Bu da sənə islahat!..

 

Əməkdar artist Telman Əliyev: "Rejissorsuz da teatr olar?"

"

Milli Dram Teatrı eksperiment yeri deyil"

 

İncəsənət Universitetinin dosenti, əməkdar artist Telman Əliyev Gəncədə dünyaya göz açıb və uşaq yaşlarından Gəncə Dövlət Teatrında çalışıb.

   Gəncə teatrlarında aktyorluqla kifayətlənməyən, eyni zamanda rejissor və rəssam kimi çalışan Telman Əliyev sonralar teatr direktoru kimi çətin yükü də öz üzərinə götürüb. Aktyor artıq uzun illərdir, Milli Dram Teatrında çalışır, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur.

   - Gəncə Teatrı sizin aktyor kimi yetişməyinizdə böyük rol oynayıb. İllərinizi həsr etdiyiniz bu teatrı sonradan Milli Dram Teatrına dəyişdiniz. Əslində, bu təbiidir, ölkənin baş teatrı iddialı aktyorları özünə cəlb edir və ya hamı ora can atır...

   - Gəncə Teatrında çalışdığım zamanlar orda ikinci bir dövlət teatrı - Nizami Poezıya Teatrı açıldı və mən həmin teatrın bədii rəhbəri oldum, direktor vəzifəsində çalışdım, eyni zamanda rəssam, rejissor kimi fəaliyyətim oldu. Əlbəttə ki, aktyor sənəti mənim üçün ilk yerdə dururdu. Mən rejissorluq, eyni zamanda qrafika üzrə də təhsil almışam. Ümumiyyətlə, rəssam, rejissor və aktyor sənəti bir-birini tamamlayan sənət növləridir. Gəncə Teatrında çalışdığım zaman bir-birindən maraqlı obrazlar oynadım. Yaratdım demirəm, çünki bu yanlış olardı, yaratmaq bir tək Allaha məxsusdur. Aktyor isə sadəcə obrazı oynaya bilər. Doğrudur, biz yaradıcı insanlarıq, ancaq nə olur-olsun obrazı sadəcə oynaya bilərik.

   - Gəncə Teatrında əsasən Cəfər Cabbarlının səhnələşdirilən pyeslərindəki obrazlar oynamısınız. Deyəsən, yaradıcılığınızda əsas xətti elə klassika təşkil edir?

   - Yalnız C.Cabbarlının deyil, M.F.Axundov, S.Vurğun, rus klassiklərindən M.Qorki, Lermontov və Ostrovskinin tamaşaya qoyulan əsərlərində də oynamışam. Klassika teatr üçün çox böyük əhəmiyyət daşıyır, aktyor üçünsə klassik əsərlərdə oynamaq ikiqat böyük əhəmiyyətə malikdir. Mən həmçinin müasir əsərlərdə də maraqlı rollar oynamışam. Aktyor üçün fərqli obrazlar onun bütün sənət imkanlarını üzə çıxarmaq baxımından geniş imkanlar yaradır.

   - Gəncədə ta qədimlərdən mədəniyyətə, sənətə böyük bağlılıq var...

   - Həm də çox böyük bağlılıq var. 1968-ci ildən 1997-ci ilə qədər Gəncə teatrında çalışdım. O illər qaynar dövr idi və Mehdi Məmmədov, Məmmədrza Şeyxzamanov, Ətayə Əliyeva, Muxtar Avşarov, Ələddin Abbasov və başqa sənətkarların çalışdığı dövr olaraq yadda qalıb. Sonralar bu sənətkarların əksəriyyəti fəaliyyətinə Bakıda davam etdi və onlardan biri də mənəm.

   - Bildiyimə görə, Bakıya gəldiyiniz ilk illərdə Hacıbaba Bağırovla çalışmısınız...

   - 1997-ci il ildə Hacıbaba Bağırovun dəvətilə Musiqili Komediya Teatrına gəldim, mənə demişdi ki, "sənin vokal səsin var, gəl burda işlə". Hətta bir neçə tamaşada mənə baş rol verdi. Hacıbaba Bağırov da bir vaxtlar Gəncədə çalışıb, bizim pioner olan vaxtlarımızda Hacıbaba Bağırov dərnək rəhbərimiz olmuşdu və qabiliyyətimə bələd idi. Bir neçə il orada işlədim və günlərin birində Həsənağa Turabovla qarşılaşdıq. Harda çalışdığımı soruşdu, işimlə maraqlandı və sonra da "gəl bizdə işlə" dedi. Həsənağa Turabov o dövrdə Milli Dram Teatrının direktoru vəzifəsini daşıyırdı.

