"Kinomuz heç vaxt geridə qalmayıb"

 

Bununla belə, rejissor Hüseyn Mehdiyev hesab edir ki, "Azərbaycan kinosının inkişafında maraqlı olmayan insanlar var"

 

Artıq dünya kinosunda yeni bir mərhələ başlayıb: rəqəmsal dövr. Bu, kinoya nə vəd edir? Təbii ki, bunu ilk növbədə kino mütəxəssisləri bilər.

   Odur ki, mövzu ilə bağlı suallarımıza Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyevdən cavab istədik.

       - Klassik kino təhsili alan bir rejissor kimi rəqəmsal kino ilə bağlı fikriniz nədir?

   - Kinonun yeni bir mərhələyə keçidi təbii haldır. Kino tarixində belə mərhələlər dəfələrlə olub. Bu dəyişiklikləri qəbul edənlər və etməyənlər də olub. Məsələn, ilk dəfə ekranda iri plan, yeni dil formaları ortaya çıxanda yalnız tamaşaçı yox, sənətçilər də belə dəyişiklikləri çox həssaslıqla qəbul edirdilər. Bu proses tədricən kino dilinin formalaşmasına gətirib çıxardı. Səsli kino ortaya çıxanda da bir çox kino dahilər "Səsin gəlməsi ilə kino məhv oldu" deyirdilər. Cürbəcür fikirlər vardı, ancaq o da bir mərhələ idi. Sonra kinoda rəngli mərhələ başladı, ağ-qara tədricən rənglərə qarışdı. TV yarananda da çoxları deyirdi ki, kino məhv olacaq. Amma belə olmadı, tərsinə TV-nin yaranması kinonun inkişafına yeni təkan verdi. Kinoteatrlarda ekranın formatı dəyişdi - 3x4 ekran geniş ekranla əvəz edildi, sonra geniş formatlı ekran oldu, səs üslubu, təsvir üslubu dəyişdi və s. Bütün bunları deməkdə məqsədim odur ki, kinematoqraf, onun dili, inkişafı texnoloji proseslərlə sıx bağlıdır. Belə bir sual ortaya çıxa bilər, bəs televiziya? Əgər kino olmasa, o zaman televiziya birdən-birə ortaya çıxa bilərdimi? Bu sualın cavabı çox sadədir: əlbəttə, yox. Televiziyanın özəyini, fundamentini kinematoqraf təşkil edir. Televiziya kinematoqrafın tətbiqi bir qoludur və audiovizual mədəniyyətin inkişafında rolu əvəzsizdir. İnternet, mobil telefonlar və digər yeni hələ çıxacaq informasıya daşıyıcıları rəqəmsal sistemə söykənən və audiovizual mədəniyyətin daşıyıcıları olan sistemlərdir. Bu baxımdan artıq dünya kinosunun rəqəmsal mərhələyə keçməsində qəribə heş bir şey görmürəm və əminəm ki, rəqəmsal sistemdən daha güclü, daha keyfiyyətli və daha effektiv yeni bir mərhələ qabağda bizi gözləyir...

   - Klassik kino təhsili alan kinematoqrafçılar üçün rəqəmsal mərhələ hansısa bir problem yarada bilərmi?

   - Rəqəmsal mərhələ heç bir kinematoqrafçı üçün problem yarada bilməz. Əksinə, belə hesab edirəm ki, rəqəmsal mərhələyə keçid kino istehsalını, texnoloji prosesi çox sadələşdirir və kino dilinin imkanlarını genişləndirir. Əgər əvvəllər film çəkildiyi zaman kino lenti, kamera, çap, montaj, səs və s. ilə bağlı o qədər ağır proses keçirdin ki, bu prosesə qoşulmağın özü fanatik olmağı tələb edirdi. Yəni, hər kinoya gələn o ağır prosesdən keçməyə həm dözə bilməzdi, həm də hər adamın bunun üçün maddi imkanı olmurdu. Ancaq bu gün bu prosses hamı üçün ələ çatandır. hazırda çox sadə bir texnologiya təklif olunur, hətta mən deyərdim ki, həddindən artıq sadə.

   - Bu sadələşmə kinematoqrafa axını gücləndirir. Bəziləri "bu nədir, hər gələn kino çəkir, kino artıq öz qiymətini itirib" deyirlər...

