Milli səhnənin Sarası...

 

Aktrisa Mehriban Abdullayeva: Hər kəsin öz qisməti var...

 

TANITIM: Mehriban Abdullayeva Qax rayonunda doğulub. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. 1989-cu ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. Bəhs etdiyimiz teatrda önəmli rollara imza atıb:

Şirin ("Yazığam, sevmə məni", Əkrəm Əylisli), Səbinə ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Aysulu ("Mahmud və Məryəm", Elçin), Sara ("Mənim ağ göyərçinim", Tamara Vəliyeva), Ana ("Ana laylası", İskəndər Coşğun), Fərizə ("Şəhidlər", Bəxtiyar Vahabzadə), Pəricahan ("Qaraca qız", S.S.Axundov), Klaudia ("Zorro", İspan xalq rəvayəti), Böyükxanım ("Aydın", C.Cabbarlı), Ana ("Şelkunçik", Hofman), Sədəf qarı ("Əcəl atı", V.Əlixanlı), Ledi Kapuletti ("Romeo və Cülyetta", Şekspir) və s.

Filmoqrafiya: "Solğun çiçəklər" (1987), "Məşədi İbad-94" (2005), "Yoxlama" (2006), "Pərvanələrin rəqsi" (serial, 2012).

Aktrisa Mehriban Abdullayeva ilk dəfə rejissor Faiq Zöhrabovun quruluş verdiyi "Nakam qız" tamaşasında Sona rolunu oynamışdı. Sonralar "Solğun çiçəklər"dəki Sara obrazı ilə tanındı və sevildi. Sona və Saranın taleləri kədərli, ürəkağrıdıcı idi. Mehriban xanım beləcə milli səhnədə dramatik rollarla ilk addımlarını atdı...

Aktrisa etiraf edir ki, Sara obrazı sənət taleyində böyük rol oynayıb. 30 ilə yaxındır həyatını sənətə bağlayan Mehriban xanım bu illər ərzində saysız-hesabız obrazlar yaradıb, amma sənətə vəsiqəsi olan Sara obrazını unutmur.

Aktrisa bu rola görə rejissor Ağakişi Kazımova minnətdar olduğunu deyir: "23 yaşımda oynamışdım Saranı, daxilən əsl Sara idim. Onun kimi saf, sadəlövh, həyatı çəhrayı görən idim. İndi o obrazı oynaya bilmərəm, çünki illər, həyat adamı çox dəyişir, indi daha təcrübəliyəm".

Beləliklə də, müsahibimimiz Gənc Tamaşçılar Teatrının aktrisası Mehriban Abdullayevadır.

- Mehriban xanım, Musiqili Komediya üzrə təhsil almısınız, amma Sizi hər zaman dramatik obrazlarda görürük. Bunun bir səbəbi varmı?

- Tələbəlik illərini bitirdikdən sonra 1986-1990-cı illərdə Milli Dram Teatrında çalışırdım və çox əsərlərdə maraqlı obrazlar oynadım. Teatrın ən qaynar dövrləri məhz həmin illər idi, hamı bir nəfər kimi özünü səhnəyə, qaynar fəaliyyətə vermişdi, sanki bir müddət sonra ölkənin nələrlə üzləşəcəyini, teatrların hansı çətinliklərlə üz-üzə qalacağını duymuşdular.

- Milli Teatr az qala bütün aktyorların arzuladığı bir sənət ocağıdır. Bu baxımdan "Azdrama" Gənc Tamaşaçılar Teatrına dəyişməniz bir qədər qəribə görünür?

- Zənnimcə, burda qəribə heç bir şey yoxdur. Milli Teatrda 4-5 il çalışıb maraqlı rollar oynasam da, məni ştata qəbul etmədilər. Vaxt keçirdi, düşünmədən ştatda olacağım bir teatrda çalışmağı qərara aldım və Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başladım. Yeri gəlmişkən, ilk dəfə sizin qəzet vasitəsilə demək istərdim ki, mən bir vaxtlar ixtisasıma uyğun olan Musiqili Komediya Teatrında da çalışmışam, bir çox komediyalarda oynamışam. Hələ tələbəlik illərində musiqili tamaşalarda iştirak etdiyim zaman bunun necə zövqlü, maraqlı olduğunu düşünürdüm. Musiqinin dili ilə obrazı açmaq çox maraqlı alınır. Yaxşı yadımdadır, "Arşın mal alan" tamaşasında Gülçöhrəni oynayırdım, ariyaları böyük maraqla ifa edirdim. Həm səs imkanlarım, həm də obraza uyğunluğum vəhdət təşkil edirdi. Ancaq nə olur-olsun, özümü dramatik obrazlarda daha çox uyğun gördüyüm üçün artıq illərdir dramatik obrazlarla tamaşaçıların görüşünə gəlirəm.

