Yaşamaq gözəl şeydir...

 

Fikrət Qoca: "Gərək Allahın verdiyi ömrü adam kimi yaşayasan"

 

"Əgər ürəyimdə məni sabaha səsləyən hər hansı bir hiss yoxdursa, o gecə həyat mənim üçün bitər"

 

Xeyli vaxt idi ki, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, sevimli şairimiz Fikrət Qocadan müsahibə götürmək istəyirdim. Yağışlı bir payız günündə şairə telefon açdım və istəyimi çatdırdım. "Qızım, nə vaxt istərsən gəl", - dedi. Təbii ki, fürsəti qaçırmadım və dərhal Yazıçılar Birliyinə yollandım.

   Qeyd edək ki, bu il avqustun 25-də şair 79 yaşını başa vurub 80-nə adlayıb.

   - Fikrət müəllim, 80 yaşın zirvəsində geriyə boylansanız, arxada nələr qaldı, bu ömrü doya-doya yaşadınızmı, taledən umacaqlarınız qaldımı?

   - Ay qızım, yaşamaq gözəl şeydir, istər 80 yaşında olsun, istər 30 yaşında olsun, istərsə də 130 yaşında. Önəmli olan odur ki, gərək Allahın sənə verdiyi ömrü adam kimi yaşayasan. Əgər yaxşılıq edə bilmirsənsə, əldən düşmüsənsə, gözəl iş görə bilmirsənsə, heç olmasa yaxşılıq edənə kömək et, yaxşı iş görənə kömək et, yaxşı məsləhət ver. Əgər bunu da bacarmırsansa, o zaman heç kimə mane olma. Ömrü doya-doya yaşamağa gəlincə, əgər məni ürəyimdə sabaha səsləyən hər hansı bir hiss yoxdursa, o zaman o gecə həyat mənim üçün bitər. Həyatın sirri, mənası da ondadır ki, insanı sabaha səsləyən nə isə olsun. Sabaha səsləyən o hiss, duyğu ki var, o, ruhun qidasısıdır.

   - Poeziya ruhumuzu qidalandırır, Siz isə poeziyamıza qida verənlərdənsiniz. Bəs Sizin ruhunuzu nə qidalandırır?

   - Gənclik illərində ovçuluq edərdim, sonra ovdan balıqçılığa keçdim, balıqçılıq etməyə başladım. Təbii ki, bütün bunlar ruhumu qidalandırırdı, məni poeziyaya yeni bir həvəslə, yeni bir mövzu ilə götürürdü. Günlərin birində balıq tutarkən, qarmaqda olan balığın qışqırtısını eşitdim, sanki deyirdi ki, niyə mənim canımı alırsan, niyə məni həyatdan ayırırsan, axı mənim canım sudadır. Bu məqam mənə çox təsirləndirdi, axı həqiqətən də balıq da canlıdır, o da yaşamaq istəyir, yaşamaq onun da haqqıdır kimi düşüncələrə daldığım zaman öz-özümə söz verdim ki, bir daha balıqçılıq etməyəcəyəm. Şair ruhunu qidalandırmaq üçün yeni bir mövzu tapırsa, o zaman istədiyinə nail olur. Şəhərdə hara baxırsan elə yeni mövzudur, bu baxımdan düşünürəm ki, qələm əhli üçün mövzu problemi yoxdur. Mən də gördüyüm bir mövzunu seçirəm, üzərində işləyirəm və hazır edirəm. Artıq sabaha başqa bir mövzu məni gözləyir, deməli, məni sabaha səsləyən bir şeylər hələ var, demək, yaşamağa dəyər.

   - Gənclik və orta yaş dövrünüz sakit bir dönəmə təsadüf etmişdi, amma müdriklik çağında dünyanın qarışdığı bir zamanın şahidi oldunuz...

