"Mən döyüşmək istəyirəm"

 

Rövşən Almuradlı: "Teatra xaricdən rejissor dəvət olunmasına ehtiyac görmürəm"

 

 

   Rövşən Almuradlı Azərbaycanın tanınmış, sanballı rejissorlarındandı. Bu sadə, təvazökar, professional insan Azərbaycan teatrının, kinosunun, kino sənətinin inkişafı üçün əlindən gələni edib, bu günedir. Özünün dediyi kimi, rejissorluqla döyüşüb söz deməyi bacarır. Ona gec-gec tamaşalar versələr də, səhnəyə çılğın etirazlar üzərində qurulan tamaşalar qoya bilib. Tamaşaçıların zalda ayaq üstə alqış nidaları ilə onun rejissoru olduğu tamaşaya əl çalmalarını ən böyük xoşbəxtlik sayır...

   Rejissorla böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində görüşüb söhbətləşdik. Rövşən müəllim bizə bu günə kimi keçdiyi aktyorluq, rejissorluq yolundan danışdı. Eləcə də, Azərbaycan teatrının bu günkü vəziyyəti barədə fikirlərini bölüşdü, onu narahat edən məsələləri dilə gətirdi.

   - Hazırda hansı əsəri tamaşaya qoymaq istərdiniz?

   - Ara dövrdə mən Bələdiyyə Teatrında üç tamaşa hazırladım: "Bəylik dərsi", "Qaravəlli" və "Mürafiə vəkilləri".

   Qoymaq istədiyim çox tamaşalar var. Məsələn, mən Hüseyn Cavidin "İblis"ini hazırlamaq istəyirdim. O şeyləri ki danışacaqdım, onları "İblis"də demək imkanım var idi. Bu hadisələr artıq oldu. Amma davam da edir. Bu əsər 1914-cü ildə baş verən hadisələrin içindədi. Osmanlı İmperiyası dağılır. Nə qədər imperialist dövlətlər hücum edir... Hətta İstanbulun alınması söhbəti də var orda. Çanaqqala döyüşüs. İblisin də ətrafı Türkə qarşı böyük bir təcavüzə başlayıb. O da gəlib özünü göstərir... Mən ona bir az gecikmişəm artıq...

   - Nəyə görə o fikirdəsiniz ki, sizə tamaşa verməyəcəklər?

   - Bunu onlardan soruşmaq lazımdı. Bu, teatrın direktorunun da günahı deyil. Yəqin ki, bu məsələ yaxın vaxtlarda həll olunacaq. Nazirimiz Əbülfəs Qarayevlə görüşdüm. Konstruktiv söhbətimiz oldu. Mən belə hesab edirəm ki, bu məsələ düzələcək. Əsas Azərbaycan teatrının düzəlməsidi...

   - Səhhətinizlə də bağlı problemləriniz var, deyəsən...

   - Səhhətim inci normaldı. İnsandı da... Bir gün yaranıb, bir gün də öləcək. Yaş da özünü göstərir. Ürəyim də infarkt idi. O da keçdi getdi. Həkim nəzarətindəyəm. Teatr bu gün döyüşməlidi. Əgər döyüşmürsə, söz demirsə, tamaşaçı ilə çiyin-çiyinə durmursa, o teatrın yaşaması mümkün deyil.

   Dəniz tısbağaları sahildə milyonlarla yumurta qoyur. O yumurtaların yarısı qumun içində xarab olur. Qalan yarım milyonun yarısını tülkü və digər heyvanlar yeyirlər. Yumurtadan balalar təzə-təzə çıxanda isə qağayılar hücum edir ora. Dənizə 1 milyondan ancaq 10 mini çatır. Onun 9 mininiçata-çatda iri balıqlar yeyirlər. Dəniz tısbağaları böyük olurlar. Onlar üç yüz il yaşayırlar. Onların böyüməsindən ötrü on il vaxt lazımdı. Bundan sonra onlara toxunmaq mümkün olmur. Bir milyondan 10-15-i qalır, ya qalmır. Bax, rejissura belədi. Ələnə-ələnə gəlib gedir. bütün ömrü yaşayır, sonda da deyir ki, mən rejissor deyiləm!

   - Xaricdən ölkəmizə rejissorlar dəvət olunur. Ehtiyac varmı onlara?

