"Artıq iki nəfərik - həm Rzayam, həm Drakon"

 

Aktyor Rza Rzayev: Nəfsim rejissor olmağımı istəyir...

 

"Azərbaycanfilm" kinostudiyasının Aqil Abbasın ssenarisi əsasında rejissor Elxan Cəfərovun çəkdiyi "Dolu" filmi birmənalı qarşılanmasa da, heç şübhəsiz ki, Qarabağ mövsuzunda çəkilən dəyərli sənət nümunələri içində özünə yer tuta bildi. Filmin qəhrəmanları, o cümlədən Drakon obrazı maraqla qarşılandı.

   Həmsöhbətimiz Drakon rolunun ifaçısı Rza Rzayevdir. "Drakon" aktyorun kinoda ilk rolu deyil. İlk dəfə o, rejissor Rövşən Almuradlının "Bəsdir, ağlama" filmində zabit rolunda çəkilib. Daha sonra "Ünvansız qız" serialında Rəşad, "Niyyət" filmində qumarbaz obrazlarını oynayıb.

   Naxçıvanın Şahbuz rayonunda doğulan Dövlət İdarəçilik Akademiyasında təhsil alan Rza Rzayev ədəbi yaradıcılıqla da məşğul olur, gələcəkdə Qarabağ müharibəsi dövründə Azərbaycan qadınının kimliyi mövzusunda ssenari yazmaq fikrindədir. Aktyorun planlarında rejissor olmaq Türkiyədə rejissorluq üzrə təhsil almaq var.

   - Bildiyimə görə, yalnız aktyorluq deyil, bir sıra digər peşələrdə özünüzü sınamısınız?

   - Doğrudur, bir çox peşələrdə özümü görmək istəmişəm, ancaq bu, arzu xarakterli olmayıb. Ümumiyyətlə, mən uşaqlıqdan heç bir vaxt arzularla yaşamamışam. Ancaq müəyyən bir yaş dövrü, formalaşma dövrü var ki, qarşına bir çox məqsədlər qoyur onun uğrunda mübarizə aparırsan. Sənətə gəldikdəsə, o da arzu istəkdən deyil, məqsəddən doğmalıdır.

   İxtisasca hüquqşünas olsam da, bu mənim arzum deyil, hətta aktyor olmaq da arzum deyil, sadəcə qarşımda bir məqsəd var - rejissor olmaq. Əslində rejissor olmaq məqsədi daxili tələbatımdan irəli gəlir, yəni nəfsimin tələbatından doğur. Əslində, insanın arzu istəkləri, məqsədləri nəfsin tələbatından doğur. Artıq nəfsim film çəkməyə, məni düşündürən bir mövzunu görüntüyə çevirərək tamaşaçıya çatdırmağa səsləyir.

   - Yəni, artıq özünüzü rejissorluğa hazır hiss edirsiniz?

   - Rejissor kimi , ssenarist kimi artıq özümü hazır hiss edirəm. Ancaq düşünürəm ki, bu peşələrin texniki tərəfi mütləq öyrənilməlidir. 15 ilə yaxındır, kino aləmindəyəm, texniki məsələləri tam da olmasa, müəyyən dərəcədə bilirəm. Sənətin hər xırdalıqlarının belə öz məktəbi, öz əsasları var əsasların da öz adları var. O əsasların əksəriyyətini bilirəm, hətta çoxunu adıyla bilirəm. Məsələn, bir çox montaj növləri var ki, onlardan harda necə istifadə olunur bilirəm. Ancaq ola bilsin ki, biri mənə "filan montajın adı nədir" deyə sual versə, şəxsən mən istəyirəm ki, o montajın adını bilim. Məhz bu səbəbdən Türkiyədə rejissorluq təhsili almağı qərara aldım.

   - Xaricdə təhsil alanların əksəriyyəti vətənə dönmür, amma Siz yəqin ki, dönərsiniz...

   - Həyatı proqnozlaşdırmaq çətindir. Vətənə dönəcəyəm-dönməyəcəyəm, sabah nə olacaq-nə olmayacaq, qəraralaşdırmaq çox çətindir. Bir tək bildiyim var ki, mən Azərbaycansız, Bakısız, doğulduğum Naxçıvansız yaşaya bilmərəm.

   Amma nə olacaqları bilirik, nə də təsadüfləri. Hələ bu günə qədər heç kim müəyyənləşdirməyib ki, nə olacaqdı, nə təsadüf. Mistikaya çox inanıram, bəlkə də ona görə ki, mənim həyatım sanki mistika üzərində qurulub. Həyat elədir ki, biz istədiklərimizdən daha çox, istəmədiklərimizi yaşayırıq. Və istəmədiklərimiz bizi yaşatmağa başlayır.

 

   - Onda gəlin istədiklərinizdən danışaq. İlk dəfə "Bəsdir, ağlama" filminə çəkilmisiniz, ilk filmin həyəcanı necə keçib?

