Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub

       Unudulmaz dostum Şamil Salmanovla birlikdə tələbəlik illərində dərsdən sonra günümüzü respublika kitabxanasında keçirdiyimiz vaxtlardan Hərifət xanım Həmidovanı tanıyırdım.

   Onun ömür yolu bir kitaba sığmaz həyat dastanıdır. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının bölmə müdiri barədə Məmməd Məmmədovun mətbuatda ("Mədəni-Maarif", 12. 2009) getmiş məqaləsindən bir parçanı nəzərinizə çatdırıram.

   "Hərifət Həmidova yeddi yaşında doğulduğu Qusar rayonunun Yasab kəndinə əlvida deməyə məcbur oldu. Atasını Böyük Vətən müharibəsinə yola saldıqdan sonra anası da ağır xəstəlikdən dünyasını dəyişdi. Bundan sonra Yasab kəndinin dolama yolları onu Qusardakı uşaq evinə gətirdi. 1947-ci ildə uşaq evinin nəzdindəki məktəbin yeddinci sinfini əla qiymətlərlə bitirdi. Sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsil aldı. Təyinatını Sabunçu rayonundakı N.Krupskaya adına kitabxanaya verdilər. Bir müddətdən sonra M.Ə.Sabir adına kitabxananın qiraət zalına müdir təyin olundu. Daha sonra Fioletov adına kitabxananın müdiri vəzifəsində çalışdı. Nəhayət, 1960-cı ildə Azərbaycan Dövlət Universitetini qiyabi yolla qurtaran Hərifət xanım M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasına biblioqraf vəzifəsinə işə götürüldü. Sonra da kitabxananın ən məsuliyyətli şöbələrindən biri olan Məlumat- Biblioqrafiya şöbəsinin rəhbəri oldu".

   Azərbaycan Milli Kitabxanasının mühüm bir şöbəsinin rəhbəri olmuş Hərifət xanımın fəaliyyəti, əlbəttə, ayrıca bir mövzudur. Ancaq başlıcası bundan ibarətdir ki, akademik Əhməd Rəcəblidən yazanlar arasında ilk dəfə o, alimin ədəbi-bədii yaradıcılığı barədə oxuculara məlumat vermişdir. Əhməd Rəcəbliyə həsr olunmuş biblioqrafiyada bədii əsərləri belə göstərilmişdir:

   "Babək". Roman. - Əlyazması alimin şəxsi arxivində saxlanılır.

   "Boyaqçı Eldar". Roman. - Əlyazması alimin şəxsi arxivində saxlanılır.

   "Usta Səməd". Hekayə. - Əlyazması alimin arxivində saxlanılır.

   1993-cü ildə adı çəkilən kitabın nəşrindən sonra Əhməd Rəcəblinin qızı Nigar xanım Rəcəbli atasının əlyazmalarını respublika Əlyazmalar İnstitutuna təhvil verib.

   İnstitutun direktoru Məmməd Adilovonun müavini, əvəzsiz şairimiz Əli Kərimin oğlu Paşa Əlioğlu "Babək" romanınından ayrı-ayrı parçaları 1997-ci ildə "Ədəbiyyat qəzeti"ndə, 2001-ci ildə "Azərbaycan" jurnalında çap etdirmişdilər.

   2004-cü ildəsə Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun hesabına "Babək" romanı "Nurlan" nəşriyyatı tərəfindən kitab halında nəşr edilib.

 

   Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilov "Yarımçıq qalmış roman" sərlövhəli ön sözdə yazır: "Əhməd Rəcəbli ömrünün ən ağır illərində - Maqadanda sürgündə olarkən Azərbaycan xalqının tarixi keçmişindən bəhs edən "Babək" və "Boyaqçı Eldar" romanlarını, bir neçə hekayə yazmışdır. Vətəndən uzaqlarda lazımi ədəbiyyata müraciət etmək imkanına malik olmasa da, öz mütaliəsinə və yaddaşının gücünə yazdığı "Babək" romanı əslində Azərbaycan nəşri tarixində bu böyük sərkərdəyə həsr edilmiş ilk bədii əsər sayıla bilər. Romanda müəllif tarixi qəhrəmanın və onun silahdaşlarının canlı surətlərini yaratmağa nail olmuş, tarixi hadisələri müfəssəl şəkildə təsvir etməyə çalışmışdır. Şaxtalı Rusiya çöllərində doğma Azərbaycan əlifbasında (əski əlifbada) qələmə aldığı əsərdə müəllif həm də öz yanğısını, vətənin azadlığı uğrunda düşüncələrini əks etdirmiş, həqiqi millətpərvər vətəndaş kimi çıxış etmişdir. Romanın azadlığa çağıran ideya xətti keçmiş sovet dönəmində də özünün aktuallığı ilə diqqəti cəlb edir, müasir nəsilləri vətənin və millətin müstəqilliyi uğrunda mübarizəyə səsləyirdi. Belə bir əsərin müəllifin sağlığında nəşri mümkün deyildi. Buna görə də Əhməd Rəcəbli bu əsəri sonrakı nəsillər üçün, gələcəyinə inandığı günlər üçün yazıb qoymuş, sonralar onun üzərində işləməmişdir. Nəticədə roman bizə sona çatdırılmamış halda gəlib çıxmışdır".

   Romanın ilk oxucularından biri - Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymur təəssüratını qısaca belə ifadə edir: "Romandakı bəzi obrazlar müəllif tərəfindən öz yaddaşına inamı ilə verilmişdir. Əksər adlar düzdür. Azərbaycanımızın füsunkar tarixi şəhərləri, yaşayış məskənləri, təbiəti, dağları, axar suları, sərin bulaqları o qədər təbii təsvir edilmişdir ki, Babəkin 20 illik döyüş yolu, ərəb işğalına qarşı mübarizəsi canlı bir səhnəni xatırladır. Romanın üçüncü bölümündə Səhl ibn Sumbatın surətində "yazıq" donuna bürünmüş vəhşi erməni xarakteri verilmişdir. "Babək" romanı bu gün də təsirini itirməmişdir. Qarabağımız sülh yolu ilə qaytarılmasa, Babək kimi "Ya onlar, ya da bütöv azad ölkəmiz!" deyərək döyüşə atılmalıyıq".

   MÜƏLLİFDƏN. Mənə elə gəlir ki, Cümhuriyyət tələbəsi, ensiklopedik bilik sahibi, həqiqi akademik və ədib Əhməd Rəcəblinin "Babək" romanı da daxil olmaqla nəsr əsərlərininin kitab halında nəşr edilməsi oxucuların ürəyindən olardı. O zaman müəllifin də, Əlyazmalar İnstitutunun dünyadan vaxtsız getmiş direktoru Məmməd Adilovun da ruhu şad olardı.

 

əvvəli, ardı var

 

Teyyub Qurban

Ekspress.-2014.- 25-27 oktyabr.- S.15.