Əlillərin reabilitasiyası göstəriciləri yüksəlib

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bərpa-müalicə xidmətlərinin təkmilləşməsi, həmçinin tibbi-sosial ekspertiza xidmətinin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlər əlilliyi olan şəxslərin reabilitasiyası üzrə göstəricilərin yüksəlməsi ilə müşahidə olunur. Bu barədə ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə bildirilib.

   Məlumata görə, bu ilin 9 ayı ərzində əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlib. Hesabat dövründə təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 3707 nəfər, təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı isə 1544 nəfər azalıb. Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, son 9 ayda həmin müəssisələrdə ümumilikdə 5882 nəfər bərpa-müalicə xidməti ilə təmin edilib.

   Nazirlikdən o da bildirilib ki, ƏƏSMN-in Bakı Protez-Ortopedik Bərpa Mərkəzi bu ilin 9 ayında tibbi göstərişi olan 569 nəfər əlilliyi olan şəxsi əlil arabası ilə təmin edib. Bu müddətdə mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 671 ədəd aşağı ətraf və 102 ədəd yuxarı ətraf protezləri, 238 ədəd ortez-korset, 224 ədəd döş protezi, 569 cüt qoltuqaltı, 824 ədəd əsa, 1219 cüt ortopedik ayaqqabı, 369 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər. Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslər müxtəlif növlərdə 18044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

   Eyni zamanda, ötən ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmri ilə yaradılmış, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqadalar tərəfindən hesabat dövründə 20-dək rayon üzrə ayrı-ayrı əlilliyi olan şəxslərə sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib. Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş belə şəxslərə isə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. üzrə bərpa-müalicə işi yerinə yetirilir. Bu stasionarlarda bu ilin 9 ayında 524 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin edilib.

   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin ilkin versiyasının təqdimatında bildirib ki, əlilliyin müəyyən olunması və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi sisteminin tam avtomatlaşdırılmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biridir. Onun sözlərinə görə, əsas məqsəd bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına, şəffaflığın təmin olunmasına, bununla bərabər, tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.

   Nazir bildirib ki, vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün göndəriş formaları (88 nömrəli forma) səhiyyə müəssisələri tərəfindən Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron məlumat mübadiləsi sistemi vasitəsilə göndəriləcək. Eyni zamanda, əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri barədə məlumatlar TSEK-lər tərəfindən yeni proqram təminatı vasitəsilə elektron yolla informasiya sisteminə daxil ediləcək: "Bununla da əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə artıq ehtiyac qalmayacaq. Çünki vətəndaş TSEK-in əlillik təyinatı barədə məlumatı əks etdirən kağız formasında arayışını hansı təşkilata təqdim etməlidirsə, müvafiq məlumat həmin təşkilata elektron yolla göndəriləcək. Yəni əlillik təyin olunması barədə məlumatların TSEK-lər tərəfindən aidiyyəti orqanlara elektron yolla, həm də operativ şəkildə göndərilməsi təmin olunacaq".

   Müslümov tibbi-sosial ekspertiza xidməti əməkdaşlarına yeni proqram təminatı ilə işləmək bacarıqlarının aşılanması üçün Bakı şəhərində, respublikanın rayon və şəhərlərində treninqlərin keçirildiyini qeyd edib.

   Yeri gəlmişkən, Azərbaycan tibbi-sosial reabilitasiya sahəsində Litva ilə təcrübə mübadiləsi aparır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti sentyabrın 15-dən 19-dək Litva Respublikasında səfərdə olublar. Avropa İttifaqının "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi üzrə səfərdə bu ölkənin tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq edəcəyi heyət səfər çərçivəsində Litvanın aidiyyatı dövlət qurumlarının məsul şəxsləri ilə görüşlər keçirilib. Görüşlərdə əlilliyi olan şəxslərə dair qanunvericilik bazaları, bərpa-müalicə və reabilitasiya sisteminin təkmilləşdirilməsi, reabilitasiyanın tibbi modelindən sosial modelinə keçid prosesi ilə bağlı məlumat mübadiləsi aparılıb. Nümayəndə heyəti səfər müddətində Litvanın əlilliyi olan şəxslərin peşə reabilitasiyası və əmək qabiliyyətinin bərpası, psixososial reabilitasiya, uşaqların tibbi bərpası və s. üzrə tanınmış müəssisələrinin təcrübəsi, sosial reabilitasiya xarakterli praktikalar, habelə belə şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlərlə yaxından tanış olublar.

