təsiri altında olan Azərbaycan xalqı sonralar azərbaycançılığa, hətta ideologiyasızlaşdırmağın bir növü olan "vətəndaş cəmiyyəti"nə meyl etməyə başlayıblar. Hazırda isə demək olar ki, bu ideyaların hər biri azya çox dərəcədə azərbaycanlıların şüurunda müəyyən yer tutur. Ancaq bunun özü də zənnimizcə, nisbi xarakter daşıyır. Buna səbəb də yuxarıda da qeyd etdiyimiz kimi, əksər azərbaycanlıların şüurunda sovet ideologiyasının tamamilə inkar edilməməsi və əvəzində yeni ideyaların birmənalı şəkildə özündə yer tapa bilməməsidir. Bu mənada, fikrimizcə, müstəqillik dönəmində az sayda azərbaycanlılar birmənalı şəkildə hansısa ideyaya tapınıblar və ondan üz döndərmək fikirləri də yoxdur.

   Çağdaş dövrdə milli ideologiya problemi ilə bağlı şüurlarımızda tərəddüd etməyimizin başlıca səbəblərindən biri Azərbaycan xalqının ayrı-ayrı təbəqlərində, o cümlədən düşünən beynində kifayət qədər ziddiyyətlərin olmasıdır. Bu ziddiyyətlərin kökləri nədir? Bizcə, milli ideologiya məsələsinə Sovetlər Birliyi dövründə yaşamış insanların bir, yeni nəslin isə ondan fərqlənən digər baxışları var. Biz istəsək də, istəməsək də bu, bir reallıqdır ki, bugünkü Azərbaycan insanlarının xeyli qismi SSRİ dövründə yaşayıb və "sovet beynəlmiləlçiliyi" təhsili alıblar. Şübhəsiz, onların əksəriyyətinin milli ideya, milli ideologiya anlayışlarına özünəməxsus münasibətləri var. Bu münasibətdən dolayı onları ittiham etmək doğru deyil. Yeni nəslin isə pis-yaxşı, milli ideologiya probleminə onlardan fərqli baxışı var. Bu o demək deyil ki, hökmən yeni nəsil və sovet nəsli hansısa məsələlərdə hökmən ya razılaşmalı, ya da inkar yolu tutmalıdır. Məncə, burada əsas olan ilk növbədə, ortaq nöqtələrin tapılması və uzlaşdırılmasıdır.

   - Kitabınızda Türkçülük ideologiyasına xüsusi yer verirsiniz. XXI əsrdə türkçülük məfkurəsinə yenidən müraciət nə dərəcə də aktualdır?

   - Milli fəlsəfi fikir tariximizdə milli ideyalardan biribirincisi türkçülükdür. Türkçülük Azərbaycan xalqı üçün milli kimlik, milli özünüdərk və milli özünütəyindir. Bizhesab edirik ki, ötən əsrdə mövcud olan ideyalardan bəhs edərkən onları indiki cəmiyyətə olduğu kimi uyğulanlaşdırmaq lazım deyil. Ancaq bu o da demək deyil ki, biz Azərbaycan dövlətçiliyinin yaranmasında müstəsna rol oynayan milli ideyaları, o cümlədən türkçülüyü bu gün yalnız tarixin, ya da milli identikliyin hissələri kimi görməliyik. Əgər yeni dövrdə, doğrudan da, həmin ideyaları reallaşdırmaq mümkün deyilsə, ancaq onların əvəzinə irəli sürülən ideyaya ideologiyada buya digər formada varisliyi qorumaq da mütləqdir. Əks təqdirdə bizim Cümhuriyyətin nəinki mənəvi-ruhi, hətta siyasi-hüquqi baxımdan davamçısı olmağımızın da heç bir mənası olmaz. Ən azı ona görə ki, XX əsrin əvvəllərində Azərbaycan milli ideyasının təcəssümü olan üçrəngli-üçmənalı (türkləşmək, müasirləşmək və islamlaşmaq), eyni zamanda vahidliyibütövlüyü (milli ruhlu azərbaycançılığı) ifadə edən bayrağı ucaldan Azərbaycan Cümhuriyyəti olmuşdursa da, onu həmin əsrin sonlarında yenidən dövlət bayrağı kimi qəbul edən də biz azərbaycanlılarıq. Hər halda, bugünkü Azərbaycanın dövlət bayrağı ötən əsrin əvvəllərində təməli qoyulmuş Azərbaycan milli ideyasının - azərbaycançılığın bariz təcəssümüdür.

