Əlillərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

2008-ci ildə ölkəmiz "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanı və Konvensiyanın Fakültətiv Protokolunu ratifikasiya etməklə öz üzərinə mühüm öhdəliklər götürdü. Həmin öhdəliklərə əsasən qanunlarda əlilliyi olan şəxslərlə bağlı ayrı-seçkilik hallarının aradan qaldırılmasına, əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası üçün real icra mexanizminə malik olan qanunvericilik aktlarının qəbul edilməsinə şərait yaradılmalı idi.

   Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri və ixtisaslaşmış vətəndaş cəmiyyətinin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi, onların sosial müdafiəsinin daha etibarlı təminatı üçün "Əlillərin Sosial Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı"nın (2013-2018-ci illər) və "Əlillərin sosial müdafiəsi haqqında" qanunun layihə sənədi hazırlanıb. Qeyd edək ki, ötən il ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birlikdə adıçəkilən qanun və fəaliyyət planının layihəsinin müzakirəsinə dair dəyirmi masa keçirilib. Həmin layihə sənədində əlilliyi olan şəxslərin tibbi-sosial və peşə reabilitasiyası, sosial infrastrukturdan istifadə, onların təhsili və peşə hazırlığı, əmək hüquqlarının qorunması üzrə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. ƏƏSMN-dən verilən məlumata görə, milli qanunvericiliyin həmin Konvensiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində çox böyük işlər görülüb. Belə ki, artıq yeni qanunun və fəaliyyət planının layihələri hazırlanaraq, ixtisaslaşmış vətəndaş cəmiyyəti və dövlət orqanları ilə razılaşdırılıb. Qeyd edilib ki, Konvensiyanın tələblərinə uyğun olaraq yenidən hazırlanan "Əlillərin sosial müdafiəsi haqqında" qanun layihəsi əlilliyi olan insanlara qarşı cəmiyyətdə ola bilən ayrı-seçkiliyi aradan qaldıracaq. Yəni, onlar da cəmiyyətin bərabərhüquqlu üzvləri kimi, müxtəlif imkanlardan yararlana biləcəklər.

   Son illərdə əlillərin əmək hüquqlarının qorunması, onların digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şərtlərlə əmək münasibətlərinin təmin edilməsi aktual olaraq qalır. Bu da o deməkdir ki, artıq əlillərin əmək hüquqlarının qorunması milli qanunvericilik, eyni zamanda beynəlxalq qanunvericilikdə xüsusi əhəmiyyət kəsb edir.

   Hüquq məsləhətçisi Pərviz Zamanlının fikrincə, bu sahədə qəbul edilmiş qanunlar əlillərə əmək münasibətlərinin həyata keçirilməsində, digər şəxslərlə münasibətlərdə bir sıra üstünlüklər və imtiyazlar verir. Bundan başqa, Əmək Məcəlləsində əlillərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir: "Digər şəxslərlə münasibətdə əlillərin əmək hüquqlarının həyata keçirilməsi ilə bağlı Azərbaycan qanunvericiliyində bir sıra fərqli qaydalar nəzərdə tutulub. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda əlillərin əmək hüquqlarının müdafiəsi məqsədilə bir sıra qadağalar müəyyən edilib. Belə ki, həmin qanunda işəgötürənlərə əlillərlə sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əmək müqaviləsini bağlamaqdan, yaxud işdə irəli çəkməkdən imtina edilməsi, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi qadağan edilir. Bu qadağalar yalnız Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda istisna təşkil edir".

   Əlillərin işləməsi üçün  xüsusi şərait lazımdır

   Eskpertlərin araşdırmalarına görə, dünya əhalisinin 14%-ni əlilliyi olan şəxslər təşkil edir. Bu baxımdan əlillik 3 əsas modelə ayrılır: tibbi, sosialsosial uyğunlaşdırılmış model. Əslində əlilliyin modelləri əlilliyin müxtəlif izahlarını verən anlayışlardır. Onların əsasında dövlət və cəmiyyət tərəfindən əlilliyi olan insanların ehtiyaclarını qarşılayacaq strategiyalar da hazırlanır. Əlilliyin sosial modelinə uyğun olaraq Böyük Britaniyada zəif görən insanlar əlil hesab edilmirlər. Görmə problemləri olan insanlar üçün münasib qiymətə və ya pulsuz olan görmə testləri və görmə avadanlığı verilir. Halbuki, onlar hər hansı bir üçüncü dünya ölkəsində bu cür avadanlığın olmadığı yerlərdə yaşasalar, özlərini çox ciddi şəkildə əlil hesab edəcəklər. Oxuya bilməmək və bunun nəticəsi olaraq öyrənmək və məlumat ala bilməmək hər hansı bir cəmiyyətdə olursa-olsun, əlillik hesab ediləcək.