   - Yəqin ki, iki ustad arasında seçim etmək o qədər də asan olmadı?

   - Təbii ki, asan deyildi, ancaq Hacıbaba Bağırov məni başa düşdü və beləliklə də, fəaliyyətimə Milli Dram Teatrında davam etdim. Eyni vaxtda pedaqoji fəlaiyyətə də başladım. Beləliklə də, 1997-ci ildən mən sanki Bakıda yeni bir mərhələyə qədəm qoydum. Artıq doğma Gəncədə olmadığımın fərqində idim, ancaq Bakı da məni isti qarşıladı, bura tez isinişdim.

   - Pedaqoji işin öhdəsindən necə gələ bildiniz?

 

   - Tələbə ilə təmas elə sənətin içində olmaq deməkdir. Pedaqoji fəaliyyət öyrətməklə yanaşı, elə öyrənmək deməkdir. Təsəvvür edin ki, ustadlardan dərs almısan, ustadlarla bir səhnəni paylaşmısan və gün gəlir ustadlardan öyrəndiklərini onlarla tələbəyə öyrədirsən. Bu çox önəmli, eyni zamanda məsuliyyətli bir məqamdır. Bundan başqa, pedaqoji fəaliyyətlə məşğul olmaq aktyor üçün formada qalmaq deməkdir. O mənada ki, daima tələbələrlə məşq proseslərinə qatılırsan.

   - Oynadığınız rollarınızı bir-birindən fərqləndirirsinizmi?

   - Doğrusu, heç vaxt rollarımı bir-birindən ayırmıram, bəlkə də ona görə ki, bütün rollarıma eyni sevgi, eyni həvəs, eyni maraqla yanaşıram. Əksər rollarımı müəlliflə işləmişəm, görünür onları qane edə bilmişəm. Eyni zamanda, televiziya ilə olan əməkdaşlığım, kino fəlaiyyətim də yaradıcılığımda mühüm yer tutub. Ancaq nə olur-olsun teatr mənim üçün hər şeydən öncə gəlir.

   - İllər sonra yeni bir kollektivdə çalışmaq, yad atmosferə düşmək və ora uyğunlaşmaq çətin olmadı ki?

   - Sadəcə mənim uyğunlaşmağım deyil, kollektivin də yeni gələn aktyora uyğunlaşması vacibdir. Əgər kollektiv qəbul edə bilmirsə, o zaman yad bir adam olaraq qalar və heç bir şey əldə edə bilməzsən. Xoşbəxtlikdən məni kollektiv tez bir zaman içində qəbul etdi. Bəlkə də ona görə ki, mən peşəkar olaraq Milli Dram Teatrına gəlmişdim. Bu teatra təcrübəsiz gəlmək uğursuzluğa düçar olmaq deməkdir.

   - Siz Gəncə teatrının qaynar bir dövrünü Milli Teatrın elə bir dövrü ilə dəyişdiniz ki, Bakı teatrı o illərdə tamaşaçısını itirdi...

   - Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklər teatra öz təsirini göstərməyə bilməzdi. Teatrlar illərlə qazandığı tamaşaçısını itirmişdi, ancaq zaman keçdikcə bu problemlər də öz həllini tapmağa başladı. Teatrı sevən tamaşaçı yenidən sevimli məkanına üz tutdu. Mən bu teatra gələnə qədər artıq burda bir sıra görkəmli insanlar var idi. Onların hər birinin öz tamaşaçı auditoriyası, məhz bu insanlara görə teatra üz tutanlar var idi. Belə insanların içində özünü təsdiq etmək və öz tamaşaçı auditoriyasını bir araya gətirmək o qədər də asan deyildi. Hər teatrın öz dəst-xətti olur, dəst-xətti olmayan teatra teatr demək doğru olmaz. Məsələn, Gəncə Teatrı real səhnəsi ilə, tamaşaların xəlqiliyi ilə seçilirdi. Milli teatr isə daha çox ideyası ilə, tamaşaların daha çox təntənəsi və üslubu ilə fərqlənirdi. Bu da məni özünə cəlb etdi. Bir çox tamalarda əsas rolları oynadım ki, bu da mənim də tamaşaçı heyətimin yaranmasına səbəb oldu. Ancaq daim komik planda olan rollar gözləmişəm. Aktyor rol baxımından rejissordan asılıdır, ancaq tamaşa hazırlanıb təqdim olunduqda artıq rejissor aktyordan asılı vəziyyətə düşür. Çünki tamaşanı canlı təqdim etməklə ona uğur qazandıran məhz aktyordur. İsmayıl Dağıstanlının bir sözü vardı: "Rol verərlər üzlərini ağardarıq, verməzlərsə üzləri qara qalar". Aktyor hər zaman rol gözləyir. Bizim indi ən yaxşı vaxtlarımızdı, boş günümüz belə olmamalı, aktyor daima qaynar iş sisteminin içində olmalıdır. Artıq zaman, dövr dəyişib, ölkəmiz inkişaf edir. Hər sahədə olan inkişaf, uğurlar bizləri sevindirir, çox təəssüf ki, Azərbaycan teatrı bu uğurlardan geri qalıb.

   - Məncə, geri qalmağın günahı aktyorlarda deyil...

   - Teatrda aktyor bütün sənətlərin daşıyıcısıdır. Dramaturqun yazdığını, rejissorun yozumunu, bəstəkarın musiqisini, rəssamın çəkdiyi rəsmi səhnədə canlı surətdə təbliğ edən, onu tamaşaçılara təqdim edən aktyordur. Bütün məsuliyyət yükünü üzərində daşıyan aktyora mütləq geniş şərait yaradılmalıdır. Prezidentin sərəncamına əsasən 2009-2019-cu illərdə teatrlarda böyük bir layihə həyata keçiriləcək. Hazırda teatrlarda aparılan islahatlar buna canlı misaldır. Artıq teatrların maddi-texniki bazası gücləndirilir, teatrlara nə lazımdır hamısı təqdim olunur.

   - Bütün bunlar yaxşıdır, amma aktyorlara qayğı da unudulmamaldır...

   - Aktyorun qayğıya, diqqətə hər zaman ehtiyacı var. Aktyorlara onların qədrini bilən, onlara arxalanan, inanan bir rəhbərlik lazımdır. Yeni gələn rəhbərliklər özlərini bir az işgüzar göstərir, sonra baxırsan ki, ortada bir nəticə yoxdur. Bildiyiniz kimi, Milli Teatrların rejissorları hər zaman yüksək dünyagörüşləri ilə fərqlənib. Son illər burda rejissor yoxdur. Rejissorsuz teatr olar? Kənardan gələn rejissorlar burda eksperiment tamaşalar hazırlayır. Rəhbərliyə dəfələrlə eşitdirilib ki, "bura eksperiment yeri deyil, Azərbaycan ənənəsini özündə birləşdirən bir teatrda eksperiment aparmaq olmaz", ancaq eşidən kimdir. Milli Teatra boş yerə "Akademik" deyilmir. Burda çalışan aktyorlarun savadından, bacarığından tutmuş səhnə fəlaiyyətinə qədər akademik olması vacibdir. Eynilə də rejissorlar akademik səviyyəsi ilə seçilməlidir.

   - Yeri gəlmişkən, Sizi son illərdə filmlərdə, serillarda, hətta İranın çəkdiyi serialda görmək mümkün olsa da, Milli Teatrın səhnəsində görünmürsünüz...

