Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

  

Hərifət xanım Həmidovanın Əhməd Rəcəbli haqqındakı kitabının ikinci fəslində verilmiş xatirələrdə görkəmli elm xadiminin ömrünün müxtəlif məqamları təqdim edilir.

   Akademik İmam Mustafayevin "Müəllimimlə fəxr edirəm" yazısı xüsusilə diqqəti cəlb edir. İ.Mustafayevin xatirələrindən bir parçanı təqdim edirik: "Əhməd Rəcəbli Azərbaycan Demokratik Respublikası Hökuməti tərəfindən Avropaya ali təhsil almağa göndərilmiş, Azərbaycana qayıdanda doktor-aqronom adı almış yüksək səviyyəli kənd təsərrüfatı mütəxəssisi idi. Ona görə də Zaqatalada yeni təcrübə stansiyası təşkil etdionun ilk müdiri oldu. Əhməd Rəcəblinin texnikum və təcrübə stansiyasına rəhbərlik etməsi bu iki təhsil müəssisəsinin möhkəm birliyinə, təhsilin təcrübə ilə möhkəmlənməsinə kömək edirdi. Tələbələr Əhməd Rəcəblini "əfəndi" deyə çağırardılar. O zamanlar ziyalılara ya əfəndi, ya molla deyə ikinci ad verərdilər. Əhməd Rəcəbli tələbələrin hərtərəfli bilik almasına çox müdrikliklə kömək edirdi. O, eyni zamanda təbiət aşiqi idi. Tətil vaxtlarında yuxarı sinif tələbələri ilə birlikdə dəfələrlə Zaqatala ətrafında olan dağlara, dərələrə, meşələrə, çöllərə səyahətlər təşkil edərdi, rast gəldikləri meşə ağacları, yabanı bitkilər, süxurlar, qayalar, minerallar, tarixi abidələr haqqında geniş məlumat verərdi. Bunların hamısı bizim hafizəmizə həkk olunurdu. Rəcəbli keçmiş tələbələri ilə əlaqəsini kəsməyir, onların fəaliyyəti və inkişafı ilə həmişə maraqlanırdı... Mən onun tələbəsi olduğum üçün özümü xoşbəxt hesab edirəm".

   Kitabda başqa bir elm xadiminin - biologiya elmləri doktoru İ.M.Axundzadənin də məqaləsi verilib. Axundzadə Rəcəblini yaxından tanıyırdı. Alimin məqaləsini tam şəkildə təqdim edirik.

   "Əhməd Rəcəblini heç kəs mənim qədər yaxşı tanımır. Mənim on bir yaşım olanda atam məni Zaqatalaya - kənd təsərrüfatı texnikumuna apardı. O vaxt Əhməd Rəcəbli orada işləyirdi. Mənim cılızlığıma baxıb dedi ki, bu uşağı buraya niyə gətirmisiniz?

   Mən texnikumu bitirdikdən sonra kənd təsərrüfatı institutuna daxil oldum. O gündən Rəcəblinin son günlərinə qədər bir yerdə olmuşuq. Mən institutda oxuyarkən o həm Zaqatalada, həm də Gəncədə işləyirdi. Mən Rəcəblinin laborantı olmuşam. İnstitutu əla bitirdim, mənə vəsiqə ( o vaxtlar diplom verilmirdi) verdilər. Rəcəbli məni Suxumiyə "Subtropik bitkilər" ixtisası üzrə aspiranturaya göndərdi. Suxumidə oxuyarkən bir dəfə məni direktorun yanına çağırıb dedilər ki, qohumun gəlib. İçəri keçdim, Rəcəblini gördüm. İrəli gəldi, çox səmimi şəkildə məni qucaqlayıb öpdü. Mən Suxumidə olanda hər ay Rəcəbli mənə pul göndərirdi. Mən bu pullara çoxlu əkin materialı alıb vaqonla göndərirdim. Rəcəbli beş-altı araba ilə mənim qabağıma gəlirdi. Gətirdiyim əkin materiallarını özüm əkirdim. 1937-ci ildə axırıncı dəfə Balakənə gələrkən mənə dedilər ki, Rəcəblini tutublar. Dayaq məntəqəsini mənə tapşırdılar. Mən Zaqatalada olarkən dedilər ki, bu gecə Fəhimə xanımı tutacaqlar. Mən gecə onu Zaqatalanın Tala kəndində gizlətdim, səhərisi isə Bakıya göndərtdim.