   Ekspertlər onu da qeyd edirlər ki, bəhs edilən modelə görə bütün münasibət, fizikiinstitusional maneələrin aradan qaldırılması əliliyi olan insanların həyatlarını asanlaşdıraraq onlara digər insanlarla bərabər səviyyədə eyni imkanlar vermiş olacaqdır. Burdan da belə nəticəyə gəlmək olar ki, hər mənada inkişaf etmiş cəmiyyətdə heç bir əlillik olmamalıdır. Bu modelin əsas güclü tərəfi isə ondan ibarətdir ki, əsas problemi cəmiyyətlə bağlayır. Təbii ki, əlillərin problemlərinin bu dərəcə həlli üçün ilk öncə ən sadə məsələlərdən başlanılmalıdır. Hazırkı dövrdə hələ ki, inkişaf etmiş ölkələrdə tətbiq edilən bu üsulların həyata keçməsi real görünmür. Ekspertlər belə düşünür.

   İqtisadçı Rövşən Ağayev də əlillərə ayrılan aylıq vəsaitin az olduğunu vurğulayır: "Bizdə əlillərə iki cür müavinət təyin olunub. Uşaqlıqdan əlil olanlara ayda 45 manat müavinət verilir. Təsəvvür edin, yaşayış minimumu 108 manatdırsa, əlil insanlara ayrılan müavinət hökumətin rəsmi təsdiqlədiyi yaşayış minimumunun 50 faizi belə deyil. 45 manat normal insana çox azdır. Qaldı, əlil ola. İşlədiyi müddətdə əmək qabiliyyətini itirmiş şəxslərə ayrılan vəsait qruplara görə dəyişir. Birinci qrup əlil ən yaxşı halda 200 manat müavinət ala bilər. 2-ci qrup əlil ondan az, 3-cü qrup əlil isə daha az. Qeyd edim ki, sağlam insanlardan fərqli olaraq əlil insanlarımızın əlavə xərcləri çoxluq təşkil edir".

   Əlillərin əmək fəaliyyətinə cəlb olunması

   Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq son illərdə əlliliyi olan insanların əmək fəaliyyyətinə cəlb olunması istiqamətində də bir sıra işlər görülür. Buna baxmayaraq problemlər də mövcuddur. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun fikrincə, ölkəmizdə əlilliyi olan insanların əmək fəaliyyətinə cəlb olunması ilə bağlı problemlər olduqca çoxdur: "Əlillərin işləməsi üçün xüsusi şərait lazımdır. Bizdə hər müəssisədə buna şərait yoxdur. Xüsusi pilləkanlar, samuzellər, lift olmalıdır. Bu da hər idarə, dövlət orqanında olmadığı üçün çətinliklər yaranır. Əlilliyi olan insanların güzəşt və imkanları bir qədər fərqlidir. Belə ki, sağlam insanlardan fərqli olaraq əlilliyi olan insanın məzuniyyət müddəti 42 gündür. Onların qısamüddətli planı məsələsi var. Bu, hər müəssisəyə sərf eləmir. Hamıya da məlumdur ki, ölkədə əmək qüvvəsi yerləri ilə müqayisədə çoxdur. Bu da həssas qrupun nümayəndələrinə tapmaqda çətinlik törədir, qanunvericilikdə əlillərlə bağlı nəzərdə tutulmuş kvota sisteminə əməl olunmamasına gətirib çıxarır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərlə bağlı bir sıra hüquqi normativ sənədlər hazırlanır. Bundan əlavə, əlilliyi olan şəxslərlə bağlı dövlət proqramı da tərtib olunur. Bəlkə də bu sənədlər gələcəkdə bütün bu problemlərin qarşısının alınmasına yardımcı olacaq".

 

   Xaatırladaq ki, "Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunun 6-cı maddəsində əlilliyi olan insanların sosial müdafiəsini təmin edən dövlət orqanlarının siyahısı göstərilib. Qanunun 7-ci maddəsində əlilliyi olan insanların sosial müdafiəsinə dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin iştirakı da nəzərdə tutulub. Bu insanların sosial təminatını yaxşılaşdırmaq məqsədilə müəssisə və idarələr öz vəsaitləri hesabına onların həyatının sığortası və bədbəxt hadisələrdən sığortasını təmin etməlidir. Yeri gəlmişkən, qanunda əlilliyi olan şəxslərə xüsusi güzəştlər nəzərdə tutulsa da bu güzəştlər həyata keçirilmir. Hüquqşünas Mehman Muradlı da bu fikirlə razı olduğunu bildirib: "Qanunun 24-cü maddəsində də onların əmək hüququnun həyata keçirilməsi qaydaları müəyyən edilib. Yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə fərdi reabilitasiya proqramları nəzərə alınmaqla, onların adi şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlilliyi olan şəxslərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir".

   Yeri gəlmişkən, son araşdırmalara görə, hazırda dünyada 1 milyard 180 milyon əngəlli var ki, onlar da hər zaman dövlətin diqqətindədir.

   BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 2014-cü ilin 1-2 aprel tarixlərində Cenevrədə keçirilmiş 125-ci və 126-cı iclaslarında ölkəmizin bu sahədə gördüyü işlər barədə ilkin məruzəsi dinlənilib. Həmin iclaslarda ölkəmizin müvafiq nazirlik və qurumlarının nümayəndələrindən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması, Komitə üzvlərinin suallarının səmimi cavablandırılması yüksək qiymətləndirilib.

 

   

   Rəşid RƏŞAD

  Ekspress.-2014.- 17 oktyabr.- S.9.