- Klassik əsərlərdəki ifalarınız çox maraqlı alınır, istər milli əsərlərdə, istərsə də dünya klassikasında söz demiş aktrisasınız. Sizcə aktrisa üçün klassik obrazın önəmi, cəlbediciliyi nədədir?

- Ü.Hacıbəylinin, C.Cabbarlının əsərlərində oynamışam, Şeksprin əsərləri yaradıcılığımda mühüm yer tutur. Bilirsinizmi, klassikada dərin məna çaları olan əsərlər çoxdur. Onlar elə əsərlərdir ki, artıq illərdir müraciət olunur və hər dəfə sanki yeni bir xətt daha kəşf edilir. Cabbarlının "Solğun çiçəklər", "Od gəlini" əsərlərində oynadığım zaman hələ məşqlərdə hiss edirdim ki, bu kimi əsərlər aktyorun bütün potensialının üzə çıxmasına şərait yaradır. Hətta klassik əsərlərdə oynadığın epizodik rollar belə sənə geniş imkanlar açır, ümumiyyətlə, klassika aktyoru zənginləşdirir.

- Bir tamaşada rol alarkən ilk növbədə nələrə önəm verirsiniz?

- Mütləq müraciət olunan dövrü, baş verən hadisələri öyrənməyə çalışıram. Dövrün tələbi necə olub, hadisələrin baş verdiyi məqamlar, səbəblər, dövrün geyim tərzləri, davranışları necə olub? Bütün bunları öyrənmək mənim üçün əsasdır. Çünki bütün bunları öyrəndikdən sonra daxili zənginləşmə obrazın təbii və dolğun alınmasına şərait yaradır. Mənə elə gəlir ki, istər müasir əsərlərdə, istərsə də klassikada oynamasından asılı olmayaraq aktyorun güclü və geniş müşahidə qabiliyyəti olmalıdır. Bunun üçün çoxlu mütailə etmək, musiqidən xəbərdar olmaq lazımdır, bir sözlə, aktyor geniş bilgi sahibi olmalıdır. Çox vaxt deyirlər ki, aktyor var ki, səhnəyə çıxır, danışmasa belə obrazı dərindən ifası daxili gücünü ortaya qoyur. Və ya əksinə aktyor var ki, səhnədə bütün günü danışsın, xeyri yoxdur, çünki daxili zənginliyi yoxdur. Bu baxımdan mən daxilən zəngin aktyorlara böyük hörmətlə yanaşıram, onların sənətini örnək sayıram.

- Elə tamaşalar var ki, bütün dünya teatrlarının repertuarına daxildir və bu tamaşalarda çox məşhur və əvəzolunmaz aktorlar öz sözlərini deyiblər. Bu nəhəng sənətçilərdən sonra həmin obrazı oynamağın hansı çətinlikləri var?

- Çalışıram ki, obrazı məndən əvvəl oynayan aktrisanın ifasına bənzətməyim. Obraza öz baxışımla baxıram, gərgin məşqlərlə istənilən nəticəni əldə edə bilirəm. Məsələn, hazırda Şekspirin "III Riçard"ına müraciət etmişik, Yelizaveta obrazı mənə həvalə edilib. İndiyədək qlobal miqyasda çox teatr bu tamaşanı hazırlayıb. Amma həmin tamaşaların heç birinə baxmamışam. Nə zaman biz tamaşanı təhvil verəcəyik, ondan sonra baxıb müqayisə edəcəyəm. Hələ "Solğun çiçəklər" tamaşasına hazırlaşdığımız zaman çoxları dedi ki, Sara obrazına artıq Leyla Bədirbəyli öz imzasını atıb. Bu televiya tamaşası çəkilmədən illər öncə bu əsərə müraciət olunmuşdu, Sara obrazını da görkəmli aktrisamız Leyla Bədirbəyli oynamışdı. Ancaq mən həmin tamaşaya baxmamışdım və böyük maraqla Saranı oynadım. Məni bu obrazla qəbul edənlər də oldu, rolu müqayisə edənlər də, hətta çoxları dedi ki, sən artıq bu rola öz möhürünü vurdun və s. Məndən sonra bu rolu kim oynayıb, onu da bilmirəm, ancaq bildiyim bir şey var ki, zamanında bir araya gələrək belə bir tamaşa hazırladıq və bu, bizim üçün bir tarix oldu.

