"Sanki elm müharibəsinə ancaq qızlarla gedirik"

 

Abel Məhərrəmov: "Magistraturaya daxil olan oğlanlar əsgərliyə aparılmasa, bunun elmin irəli getməsinə çox köməkliyi olar"

 

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, millət vəkili Abel Məhərrəmov parlament jurnalistlərinin suallarını cavablandırıb. "Ekspress" qəzetinin parlament müxbirinin də qatıldığı müsabihəni təqdim edirik.

      - Rəhbərlik etdiyiniz universitetin yataqxana problemi nə vaxt öz həllini tapacaq?

   - Bildiyiniz kimi uzun illər universitetin yataqxanalarında məcburi köçkünlər məskunlaşmışdı. Ötən il məcburi köçkünlər üçün yeni binalar tikildi və onlar yataqxanadan çıxarıldı. Yataqxana binaları bərbad vəziyyətdə olduğundan orada söküntü işləri də getdi. Planlaşma da gedib, layihə də hazırdı. Ancaq bəzi məsələlərə görə müvəqqəti olaraq işlər dayandırılıb. Ancaq bu məsələ xeyli aktuallaşıb və yəqin yaxın vaxtlarda buna start veriləcək. Tikinti işləri yəqin 3-4 il çəkəcək.

   - Yeni yataqxanalardan təxminən nə qədər tələbə yararlana biləcək?

   - Dünyada belə bir statistika var, deyək ki, BDU-da 20 min tələbə təhsil alırsa onun 10 mininin yataqxanaya ehtiyacı var. Çünki Azərbaycanda və dünyada da belədir ki, şəhər və kənd əhalisi arasında nisbət təqribən birin birədir. Yəni 20 min tələbəmiz var, 10 min tələbənin yataqxanaya ehtiyacı var. Bu yataqxana layihəsi isə təqribən 6 min tələbənin yerləşdirilməsini nəzərdə tutur. Ancaq çox yaxşı layihədir. Çalışacağıq ki, heç olmasa, BDU-nun 100 illik yubileyi ərəfəsində bunu həyata keçirək.

   - Büdcə müzakirələrində magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsini təklif etdiniz. Magistratutaya qəbul olunan oğlanların əsgərliyə çağırılmasının hansı mənfi nəticələri var ki?

   - Biz çalışırıq elə edək ki, magistr pilləsinə qəbul olanlar üçün çağırış olmasın. Bu nə ilə əsaslanır? Deyək ki, bakalavr pilləsində elmi tədqiqat işi aparır, magistr pilləsinə gəldikdə onu hərbi xidmətə çağırırlar. Bu, işini yarımçıq qoyub əsgərliyə gedir, bir il vaxt keçir və qayıdanda yaş ötür, ailə qurmaq istəyir, qiyabi magistrant olmaq istəyir. Yəni bakalavrla fəlsəfə doktorluğu arasında elm qırılmağa başlayır. Elə bil zəncir ortada sınır. Biz təklif edirik ki, onları əsgərliyə aparmasınlar. Onlar müdafiə edəcəklərsə, qalacaqlar. Müdafiə etməsələr, 35 yaşa qədər əsgərliyə apara bilərlər. Heç bir problem yoxdur. Yəni təhsili qorumaq üçün bu mərhələni keçmək lazımdır. Bu, çox aktual məsələdir. Hər il magistratutaya qəbul oğlan qız nisbətində 75-in 25-dir və bu getdikcə artır. Yəni qızların sayı çoxalır, oğlanlar azalır. Qızlar da ailə həyatı qururlar, ana olurlar və elmdən aralanırlar. Biz elə bil ki, elm müharibəsinə ancaq qızlarla gedirik. Bunlar həm də ana olmalıdırlar. Yəni problemlər çoxdur. Elə adam var ki, onu qəbul edirik, ailə qurur və 6-7 il analıq məzuniyyətində olur. Bəs elmi kimlərlə irəli aparmaq lazımdır. Oğlanlar elmdən uzaqlaşır. Bunun da səbəblərindən biri onların əsgərliyə aparılmasıdır. Magistraturaya daxil olan oğlanlar əsgərliyə aparılmasa, bunun da elmin irəli getməsinə çox köməkliyi olar.

   - Müzakirələr zamanı "Elm haqqında" qanunun tezliklə qəbul olunması məsələsini qaldırdınız. Bu qanunun qəbulu elmin inkişafına hansısa töhfə verə biləcəkmi?

