"On il teatrı çiynimdə daşımışam"

 

Nübar Novruzova: "Mənim hazırlaşdırdıqlarım da artıq "xalq artisti" alıblar..."

 

Əməkdar artist Nübar Novruzova uzun illərdir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Həyatını ömürlük teatra bağlayan Nübar xanım hələ tələbə ikən Nuşiçin "Nazirin xanımı" əsəri əsasında hazırlanmış tamaşadakı Anka rolu ilə şöhrət qazanıb.

   Canını teatrın yolunda fəda edən, sağlamlığını itirən aktrisa özünün dediyi kimi, on il teatrı çiynində daşıyıb. O, İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən"ində Nargilə, Şekspirin "Kleopatra"sında Kleopatra, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında professorun qızı, "Duel" televiziya tamaşasında Nazlı, eləcə də digər əsərlərdə və filmlərdə yaddaqalan, tamaşaçıların sevgisini qazanan obrazlar yaradıb.

   Aktrisa əməkdaşımızla söhbət zamanı teatrdakı xidmətlərindən və gələcək rollarından, arzularından danışıb...

       - Səhv etmiramsə, mənzilinizdə yanğın olmuşdu, mübahisəli məsələlər vardı. Problemi həll etdiniz?

   - "Kapital invest" tikinti şirkətinin Əzim Əzimzadənin Ev Muzeyinin yerində tikdiyi hündürmərtəbəli binada yanğın oldu. Evim o bina ilə divar-divaradır. Yanğın zamanı binadan düşən taxtalar bizim evin üstünə töküldü, evə od düşdü. Dedilər, ev yanır durma gəl... Gəldim gördüm, doğrudan da yanır. Fövqəladə Hallar Hazirliyinin əməkdaşlarının sayəsində evimiz yanıb kül olmadı. Sağ olsunlar, bizi bu bəladan qurtardılar. Ziyan odur ki, evimin dam örtüyü yanıb. Yağış yağanda, damır. Ümumiyyətlə, orda ev tikən zaman evimi dağıdıb qəza vəziyyətinə salıblar. Heç kəs də düzəltmir. Cəmi iki otaqdı, bir eyvandı. Çox şey arzusunda deyiləm. Arzum odur ki, gözəl evim-eşiyim olsun, övladım orda rahat nəfəs alsın. Bir qızım var, adı da Fatimeyi-Zəhra. Mən "Kapital invest" şirkəti ilə mübarizə aparıram. Onlar mənə böyük bir məktub veriblər ki, mənzilimi təmir edəcəklər. Mənə təsir edən odur ki, bu boyda imkanlı şirkətsən, gələcəyin, övladın üçün kapital yaradırsansa, mənim övladımın həyatını niyə puç edirsən? Mənim övladım o zaman liseyə imtahan verirdi. Ağır bir dövrdə yer qazırdılar, Əzimzadənin muzeyini sökürdülər. Evdəki stol, divan o yan-bu yana gedib-gəlirdi. Gəldilər, dil tökdülər, dedilər ki, "evinizi alacağıq, sizi burdan köçürəcəyik. Lazım olacaq, evinizi təmir edəcəyik". Heç nə eləmədilər. Neçə ay apar-gətir oldu. Axırda notariusla bir kağız verdilər ki, evi təmir edəcəklər. İşi məhkəməyə vermişik. Nəsimi Rayon Məhkəməsi xeyrimizə qərar çıxarıb. Müəyyən şeylərlə razılaşmadığıma görə apellyasiya şikayəti vermişəm. Bir dəfə övladım mənə belə bir söz dedi: "Mən məktəbi oxuyub, qurtarıb gedirəm. Burda bir rahat gün görmədim, ana. (Ağlayır).

   - Qızınızı hansı sənətin sahibi görmək istərdiniz?

