"Onsuz da düşmənimiz çoxdur"

 

Sabir Rüstəmxanlı: Əgər Obama bunu bilmirsə, bu, bizim günahımız deyil...

 

Milli Məsclisin yaz sessiyasının ilk iclası deputatların Avropa Parlamentinin (AP) Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etirazı ilə yadda qaldı. Bir neçə deputat Avropa təşkilatları ilə əlaqənin tamamilə kəsilməsini və Rusiya ilə daha sıx münasibətlərin qurulmasını təklif etdilər. İclasda cəmi 3 deputat - İqbal Ağazadə, Qüdrət Həsənquliyev və Sabir Rüstəmxanlı Avropa ilə kəskin tonda danışmağın əleyhinə çıxış etdilər. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı "Ekspress"ə müsahibəsində də Avropaya qarşı sərt münasibətin tərəfdarı olmadığını bildirir. VHP sədri hesab edir ki, Qərblə hədə dilində danışmağa ehtiyac yoxdur.

       - Milli Məclisdə AP-yə qarşı bəyanat qəbul edilməzdən öncə Siz Avropaya qarşı sərt fikirlərin işlədilməsinə qarşı çıxdınız....

   - Yox, hücumların əleyhinə çıxmıram. İstənilən beynəlxalq təşkilat Azərbaycanla bağlı qərarlarında, fikrində qeyri-obyektivliyə, yanlışlığa yol verirsə, ona münasibət bildirilməlidir. Hansı dövlət başçısı - istər böyük dövlət olsun, istər kiçik - Azərbaycanın milli, dövlət mənafeyinə zidd bir bəyanat səsləndiribsə, ona da münasibət bildirilməlidir. Əgər Barak Obama deyirsə ki, "Azərbaycan deyilən yerdə", Azərbaycan dövləti sözü dilinə gətirmək istəmirsə, əlbəttə, ona xatırlatmaq lazımdır ki, onun atasının doğulduğu yerdə və indi yaşadığı ölkədə hələ dövlət anlayışı olmayanda, insanlar dövlətin nə olduğunu bilməyəndə Azərbaycanda dövlət olub. Azərbaycanın 3-4 minillik dövlətçilik tarixi var və Azərbaycan dövləti olub. Əgər Obama bunu bilmirsə, bu, bizim günahımız deyil. Amma bununla yanaşı hesab edirəm ki, Azərbaycana münasibətlərin bir hissəsi əgər erməni lobbisinin təsiri altında yaranırsa, bir hissəsi onların bu bölgəni yaxşı tanımamalarından, bir hissəsi ikili standartlardan irəli gəlirsə, bir hissəsi də bizim o təşkilatlarla yaxşı işləməməyimizin nəticəsidir. Yəni çalışmaq lazımdır ki, problemlərimizi düzgün çatdıraq, beynəlxalq təşkilatlarla daha sıx işləyək. Təcrübə göstərir ki, biz işimizi düzgün quranda o təşkilatların çoxu işin mahiyyətini başa düşürlər. Yəni BMT-nin qəbul etdiyi 4 qətnamə öz-özünə qəbul olunmayıb ki? Azərbaycanın ardıcıl işinin nəticəsi olub. Yaxud AŞPA-da Qarabağla bağlı ayrıca məruzəçi təyin olunubsa, bu, orada Azərbaycan deputatlarının ardıcıl işinin nəticəsidir və hesab edirəm bu, ciddi bir uğurdurAvropa Parlamentində Azərbaycan əleyhinə insan haqları ilə bağlı verilən bəyanatdan qat-qat ciddi bir hadisədir. Çünki Qarabağ məsələsi yeni bir şəkildə Avropa Şurasının parlamentində qaldırılacaq. Bunun özü ciddi bir şeydir. Amma görünür, Avropa Parlamenti yeni seçildiyindən onlara məlumatlar kifayət qədər ardıcıl çatdırılmır.

