Əlilliyin qarşısının alınması üçün dövlətin gördüyü tədbirlər

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunlar Azərbaycanda əlillər barəsində dövlət siyasətini müəyyən edir. Adıçəkilən sənədlər əlilliyi doğuran səbəblərin aradan qaldırılmasına, əlillərin reabilitasiyasına ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

   Qarabağ əlili Rey Kərimoğlu qeyd edib ki, əlilliyin qarşısının alınması üçün dövlət tərəfindən tədbirlər görülür: "Əlilliyin qarşısının alınması irsi xəstəliklərin aradan qaldırılmasına, əhalinin sağlam həyat tərzi, ekoloji təhlükəsizlik, zərərsiz əmək şəraiti, səmərəli qida maddələri ilə təmin olunmasına, xəstələrin vaxtında müalicəsinə yönəldilmiş kompleks tədbirləri özündə birləşdirir. Əlilliyin qarşısının alınması üzrə tədbirlər sistemini respublikanın səhiyyə orqanları hazırlayırlar. Həmin tədbirləri müəssisələr, idarələr və təşkilatlar səhiyyə müəssisələri və həmkarlar təşkilatları ilə birlikdə həyata keçirirlər".

   Ekspertlərin fikrincə, Azərbaycanda əlilliyə ictimai münasibət bütövlükdə dəyişməlidir. Dövlət əlilliyi olan insanların təhsilə cəlb olunmasına, işlə təmininə, əlillərin özlərinin axtarmasına kömək etməlidir. Əlilliyi olan insanlara valideynlərin və cəmiyyətin köməyi lazımdır. Valideynləri əlilliyi olan övladlarının təhsilə və bağçalara cəlb edilməsinə çalışmalıdır. Təşkilatlar əlilliyi olan insanların rahatlığı üçün lazımi infrastrukturu yaratmalıdır. Məsələn, metrolarda, avtobus, qatar stansiyalarında əlil arabalarının və digər əlilliyi olan insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılmalıdır.

   Ötən ay Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Cenevrədə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk məruzəsini təqdim edib. Nazir Azərbaycanda əlillərlə bağlı siyasətin qeyd olunan Konvensiyaya uyğunlaşdırılması sahəsində vəziyyətlə bağlı deyib: "Müstəqil Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi işlərinə hələ ötən əsrin 90-cı illərinin ortalarında ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılıb. Müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, onun uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, ulu öndərimiz eyni zamanda əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edib".

   Müslümov onu da qeyd edib ki, əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir: "Bu həm ölkəmizin Konstitusiyasında, həm əsas strateji sənədi olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Biz bu sahədə davamlı və sistemli tədbirlərin görülməsinin vacibliyini dərk edirik. Bunu nəzərə alaraq, Azərbaycan Konvensiyaya qoşulduqdan sonra həm qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylərini davam etdirib".

 

   Xatırladaq ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı 11912 nəfər insan əlil olub. Belə ki, Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan 20 faiz hissəsindən qaçqın düşmüş insanlar arasında əlillik 6,5 faizə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5 faizdir.

   Qeyd olunduğu kimi əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənədi olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Eyni zamanda, "Əlillərin hüquqları haqqında" Konvensiyaya uyğun olaraq, bu sahədə qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylər davam etdirilir. Hökumətin əlil təşkilatları ilə sıx əməkdaşlığı, bu əməkdaşlıq şəraitində Konvensiyanın müddəalarına uyğun şəkildə hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsi, habelə "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsi barədə məlumat verilib. Əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən fəal siyasəti konkret göstəricilər əsasında diqqətə çatdırılıb.

   Yeri gəlmişkən, 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb. Bundan başqa, bu ilin mart ayında ölkə başçısının imzaladığı, 32907 nəfər əlili əhatə edən sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılıb. Müharibə əlillərinin ödənişli aliorta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulub. Bundan başqa, əmək pensiyasını almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği artırılaraq yaşayış minimumunu üstələyən məbləğdə müəyyənləşdirilib. Əlilliyi olan şəxslər dövlət tərəfindən mənzil, minik avtomobili, digər reabilitasiya vasitələri, bərpa-müalicə xidməti, dərman pereparatları ilə təmin edilir. Onların məşğulluq imkanlarının genişləndirilməsi, təhsil almaları və peşə hazırlığı keçmələri üçün lazımi şərait yaradılır. Konvensiyaya uyğun olaraq, əlilliyi olan şəxslər üçün sosial infrastrukturdan, nəqliyyat, İKT və rabitədən istifadənin təmin olunması məqsədilə tədbirlər görülürbu məsələ daim hökumətin diqqətindədir.

   Onu da qeyd edək ki, Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi işlərinə hələ ötən əsrin 90-cı illərinin ortalarında başlanılıb. Müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, onun uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, ulu öndər eyni zamanda əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edib.

   Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması məqsədilə yaradılmış informasiya sisteminin ilkin versiyasının təqdimatı olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyin müəyyən olunması və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi sisteminin tam avtomatlaşdırılmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb: "Əsas məqsəd bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına, şəffaflığın təmin olunmasına, bununla bərabər, tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir".

   Nazir bildirib ki, vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün göndəriş formaları (88 nömrəli forma) səhiyyə müəssisələri tərəfindən Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron məlumat mübadiləsi sistemi vasitəsilə göndəriləcək. Eyni zamanda, əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri barədə məlumatlar TSEK-lər tərəfindən yeni proqram təminatı vasitəsilə elektron yolla informasiya sisteminə daxil ediləcək: "Bununla da əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə artıq ehtiyac qalmayacaq. Çünki vətəndaş TSEK-in əlillik təyinatı barədə məlumatı əks etdirən kağız formasında arayışını hansı təşkilata təqdim etməlidirsə, müvafiq məlumat həmin təşkilata elektron yolla göndəriləcək. Yəni əlilliyin təyin olunması barədə məlumatların TSEK-lər tərəfindən aidiyyəti orqanlara elektron yolla, həm də operativ şəkildə göndərilməsi təmin olunacaq".

   Nazir tibbi-sosial ekspertiza xidməti əməkdaşlarına yeni proqram təminatı ilə işləmək bacarıqlarının aşılanması üçün Bakı şəhərində, respublikanın rayon və şəhərlərində treninqlərin keçirildiyini qeyd edib.

   Nazirliyin Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov yeni informasiya sisteminin məzmunu, texniki imkanları, onlardan istifadə qaydaları, məlumat mübadiləsini həyata keçirmək üçün lazımi prosedurlar barədə ətraflı praktik məlumatlar verib.

   Tədbirdə qeyd olunan proqram təminatının ilkin versiyasına dair müzakirələr aparılıb, təkliflər verilib. Verilən tapşırıqlara, səslənən təkliflərə uyğun olaraq proqram təminatının təkmilləşdirilməsi işlərinin qısa vaxtda başa çatdırılması və yeni informasiya sisteminin geniş ictimayyətə təqdim olunması nəzərdə tutulur.

 

  

Rəşid RƏŞAD

Ekspress.-2014.- 22 may.- S.9.