   Bu baxımdan türkçülüyüonun bariz təcəssümü olan Azərbaycan milli ideyasını ("üçlük"+azərbaycançılığı) yalnız tarixin, ya da identikliyin hissələri kimi qəbul etmək doğru deyil. Yəni, burada əsas məsələ Azərbaycan xalqının (yurdaşlıq və dövlətçilik anlamında) özünəməxsus inkişaf yolunun ənəgəllənməsi deyil, bəlkə də əksinə azərbaycançılığı "üçlük", o cümlədən türkçülük əsasında daha inandırcı və etibarlı etməkdir. O ki qaldı milli ideologiyanın tərikib hisəssi olan hər hansı bir ideyaya (türkçülük, azərbaycançılıq, modernləşmə və s.) münasibətdə bəzi kənara çıxmalara, ifrata varmalara - bu, həmişə olub, indivar və gələcəkdə də olacaq.

   - Türk dünyasının gələcəyini necə görürsünüz?

   - Özəlliklə, XXI əsrin "Türk əsri" olması şüarının fonunda baş verənlər heç də ürəkaçan deyil. Belə ki, türkçülüyün dayaq mərkəzləri olan Türkiyə və Azərbaycanda üzdə türksevərlik, ancaq mahiyyət etibarilə türksüzləşdirmə prosesinin getdiyi bir dövrdə bu şüar xeyrimizdən çox zərərimizə işləyir. Çünki Türkiyə və Azərbaycanda baş verən türksüzləşdirmə prosesi fonunda bu şüardan əleyhimzə istifadə edirlər. Bu səbəbdəndir ki, ən ali səviyyədə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilindən belə dəfələrlə bu fikir səsləndirilsə də, bunu görməzlikdən gələnlər var. Ona görə də hesab edirik ki, hazırda sözün həqiqi mənasında XXI əsrin "Türk əsri" olmasından çox türksüz "Türk əsri"nin reallaşması meyli özünü açıq şəkildə büruzə verir. Bu baxımdan türkçülüyə münasibətdə qeyri-sağlam mövqe tutanlar dövlət başçısının Türk Birliyi, Türk Mədəniyyəti, Türk İrsi ilə bağlı apardığı əməli siyasətdən nətıcə çıxarmalıdırlar. Bu cür mövqe sərgiləyənlər yalnız kosmopolitizmi təbliğ etməkdən əl çəkməli, Türk ruhlu kitabların nəşri üçün "yuxarılar"dan göstəriş gözləməməlidirlər. Belələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günə qədər əməldə ortaya qoyduğu Türk Birliyi siyasətinə, özəlliklə XXI əsrin Türk əsri olacağı ilə bağlı siyasi iradəsinə hörmətlə yanaşmalıdırlar.  

   Bu mənada, antitürk dairələrin Azərbaycanda, Türkiyədə, Türküstanda türksüz "Türk əsri" ssenarisini pozmaq üçün milli şüurumuza yeridilən və indinin özündə də buya digər formada yaşadılan saxtalaşdırılmış tarixdən, ədəbiyyatdan, qeyri-milli ideyadan deyil, vahid bir millətin neçə min illiklər boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyadan çıxış etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət kəsb etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş bir ölkənin fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə yanaşı, ümumi türk fəlsfəsi, türk dini-fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiyyatı, türk tarixindən də bəhs olunmalı, tədris edilməlidir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında keçmiş SSRİ-nin tərkibindən çıxaraq yenicə müstəqillik əldə edən ölkələrin gənc nəsilləri, sözün həqiqi mənasında türkçülüyü - türk kimliyini, türk mədəniyyətini, türk fəlsəfəsini, türk tarixini daha dərindən və yaxından anlamış olacaqlar. Məhz bütün bunların gerçəkləşəcəyi təqdirdə "Türk əsri"ndən bəhs etmək olar.

 

Ekspress.-2014.- 17-19 may.- S.17.