Mən yeganə aktyoram ki...

 

Ələkbər Əliyev: Gözüm hələ Lüfəli Abdullayevin oynadığı o rolda qalıb

 

Bir neçə il öncə Opera və Balet Teatrının səhnəsində hazırlanan "Arşın mal alan" tamaşası diqqəti özünə cəlb edə bilmişdi. Belə bir fikir vardı ki, bu tamaşa 1945-ci ildə Rza Təhmasibin quruluşunda çəkilən "Arşın mal alan"a çox bənzəyir.

Hər halda, Rəşid Behbudovun Əsgəri ilə Azər Zeynalovun ifasındakı obraz, ariyaların oxunuşu, həmçinin, Lütfəli Abdullayevin Vəli obrazı ilə Ələkbər Əliyevin oynadığı Vəli rolu arasında müəyyən paralellər aparılırdı.

Ələkbər Əliyev həmişə oynadığı rolları fərqli təqdim etməyi bacaran aktyorlarımızdandır. Onunla çalışdığı Musiqili Teatrda tamaşa öncəsi görüşdük.

TANITIM: Əliyev Ələkbər 1957-ci ildə doğulub. 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsini bitirib, elə həmin il təyinatla Musiqili Komediya Teatrına gəlib. Yüksək səs tembri və səhnə mədəniyyətinə malik olan aktyor ilk addımlarından teatr ictimayyətinin diqqətini cəlb edibyadda qalan maraqlı obrazlar yaradıb: "Nəğməli Könül"də Ramazan, "O olmasın, bu olsun"da Sərvər, "Arşın mal alan"da Vəli, "Gözün aydın"da Alay, "Subaylarınızdan görəsiniz"də Fəğan, "Hicran"da Dadaşbala, "Bəbirlinin kələkləri"ndə Arif, "Beşmanatlıq gəlin"də Qiyas, "Dəli dünya"da Fərəc, "Səhnədə məhəbbət"də Ayxan, "Məhəbbət oyunu"nda Camals.

- Ələkbər müəllim, Sizin geniş səs imkanlarınız var, niyə məhz teatrı seçdiniz?

- Əvvəlcə onu deyib ki, səhnədəki uğurlara görə daim öz müəllimlərimə - Azad Dadaşov və Səftər müəllimə minnətdaram. Tələbə vaxtı aktyor sənəti imtahanlarında Adil İsgəndərov və Rza Təhmasib kimi ustadlar iştirak edir, bizə yol göstərirdilər. Nə səhvdir, nə düzdür, nəyi, nə zaman, necə etməli kimi suallara cavabı üçün bizləri hazırlayırdılar. Xoşlarına gəldiyi zaman bizi tərifləyirdilər, sevinirdik ki, gör kimlərdən tərif eşidirik. Qəribədir, onlardan həm qorxurduq, həm də böyük sevinc hissi keçirirdik. Birinci kursdayıq, etüdləri məşq edirdik, qiyabiçilər də bizimlə idi. Cavan bir gəlin Azad müəllimdən icazə alaraq dərsdə iştirak etmək istədiyini bildirdi. İzn aldıqdan sonra keçib arxa tərəfdə oturdu. Məşq zamanı Rza Təhmasib içəri daxil oldu, "siz davam edin" deyərək keçib oturdu və məşqi izləməyə başladı. Yaxşı yadımdadır, Şəfiqə Məmmədova adlı gözəl səsə malik bir tələbə yoldaşım var idi, çox təəssüf ki, sonralar o sənətdən uzaqlaşdı. Mətləbdən uzaqlaşmayım, Şəfiqənin bir etüdü var idi, müəllim məsləhət gördü ki, həmin etüdü məşq edək. Etüddə bir qadın uşağını yatırdır, qəmli bir mahnının təsiri altında uşağın paltarlarını yuyur və birdən uşaq ağlayır, qadın tez uşağına tərəf gedərək onu ümid dolu sevinclə qucağına alır və səhnədən çıxır. Etüd bitən kimi Təhmasib soruşdu ki, "bu qadının həyat yoldaşı hardadır?" Dedik ki, "itkin düşüb, yoxdur". Təhmasib "qoy yoldaşı gəlsin" dedi. Biz məəttəl qaldıq ki, axı bu qızın tək etüdüdür, istəyir, özünü göstərsin. "Necə yəni yoldaşı gəlsin",- deyə etiraz etmək istədik. Təhmasib "yoldaşı gəlsin, dedim" deyə özünəməxsus sərtliklə təkid etdi. Bizim kursda dörd qız, bir oğlan var idi. Deməli, "həyat yoldaşı" kimi mən səhnəyə gəlməli idim. Müəllim mənə başa saldı ki, içəri daxil olursan, əlindəki çemodanı yerə qoyursan və həyat yoldaşına baxırsan, birdən qadın da bu baxışları hiss edir, geriyə tərəf dönür, səni görüncə sevinc hissilə qaçaraq gəlib sənə sarılır. Sonra hər ikiniz uşağın səsini eşidərək ona tərəf dönürsünüz və anası uşağı qucağına götürərək sənə verir və beləcə xoşbəxt sonluqla səhnədən çıxırsınız. Müəllimin başa saldıqlarını səhnədə həyəcanla məşq etdik və birdən gördük ki, məşqə qatılan qadın bir hönkürtü ilə ağlayır. Təhmasib "sakit olun" desə də, sakitləşə bilmədi və hönkürtü ilə otaqdan çıxdı. Məhz o anda hiss etdik ki, ustad olmaq insanları ürəyindən oxumaq deməkdir, təcrübə deməkdir. Məhz Təhmasib hiss etmişdi ki, bu qadın yoldaşını gözləyir və etüddə olan dəyişikliklə həmin qadında sabaha inam hissini oyatmışdı və həmin etüdü tamamlayaraq onu daha dolğun şəklə salmışdı.