   - Özü-özünə nə yol seçirsə, qoy elə də olsun. Əvvəl deyirdi ki, həkim olacağam. İndi deyir ki, hüquşünas olacağam. Mənim dövrümdə aktrisalığa çox pis baxırdılar. O vaxt Fəttah Heydərov (millət vəkili, Naxçıvan MR-nın keçmiş mədəniyyət naziri -red.) bizim mədəniyyət naziri idi. Atamı yola gətirdi. Sənədlərimi göndərişlə İncəsənət İnstitutuna yolladı. Allah onun canını sağ eləsin. Onun sayəsində mən gəldim oxudum. Atam qoymurdu gələm, Bakıda oxuyam. Narazıydı, istəyirdi musiqi müəllimi olum. Mən Naxçıvana gedəndə, qohumlar teatrda işləməyə imkan vermirdilər, onda adamı daş-qalaq edərdilər orda. Özü də Naxçıvandan ilk ali təhsilli aktrisa mən olmuşam. Mənim arxamca Yasəmən gəldi. Amma bu gün çox qəribədir ki, neçə-neçə insan mənə yaxınlaşır ki, "nə olar, mənim qızımı İncəsənət Universitetinə hazırlaşdır". Həyat dəyişib...

 

   Bu gün anam, övladım olmasaydı, heç ev haqqında düşünməzdim. Dərviş düşüncələri ilə həmin o uçulmuş-dağılmış evdə yaşayardım. Ondan da bir ləzzət ala bilərdim. Sultan Süleyman demişkən, "bu dünyaya əliaçıq gəldim, əliaçıq da gedirəm". Mən bir ovuc torpaq, ev istəyirəm övladıma qoyub gedəm. Bu gün övladımı düşünüb ev üstündə vuruşur, çarpışıram ki, ona bir gün ağlayım...

   Bilirsiniz, xoşbəxtlik ani bir şeydi. Heç bir insan tam xoşbəxtəm deyə bilməz axı. Kim deyirsə, "mən xoşbəxtəm" mümkün olası şey deyil. "Xoşbəxtəm" sözünü mən qəbul edə bilmirəm. Mənim fikrimdə, düşüncəmədə, leksikonumda belə bir şey yoxdu. Amma gözəl ailəm var. Tanrıdan da diləyim odur ki, sevdiklərimin heç birini əlimdən almasın. Qoy hamısı sağ olsun, hamısı gözəl yaşasın.

   Bunları oxuyan insanlar düşünər ki, sən nədən özünü xoşbəxt sayırsan? Maddiyyat heç də xoşbəxtlik demək deyil. Ola bilər cah-cəlal içində yaşayasan, amma mənəvi kasadçılığın olsun. Ruhun azad olmasın. Ruhən gözəl olmayasan. Mən isə mənən zənginəm, ruhum azaddır, ruhən gözələm. Buna görə də özümü xoşbəxt sayıram. Gedirəm hardasa beş dəqiqə əylənirəm, danışıram, gülürəm, bir gözəl tamaşanı müvəffəqiyyətlə təhvil verirəm. Alqışlanıram, sevilirəm. Ordan çıxıb evimə gələndə isə stol ayağımın altından qaçanda, göydən başıma torpaq töküləndə özümü necə xoşbəxt saya bilərəm? Ancaq yeni rol oynayanda, qızım yaxşı qiymət alanda, o an özümü xoşbəxt hiss edirəm...

   Mənə dedilər ki, niyə evlə bağlı müraciərt eləmirsən. Onlara belə dedim:

       Məmim bu şəhərdə kimim var axı?

   Hər qapı döyməyə əlim gəlməyir.

   Üzümü taleyə tutub gedirəm,

   Tale də həmişə üzə gülməyir.

       - Deyirsiniz ki, iki ildə qocaldınız... Bu yaşda qorxursunuz qocalıqdan?

   - Əlbəttə, qorxuram. Qorxuram ki, bir pis xəstəlik başımın üstünü ala. Onunla mübarizə etməyə gücüm, imkanım çatmaya. Tanrıdan çox istəyirəm ki, məni xəstəliyə salmasın, rahat ölüm. Gecə-gündüz namaz qılıram və dua edirəm. Mən ancaq insanlara yaxşılıq eləyirəm. Bəzən kiminləsə nə üstündə vuruşuramsa, onun cavabını verirəmsə, onu da haqqına edirəm. Bəzən insanı qoyun yerinə qoyurlar. Onda da məcburam onlarla vuruşam. Sənət yoldaşlarımla demək olar ki, vuruşmuram, hər şeyə göz yumuram. Mən Firəngiz Şərifova, Xuraman Hacıyeva, Solmaz Qurbanova, Gülşən Qurbanova, Şahmar Ələkbərov, Yusif Vəliyev, Lütfü Məmmədbəyov, Əlabbas Qədirov, Kamal Xudaverdiyevlə işləmişəm...

