"Hanı gözəl tamaşaların, hardadır tamaşaçıların?!."

 

Ağaxan Salmanlı: İncəsənət Universitetində iki il dərs dedim, amma elə bir istedada rast gəlmədim

 

Gözəl sənətkarımız, ömrünün 50 ildən çoxunu səhnəyə həsr etmiş xalq artisti Ağaxan Salmanlı yağışlı bir payız günündə redaksiyamızın qonağı oldu.

   Ədviyyatlı çay içə-içə teatrdan danışdıq, payız ovqatı söhbətimizə həznlik gətirsə də, Ağaxan müəllimin duzlu yumorları nəticəsində ucalan qəhqəhələr müsahibəmizə rəng qatdı...

   - Çoxları payızda özünü darıxırmış kimi hiss edir, əslində, bu fəsil məhz belə bir xüsusiyyəti ilə gözəldir. İnsan bir az qəmgin olur, pəncərənin qarşısında dayanaraq həzin-həzin yağan yağışa baxır, bir az fikrə dalır, nostalji hisslərə qapılır və ehtiyac hiss edirsən ki, bir dostunla, həmkarınla və yaxud yaxın bildiyin biri ilə görüşüb dərdləşəsən. Nərd, domino və ya çay süfrəsi arxasında söhbətə ehtiyac hiss edirsən.

   - Ağaxan Salmanlı darıxanda kimi axtarır?

   - Təbii ki, dostlarımı axtarıram, ancaq qocalardan acığım gəlir, buna görə də qocalarla oturub-durmuram. Onlarla oturub söhbət edən kimi başlayırlar tarixi-nadirdən, "yadına gəlir 60-cı illərdə biz teatra yeni gəlmişdik, filan"dan danışmağa, o günlər hamısı qaldı elə o günlərdə. Artıq bu günlə yaşamaq lazımdır, bu günün işini görüb sabahı planlaşdırmaq lazımdır. Qoca insanlarda bu cəhət geri qaldığı üçün qocalarla söhbət etməyi sevmirəm.

   - Deyəsən, Ağaxan müəllim özünü qoca hesab etmir...

   - Öncə sənə təşəkkür edim ki, mənə interneti öyrətdin, dəstək oldun, təkan verdin və nəticədə də hazırda boş vaxlarımda internetdə maraqlı gün keçirirəm. Məsələn, internetdə testlərdə özümü sınayıram. Bu yaxınlarda yaşla bağlı bir testdə özümü sınadım - testdəki suallara cavab verməklə hazırda necə yaşında olduğunu öyrənirsən. Əlbəttə ki, mən yaşımı bilirəm, ancaq təbiətən özünü neçə yaşında hiss etməyi öyrənmək məndə maraq yaratdı. Suallara cavab yazdım, öncə yaşımı 25 göstərdi, dedim bəlkə yanlış yazdığım cavablar olub, sonra yenidən testdəki suallara dəqiqliklə cavablar yazdım və 16 yaş göstərdi. Oxucularıma deyin ki, mən təbiətən 16 yaşlı bir yeniyetməyəm. Doğrudur, bu bir zarafatdır, hazırda mənim 73 yaşım var, ancaq özümü hər zaman gənc və enerjili hiss edirəm.

   - Çox təəssüf ki, özünüzü gənc və enerjili hiss etdiyiniz bir zamanda teatrdakı işinizdən uzaqlaşdırıldınız, hətta pedaqoji fəaliyyətlə məşğul olduğunuz İncəsənət Universitetindən də könüllü şəkildə uzaqlaşmısınız...

   - Artıq yeni qanun-qaydaya görə, aktyor müəyyən yaş həddindən sonra çalışdığı teatrdakı ştatdan çıxarılır və sadəcə əməkdaşlıq edir. Hazırda yenə də repertuarda varam, hətta quruluş verdiyim uşaq tamaşalarından dördü - "Dovşanın ad günü", "İncəbel və div", "Tıq-tıq xanım" və "Göyçək Fatma" hələ də tamaşaçılara təqdim olunur. Gənc Tamaşaçılar Teatrında son tamaşanı 2009-cu ildə hazırlamışam, ondan sonra hələ rəhbərliyə tamaşa hazırlamaq üçün müraciət etməmişəm. Zənnimcə, ehtiyac hiss edərlərsə, o zaman yeni bir tamaşa verəcəklər. Ancaq Mingəçevir Teatrında tamaşa hazırlayıram, Dərbənd teatrından neçə müddətdir dəvət almışam, vaxt tapan kimi mütləq gedib orda da tamaşa hazırlayacağam.

   - Teatrlar son illər gənc nəslə geniş yer verir. Gənc rejissorları necə qiymətləndirirsiniz?

