Hər xalqın tarixi nailiyyəti onun istiqlaliyyət günüdür

 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 96 il ötür

 

Bu gün şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 96 il ötür. Hər il olduğu kimi bu il də 28 May - İstiqlaliyyət günü Azərbaycanda və onun xaricində qeyd edilməkdədir. Artıq bir həftəyə yaxındır ki, bu əlamətdar gün münasibətilə çoxsaylı bayram tədbirləri keçirilir.

   Dünən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edərək abidənin önünə əklil qoyub. Rəsmi tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

   Bu gün isə bəzi siyasi partiyalar Bakının Novxanı kəndində Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucadılmış abidəni ziyarət edəcək. Müsavat Partiyasının mətbuat xidmətindən "Ekspress"ə bildirildiyinə görə, partiya rəhbərliyi başda olmaqla müsavatçılar bu gün saat 11-də Rəsulzadənin Novxanıdakı abidəsi önündə bayram tədbiri keçirəcəklər.

   Bir saat sonra - saat 12-də isə Rəsulzadənin abidəsini Milli Şura üzvləri ziyarət edəcək. Qeyd edək ki, Milli Şura "facebook" sosial şəbəkəsi vasitəsilə digər insanları da bayramı birgə keçirməyə dəvət edib.

   "Qarabağ" bloku isə İstiqlaliyyət günündə İstiqlal abidəsini ziyarət edəcək. Sözügedən blokun üzvü olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qəzetimizə bildirib ki, onlar saat 12-də keçmiş parlament önündəki abidəyə əklil qoyacaqlar: "Daha sonra bədii tədbir keçirəcəyik, yeyib-içəcəyik".

   S.Cəlaloğlu İstiqlal gününün önəmi haqda da fikirlərini bildirib. O, alman filosoflarından birinin "bir xalqın tarixində istiqlal günü yoxdursa, o özünü millət hesab etməz" fikrini xatırladaraq deyib ki, hər bir xalqın ən böyük tarixi nailiyyəti onun istiqlaliyyət günüdür. "İstiqlaliyyət xalqa təkcə bir hüquqi status tanımır, həm də özünün sərvətlərini ədalətli bölüşdürmək, özünün gələcəyini düzgün müəyyənləşdirmək, mədəniyyətini, dinini inkişaf etdirmək başqa xalqlarla birgə irəliləməyə imkan verir. İstiqlaliyyəti olmayan xalqlar demək olar ki, bəşər tarixindən geridə qalırlar, özlərinin mədəniyyətlərini inkişaf etdirə bilmirlər. Bu baxımdan istiqlaliyyət xalqlar üşün həddən artıq geniş nailiyyətdir. Bizim iki istiqlal dövrümüz olub. Biri 1918-20-ci illər, bir də 1991-ci ildən bu tərəfə. Baxın, o iki ildə hansı dəyişikliklər olub, 70 il SSRİ dönəmində və bu son 20 ildə hansı dəyişikliklər olub. Keçən əsrin əvvəllərindəki istiqlaliyyətimiz dövründə qazandıqlarımızı Sovet işğalı məhv elədi. 1991-ci ildən bu yana istiqlaliyyətimiz dövründə Azərbaycanda baş verən dəyişikliklər bütün o 70 ildəki dəyişilmələrdən bir neçə qat çoxdur. Bu onu göstərir ki, əgər biz 70 il müstəqil olsaydıq dünyanın ən zəngin, qabaqcıl ölkələrindən biri olardıq" deyən ADP sədri hesab edir ki, bu baxımdan istiqlaliyyət çox ciddi bir nailiyyətdir.

   Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu isə bildirib ki, partiya həmişə 28 Mayı xüsusi tədbirlərlə qeyd edibbu gün də müəyyən tədbirlər nəzərdə tutulub: "Biz həmişə İstiqlaliyyət günü ilə bağlı seminarlar təşkil edirdikbu günün tarixi barədə fikirlər səsləndirirdik. Bu il isə həmin dövrdə zəhməti olan şəxsiyyətləri yad edəcəyik, partiya üzvləri Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edəcək. Həmçinin İstiqlal abidəsini ziyarət də nəzərdə tutulub. Biz də istəyirik ki, bu bayram özünəməxsus şəkildə qeyd olunsun".

 

  

A.ASLAN

Ekspress.-2014.- 28-29 may.- S.13.