   - Hə, xaricdən rejissor çağırırlar. Amma mənim anlamıma görə, ehtiyac yoxdu. Teatr bütün incəsənətin növlərindən fərqli olaraq zaman və məkan çərçivəsindədi. Teatr nə dünəndi, nə sabahdı. O, bu gündü. Hətta eyni tamaşanı həmin aktyorlar dünən də oynayırlar. Amma başqa bir əhval-ruhiyyədə. Cəmiyyətdə, ola bilsin, elə bir dəyişiklik olub ki, ağla gəlməyən bir cümlə bomba kimi partlasın o tamaşada. Sabah da deyil teatr. Çünki canlıdı, gözünün qabağında bu gün oynanılır. Teatr kəpənək ömrü yaşayır. Bu günü yaşadığına görə bu millətin dərdi ilə çiyin-çiyinə yaşamağı bacarmalıdı. Xaricdən gələn rejissor gəlib burda ancaq öz məharətini, texniki imkanlarını göstərə bilər. Təsəvvür edin ki, mən burda Molyerdən nəsə hazırlayıram. Fransız əsərini, fransız həyatını, əxlaqını, problemlərini açmaq istəyirəm. Orda gedən hadisələrin bu gün Azərbaycanda gedən hadisələrlə paralelliyi varsa, bu lap maraqlıdı. Mən bunu fransızlar üçün hazırladım. Aparıb orda oynasam, fransızlar qəbul etməyəcək. Çünki mən nə qədər yaxşı hazırlasam da, fransızlar üçün hazırlanan tamaşalardan yaxşı hazırlaya bilməyəcəyəm. Teatr ədəbi əsərin daşıyıcısı deyil. Onun təbliğatı ilə məşğul olan məkan, təşkilat deyil. Teatr ədəbi əsərdən istifadə edib bu gün döyüşən, söz deyən, yeni yaradıcı istiqamətlər gətirən bir məkandı. Ona görə mən hesab edirəm ki, xaricdən çağırılan rejissoru ancaq incəsənət institutları, aktyor kurslarına dəvət edərək müəyyən prosesini öyrənmək olar...

   - Bir az da aktyorlarla iş yöntəminizdən danışardınız...

   - Aktyorla prosesi elə mühüm bir işdi ki, sadəcə, "mən bunu görürəm" demək bəsit bir şeydi. Teatr sevgi üzərində qurulur. Kin və küdurət üzərində heç vaxt teatr yarada bilməzsən. Nətəhər ola bilər ki, sənin rənglərin iyindən zəhlən gedə və rəngkarlıqla məşğul olasan? Səsdən zəhlən gedə, bəstəkar olasan? Rejissuranın böyük kriteriyaları var. Bilməlisən ki, nəyə və hansı kriteriyalara görə aktyora rol bölgüsündə üstünlük verirsən...

   - Bəs bu gün Azərbaycanda serial çəkilişinə necə baxırsınız?

   - Bütün seriallarda hamı "CİP"-lərdə gəzir, villalarda yaşayır. Bir-birinə pul atır... O bunun var-dövlətini ələ keçirmək istəyir, bu onun qızını almaq istəyir... Qabaq hind filimləri göstərirdilər ki, hamısı gözəl yaşıyır, gözəl qızları var. Sonra Hindistana gedib görürdün ki, hamısı qara pıspısadı. millətin çoxu zibilliyin içində yaşayır. Seriallar, sadəcə, baş allatmaq kimi bir şeydi. Mən çox istərdim ki, seriallara pul ayrılmasın. Qoy o külli miqdarda pul bədii çoxseriyalı televiziya filmlərinə ayrılsın. Azərbaycanda qədər romanlar, povestlər var. Qoy onlar ekranlaşdırılsın. Onun zəminində tədricən serialları yaza biləcək yazarlar ortalığa çıxacaq. Çəkə biləcək rejissorlar püxtələşəcək. o sahə inkişaf eləyəcək. Amma birdən pul buraxdım, bu düzələcək -mən buna inanmıram. Bu, bu günümüzə bu günün profesionallarına aid olan bir gülməcədi.

   - Azərbaycanda ilk müstəqil teatrı da siz açmısınız...

   - Azərbaycanda ilk müstəqil İstiqlal Teatrını mən açmışam. 1990-cı ilin oktyabrında. O teatr o vaxt Səttar xan adına Mədəniyyət Sarayında yerləşirdi, Teatr Xadimləri İttifaqının nəzdində açıldı. Cəmi bir il yaşadı bağladılar. Mövlud Süleymanlının "Zirzəmi" əsərini hazırladım. Bu, o dövrün bir panoramı idi. Bomba kimi partladı...

   - Artıq 60 yaşı arxada qoymusunuz. Düşünmüsünüzmü ki, bu günə qədər nəyi edə bilmisiniz, nəyi yox?