   Məsələnin ikinci tərəfinə gəlincə, beynəlxalq təşkilatların işi bundan ibarətdir ki, dünyada müxtəlif monitorinqlər, yoxlamalar, sorğular vasitəsilə, ölkə daxilindən gələn səslər nəzərə alınmaqla, seçkilər, insan haqları ilə bağlı məlumatları nəzərə almaqla, tez-tez belə bəyanatlar verir, hesabatlar hazırlayırlar. Bu hesabatlar bəzən vəziyyəti düzəltməklə yanaşı, o ölkələrə təzyiq xarakteri daşıyır. Azərbaycana da belə təzyiq niyyəti ilə, ola bilsin, müəyyən sənədlər qəbul olunurbundan sonra da qəbul olunacaq. Amma bu tipli məsələlər təkcə Azərbaycana qarşı deyil, dünyanın müxtəlif ölkələrinə qarşı qəbul olunur. Hesab edirəm ki, biz buna sakit yanaşmalıyıq. İşlərimizi beynəlxalq qurumların sənədləri, yaxud tələbləri, müxtəlif çağırışları, bəyanatları havasında yox, Azərbaycanın daxili inkişafına uyğun olaraq qurmalıyıq və ölkədə insan haqlarının yaxşılaşması, qanunlara sayğı, məmur özbaşınalığının aradan qaldırılmasına çalışmayılıq. Bu, bizim öz ölkəmizdə insanların daha rahat yaşaması, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün vacibdir. Çünki Azərbaycan bu yolu seçib, bu yollla gedir və getməlidir. Azərbaycan Avropanın bir parçasıdır. Bu mənada mən deyirəm ki, beynəlxalq qurumlarla cığallıqla, hədəylə danışmağa ehtiyac yoxdur. Onlar sözünü deyir, bizöz sözümüzü deyirik. Biz onların ikili standartlarına vərdiş eləmişik, o cür də qəbul ediriko şəkildə də biz öz yolumuzu gedirik. Şərh edən, izah edən bir cavabla məsələ qurtara bilər. Bizdə bir az bəzən cavablar qeyri-peşəkarlıqla verilir. Bəzən heç dəxli olmayan adamlar ortaya düşürböyük dövlətlərin başçılarına, yaxud böyük beynəlxalq təşkilatlara sayğısızlıqla, saymazyana qeyri-peşəkar cavab verilir. Bunun xeyirdən çox ziyanı olur. Ona görə də mən hesab edirəm ki, bu məsələdə daha peşəkarlıqla və daha sakit, öz haqlı mövqeyimizi ortaya qoyaraq cavab verməliyik.

   - Siz AP-nin Azərbaycana qarşı qətnamə qəbul etməsində və ya Azərbaycan parlamentinin bu quruma qarşı bəyanat verməsində Rusiya amili görürsünüz? Çünki bilirik ki, son dövrlər, yəni Rusiyaya qarşı Avropa Birliyinin sanksiyalarından sonra Azərbaycan-Rusiya arasında yaxınlaşma baş verirAvropa bu iki ölkə arasında yaxınlaşmanı qəbul etməyərək bizi qətnamə ilə cəzalandırır...

   - Mən o amili düşünmürəm. Hər dövlət bu məsələyə öz yerləşdiyi mövqedən, öz çıxarlarından yanaşır. Azərbaycan son dərəcə mürəkkəb coğrafi, siyasi mövqedədir. Bir tərəfi İran, bir tərəfi Rusiya, bir tərəfi bizə düşmən olan Ermənistan. Belə bir vəziyyətdə Azərbaycanın öz qonşuları ilə - Rusiya, yaxud İranla, baxmayaraq ki, bizim orda 35 milyon insanımız var, onların hüquqları tapdalanır, buna baxmayaraq biz bu dövlətlərlə münasibətlərimizi düzgün qurmalıyıq. Bizim dörd tərəfimiz qonşulardır və bunların hərəsinin öz iddiası var, hərəsi ilə bəlli bir münasibət qurulmalıdır. Rusiya ilə Azərbaycan uzun müddət bir yerdə olub, orda bizim soydaşlarımız yaşayır, iqtisadi maraqlarımız var. Rusiya böyük bazardır, onlarla münasibətlərimizi heç vaxt poza bilmərik. İndi əgər NATO ilə əməkdaşlıqdan söhbət gedirsə, son vaxtlara qədər Rusiya özü bizdən də əvvəl NATO ilə yaxınlaşma prosesinə gedirdi. Bundan başqa, Rusiyanın bizdən qat-qat artıq iqtisadi əlaqələri var. Avropa ilə Rusiyanın tarixi bir bağlılıqları var. Güman edirəm heç vaxtUkrayna münaqişəsi, nə digər münaqişələr Avropa ilə Rusiyanın münasibətlərini tamamilə kəsməyəcək. Ona görə də biz Avropa ilə hər hansı münaqişə yaranan kimi, yaxud Avropaya bir addım yaxınlaşarkən, o dəqiqə Rusiya ilə bütün əlaqələrimizi kəsməli deyilik. Yaxud son vaxtlardakı kimi Rusiya ilə kənd təsərrüfatı məhsullarının ticarət bazarı yaranan kimi, əlaqələr yaxşılaşan kimi Avropaya arxamızı çevirməli deyilik. Bu məsələlər bir-birinə qarışmamalıdır. Azərbaycan Qərb yönümlü siyasət aparır, Azərbaycan demokratikləşmə yolunu tutub, Azərbaycan ölkədə insan haqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafını istəyir. Əslində Rusiyanın da içərisində demokratik qüvvələr bunu istəyirlər. Amma biz bunu deyən kimi Rusiyaya düşmən olmuruq, yaxud Avropa da bunu bu cür qəbul etməli deyil. Biz cəmi bir dəhliz açıb öz enerjimizi Avropaya satmaq istəyiriksə, Rusiya bunu düşmənçilik kimi qəbul etməli deyil. Həmin bazardan Rusiya da istifadə edir. Rusiyanın da neçə dənə neft, qaz kəmərləri var. Hərə özünün çıxarına uyğun bazar, iqtisadi meydan axtarır. Bu məsələləri üz-üzə qoymaq olmaz. Amma təəssüf ki, bu məsələdə nə Rusiya, nə Avropa Azərbaycanın milli maraqları baxımından bizə ürəkdən kömək eləmir. Fransa da, Rusiya da Minsk qrupunun üzvüdür, Qarabağ məsələsində mövqeləri o qədər də fərqlənmir. Biz ABŞ-a, Avropaya enerji təhlükəsizliyi baxımından, iqtisadi cəhətdən bu qədər yaxınlıq edirik, çalışırıq ki, münasibətlər daha da yaxşılaşsın, buna baxmayaraq, ikili standartlar yenə davam edir. Yəni onların öz maraqları varbu maraqlarla işğalçı Ermənistana daha çox yardım edirlər, onu müdafiə edirlər, nəinki Azərbaycanı. Amma bu o demək deyil ki, bunu əldə əsas götürüb bu dövlətlərlə münasibətlərimizi pozmalıyıq və bir beynəlxalq təşkilatın bəyanatı ilə mövqeyimizi dəyişib bir cəbhədən başqa cəbhəyə keçməliyik. Biz öz seçdiyimiz yolu, müstəqillik dövründə addım-addım getdiyimiz yolu bundan sonra da davam etdirməliyik.