   - Qəribədir ki, yeni nəsil bir az görüntü nəslidir, görüntüyə qaçırlar. Bir haşiyə çıxım. İlyas Əfəndiyev tarixə psixoloji dramları ilə daxil olub. Cəfər Cabbarlı tarixə əvvəl realizmlə ("Aydın", "Solğun çiçəklər" və s.) sonra sosialist realizmi ilə ("Almaz", "Sevil" və s.) daxil oldu, Hüseyn Cavid romantizmi ilə tarixə düşdü. İndiki dövrdə ortaya çıxan nümunələr sadəcə görüntü göstərməkdən başqa bir şey deyil. Yeni nəsil sadəcə görüntü gözəlliyi yaradır, baxırsan, gözlərin dincəlir, xoş təsir edir, işıqla, geyimlə, nizamlarla maraq yaradırlar, ancaq məna yoxdur, məna itib. Əgər fikir vermisinizsə, yeni nəsildə etik, bir çox hallarda estetik normalar itmək üzrədir, gənc nəsildən şikayət edənlər artıq çoxluq təşkil edir. Avtobusda, metroda yüksək səs tonları ilə danışıb gülərək ətrafı narahat edirlər, küçədə getdiyi zaman yediyini hara gəldi tullayıb gedirlər. Etik normaları gənc nəslə başa salan yoxdur.

   Mütləq evdə, oxuduğu məktəbdə, təhsil aldığı ali məktəbdə bu normalara aid dərslər keçirilməli, yeni nəsil hazırlanmalıdır. Yoxsa, belə davam edərsə, daha nələr olacaq, nələr... Bir xarici klip var, daim baxıram və məni düşündürür. Klipdə 60 yaşlı kişi oğlu ilə parkda oturub və kitab oxuyur. Oğlunun yaşı 25-35 arası olar. Parkda ağacın üstündə bir quş oturub. Ata oğluna deyir ki, o nədir, oğlu "qarğadır", - deyir. Ata bir neçə dəqiqədən sonra yenə soruşur, oğul bu dəfə əsəbi halda deyir: "Qarğadır da".

   Ata üçüncü dəfə soruşanda, oğlu "eh, zəhləmi tökdün, dedim qarğadır də", - deyir. Kişi sakitcə oğluna baxır və deyir: "25 il öncə səninlə bu parkda oturmuşduq, sən təxminən 5 yaşında olardın və məndən bəlkə 40 dəfə solruşdun ki, o nədir, məndə 40 dəfə sənə səbirlə cavab verdim". Sən demə, kişinin əlində tutub oxuduğu gündəlik imiş... Baxın görün nə qədər ibrətamizdir, görün nə qədər böyük hikmət var. Bu baxımdan düşünürəm ki, yeni nəsil aldadıcı görüntü yaratmaqla, çal-çağırla heç bir şey edə bilməyəcək...

   1971-ci ildən pedaqoji fəaliyyətlə məşğul oluram, zaman-zaman vaxt məhdudiyyəti etibarilə uzaq düşdüyüm məqamlar da olub. Bir vaxtlar Kitabxanaçılıq Texnikumunda (indiki İncəsənət kolleci) dərs demişəm, sonra İncəsənət Universtietdə, Mədəni-Maarif texnikumunda, 5 il İlyas Əfəndiyev adına Elitar Gimnaziyada etika-estetikadan dərs demişəm. Bir çox təhsil ocaqlarında çalışmışam. Bu baxımdam düşünürəm ki, təhsil ocaqlarının rəhbərliyi təhsilə qarşı maraqlı olmalıdır. Bəlkə də Elitar Gimnaziya yeganə təhsil ocağıdır ki, onun direktoru Sevda Quliyevanın necə təhsilə maraqlı olduğunun, eyni zamanda, şagirdlərin yüksək səviyyədə yetişməsində oynadığı böyük rolun şahidi olmuşam. Mənə elə gəlir ki, bəzi fənlərin saatını kəsib elə etik-estetik dərslərə vermək lazımdır. Çünki hazırkı nəslin ən çox ehtiyacı olan etika-estetikadır. Hazırda təhsil ocaqlarında psixoloqların fəaliyyətinə geniş yer verilir, eləcə də bu normalara da geniş yer verilməlidir. Hazırda bu təhsil ocağında çalşmasam da, daima əlaqəm var. Dərs demək heç də asan məsələ deyil.

   Bir sinifdə 20 tələbə varsa, bu o deməkdir ki, 20 fəqli ailə, 20 dünyagörüş, 20 cür münasibətlə üz-üzəsən. Müəllim 20 nəfərin əhatəsindədir, təkdir və mütləq müəllim kimi qalib çıxmalıdır, əks halda dərsin, öyrətdiklərin qəbul olunmayacaq. Hər tələbə ilə ayrı-ayrılıqda dil tapasan və onların hər birinə dərsini anlada biləsən, tələbə səndən razı qalmalıdır, yoxsa hər şey nəticəsiz qalacaq. Pedaqoji fəaliyyət üçün böyük enerji lazımdır.