   Mən o rollara görə sənət yoldaşlarımla vuruşmalıyam? Mənim indi o yaşım deyil. Sadəcə, göz yumuram.

   - Sizdən sonra sənətə gələn insanlar xalq artisti adı aldılar, siz isə hələ əməkdar atistsiniz...

   - Mənə ağır gələn odur ki, hazırlaşdırdığım insanlar da artıq xalq artisti adını alıblar. Mən 1990-cı ildə əməkdar artist adını almışam, amma xalq artisti adını vermirlər. Neyləyim ki, məndən sonra sənətə gələn insanların hamısına "xalq artisti" veriblər, mənə yox. Onların oynadığı rollar mənim oynadığım rollardan üstündür?

   Artıq 57 yaşım olacaq. Bir azdan da teatrı tərk edəcəyəm. Başqaları kimi deyəcəklər xoş getdin... Bəs mənim bu boyda zəhmətim hara gedib?.. Sənətdə məndən güclü olmayanlar ad alsın, mən almayım?.. Mənim kimi ehtiyacı olan insanlara nədənsə ev də verməyiblər...

   Mən Nazim Hikmətin "Şöhrət və unudulan adam" əsərinin tamaşasında da oynamışam. Bu əsər bir ailənin faciəsidi. Kamal Xudaverdiyev orda nə gözəl oynayır... Mən həmişə onun sözünü özümə götürürəm: "Unudulmuşam qızım, unudulmuşam. Kitab rəfimdə tozun altında bir kitabım qalmışdı. Onu da kitabxanaçı unutmuşdu. Qızım, unudulmuşam". Bəli, unudublar məni. Mənim illər uzunu bu Gənc Tamaşaçılar Teatrında elədiyim işlərə pərdə asıblar. Bir gəncin, bir insan ömrünün üstünə örtük asmağa, atmağa sizin haqqınız yoxdur. Mən bu haqsızlığa içimdə dözmürəm, ancaq nə edim? Ayaqlarım qabar olub, öd kisəm götürülüb. Çünki rayonlarda o buzlu, o nəmişli səhnələrdə yerlərə uzanmışam. Mənim bütün bədənimdə dəfələrlə əməliyyatlar olub. Bunlar hamısı teatrla bağlıdır. Teatr 10 il binasız qalıb. On il teatrı çiynimdə daşımışam. Xuramanlar, gülşən qurbanovalar, azərlər, yasinlər, ağaxanlar, lətifələr, sonalar mənim kimi teatrın planını verib, teatrı saxlayıblar. Mənim haqqımı bəs nə təhər unuda bilirsiniz?

   "Şöhrət və unudulan adam"dan öncə 1980-ci ildə "Bir ailədə" oynamışam. Onda gənc idim. O qədər gözəl rol idi... Səməndər Rzayev o roldan sonra gəlib məni qucaqladı. Dedi ki, "hiss elədim ki, səhnəyə yeni bir nəfəs gəlib..."

   1981-ci ildə isə Leninqradda keçirilən foto-gözəllik müsabiqəsinin qalibi oldum, diplom aldım. Həmin ildə ilin ən yaxşı aktrisası olmuşdum. Diplom almışdım. Komsomol "putyovka"sı ilə xaricə istirahətə göndərdilər...

   Tamaşadakı o şıltaq qız obrazı bir növ mesajdı ailələrə: qız dünyaya gələndə, anası rəhmətə gedir. Ata qızı yaşında bir qızla evlənir. Və bütün fikrini o qıza verir. Öz qızı diqqətdən kənarda qalır. Qız atadan o nəvazişi görə bilmir. Və qızın o yaşıdı ki, atadan nəvazişi görmədiyinə görə o yaşda insanlara meylli olur. Gedir yaşlı bir insana rast gəlir. Yaxşı ki, yaxşı insana rast gəlir. Sonra başa düşəndə atasının düşüncələrini, ona deyir ki, "ata, mən də belə bir vəziyyətdəyəm". Sevgi, məhəbbət hissini qoyuram qırağa. Bu o mesajdı ki, yəni, qızlarınızla, oğlanlarınızla o yaş dövründə çox ciddi məşğul olun...