   - Öncəliklə qeyd edim ki, Antarktida ilə Avstraliyadan başqa, qalan dörd qitənin şəhərlərinin əksəriyyətini görmüşüm, eləsi var ki, dəfələrlə orda olmuşam. Amerikaya 5-6 dəfə səyahət etmişəm və əksər ölkələrdə gedən azadlıq hərəkatları ilə bağlı bir çox yazılarım olub. Həmin şeirləri, poemaları öz ölkəmdə yaza bilməzdim, çünki dövr başqa idi, biz asılı idik, azad düşüncədən uzaq idik, maneələr çox idi və s. Ancaq maneə var deyə qələmə gələn fikirlərə qarşı çıxmaq olmazdı, mütləq yazmaq lazımdır ki, zamanı gələndə ortaya çıxarmaq üçün əlində bir şeylər olsun. Qeyd etdiyim kimi, dünyanın bir çox ölkələrində yaradıcılıq səfərlərində oldum, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etdim. Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və başqaları haqqında poemalar yazdım. 1990-cı illərdə yazdığım "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarımda isə Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs etmişəm. Hətta bir sıra nəsr əsərimdə - "Ölüm ayrılıq deyil", "Hələlik - qiyamətədək" və s.-də 20 Yanvar hadisələri öz əksini tapıb.

   - Hazırda cəmiyyətimiz sanki mütaliədən qorxur, kitab oxumaqdan uzaq düşüb...

   - Dövr sürət dövrüdür. Dünyanın istənilən ölkəsində, tutaq ki, elə Amerikada nə hadisə vaş verirsə, həmin anda burda da xəbərimiz olur. Yəni, hazırda dünya elə bir səhnədir ki, qapıçısı yoxdur, gələn içəri daxil olur. Hər xür xarakterə malik insanlar var bu qarışıq dünyamızda və hər cür informasiyalar. Ancaq nə olur-olsun, hər kəs özünə lazım olanı götürür, əlbəttə ki, saf-çürük dövrü də gələcək, ələnmə vaxtı da olacaq və bunun üçün sadəcə zamana ehtiyac var. Necə ki, sel gələndə öncə çör-çöp gətirir, ancaq durulma zamanı təmizlik prosesi başlayır ki, o zaman da su təmiz dağ suyu kimi tərtəmiz görünür, bax yaşadığımız dövr də həmin məqama bənzəyir.

   - Şair kimi belə bir zamanla necə barışırsınız?

   - Əlbəttə ki, ağrılı, yorucu bir zamandır. Çünki düşüncəsizlik, etinasızlıq baş alıb gedir. İnternetdə yayılan xəbərlər, qəzetlərdə nəşr olunan informasiyalar elə təqdim olunur ki, əcnəbi onları oxusa elə bilər ki, biz vəhşiyik, təzəcə meşədən qaçmışıq: qadın ərini öldürdü, oğul anasını öldürdü, bacısını öldürdü... o qədər dəhşətli informasiyalar var ki... Bir dənə də olsa, işıqlı bir xəbər tapmaq mümkün deyil ki, bu işıqlı xəbəri oxuyasan və biləsən ki, bu azadlığa layiqdir. Onda belə çıxır ki, azadlığı bizə pay veriblər? Axı bu azadlığı bizlər qan bahasına əldə etmişik, niyə özünüzü belə təqdim edirsiniz? Özünü necə təqdim edirsənsə, səni o cür də tanıyacaqlar, səni tanıdıqları üçün yanında belə oturmaq istəməyəcəklər.

   - Bir dahinin sözüdür ki, "Düşünmədən öyrənmək - vaxt itirməkdir". Sanki zəmanə düşünmədən öyrənənlərin dövrüdür və bu da bizi yeni bir cahilliyə aparmır ki?

   - Doğrudur, cahillik cəmiyyət üçün təhlükəlidir. Yazıb-oxumaq hələ savadlı olmaq demək deyil, sən sadəcə yazıb-oxumağı öyrənmisən, say öyrənən kimi. Savad insanın içindəki mədəniyyətdir, işıqdır. Lap elə götürək bir naxırçını, baxırsan ki, fikirləri ilə bəzi alimlərdən savadlı, ziyalı görünür. Yəni burdan da belə nəticəyə gəlmək olar ki, gen məsələsi çox önəmlidir və hər an özünü büruzə verir.

   - Bir müsahibənizdə "Yaşamaq ömrü toxumaqdır" demişdiniz. Ömrünüzü istədiyiniz kimi toxuya bildinizmi və ya ilmələrin qaçdığı məqamlar da oldumu?

   - Bütün ömrüm boyunca çalışmışam ki, hər şeydə güzəştə gedim. Bir tək yaradıcılıqda güzəştə getməmişəm, əsasən də özümə güzəşt etməmişəm. Bu baxımdan da yarımçıq yazılarım çoxdur və yenidən həmin yazılara dönmək mənim üçün çox çətindir. Çünki həmin əhval-ruhiyyəyə, həmin ruha gəlmək lazım olur.