   - Elmlə təhsil sintezlə inkişaf edir. Ancaq bu gün elm dünyada çox qabağa gedib. Məsələn, bu gün Amerika elmə, innovativ istiqamətlərə, məsələn, nano texnologiya, biotexnologiya, molekulyar biologiyaya və s. böyük sərmayə qoyur və qısa müddətdə qoyduğu sərmayənin xeyrini görür. Niyə? Çünki texnoparka verir, brend istehsal edir və hamıdan qabağa gedir və pulu 3 ildən sonra götürür. Təhsilə qoyulan pul isə 10-15 ildən sonra ancaq öz keyfiyyətini verir və onu idarə eləmək çox çətindir. Çünki səpələnir. İndi təhsildə hansı innovativ istiqamətlər inkişaf edib. Bu, bir neçə elmin vəhdətində olan istiqamətlərdi. Məsələn, biotexnoloq olmaq üçün biologiyanın, fizikanı, texnologiyanı, riyaziyyatı, informatikanı yaxşı bilməlidir. Sual olunar ki, bu gün ali məktəblər o istiqamətdə kadr buraxırmı? Xeyr! Heç bir yerdə belə kadr buraxılmır. Fənlər-arası əlaqə yaratmaq çox çətindir. Bir kimyanı götürürsən, ancaq bir tədris planı var, onu hazırlaya bilirsən. Məsələn, nano texnoloq hazırlamaq çox da sadə məsələ deyil. Bunu doktoranturada hazırlamaq olar. İnnovativ təhsil bir neçə fənnin birləşməsində inkişaf edir. Ona görə də ali məktəblərdə fənlərarası əlaqələr yaradırlar və gəncin tədris planını elə yüngülləşdirirlər ki, o, 1-ci, 2-ci kursdan elmi işlə məşğul ola bilsin, sərbəst işləsin.

   Sovet tədris sistemində müəllimlər çalışırdı ki, auditoriyada tələbənin başına bilik doldursun. Nə dərəcədə uğurumuz var idi, yox idi, bu, başqa söhbətdir. Avropa modeli deyir ki, biz biliyi başa yerləşdirməməliyik. Müəllim informasiya verməlidir, problem, mühazirə qoymalıdır və tələbə gedib sərbəst işləməlidir. İndi sual ortaya çıxır ki, bizim təhsil yetkinliyimiz, lap dərinə getsək, milli yetkinliyimiz o səviyyədədir ki, tələbəni sərbəst buraxsaq, tələbə gedib gecə-gündüz kitabxanada, laboratoriyada işləyəcək? Bu, ikinci bəladır. Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatıb. Ancaq Avroatlantika məkanına inteqrasiya prosesində keçid dövrümüz başa çatmayıb. Ona görə hamı deyir ki, niyə Amerikada olan kimi səninki belə deyil. Biz o yolu gedirik. Amma milli və təhsil yetkinliyimizi o səviyyəyə çatdıra bilmirik ki, tələbəni bir qoşa saatdan sonra buraxasan, axşam saat 8-ə qədər laboratoriyada, kitabxanada işləsin. Azərbaycan o vaxt uğur əldə edəcək ki, elmlə təhsilin sintezi olsun. Ali məktəblərdə elm çox inkişaf etməlidir. Məsələn, BDU-da elmə maliyyə verilməlidir. Azərbaycanda 1800 elmlər doktoru var, onun 1200-ü ali məktəblərdə işləyir. Əfsuslar olsun ki, bu alimlərin elmi iş aparması, elmi laboratoriyaları zənginləşdirmək üçün praktiki vəsait ayrılmır, ayrılsa da, çox az ayrılır. Vəsait ancaq Milli Elmlər Akademiyasına ayrılır ki, elmi işi onlar aparacaq. Onu da artırmaq lazımdır.

   - Bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrlarla bağlı tənqidi çıxışı oldu. Siz də böyük bir universitetə rəhbərlik edirsiniz və hər il xeyli məzununuz olur. Sizcə, kadr çatışmazlığında universitetlərin də günahı varmı? Əgər hüquqşünas çatışmazlığı varsa, burda həm də universitetlərin də məsuliyyətindən söhbət gedə bilər. Nədən kadrlar cəlb olunmur və yaxud çatışmazlıqlar yaranır. Bunun səbəbini analiz etmisinizmi?