   Bu gün də mənim teatrda çox gözəl rollarım var. "Romeo və Cülyetta"da dayə, "Aydın"da Böyük xanım, "Xırs quldurbasan"da Zalxa, "İtalyansayağı xoşbəxtlik"də Markolfa, Elçin Əfəndiyevin "Buzovna kəndi"ndə Xeyransa...

   Mənim görkəmli Qırğız yazıçısı Mar Bayciyevin "Duel" televiziya tamaşasında sevdiyim Nazlı obrazım var...

   Yalançı adamlara onu demək istəyirəm ki, yalandan sözü verirsiniz, amma sabah o biri yalanın başqa yalanı əvəz eləyir. Və bilə-bilə həyatınızı yalanla davam edirsiniz. Birisini yıxmaq üçün nə qədər yalanlar uydurursunuz. Amma bilin ki, bu yalanları uydura-uydura yuxarıya doğru getmirsiniz. Bataqlığa doğru gedirsiniz. Çünki hər şeyi gözəl bilən Tanrıdı. Tanrı sizi elə bataqlığa aparar ki, heç ruhunuz da inciməz. İnsan bəzən yığdığı, qazandığı hər bir şeyi bir anın içində məhv eləyə bilər. Mənim Tanrıdan başqa bir kimsədən qorxum yoxdu...

   Bizim vaxtımızda sənətə gələndə düşünmürdük ki, haçansa ad, ev alacağıq. Biz ancaq sənəti sevib gəlirdik. Hətta məşhur olmaq haqqında da düşünmürdük. Sənətin özünü sevmişdik. Amma indi çox adam sənətə gəlib deyir ki, gələn kimi bu başdan məşhur olum...

   - Bu yaşda hansı arzularla yaşayırsınız?

   - Mənə tez-tez sual verirlər ki, arzuladığın ən böyük şey nədi? Bir valideyn kimi, ən böyük arzum övladımın sağlığıdı. Sonra Vətənə, dövlətə layiqli bir övlad yetişdirmək arzusundayam. Arzu edirəm ki, layiqli bir yer tutsun, yaxşı bir instituta girsin, özünə yaxşı yol seçə bilsin, yaxşı sənət qazana bilsin. O yolun axırınacan gedib çıxa bilsin.

   Ən böyük arzularımdan biri isə bəlkə də heç vaxt yerinə yetməyəcək. Bildiyiniz kimi, mən naxçıvanlıyam. Atam naxçıvanlı, anam Sisyanın Ağüdi kəndindəndi. Sisyanın o kəndləri -Ağüdi, Vağüdi, Urud, Comərd, Dəstəgird, Qızılcıq- mənim bütün uşaqlığım oralarda keçib. Mən oralarda at sürmüşəm, çapmışam. O mağara var e... Bu saat gözümün önündədi. Bəlkə də hər gün oranı gözümün önündən keçirirəm. Oralarda qızlarla bərabər təmbəkiyə, baldırğana gedirdik. Təmbəki düzürdük... O günlərin həsrətini çox çəkirəm. Bəzən deyirlər ki, insan həyatda uduzanda, keçmişə qayıdır, keçmişi xatırlayır. Amma mən düşünmürəm ki, həyatda uduzmuşam. Mən düşünürəm ki, bəlkə də həyatda qazanan insanlardan bir də elə mən özüməm. Ən böyük qazancım odur ki, mənim ruhum sağlamdı, mən sağlam ruhda böyümüşəm. Mən sağlamam. Güzgüyə baxanda, sağıma, soluma baxanda, heç vaxt xəcalət çəkmirəm. Bu ən əsasıdı. Sonrası odur ki, məni sevən xalqım var. Evimi dağıtdılar, pis günə qoydular. Belə bir vəziyyətdə uşağı böyütdüm. Hərdən uşağımın yanında xəcalət çəkirdim. Amma xalqın sevgisi, mənim keçmişimə, bu günümə qarşı məhəbbətini övladımın yanında büruzə verəndə, deyirəm ki, "qızım, görürsən hər şey bununla bitmir. Xalq necə sevir məni, necə qiymətləndirir". Bundan böyük nə ola bilər...

 

   əvvəli var

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2014.-4-8 oktyabr.- S.20.