   - Tərcümələriniz və bir çox poemalarınız dünya ölkələrinin azadlıq hərəkatlarının qəhrəmanlarına həsr olunub. Onların çoxu gənc yaşlarında qətlə yetirilib. Bu faciə və qəhrəmanlıqlar Sizi niyə belə cəlb edir və nə öyrədirdi?

   - Filippinin milli qəhrəmanı Xose Risala həsr etdiyim "Xose Risal" adlı poemam var. 35 yaşında dünyasını dəyişən Xose Risal həkim, rəssam, həm də ölkəsinin ilk tarixçisi idi. Onu gecəylə tutmuşdular və səhəri gün güllələnəcəkdi. Ölümünü gözləyən Xose Risal son bir neçə saatını sadəcə gözləməklə keçirməyib, bütün gecəni yatmadan "Filippinin azadlığı" poemasını yazıb. Bu poema dünyanın bütün dillərinə tərcümə olunub. Mənə də həmin poemanı tərcümə üçün verdilər. Poemanı oxuduğum zaman onun həyatı ilə də tanış oldum. Bilirsinizmi, bu nə qədər ağrılı bir məqam olsa da, söhbət sıradan birinin həyatından getmir, qəhrəmanlıq səviyyəsinə yüksəlmiş birindən bəhs olunur. Qəhrəman o insanlardır ki, öz həyatlarını deyil, xalqının, millətinin həyatını yaşayır, onun uğrunda ölümə gedir və ölüm anında belə əsrlərlə yaşayacaq əsər yazır. Bu insanlar ölməzdir, ölməzliyə qovuşanlardır. Bu insanların vətən sevgisi, torpaq məhəbbəti çox güclü olur. Əsl məhəbbət, sevgi belə olar. Qəhrəmanların nə uğrunda mübarizə apardığına baxırsan və sonra da ətrafda boş həyat tərzi keçirən insanları görürsən - əslində ən ağrılı məqam elə bu müqayisədir. Bəlkə elə dünyamızı qarışıq vəziyyətə salanlar boş həyatın arxasında gizlənərək başqalarının həyatına mane olanlardır.

   - Böyük türk yazıçısı Əziz Nesin ömrü boyu eybəcərliklərə qarşı yazdı, eybəcərliklərsə tükənmək bilmir...

   - Əziz Nesin böyük yazardır və ən problemli məqamları belə satirik dillə, komediya dili ilə oxucuya çatdırıb. Əziz Nesin ədəbiyyatda qaydanı pozanarla nə qədər mübarizə aparsa da, bu mübarizədə qələbə çala bilmədi, onların nəvələri hazırda işlərini eynilə davam etdirir. Niyə, çünki belələrini dəstəkləyənlər də lazımsız işlərlə məşğul olan ünsürlərdir. Belələri dar düşüncəli insanlardır, onları oxuyan kütlə də elə dar düşüncəlidirlər. Bilirsinizmi, hər şeyin kökü var. İstənilən bir sahəni, hər hansı bir mövzunu öyrəndiyin zaman onun dərinliyinə getmək əsas şərtdir...

   Müsahibəni burada bitiririk və son sualımı verib, cavab almaq əvəzinə şairin "Məhəbbət yalan deyil" şeirini təqdim edirik:

   Zaqulba sahilini

   gəzdim, dolaşdım bu gün

   hər çiçəyə, hər gülə

   Könlümü açdım bu gün.

   Dərdimi bir qayaya

   açdım danışdım bu gün.

   Ürəyim sərinlədi.

   Dedim Səttar hardadı?

   Dedilər bahardadı!

   Mircavadın işləri

   Kəhrəba qumlardadı.

   Kövrəldi Mirnadirin

   Sahildə qərib adı.

   Sahildəki dalğalar

   ağrısından inlədi.

   Dedilər sən də danış,

   Mən sahildə dayandım.

   Günəş batıb gedəndə

   Mən qaldım, yenə yandım.

   Aləmə çökdü zülmət,

   Mən şəfəqə boyandım.

   Dalğa, qaya baş-başa

 

   Durdu məni dinlədi.

 

  

Ulduzə QARAQIZI

Ekspress.-2014.- 8-11 noyabr.- S.14.