   - Biz analiz etmişik. Bu dəqiqə problem çoxşaxəlidir. Universiteti bitirən məzunlar, təbii ki, istəyirlər qısa müddətdə xeyli maliyyə vəsaiti əldə etsinlər. Əksəriyyəti də özəl şirkətlərə üz tuturlar. Onlar gedib dövlət strukturunda 300-400 manata işləmək istəmirlər. Ona görə də hökumət pul verib yaxşıları hazırlayır, amma axıra qədər buna nəzarət eləmir ki, ay özəl şirkət, mənim hazırladığım adamı işə götürəndə, sən heç olmasa hökumətə bu qədər pul keçir ki, bu kadrı hazırlayıb sənə verdim. Zəif oxuyanlar da gedib dövlət qulluğuna müsabiqədən keçə bilmir. Ancaq güclülər keçirlər.

   - Deputat həmkarınız Əli Hüseynli xaricdə təhsillə bağlı taktikanın dəyişdirilməsini, yəni xaricdən ölkəmizə müəllimlərin dəvət olunmasını təklif edib. Belə bir taktikaya keçidi necə dəyərləndirirsiniz?

   - Əslində bu da bizim tərəfimizdən son vaxtlar səslənən məsələdir. Bayaq mən dedim ki, xaricdən gələn tələbələr özəl şirkətlərə gedir, özəl şirkətlər güclənir, dövlət şirkətləri müqayisədə zəifləməyə başlayır. İndi ortaya sual çıxır ki, xaricdən alimlər dəvət eləsək yaxşıdır və yaxud da burdan gəncləri göndərsək? Mənə elə gəlir ki, 2015-ci ilin büdcəsində xaricdə təhsilə ayrılan 44 milyonda korrektə olmalıdır. Yəqin ki, olacaq. Yəni bir hissəsi xaricə göndərilən tələbələrə ayrılacaq, bir hissəsinə də artıq xaricdən alimlər dəvət eləmək lazımdır. Məsələn, deyək ki, BDU-da molekulyar biologiya sahəsində elmi məktəbi gücləndirmək istəyirik. İki-üç alimi çağırsan, gəlib işləyir. Xaricə göndərilən tələbəyə xərclənən pulu ordan gələn alimə versək, həmin pula 5-6 mütəxəssis hazırlamaq olar. Həm də əlaqə yaranar, elmi rəhbər ola bilər və s. Mən buna çox müsbət baxıram.

 

   - Bu gün BDU-nun hansı problemləri var?

   - Bizi narahat edən məsələlərdən biri odur ki, tələbə imtahandan kəsiləndən sonra gedib kredit götürür və bunun üçün pul ödəməlidir. Bu isə həm bizdə, həm də tələbədə narahatçılıq doğurur. Onlar deyirlər ki, mən qiymət ala bilməmişəm, ikinci dəfə dərsdə oturanda məndən pul almayın. Amma bu, əslində Nazirlər Kabinetinin qərarıdır, bu məsələ nə Təhsil Nazirliyindən asılıdır, nə də universitetdən. Əslində təhsil sahəsində keçid dövrünü yaşadığımız üçün burda güzəşt eləmək olardı. Biz bu məsələni BDU olaraq qaldırmışıq. Təhsil naziri də sağ olsun ki, geniş kollegiya iclası keçirdi ki, bu məsələdə güzəştlər olsun və olacaq. Bundan başqa da güzəştlər nəzərdə tutulur. BDU Təhsil Nazirliyinə müraciət edib ki, imtahandan kəsilən tələbələr barədə də xüsusi güzəştlər olsun.

   - BDU Məhəmməd Əmin Rəsulzadənin adını daşıyıb. Bildiyimiz kimi prezidentin də Rəsulzadənin 135 illik yubileyi barədə sərəncamı oldu. Universitet hazırda 95 illik yubileyi qeyd edir və arzuolunandır ki, universitetin həyətində Rəsulzadəyə abidə qoyulsun...

   - Allah qoysa, bu məsələyə də baxarıq. Bu, dövlət səviyyəsində həll olunan məsələdir. Baxarıq görək bunu necə həll edək. Amma universittin 95 illik yubiley kitabını hazırlamışıq və orada Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini çox qabartmışıq.

 

Aqil ASLAN

Ekspress.-2014.- 22-24 noyabr.- S.5.