"Bacarmadığım yükü götürmürəm..."

 

Səidə Quliyeva: "İndi mənim seçən dövrümdür, hər rolda tamaşaçı qarşısına çıxa bilmərəm"

 

İllər öncə Azərbaycan televiziyası bir-birindən maraqlı tamaşalar hazırlayardı. İndi də həmin tamaşalar unudulmur, tamaşaçılar təkrar-təkrar izləyirlər.

   Həmin tamaların əksəriyyətində xalq artisti Səidə Quliyeva maraqlı obrazlar yaratmışdı: "Atayevlər ailəsi"ndə Reyhan, "Sarıköynəklə Valehin nağılı"nda Reyhan, "Yollar görüşəndə" dramında Çiçək, "Qonşu qonşu olsa"da Balacaxanım, "Kökdən düşmüş piano"da Gülər, "Bala-başa bəla"da İzzət Nəfisli, "Nekroloq"da Elmira, "Dəvətnamə"də Məleykə və s.

   Aktrisa kinoda da öz sözünü deyib: "Bizi bağışlayın", "Fransız", "Günaydın, mələyim", "Qayınana" əməliyyatı", "Qeybdən gələn səs", "Yaramaz", "Yerlə göy arasında", "Yoxlama", "Yollar görüşəndə" və s.

   Yeri gəlmişkən, Səidə xanımın oğlu bu il ali məktəbə daxil olub. Xalq artistini bu münasibətlə təbrik edib söhbətimizə başladıq.

       - Valideyn üçün övladının ali məktəbə qəbul olmasından gözəl nə ola bilər ki?! Oğlum yüksək balla Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinooperator fakultəsinə daxil oldu. Bu sevincli anı yaşayana qədər çox böyük stres, həyəcan keçirdim. Çünki oğlum öncə tamam başqa bir sahə üzrə hazırlaşırdı. Birdən-birə fikrini dəyişdi və bununla da mənim istəyimə qarşı çıxdı. Doğrusu, istəmirdim ki, o bizim sahəni seçsin. Bir çox fikir mübadiləsindən sonra oğlumun istəyinə hörmətlə yanaşdım, görünür, qismət belə imiş. Ancaq hardasa ürəyimin dərinliklərində bir sevinc işartısı da var və çalışacağam ki, Allah mənə nə qədər ömür veribsə, ona yardım edim. Bu yay istirahət etməsəm də, bu sevinc payı ilə sanki dincəldim. Hər yay öz ölkəmdə, təbiətin qoynunda istirahət edirəm. Maddi imkanlar başqa ölkələrə getməyə imkan vermir. Ola bilsin, nə vaxtsa bu da olacaq.

   - Maddiyyat dalınca qaçmasanız da, sənət aləmində şanslı aktrisalar sırasındasınız...

   - Fikrinizlə şərikəm və şanslı olmağımda çalışdığım rejissorların əməyini xüsusilə qeyd etmək istərdim. Elə görkəmli rejissorlarımız var ki, onlar dəfələrələ yaradıcılığıma müraciət ediblər. Məsələn, Ramiz Həsənoğluyla bəlkə 9-10 pyesdə əməkdaşlıq etmişik. Vaqif Mustafayevin az qala bütün filmlərində çəkilmişəm, doğrudur, son vaxtlar yaradıcı əməkdaşlığımız bir qədər zəifləyib, ancaq inanıram ki, uyğun rol olan kimi mütləq məni dəvət edəcək.

   - Mənəviyyat baxımından zəngin olduğunuzu bilirəm. Maddiyyat sizi o qədər düşündürməsə də, varlı qadın obrazlarını inandırıcı oynayırsınız...

   - Yəqin ki, bu, kökdən gəlir. Valideynlərimin hər ikisi köklü nəsildən olub, varlı olublar, sonradan repressiya qurbanı olduqları üçün var-dövlətləri əldən gedib. Ana tərəfdən Cəfər xanın nəslindənəm. Ancaqolur-olsun məni mənəviyyat hər şeydən öncə düşündürür. Çünki mənəviyyat zənginliyi insanı sözün həqiqi mənasında zəngin edir. Pul insana sadəcə lazım olduğu qədər lazımdır, artıq pul heç kimə xoşbəxtlik gətirməyib. Şəxsən mən Allaha dua edərkən var-dövlət istəmirəm, bilirəm ki, pulla çox şey almaq mümkün olsa da, hər şeyi almaq mümkün deyil. Məsələn, pul gücünə sağlığı necə almaq olar, pulla sevgi almaq mümkündürmü?

   Varlı qadın obrazlarının inandırıcı olması kökdən gəldiyi kimi, obrazın daxili aləminin açılması da mənim üçün hər şeydən önəmlidir. Obrazı xarakterizə etmək, onun həyat tərzini öyrənmək, keçdiyi yola nəzər salmaq, var-dövlət hərisi olma səbəblərini açmaqs. obrazın təbii alınmasında böyük rol oynayır. Ümumiyyətlə, oynadığım rollar müxtəlif qadın obrazlarıdır. Həmin rolların içində Azərbaycan qadını da olub, dünya klassikasının məşhur qadın obrazları da olub. Müxtəlif taleli qadınlar, fərqli həyat tərzi olan qadınların həyatını oynamaqla bir növ özümü onların yerinə qoymuşam. Yəni, mən belə həyat tərzində olsaydım, necə hərəkət edərdim. Əslində, aktrisa oynadığı rolu mənimsəməsə, onu öz taleyi kimi yaşamasa, o zaman inandırıcı ifadan söz belə gedə bilməz. Məsələn, "Bala, başa bəla" tamaşasında ailə maddi baxımdan çox güclü olsa da, xoşbəxtlik onlardan uzaqdır. Ailə müqəddəsdir, qarşılıqlı sevgi olmazsa, qarşılıqlı hörmət, ehtiram olmazsa, o zaman xoşbəxtlikdən söz belə gedə bilməz. Bu baxımdan mənə həvalə olunan varlı qadın obrazlarını məhz bu səmtə yönəltməyə çalışmışam.