   Qeyd edək ki, adıgedən Tvinninq layihəsində Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi sahəsində Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığın həyata keçirilməsi və müvafiq təcrübə mübadilələrinin aparılması nəzərdə tutulur.

   Əlillərin reabilitasiyası ilə bağlı məsələ "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda da əksini tapıb. Qanunda göstərilir ki, əlillərin reabilitasiyası - orqanizmin funksiyasının davamlı pozulması nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemidir. Reabilitasiyanın başlıca məqsədi əlillərin sosial adaptasiyası və sosial statusunun reabilitasiya olunmasıdır.

   Tibbi reabilitasiya orqanizmdə anadangəlmə, yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional qabiliyyətlərin tibbi və digər metodlara reabilitasiyasına və kompensasiyasına yönəldilmiş tədbirlər sistemidir.

   Qanunda qeyd olunur ki, peşə-əmək reabilitasiyası əlilin əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının reabilitasiyasına, peşə seçilməsinə, işə düzəldilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir. Sosial reabilitasiya əlillərin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.

   Əlillərin sosial müdafiəsi isə əlillərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, kompensasiya edilməsini, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosialhüquqi dövlət təminatları sistemidir.

   Ümumiyyətlə, əlillərin sosial müdafiəsi dövlət siyasətinin tərkib hissəsidir. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda da göstərildiyi kimi, əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində dövlət siyasəti sağlamlığın mühafizəsi, əlillərin reabilitasiya vasitələrinə və xidmətlərinə olan ehtiyaclarının ödənilməsi üçün hüquqi, iqtisadi, sosial şəraitin yaradılmasında ifadə olunur və əlilliyin baş verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınmasını, habelə respublika əlilliyi reabilitasiya sisteminin yaradılmasını və inkişafını təmin edən dövlət proqramları vasitəsilə həyata keçirilir.

 

   Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası haqqında dövlət proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində əlillərin ictimai təşkilatları nümayəndələrinin iştirakı ilə tədbirlər sistemi hazırlayıb həyata keçirirlər.

   Əlillərin tibbi, peşə və sosial reabilitasiyası müvafiq icra hakimiyyəti orqanları və əlillərin ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə tibbi-sosial ekspert komissiyasının rəyi əsasında müəyyənləşdirilmiş fərdi reabilitasiya proqramı üzrə həyata keçirilir.

   Əlillərin fərdi reabilitasiya proqramı reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası müddətini müəyyən edir. Əlillərin fərdi reabilitasiya proqramında nəzərdə tutulan reabilitasiya tədbirlərinin həcmi əlillərin reabilitasiyası üzrə dövlət proqramında müəyyən edilmiş minimum həddən aşağı ola bilməz.

   Reabilitasiya tədbirləri əlillərin fərdi reabilitasiya proqramına və reabilitasiya tədbirləri üzrə dövlət proqramına uyğun olaraq reabilitasiya müəssisələri tərəfindən həyata keçirilir. Bu müəssisələrin yönümü reabilitasiyanın əsas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilir. Dövlət reabilitasiya müəssisələri ilə yanaşı qeyri-dövlət reabilitasiya müəssisələri də yaradıla bilər. Sağlamlıq imkanları məhdud (mürəkkəb və ağır çatışmazlıqları olan) şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir.

   Dövlət reabilitasiya müəssisələrinin fəaliyyəti müvafiq qaydada təsdiq olunan nümunəvi əsasnamələr və onların nizamnamələri ilə tənzimlənir. Reabilitasiya müəssisələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi üzrə güzəştlər verilə bilər.

 

   

   Qənirə MƏMMƏDLİ

   Ekspress.-2014.- 22 oktyabr.- S.9.