   - Ukrayna hadisələri fonunda, ümumiyyətlə, Qərb-Rusiya dartışması fonunda Azərbaycanın istiqlalına təhlükə görürsünüz?

   - Ümumiyyətlə, indi dünya qarışıqlıdır. Elə Azərbaycana münasibəti təkcə öz atdığımız addımlarla əlaqələndirə bilmərik. Bu, regionda gedən proseslərin bir parçasıdır. Baxın, müsəlman dövlətlərində hansı proseslər gedirbunun arxasında hansı qüvvələr dayanır. Demokratiyadan, insan haqlarından dəm vuran dövlətlərin barmaqları bu gün İranda, Əfqanıstanda, Suriyada və digər müsəlman ölkələrindədir. Proseslər bunu göstərir ki, çox istəyərlər həmin qarışıqlıq həm Türkiyədə, həm İranda, həm də Azərbaycanda olsun. Bu, bölgənin maddi resurslarına sahiblənmək uzun müddətdən bəri davam edən layihədir. Təbii ki, bu cür baxanda Azərbaycanın istiqlaliyyəti, müstəqilliyi tam təhlükəsiz şəraitdə deyil. Rusiya özünün Avrasiya İttifaqı layihəsi altında bu regionda təsirini qoruyub saxlamağa çalışır. Eyni zamanda, NATO da gəlib Xəzərə kimi çatmaq istəyir. Ona görə də Cənubi Qafqaz uğrunda mübarizə gedir. Mənə elə gəlir ki, Ukrayna məsələsi qurtarandan sonra növbəti coğrafi hədəf bu bölgə olacaq. Bu proseslər davam edir. Buna görə də Azərbaycanın güclənməsi, öz içərimizdəki problemləri özümüzün həll etməyimiz lazımdır. Öz partiya, QHT maraqları acısından Azərbaycanı beynəlxalq aləmdə biabır eləmək, müxtəlif təşkilatlarda bəyanatlar vermək, yazılar yazmaq olmaz. Onsuz da bizim düşmənimiz çoxdur. Mənə elə gəlir bu baxımdan bizim həm mətbuatımız, həm də QHT-lər daha diqqətli olmalıdır.

   - Sizcə, gözlənilən bu təhlükəni dəf etmək üçün həm də ölkədə iqtidar-müxalifət anlaşmasına ehtiyac varmı?

   - Əlbəttə, lazımdır. Biz iqtidar-müxalifət dialoqunun həmişə tərəfdarıyıq. Bir az da hakimiyyət bu barədə ciddi düşünməlidir. Yəni qanunların yerinə yetirilməsi, qorunması, məmur özbaşınalığına son qoyulması, bunlar vacibdir. Biz hakimiyyət-vətəndaş yaxınlığını istəyiriksə, bu baxımdan hakimiyyət də müəyyən addımlar atmalıdır. Əsas məsələ hakimiyyətin boynuna düşür.

 

  

Aqil ASLAN

Ekspress.-2014.- 4-8 oktyabr.- S.16.