   - Haqlısınız, iradlar çoxdur. Düşünürəm ki, bu fikirlər yarımçıq, qeyri-peşəkar və savadsız mülahizədən başqa bir şey deyil. Çünki kinematoqrafın inkişafı onunla məşğul olan insanların sayından, onun kütləviliyindən asılıdır. Kinematoqraf təkcə tamaşaçı baxımından deyil, eyni zamanda yaradıcı baxımından, istehsal baxımından nə qədər kütləvi olsa, bir o qədər onun inkişafı güclü olar. Uşaqlığında, gəncliyində şeir yazan, rəsm çəkən, zümzümə edərək özünü müğənni hesab edən hər kəs poeziyaya, rəsm sənətinə, musiqiyə bir ziyan vurmur ki, əksinə, bunun kütləviliyi həmin sənətlə məşğul olan insanların sayını artırır - nəticədə məhz onların arasından peşəkarlar çıxır. Bu o deməkdir ki, istedadlıların ortaya çıxması üçün şans genişlənir. Kino da nə qədər çox kütləviləşərsə, bir o qədər çox inkişaf olacaq. Peşəkarı, sənətçini zaman seçib ortalığa çıxardır

 

   - Yeri gəlmişkən, vaxtilə qəbul olunmayan, tənqid hədəfi olan filmlərimiz hazırda əsl sənət nümunəsi sayılır. İndi çəkilən filmlərin təbliğatı üçün böyük meydan olmadığından şikayətlənilir və bu fonda kinoteatrların olmaması və ya bir neçə kinoteatrın yox dərəcədəki fəaliyyəti vurğulanır...

   - Elə bilirsiniz ki, əvvəllər filmlərimiz kinoteatrlarda geniş formada nümayiş olunurdu və tamaşaçı xarici filmə yox, bizim filmə gedirdi baxmağa? Xeyir! Bu gün müasir filmlərimizə münasibət necədirsə, o vaxtkı filmlərə də münasibət eyni idi. Sadəcə, filmin öz qiymətini alması üçün zaman lazımdır. Bir məqama diqqət edək ki, filmlərimizdə öz dövrünü göstərən ştrixlər güclü olub və nəticədə onlar belə baxımlı olub. Bu baxımdan düşünürəm ki, zaman, dövr filmlərdə öz əksini tapınca həmin sənət nümunələri daha baxımlı olur. Çünki o zamanı, o şəraiti, o mühiti həmin dövrü yaşayan yaradıcı insan yaradırdı. O filmlər yaşanan keçmişin bir parçasını özündə qoruyub saxlayır, həmin filmlərə baxarkən dövrü sanki canlı şəkildə görürsən. Bu bədii filmlərdə daha çox həssas bilinir və özünü daha çox biruzə verir. Bu məsələnin bir tərəfi, ikincisi isə hər bir əsərin öz yerini tutması üçün mütləq vaxt lazımdır. Əminliklə deyə bilərəm ki, hazırda çəkilən filmlər istər mövzu, istərsə də keyfiyyət baxımından heç də əvvəlkilərdən geridə qalmır. Bir peşəkar olaraq deyə bilərəm ki, vaxt gələcək hazırda çəkilən filmlərin dəyəri, qiyməti elə əvvəlki filmlərimizdən də artıq olacaq. Sadəcə bir az daha zamana ehtiyac var.

   Sənəti başqa heç bir şeylə qarışdırmaq olmaz. Məsələn, zamanın, dövrün ən ağır problemini kameraya köçürmək istəyən rejissor həmin mövzunu elə səviyyəyə çatdırmalıdır ki, mövzu ümumbəşəri dəyərlər səviyyəsinə yüksəlsin və nəticədə yüksək sənət nümunəsinə çevrilə bilsin. Məhz belə bir həddə çatdırılan əsər güclü sənət nümunəsi ola bilər. Yoxsa dəyərsiz nümunələrlə necə söz demək olar, belə nümunələrlə bir ölkəni necə təmsil etmək olar?! Mən çox şübhəliyəm ki, Azərbaycan kinosunun inkişafında maraqlı olmayan insanlar var. Bu insanlar hər zaman Azərbaycan kinosunun inkişafına mane olurlar.

   - Geniş götürsək, bütünlükdə incəsənətin də belə problemi var...

   - Doğrudur, ancaq kinonu xüsusilə qeyd etmək lazımdır. Birincisi, yazıçıya, rəssama və ya bəstəkara necə mane olmaq olar? Yaratmaq istəyəndə bir özüdür, bir də qələm-kağız. Rejissorın yaradıcılığı isə istehsalat prosesindən geçir, bu da vəsait tələb edir. İkinncisi isə, kinonun gücü, kütləviliyi, təsiri qat-qat bütün sənətlərdən güclüdür. Düşünürəm ki, kinonun inkişafına mane olan həmin insanlar məhz yuxarıda sadaladığım kinematoqrafın ikinci amilindən narahat olan insanlardır, Ona görə də tez-tez "milli kino varmı?", "çəkilən filmlər baxımlı deyil" və s. boş-boş və qeyri-peşəkar fikirlər səsləndir və kinomuzu nüfuzdan salmağa çalışırlar. Azərbaycan kinosunun dünya kinosunda öz əvəzolunmaz yeri var və kinematoqrafın inkişafının hər mərhələsində heç vaxt geridə qalmayıb və öz sözün deyib.

   - Belə bir fikir var, SSRİ dövründə Moskva filmlərimiz qayçılayıb. Əslində, problem öz içimizdədir...