- Leyla Bədirbəylinin rolları həmişə böyük maraq doğurub, ümumiyyətlə, o dövrün aktrisaları öz sənətlərinin bir çələngi idilər. Amma nəsillər arasında müqayisə aparmaq, zənnimcə, elə də uğurlu iş deyil...

- Fəxr edirəm ki, məni o dövrün çələngi hesab olunan aktrisaları ilə müqayisə ediblər, biz onlara baxıb bu sənəti sevmişik. Etiraf edək ki, o dövrün aktrisaları, aktyorları o qədər güclü sənət imkanlarına malik olublar ki, onlarda olan sənət yanğısını sözlə ifadə etmək belə mümkün deyil. Onların az qala hamısı teatr aktyorları idilər, səhnədə unudulmaz obrazlar yaratmışdılar, lakin bizlər onları əsasən filmlərdən tanıyıb sevmişik, hətta ideallaşdırmışıq. O aktyorların hər biri zirvədir...

 

- O aktyorları kinonun tanıtdığını dedniz, amma Sizin nəsil kinonun imkanlarından tam yararlana bilmədi...

- Sənətə gəldiyim ilk illərdə o qədər gərgin çalışırdım ki, heç kino yadıma da düşmürdü. Ancaq hazırda düşünürəm ki, kino aktyorun həyatında gerçəkdən də böyük rol oynayır.

- Heç "niyə bu sənəti seçdim" deyə peşmançılıq hissləri keçirdiyiniz olurmu?

- Mən belə düşüncələrə qapılmıram. Bəlkə səhnəyə çıxdığım zaman bütün çəkdiyim əziyyətləri unuduram deyə, peşmançılıq hisslərinin cücərməsinə imkan vermirəm və ya da bu sənətin cazibəsi çox güclü olduğuna görə belə hisslər yaranmır. Nə olur-olsun, hərhalda mən peşmançılıq hisslərindən uzaq olduğum üçün bu hissə qapılmıram. Yəqin ki, sənətə olan sevgimin gücündəndir...

- Sənətin zirvəsinə gedən yol bəzən uçurumlardan keçir. Sənətdə uğur üçün istedad yetərlimidir, yoxsa bu işin başqa sirləri də var?

- Öyrənmək, mütaliə etmək və sadəcə öz işinlə məşğul olmaq. Bu sənətin sirri sadəcə budur və zirvəyə aparan yol da budur. Əgər öz üzərində çalşmırsansa, o zaman bu sənət uçurumlarla qarşına çıxacaq.

- Sənət aləmində bir qibtə məsələsi də var. Yəni, uğurlarınızı qısqanan olubmu və ya Sizin başqasına belə bir münasibətiniz olubmu?

- Qısqanclıq yaxşı hiss deyil və əlbəttə ki, qazanılan uğurlara manelər olacaq. Şəxsən mən heç kimin uğurlarını qısqanmadım, çünki buna heç vaxtım olmadı, mənim uğurlarımı isə kiminsə qısqanması barədə bir fikrim yoxdu. Çünki bununla da maraqlanmadım. Artıq sənətə yeni nəsil gəlib, onlara dəstək vermək lazımdır. Bəlkə bir vaxtlar mənə mane olanlar olub, ancaq mən əksinə hamıya dəstək vermişəm. Hər kəsin öz qisməti var...

- Bəzi aktrisaların yaşla bağlı gənc qız rollarını ana və ya yaşlı obrazlarlarla əvəz etməsi ağrılı olur...

- Mən artıq çoxdandır ki, ana obrazları oynayıram. Heç bir çətinlik çəkmədən bu durumu asanlıqla qəbul etdim. Əslində, bu təbiətin qanunudur. Kim hər zaman 20 yaşında qalır ki?

Vaxt yetişdikcə öz yerini digərlərinə vermək məcburiyyətindəsən. Həyatın mənası ondadır ki, hər yaş insan ömrünün bir hesabatı və təcrübəsidir. Hər aktrisa hər zaman gənc obrazlarla səhnəyə çıxırsa, demək, o tükənib. Əsl sənət fədaisi hər yaşın öz obrazını yaratmalıdır. Müsbət, mənfi obrazlar aktyorun bütün daxili potensialını üzə çıxarmaqda böyük kömək olur. Aktyor obrazın həyatını yaşayır, onu öz yaşantısından keçirərək təqdim edir. Mən müxtəlif səpgili rollar oynamışam və ümidvaram ki, tamaşaçı məni bütün rollarımla qəbul edir.

 

Xədicə QİYAS

Ekspress.-2014.- 8-11 noyabr.- S.19.