- Təsadüfən demirlər ki, ustaddan dərs almaq elə təcrübə qazanmaq deməkdir...

 

- Doğrudan da, tələbə vaxtı həyatın elə bir dövrüdür ki, çox təcrübəsiz olursan, ancaq gördüyün hər kiçik detal hafizənə həkk olunur. Yeri gəlmişkən, tələbə vaxtı çox arıq idim, görünüşümə görə əsasən komik etüdlər hazırlayırdım. Günlərin birində Adil İsgəndərov hazırladığım növbəti etüdlərdən birinə baxırdı. Çox bəyənmişdi və müəllimimə dedi ki, "bu oğlanla elə belə də işlə, gələcəkdə Bəşir Səfəroğlu səviyyəsində olan komik aktyorlardan biri olacaq". Yəni, artıq tələbə vaxtı ustadların diqqəti üzərimdə idi. Hiss olunurdu ki, hərtərəfli ifamla onları qane edə bilirdim. Səs imkanlarıma görə əsasən qəhrəmanları oynayırdım, istər "Arşın mal alan"da Əsgər, istərsə də "Məşədi İbad"da Sərvər, eləcə də digərlərində əsas qəhrəman mən olurdum. Bu sənəti çox sevirəm və öyrəndiklərimlə qane olmuram, hər zaman öz üzərimdə işləyirəm.

- Səs imkanlarınız Sizə birbaşa musiqi ilə məşğul olmağa imkan verirdi. Amma Siz Musiqili Komediya Teatrında ifaçılıqla aktyorluğu birləşdirməyə üstünlük verdiniz...

- O vaxtlar Musiqili Komediya Teatrında elə aktyorlar çalşırdı ki, onlarla bir səhnəni paylaşmaq mənim ən böyük arzum idi. Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Hacıbaba Bağırov, Səyavuş Aslan... onları necə unutmaq olar?! Bu aktyorlarla sadəcə üz-üzə gəlmək belə adamı həyəcanlandırırdı, bunları sözlə ifadə etmək çətindir. Onların hər biri səhnə üçün doğulmuşdu və onları gördükdən sonra bu sənətə daha da bağlanmışdım. Mən hələ tələbə olanda Konservatoriyaya dəvət almışdım. 3-cü kursda oxuyarkən 5-ci kursun diplom tamaşası olan "O olmasın, bu olsun" tamaşasına qatılmış, Sərvəri oynamışdım. 1-ci pərdə bitdiyi zaman mənə dedilər ki, bir xanım səni görmək istəyir. İndi adını unutduğum bu xanım özünü təqdim edərək dedi ki, konservatoriyada müəllimdir və səsimi bəyənir. Hətta səsimi Lütfiyar İmanovun səsi ilə müqayisə etdi, "sizdən heç nə tələb olunmur, sadəcə razılıq verin, sizi konservatoriyaya aparım, 2-ci kursda təhsil almağa başlayın, sadəcə bir il itirəcəksiniz", - dedi. Söhbət 1978-ci ildən gedir. Bu dəvəti mədəni şəkildə geri çevirdim və əminliklə "inciməyin, mən aktyor olmaq istəyirəm" dedim. O dövrdə mənim gözümdə bir tək Musiqili Komediya Teatrı var idi, başqa teatrlarda çalışmağı və ya elə Konservatoriyada oxumağı ağlıma belə gətirmirdim.