   - O filmə qədər bir çox rejissorlardan dəvət almışdım. Ancaq aktyor olmağı ağlıma belə gətirmirdim, çünki aktyorluq xarakterimə, düşüncələrimə uyğun deyildi. Ancaq Rövşən Almuradlı böyük kinoya gəlişimdə böyük rol oynamağı bacardı, aktyorluq qabiliyyətimin üzə çıxmasına geniş şərait yaratdı.

   - Təbii ki, rejissor filmində görmək istədiyi aktyoru inandırmağı bacarmalıdır. Təsadüfi deyil ki, bir çox aktyorlarımız məhz kinorejissorların sayəsində kinoda öz sözlərini deyiblər. Məsələn, Rasim Balayev Həsən Seyidbəylinin kəşfi idi...

   - "Azərbaycanfilm"in istehsal etdiyi filmlərin əksəriyyətinə baxmışam. Kinorejissorların əksəriyyətinin yaradıcılığına bələdəm. Yeri gəlmişkən, bizim sənət insanları bu günə qədər Həsən Seyidbəylini kəşf edə bilməyiblər. "Nəsimi" filmində Nəsiminin dərisinin soyulma səhnəsini xatırlamayan olmaz. Xaç şəklində taxta parçasına bağlanmış Nəsiminin - Rasim Balayevin obrazdakı görüntüsünü operator aşağıdan yuxarıya doğru lentə alaraq şairi İsa peyğəmbər kimi ifadə edir - yəni İsa Məsih göydən enir. Rejissor bu epizodla Nəsimini peyğəmbər səviyyəsinə yüksəldib. Mel Gibson "Nəsimi" filminin çəkildiyi 1973-cü ildən 20-22 il sonra "Cəsur ürək" filmində döyüş zamanı qılıncı xaç şəklində göstərərək "Oskar" aldı. Azərbaycanlı şüurunun 20 il əvvəl yaratdığını Hollivud çox-çox sonralar yaradıb. Çox təəssüf ki, bu günə qədər heç kim "Nəsimi" filmində olan o məqamdan bəhs etməyib. Halbuki həmin epizod Azərbaycan kinosu üçün böyük bir addım idi. Mən ilk dəfə bunu sizin qəzet vasitəsilə deyirəm. Bu bir həqiqətdir. Və bu həqiqəti dünya bilməlidir. Bilirsinizmi, biz dünyanı tanımayınca özümüzü tanıya bilmərik və dünyanı tanıdıqca özümüzü daha çox kəşf edəcəyik. Ancaq elə qonşu ölkələrdən dünyanı tanımağa başlasaq, o zaman görərik ki, biz hamıdan qat-qat yüksəkdəyik.

   İnanıram ki, vaxt gələcək özümüzü tanımamaq kompleksindən azad olacağıq. Filmlərimizə gəlincə, SSRİ dövründə respublikaların əksəriyyəti öz kinosunu yarada bildi. Məsələn, gürcülər gürcü kinosu yarada bildi, məsələn, "Əsgər atası" filminin sadəcə şəklinə baxmaqla müəyyən edirsən ki, bu, gürcü filmidir.

   - Üstəlik, gürcü kinosunda milli ruh güclüdür...

   - Ümumiyyətlə, milli ruh məsələsi kinoda vacibdir. Şəxsən bizim kinorejissorların əksəriyyəti də milli ruh məsələsinə böyük önəm verib. Onlardan Həsən Seyidbəyli, Hüseyn Seyidzadə və Şamil Mahmudbəyovun adlarını çəkmək istərdim. Bu rejissorlardan bir neçə filmləri alıblar, məhz milli ruh məsələsinə görə. Doğrudur, Azərbaycan kinosunun əsaslarını tam olaraq yaza bilmədilər, ancaq ən azından buna cəhd etdilər və öz cəhdləri ilə böyük bir addım atmış oldular. Bir çox filmlərimiz var, məsələn, "Ögey ana" filmi 70-80 faiz azərbaycanca danışır. "Bir qalanın sirri" fərqli bir mərhələnin başlanğıcıdır, "Qərib cinlər diyarında" filmi sadəcə Azərbaycan kinosunda deyil, ümumiyyətlə, dünya kinosunda yeni bir mərhələnin başlanğıcı idi. Sovet dövründə belə bir filmin yaranması böyük düşüncə tərzindən xəbər verir. Əslində düşüncənin zamana bağlılığı da var. Çox təəssüf ki, o dövrdə yaradıcılarımızın əksəriyyətinin bütün cəhdlərinə rəğmən, kinomuzun Azərbaycan kinosu olmasına şərait yaradılmadı, hətta imkan verilmədi.

   - Gələk "Dolu" filminə...