   - Aktyor o zaman görünür ki, ona rol verirlər. Qeyd etdiyiniz kimi, hətta başqa ölkələrin kinematoqrafçıları məni görür, ancaq sevimli teatrımda mən görünməzəm. Elə tamaşalarda elə rollar verilir ki, verilməsə ondan yaxşıdır. Heç bir vaxt giley-güzar etməmişəm, ancaq ilk dəfə sizin qəzet vasitəsilə öz etirazımı bildirirəm. Bilirsinizmi, Akademık Milli Teatrı biz sənət adamlarının, hətta bütün Azərbaycan teatrının sənət məbədidir. Öz üslubu, öz dəsti xətti olan bu teatr 140 ildən artıqdır, nəsilləri və əsilləri ilə seçilib, ənənəsi, böyüklüyünü, monumentallığını qoruyub saxlayıb. Milli adı ilə Akademik səviyyəyə yüksəlib. Buna görə də bu teatra rəhbərlik edən hər bir şəxs bu məbədin bir kərpicinin belə qopmasına yol verməməlidir. İlk növbədə teatrın mənafeyini öz mənafeyinden üstün tutmalıdır, hər gələn bura qazanc obyekti kimi baxmamalıdır. Bədii şuranın tərkibindən tutmuş bütün ixtiyarında olan hər nə vəzifə varsa, teatrın uğurları üçün köklənməlidir. Amma vay o günə ki, mənəm-mənəmlik, bədgümanlıq, özbaşınalıq baş alıb gedə, özü üçün aktyor və rejissorsuz bədii şura seçə, özünə layiq komanda yarada, yersiz islahatlara başlaya, teatrın rejisorunu işdən çıxara, aktyor heyətinin əksəriyyətini və digər lazımlı vəzifələri qat-qat aşağı səviyyəli adamlarla əvəz edə, eksperiment adı ilə təcrübəsiz, səviyyəsi teatrın tələblərindən aşağı olan "rejissorlar"a meydan aça və bütün bunların hamısı da bizim gözümüzün qarşısında baş verə... Bilirsinizmi, bu kollektivdə nəsil dəyişikliyi həmişə olub. Seçimdə yaxşıların yaxşısı bu teatra uyğun sənətçilər dəvət olunub, sınaq müddəti verilib, sınaqdan keçənlər işləmək hüququ qazanıb. İndi görək teatrdan çıxarılan istedadlı, özünü təsdiq etmiş rejissorlar nə edirlər? Onlar yenə də öz işləri ilə məşğuldurlar. Başqa teatrlar üçün göydəndüşmə olublar, biz isə beş ildir ki, rejissor sorağındayıq. Kimi axtarırıq? "Bəli-bəli" deyənləri! Axı biz belə gözləmirdik. Gözləmirdik ki, bu böyük teatrı birdən-birə müdir teatrı öz "qabariti"nə uyğunlaşdıra, sənətdə qarışıqlıq, xaos yarana, yaradıcılıq, nizam-intizam, etika, əxlaqi dəyərlər ölçüsünü itirə, kollektivə qarşı hörmətsizlik baş alıb gedə, teatrı son ildə truppa mudiri və direktor müavini idarəçiliyinə tabe edə, kollektivdən qaça. Niyə? Çünki üzə çıxsa, sorğular onu gözləyir. Yaradıcılıqdan, idarəetmədən tutmuş maliyyə məsələlərinə qədər suallara cavab verməlı olacaq. Belə vəziyyətdə mənim problemlərımdən danışmağa dəyməz.

   5 il əvvəl teatrımız yenicə təmirdən cıxmışdı. Binamızın içi gözəlləşmiş, yeni maddi-texniki baza ilə təchiz olunmuş, bir sözlə, yaradıcılıq üçün hər bir şərait yaradılmışdı. Teatrı belə vəziyyətdə təhvil alan yeni müdir İ.İsrafilovun yaradıcı kollektivlə ilk görüşündəki çıxışı hələ də yadımdan çıxmayıb: "Mən sizə söz verirəm kı, teatrı həqiqi Akademik səviyəyə gətirəcəyəm. Elə edəcəyəm ki, hər biriniz 2000 manatdan artıq maaş alacaqsınız. Mən heç vaxt razı olmayacağam kı, siz rayonlarda tamaşa oynayasınız. Bizim səsimiz Avropa ölkələrindən, Rusiyadan gələcək. Teatrda elə şərait yaradacağam ki, boş vaxtınızda öz studiyamızda dublyajla, filmlə əlavə gəlir əldə edəcəksiniz".

   Biz də inandıq... Çox təəssüf ki, verilən söz tutulmadı, hər şey sözdə qaldı. Bu da sənə islahat!..

 

  

Xədicə QİYAS

Ekspress.-2014.- 18-20 oktyabr.- S.14.