   - Özüm üçün təsəllidi ki, heç olmasa, ürəyim istəyən tamaşaları hazırladım. "Yük", "Cavad xan" filmlərini çəkdim. "Çavad xan" filmi mənim taleyimə yazıldı. Bu filmdə ən böyük qəbahət olan tarixi yalan olmadı. Nyu Yorka dəvət aldıq. Ora filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, mən, bir tədbirin təşkilatçılarından Gəray Əlibəyli getdik. ABŞ-ın Nyu York şəhərində Sultan Əyyub Mədəniyyət Mərkəzində "Cavad xan" filminin nümayişi keçirildi. Tədbiri giriş sözü ilə Nyu York-Azərbaycan Assosiasiyasının sədri Ercan Erdələnli açdı. "Cavad xan" filmini maraqla izləyən qonaqlar arasında Azərbaycan Respublikasının ABŞ-da fəaliyyət göstərən diplomatik nümayəndələri, Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin təmsilçiləri Nyu York şəhərində yaşayıb çalışan həmyerlilərimiz vardı... Bu bir təsəllidi ki, bəlkə isə eləmişəm. Hər halda heç kəs özünün bu həyatdan tez getməsini istəmir, bu zaman kəsiyində nəsə eləmək istəyir.

   - Özünüzü xoşbəxt hiss edirsinizmi?

   - Əgər böyük mənada desək, yox. Elə bil ki, başqa bir zamanda yaşamaq istərdim. Başqa məkanda yox, başqa bir millətin övladı olmaq istəməzdim. Elə bu millətin övladı olmaq istərdim. Bu məkanda. Amma başqa zəmanədə. Bilmirəm gələcəkdə, yoxsa keçmişdə istərdim... Bu gün sıxdı məni... Amma məsələn, "Cavad xan"ın premyerası mənim üçün böyük xoşbəxtlikdi. "Yaşlı xanım"ın ilk tamaşası olanda, zaldakı tamaşaçıların bağıraraq ayaq üstə əl çalması mənim üçün xoşbəxtlikdi. Ondan sonrakı günlər isə ancaq döyüşdü. Bütün ömrün boyu döyüşürsən...

   - Bu sənəti seçməyinizə görə peşman deyilsiniz ki?

   - Necə olur-olsun, mən yenə rejissor olmaq istərdim. Mən rejissorluqla döyüşüb söz deyə bilirəm. Əgər mən yazmağı bacarsaydım, heç vaxt rejissorluqla məğul olmazdım. Əgər rəssamlığa meylim olsaydı, lap orda döyüşərdim. Mən döyüşmək istəyirəm. Burda da döyüşmək mənə rahatdı.

   - Tanınmış rejissorsunuz. Heç fəxri ad almaq barədə düşünmüsünüzmü?

   - Əvvəllər fikirləşirdim. Az-az adamlar olur ki, həm yaradıcılıqda nəsə eləsin, həm pul qazansın, kapital yığsın, həm karyerasını qursun. Bu üçünü birdən əldə eləmək çox çətindi. Bir çoxu da ikisini əldə eləyə bilib. Mən ancaq yaradıcılıqla məşğul olmuşam. Pis-yaxşı... Bu yaxınlarda dedim ki, Azərbaycan şairləri içərisində çox böyük bir şair var. Çox heyif ki, ona xalq şairi adını verməyiblər. Azərbaycan Yazıçılar Birliyi, yaradıcı təşkilatlar müraciət eləsəydi ki, həmin şairə xalq şairi adı verilsin, bu, çox yaxşı olardı. Mən bunu çox istərdim. Həmin şair Nizami Gəncəvidi...

   Qiyməti , dəyəri , hər şeyi zaman verir... Adını çəkmək istəmirəm. Əyalətdə teatrda işləyib, xalq artistidi. Siz onu tanımırsınız. Əgər bu dəyər dəyər kimi verilsəydi... Elə sənətçilər var idi ki, ad almamışdılar, biz onlara baxanda, utanırdıq deyək ki, bizə ad verilsin. Sonra mənim üçün bunun dəyəri itdi...

   - İndi hansı arzularla yaşayırsınız?

   - Övladlarımı böyütmüşəm. Nəvələrim var. Hələ ki, xəstəlikdən sonra nəzarətdəyəm. Yavaş-yavaş düzələcək... Mən heç vaxt geri çəkilmirəm. Geri çəkiləndə, bir şey yadıma düşür. Qoç kəllə vurmaq üçün geri çəkilir. Hələ deyəcək sözüm var.

   İndiyədək hazırladığım bir filmi, bir tamaşanı sifarişlə hazırlamamışam. Öz istəyimlə eləmişəm. Duyduğum, bildiyimsöz deyə biləcəyim bir materialı götürmüşəm. Mən pula işləməmişəm.

 

  

Namiq MƏMMƏDLİ

Ekspress.-2014.- 18-20 oktyabr.- S.20.