   - İncəsənət Universitetində sadəcə iki il çalışdınız...

   - Şəxsən Timurçin Əfəndiyevin dəvəti ilə İncəsənət Universitetinin Musiqili Teatr Aktyoru fakultəsində iki il dərs dedim və iki ildə bir müəllim olaraq tələbələrə sənətlə bağlı bildiyim bütün incəlikləri öyrətdim. Hətta bu iki il ərzində bir gün belə olmadı ki, dərsə gecikim, əksinə yarım saat tez gəlirdim. Yəni o qədər böyük həvəslə dərsə gedirdim ki, bunu sözlə ifadə etmək çox çətindir. Çox təəssüf ki, bunu müqabilində bu yaxşılığın əvəzini görmədim. Nə uşaqların bilik səviyyəsi, nə intizamı və davamiyyəti,nə verdiyim tapşırıqlara olan hazırlıq məni razı sadı, nə də elə bir istedada rast gəldim. Yəni, mənim əziyyətimə dəymədi. Hətta ordan aldığım cüzi maaşı (145 manat) da afişaya, proqrama, yol xərclərinə sərf edirdim.

   - Xalq artistisiniz, amma şəhərdə eviniz yoxdur. Bildiyimə görə, bütün xalq artistlərinə ev veriblər...

 

   - Deyəsən, mən yaddan çıxmışam... Yeni Suraxanıdan Bakıya gələnə qədər 3 marşrut dəyişirəm - iki dəfə avtobus dəyişirəm, sonra da metro ilə, nəhayət, gəlib iş yerimə çıxıram. Bütün bunlara rəğmən, mən böyük həvəslə həftədə 3 dəfə dərsimə gəlirdim. İmtahan vaxtı 4 tələbəyə qeyri-kafi yazdım ki, gələn il yenidən imtahan versinlər. Bu tələbələrin davamiyyəti yox idi, imtahanda göstəriləcək səhnəcikləri, hətta monoloqları da yoxdu. Yəni haqlı olaraq bu tələbələri kəsmişdim. Görəndə ki, dekanlıq həmin tələbələrə qiymət yazılmasında israrlıdır, o zaman mən işdən könüllü şəkildə uzaqlaşdım, haqsızlığa göz yuma bilməzdim. Bu necə dövrdür ki, istedadsızları pəh-pəhlə başa keçirirlər, istedadlı da qalır kənarda. Axı o 4 tələbənin yerini tutacaq tələbələr var ki, onlar bəlkə də kənardan elə baxa-baxa qalıblar. Bu kimi durumlara qarşı çıxmasaq, o zaman hansı gələcəkdən danışa bilərik?! Sənət dünyasında tapşırıqla iş görmək olmaz.

   - Belə tələbələr tapşırıqla qiymət alır və sonra da hansısa teatrda işə başlayırsa, belə çıxır ki, elə tapşırıqla da rol alırlar?

   - Belə çıxır də... İstedadsız, qabiliyyətsiz gəlib istedadlının, qabiliyyətlinin yerini tutur.

   - Ağaxan müəllim, teatrlarda maaş məsələsi necədir ki, bu qədər axın var?

   - Maaş çox cüzidir. Hazırda teatrlarda maaş problemi var. Tutaq ki, istedadlı biri gəlib 120-150 manat maaşa çalışır. Hətta təhsilə ödədiyi xərcləri belə çıxara bilmir. Hətta kənardan qazanmağa belə vaxt qalmaya bilər. O zaman aktyor bu maaşla necə dolansın? Teatr lazım olan maaşı vermir və ya verə bilmir, aktyorun kənardan qazanmasına da şərait yaratmır və ya yarada bilmir. Ortaq məxrəc yoxdur. Bütün bunlara baxmayaraq teatra axın var, hətta istedad axını da var...

   - Muğama göstərilən qayğı ilə musiqimizi bir qədər xilas etmək mükün oldu, ancaq teatr və kino sanki ortalıqda qalıb...

   - Elədir, teatrla kino yaddan çıxıb. Hərçənd ki, teatrının inkişafına dair 10 illik (2009-2019) dövlət proqramı var və ona əsasən teatrlar yenidən təmir edilir, texnika baxımından yüksək səviyyədə təchiz edilir və yenilənir. Ancaq maaşlar manat-manat artdı. Əgər gözəl binan varsa, texnika yenidirsə, o zaman hanı gözəl tamaşaların, hardadır tamaşaçıların?!.

 

  

Ulduzə QARAQIZI

Ekspress.-2014.- 4-8 oktyabr.- S.19.