- Fəaliyyətiniz Musiqili Komediya Teatrı ilə bağlı olduğu kimi, yaradıcılığınızın əsas hissəsi də Hacıbaba Bağırovun teatra rəhbərlik etdiyi dövrə təsadüf edir...

- Doğrudur. Bu teatrda onlarla rolda oynamışam, maraqlı yaradıcı qrupla çalışmışam. Məni ilk dəfə səhnəyə Hacıbaba Bağırov çıxartdı, bunu heç vaxt unutmaram. Sonralar da az qala saysız tamaşalarda tərəfmüqabili olmuşam.

- Maraqlıdır, səsinizi Lütfiyar İmanovla, aktyorluğunuzu əvvəlcə Bəşir Səfəroğlu, sonralarsa Lütfəli Abdullayevlə müqayisə edirlər. Sizi kiməsə oxşatmaq sizi narahat etmirmi?

- Mənim üçün böyük fəxrdir ki, adlarını çəkdiyiniz sənətkarlarla, onların sənəti ilə müqayisə olunmuşam. Deməli, ifamla o böyük sənətkarların səviyyəsinə yüksələ bilmişəm.

- Komediya Sizin üçün nədir?

- Komediya heç asan janr deyil, çətin janrdır. əgər aktyor oynadığı obrazla tamaşaçını güldürə bilirsə, deməli, inandırıcı oynayıb həmin obrazın prototipini tamaşaçı həyatda görüb. Önəmli olan təbii ifadır. Doğrudur, mən əvvəllər əsasən qəhrəman obrazları oynadığım üçün komediyadan bir qədər uzaq idim, ancaq tədricən komediyaya yaxınlaşamağa başladım. Deməli, bu, məndə alınır ki, tamaşaçı məni qəbul edir, ifama ehtiyac hiss edir. Lütfəli Abdullayevin oynadığı bütün rolları əsasən konsert proqramlarında oynadığım üçün necə reaksiya verildiyinin şahid olurdum, mənə "Bala Lütfəli" deyirdilər. Bu sözlər məni daha da ruhlandırırdı. Bəlkə Musiqili Komediya Teatrının səhnəsində mən yeganə aktyoram ki, aktyorluğa qəhrəman obrazları ilə başlamış, daha sonra komik obrazlarla davam etmişəm.

- Oynadığınız obrazla yaşınız arasındakı fərq Sizi qayğılandırırmı?

- Aktyor istənilən obrazı oynaya bilər, təbii ki, görünüşü imkan verirsə. Yəni, inandırıcılıq varsa, niyə istənilən obrazı oynamayasan?! Mən gənclik illərində yaşlı obrazları oynamışam, saç-saqqalı ağarmış bir atanı canlandırmışam. Ancaq hazırda saçlarım təbii şəkildə ağardığı üçün yaşıma uyğun rollar oynamağı daha məqsədəuyğun hesab edirəm. Ancaq olur-olsun, oynadığım bütün qəhrəmanlarda yumor axtarıram ki, obrazı tamaşaçıya sevdirə bilim. Bir gün Güney Azərbaycandan olan bir nəfər məni yolda saxlayaraq qucaqladı aktyorluğumu bəyəndiyini söylədi. Əvvəl hansı rolumu bəyəndiyini başa sala bilmədi, sonra bəlli oldu ki, "Subaylarınızdan görəsiniz" tamaşasına baxıbmış. Sən demə, bu tamaşanı kasetə çəkib İrana aparıblar, orda da bütün dost-tanış, qohumlarla baxıblar illərdir baxırlar. Belə tamaşaçı sevgisi məni ruhlandırır. Əgər biz sənətimizdə azacıq da olsa bir görüb yadda qalırıqsa, o zaman elə sənət budur, sənət anlayışı budur...

- Oynamaq istədiyiniz, ürəyinizdə qalan bir obraz ya obrazlar varmı?

- Hər bir aktyorun arzuladığı obraz mütləq var. Bir vaxtlar "Gözün aydın" tamaşasında gənc bir oğlanı - Alayı canlandırmışdım. O vaxt tamaşadakı Qəhrəman obrazını Lütfəli Abdullayev oynayırdı, gözüm o rolda elə qalıb ki...

 

Ulduzə QARAQIZI

Ekspress.-2014.- 18 noyabr.- S.15.