   - Bu fikirlə tamamilə razıyam. Əvvalə deyim ki, yaradıcı proses, yaradıcı uğur və ya uğursuzluq məmurdan asılı olan bir şey deyil. Bu elə bir prosesdir ki, ya var, ya da yoxdur. SSRİ dövründə kinoya olan münasibətə gəlincə, divardan asılan o kinematoqrafçıların şəkillərinə baxın (Kinorejissorlar Gildiyasının ofisində tanınmış rejissor, operator və s. kino xadimlərinin şəkli divardan asılıb), mən o kişilərlə fəxr edirəm, çünki Azərbaycan kinosu məhz onların sayəsində bu səviyyəyə gəlib çatıb. Onlar öz yaradıcı ömürlərini layiqli yaşayıblar. Mən filmlərimizdən yüzlərlə sitat gətirə bilərəm ki, sovetin o senzurasına baxmayaraq kommunustlərin nifrət etdiyindən, ideoloji baxımından tələb etdiyindən ustalıqla yan keçib, öz münasibətlərini ekranda əks etdirə biliblər. Ümumiyyətlə, fəxr etməli filmlərimiz çoxdur. Məsələn, necə olub ki, "mənfi" (sovet baxımından) obraz olan Məşədi İbada daha çox rəqbət bəstəliyirsən, nəinki "müsbət" obraz olan Sərvərə. Bu rejissor ustalığıdır. SSRİ dövründə bizim məmurların filmlərimizə maneəsi çox olub ki, nəinki Moskvanın. Mən də Moskvaya film təhvil vermişəm, Moskvanın münasibətini görmüşəm, onlar çox vaxt öz fikirlərini ifadə edirlər, ancaq bu o demək deyil ki, həmin fikirlər kəskin səslənirdi, sadəcə yaradıcı fikirlər söylənirdi, iradlar tutulurdu. Bizim məmurlar heç bir şey anlamadan kor-koranə filmlərin qayçılanmasına göstəriş verirdilər, nəticədə də Azərbaycan kinosu itirirdi. Belə münasibət təkcə kinoya aid deyildi...

   - Yeni nəsli necə dəyərləndirirsiniz?

   - Mən fəxrlə deyə belərəm ki, bizdən sonra gələn nəsil layiqli olduğu qədər də qüdrətlidirlər. Çünki şahid olub görürəm ki, yeni nəsil sadəcə gördüklərini ekrana gətirmək deyil, onu realizə etməyə də qadirdir. Bir var yazı, bir də var görüntü. Ekranda yaratmaq istədiyini görməyən rejissor kor kimi bir şeydir. Ona görə də, çox vaxt filmə baxırsan, hər şey var, amma şəxsiyyət yoxdur. Yeni nəsilin audiovizual mədəniyyəti lazımınca yüksəkdir və ən əsası şəxsiyyətə meyllidirlər. Bu isə vacibdir. Əsərin arxasında, özəyində şəxsiyyət durmayıbsa, o heç vaxt sənət əsəri ola bilməz. Sevindirici haldır ki, yeni nəsil nə istədiyini bilir və görür.

   - Qayıdaq rəqəmsal kinoya. Sizin üçün lent və ya rəqəmsal - bir fərqi varmı?

   - Peşəkar olaraq deyə bilərəm ki, rəqəmsal hələ ki, lentin keyfiyyətinə gəlib çatmayıb. Zamanla keyfiyyətinin yüksələcəyinə inanıram. Rəqəmsal texnologiyanın ortalığa çıxması kino dilinin inkişafına çox böyük təkan verib. Yəni, artıq lent və ya rəqəmsal problemi yoxdur, çünki bu problem öz həllini tapıb. Çoxları lazım gəldiyi zaman filmi lentə köçürüb sonra bütün prosesləri rəqəmsalda həll ediblər. Artıq bu dilemma yoxdur.

   - Siz yaradıcılığınızda rəqəmsal mərhələyə keçmisinizmi?

   - Axırıncı çəkdiyim "Məkanın melodiyası" filmini 2004-cü ildə lentə aldım. Hələ rəqəmsala keçid etməmişəm, ancaq bu o demək deyil ki, rəqəmsal mərhələni qəbul etmirəm, əksinə alqışlayıram.

   - "Məkanın melodiyası"nın çəkilişlərindən 10 il keçir. Artıq film çəkmək istəmirsiniz, yoxsa mane olanlar var?

   - Yəqin ki, film çəkməyimə mane olanlar var. Ola bilsin ki, bu şəxsi münasibətlərdən irəli gəlir. Ancaq ümidvaram ki, bu sadəcə mənim mülahizələrimdir. Ssenarim isə hazırdır.

   - Bilirəm ki, əvvəlcədən danışmağı sevmirsiniz, amma bir ip ucu verə bilərsinizmi?

   -Ssenarinin mövzusu ölkəmizi, millətimizi və şəxsən məni çox narahat edən mənəviyyat və əxlaq məsələsidir.

 

  

Ulduzə QARAQIZI

Ekspress.-2014.- 6-8 sentyabr.- S.14.