   - Aqil Abbas ssenaridə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhid olmuş bütün qəhrəmanları ümumiləşdirərək obrazlar verib. Elxan Cəfərovun peşəkarlıqdan çıxış edərək "Dolu"nu görüntüyə çevirməsi artıq müstəqil kinomuzun atdığı uğurlu addımlardan biri idi.

   - Filmdəki bütün qəhrəmanlar maraqla qarşılandı, ancaq Drakon daha çox diqqəti cəlb etdi. Bəlkədə bu rola çəkilməniz elə qismət məsələsidir, çünki obraz sizə, siz obraza çox uyğun gəldiniz...

 

   - Öncə mən belə fikirləşmirdim, hətta rejissorla görüşənə qədər o fikirdə idim ki, mən çəkilməyəcəyəm. Ancaq Elxan müəllim məni görən kimi dedi ki, "Drakon sənsən, mən səni bu filmdə görmək istəyirəm".

   - Elxan Cəfərov təbiətcə mülayim, peşəkar kimisə çox tələbkardır. Bunu çəkiliş vaxtı hiss etdinizmi?

   - Tələbkar olduğu üçün belə bir filmi ərsəyə gətirməyi bacardı. Filmdə bir kadr üçün məni 20 dubl yüksəklikdən yuxarı-aşağı qaçırdıb. 20-ci dublda artıq qaça bilmirdim. Elə bildim ürəyim partlayacaq. Axırda soruşdum ki, "mən nəyi oynaya bilmirəm? Başa salın, oynayım, canım çıxdı axı". Elxan müəllim məni qırağa çəkib dedi ki, "fiziki cəhətdən o qədər güclüsən ki, yorğun görünmürsən, elə eləyirəm ki, yorulasan, istədiyimi alım". Sonra anladım ki, rejissor haqlıdır və filmdəki bütün əziyyətlərə dəyərmiş.

   - Ümumiyyətlə, müharibə filmlər əziyyətli oluraktyordan fiziki hazırlıq tələb edir...

   - Mən hərbi xidməti müharibədən sonra keçmişəm. Amma institutda oxuyanda Laçına, Qubadlıya əsgərlərə yardım aparırdıq. 1993-cü ilin martında növbəti dəfə yardım apardıq, həm də 10-15 uşaq qalıb könüllü döyüşmək istəyirdik. Onda Laçın alınmışdı, 3 kəndi bizdə idi. Füzuliişğal ərəfəsindəydi. Hətta 20 tələbə-müəllim heyətinin çoxu qorxudan getmədi ki, birdən qayıtmarıq. Biz könüllülər və 3 müəllim yardım apardıq. Bütün postları gəzdik. Postun bir neçəsinə gələn kimi erməni tərəfə atmağa başladıq. O vaxta qədər avtomat görməmişdik. Ermənilərlə aramız 100 metr idi. Biz dağın döşünə endik ki, avtomatı patronla dolduraq. Səngərdən çıxanda tələbə yoldaşım Elçinin əlindəki avtomat açıldı. İçində qalan bir güllə başımın üstündən keçdi, saçım da yandı. Hamı qışqırdı. Komandir müəllimlərə dedi ki, "uşaqların burda qalmasının mənası yoxdu - bizə hücum etməyə icazə vermirlər. Bir-iki günə burdan çıxacağıq, ya yox, məlum deyil. Uşaqlar da döyüş bilmirlər, onlara nəsə öyrətməyə vaxt yoxdu". Bizi ordan geri qaytardılar. Heç bir ay keçməmiş Laçınla Qubadlı da işğal olundu. O vaxt əsgərlərin bizim gedişimizə həsrətlə baxan gözlərini bu günə kimi unuda bilmirəm. Onlar geri qayıtmaq istəyirdi, biz isə döyüşmək... Hətta müsahibə vermək istəməməyim həmin şəhid həmyaşıdlarımın ruhu qarşısında hiss etdiyim sıxıntıdan irəli gəlirdi. Onlar döyüşüb, şəhid olublar, mənsə filmə çəkilirəm.

   - Drakon ümumiləşdirilmiş obraz olsa da, belə qəhrəmanlara ehtiyac var...

   - Hər rolun öz xarakteri var. Aktyor sənətini yaxşı bilən, sevən şəxs heç vaxt təkrarçılığa yol verə bilməz. Hansı rol oynasam, onu Drakon kimi oynamayacam. Drakon rolunu mən yaratmışam, amma mən Drakon deyiləm, Rzayam. Təbii ki, Drakon obrazına xələl gətirəcək heç bir rol oynamayacağam. Biz artıq iki nəfərik - həm Rza, həm Drakon. İçimdə iki nəfərin səsi var. Lap mən rola "" demək istəsəm , içimdəki Drakon "yox" desə, olmayacaq. Etiraf edim ki, Drakondan sonra bir neçə seriala dəvət aldım, getmədim.

 

  

Ulduzə QARAQIZI

Ekspress.-2014.-4-8 oktyabr.- S.21.