   Aspiranturanı bitirdikdən sonra əvvəlcə Zaqatalada işlədim. Sonra Mərdakana göndərdilər. O zamanlar Əhməd müəllim Maqadanda idi. Fəhimə xanım mənə dedi ki, Əhməd müəllim pamidor, xiyar toxumu istəyir. Tapıb göndərdim. Əhməd müəllim Maqadanda bu bitkiləri istixanalarda yetişdirib generallara verib. Bir gün Fəhimə xanım yanıma gəlib dedi ki, generallar Rəcəbliyə vətənə getməyə icazə veriblər, onlara məktub göndərmək lazımdır ki, əllərində əsas olsun. Mən o dövrdə İrandan - ekspedisiyadan yenicə qayıtmışdım. Çoxillik Bitkilər İnstitutunun direktoru idim. Biz İranda olarkən 100 kişmiş növündən Rza şahın heykəlini yaratmışdılar. Bizim ekspedisiyada Moskvadan nümayəndələr çox idi. Mikoyana 100 kq kişmiş göndərdilər. Mən isə hər növdən 0,5 kq alıb M.C. Bağırova göndərdim.

   O vaxtlar bizim institutun Orta Asiyada,Gürcüstanda filialları vardı...

   Mən Əhməd Rəcəblini geri qaytarmaq üçün M.C.Bağırovun adına məktub yazdım. Məktubu hazırlayanda Rəcəblinin Mərkəzi Komitədə işləyən tələbələri ilə məsləhətləşdim. Dedilər ki, məktub yazmaq lazım deyil, səni tutacaqlar.

   Məktubu göndərdikdən sonra çemodanımı, paltarlarımı hazırladım ki, axşam NKVD gəlib məni aparacaqdır. Evdə ağlaşma, vay-şivən başlandı...

   Məni M.C.Bağırovun yanına çağırdılar. İçəri girəndə Bağırovun yanında büro üzvləri Mirbəşir Qasımov, Yaqubov, Kirsanov oturmuşdular. M.C.Bağırov əlində bir dəstə karandaş tutmuşdu onları əlinin içərisində əzişdirirdi. Məndən soruşdu ki, sən Rəcəblini haradan tanıyırsan? O İrəvanlı, sən Tovuzlu. üçün sən xalq düşmənini müdafiə edirsən? Dedim ki, Əhməd müəllim mənim müəllimim olub, o, görkəmli alimdir. Heç bir təqsiri yoxdur. Zaqatala zonasında tütünün, araxisin, çəltiyin, soyanın artırılması Rəcəblinin adı ilə bağlıdır.

   Əhməd müəllim haqqında dediyim sözlər, görünür, M.C.Bağırovun çox xoşuna gəldi, əlini çiynimə qoyub "Afərin, - dedi.- Öz müəllimini belə ürəkdən müdafiə etdiyin üçün səni daha çox istəyirəm, bizə məhz belə mərd oğullar lazımdır".

   Sonralar M.C.Bağırov Rəcəbliyə demişdi ki, Sizi biz tutmamışıq, ətrafınızda olan adamlar o qədər yazdılar ki, nəhayət, tutulmağınıza nail oldular.

   M.C.Bağırov Rəcəblidən mənzilinin olub-olmamasını soruşub, telefon çəkdirib göstəriş verib ki, Rəcəbli haraya getsə, ona mane olmasınlar.

   Demək istəyirəm ki, Rəcəbli çox savadlı, geniş dünyagörüşünə malik, hərtərəfli savadlı adam olduğu üçün bəzi nadanların onu gözü götürmürdü onun haqqında yazırdılar.

   Rəcəbli elmi hər şeydən üstün tuturdu. Dəfələrlə ona vəzifə təklif etmişdilər, o imtina etmişdi. Naxçıvana gələndə yerli sortların öyrənilməsi ilə məşğul oldu. Mən o vaxt Naxçıvanda aqronom işləyirdim. Bir gün mənə dedi ki, səni aspiranturaya götürürəm götürdü . İnstitutda onun bir çox aspirantları vardı. Məsələn, Muxtar Əliyev, Mirabbas Cəfərov, M.Əmrəhov başqaları. O deyirdi ki, sizi ona görə aspiranturaya götürmüşəm ki, hər zona üçün bir meyvəçi hazırlayım. Yorulmaq bilmirdi, hamımızın qayğısını çəkirdi, çox vaxt öz cibindən bizə pul xərcləyirdi. Məndə onun 50-yə yaxın məktubu var. Bir dəfə teleqram vurdu ki, yeddi nəfər akademiklə Naxçıvana gəlirəm. Gələnlərin arasında Sumbatzadə, Firuz Məlikov başqaları vardı. Onları mən qarşıladım. Zona müşavirəsində Rəcəbli çox savadlı səlis çıxış etdi. O deyirdi ki, torpağı daşlardan təmizləyib meyvəçiliyi inkişaf etdirmək lazımdır. Onun məsləhəti ilə min hektar yer seçdilər ərik əkdilər. Ordubad meyvələri Amerikada, Almaniyada sərgilərdə Qızıl medal aldı..."

 

 

əvvəli, ardı var

 

Teyyub Qurban

Ekspress.-2014.- 11-13 oktyabr.- S.15.