   - Əslində xoşbəxtlik an məsələsidir...

   - Təbii ki, tam xoşbəxt həyat yoxdur. Misal olaraq elə özümü göstərəcəyəm. Oğlumun yüksək bal toplayaraq ali məktəbə qəbul olunduğu xəbərini eşitdiyim zaman özümə nəzarəti itirərək sanki qol-qanad açıb süzürdüm, nə etdiyimi belə bilmirdim. Yəni, sevinc hissi o qədər güclü idi ki, məhz o an mənim xoşbəxtliyin zirvəsində olduğum an idi. Ancaq sonra insan sanki sakitləşir, artıq başqa hissə-duyğuya baxır, həyat rəngarəngdir və həyatın hər üzü var. Biz insanlar o rəngarəngliyi görürük, ola bilsin ki, bəzilərimiz az, bəzilərimiz daha çox hiss edirik, ancaq önəmli olan odur ki, görürük. Şəxsən mən bədbinlikdən uzaq, nikbin insanam. Doğrudur elə günlər olur ki, bədbin hisslərim də olur, ancaq özümü tez ələ almağı bacarıram. Yeri gəlmişkən, bu yaxınlarda müğənnilərimizdən biri ilə rastlaşdım, görüşdük, kefini, əhvalını soruşdum, "əlayam" dedi. İnanın ki, o "əla"nı necə gözəl dedisə, əhval-ruhiyyəsi yaxşı mənada mənə də sirayət etdi. İnsanlarımızı məhz belə yaxşı əhval-ruhiyyədə görmək istəyirəm, qoy hamı bədbinlikdən uzaq olsun. Doğrudur həyatımız ağırdır, ancaqolur-olsun həyatı sadələşdirmənin yolları çoxdur. Şəxsən mən bacarmadığım yükü götürmürəm, özümü görmədiyim heç bir işlə məşğul olmuram və hamıya da məsləhət görürəm ki, belə etsin.

   - Özünüzü görmədiyiniz rollardan imtina etdiyiniz məqamlar olurmu?

   - Əlbəttə, olur. Obraz üzərində çalışmaq üçün mənə material verməzsə, o zaman imtina edirəm. Dediyim kimi, obrazın xarakterini açmaq, onun keçdiyi həyat yoluna nəzər salmaq, şəxsən mənim üçün çox önəmlidir. Obrazın yükü olmalıdır, səhnədə ifa etdiyin obrazı tam olaraq aça biməsən, o zaman hansı sənətdən söhbət gedə bilər ki?! Doğrudur, sənətə yeni gəldiyim illərdə belə şeylərə önəm verməzdim, yəni təcrübəsizdim, hələ səhnəyə yeni-yeni alışırdım, buna görə də sadəcə səhnəni öyrənirdim. Ancaq illər keçdikcə formalaşma, inkişaf dövrü başlayır. Ömrün müdrik dövrü - seçim dövrü deməkdir. İndi mənim seçən dövrümdür, hər rolda tamaşaçı qarşısına çıxa bilmərəm.

   - Rolun böyüyü-kiçiyi sizin üçün nə dərəcədə önəmlidir?

   - Elə rollar var ki epizodik olmasına baxmayaraq baş rolun səviyyəsində dayana bilər. Yenə təkrar edirəm, önəmli olan rolun nə qədər material verməsidir, əgər aktyor peşəkardırsa, o zaman epizodu mütləq baş rol səviyyəsinə yüksəldə biləcək. Məsələn, "Xanuma" tamaşasında mənim oynadığım obraz iki dəfə səhnəyə çıxır - ilk bölümünikinci bölümün sonunda, ancaq elə geniş material var ki, sanki hər an səhnədədir. Artıq 3 ildir bu tamaşanı oynayırıq və hər dəfə də böyük maraqla üzərimə düşən obrazı canlandırıram.

   - Azərpaşa Nemətovun quruluşunda hazırlanan "Hamlet" tamaşasında Yaşar Nuri sadəcə bir epizodda - qəbirqazan rolunda səhnəyə çıxırdı və onun gəlişi sanki tamaşa salonunu lərzəyə gətirirdi, aktyor epizod rolu baş rol səviyyəsinə qaldırırdı...

   - Allah rəhmət eləsin Yaşar Nuriyə, gözəl insan, gözəl sənətkar idi. Onun elə bir rolu yoxdur ki, tamaşaçı tərəfindən sevilməsin. Ümumiyyətlə, Şekspirin əsərlərində böyük-kiçik rol söhbəti yoxdur. Dünya dramaturgiyasında qəbirqazan rolu çox önəmli obrazlardan biridir, çünki orda böyük fəlsəfə var. Qəbirqazanın hər sözünün altında böyük bir məna var, böyük fəlsəfə var. İstərdim ki, mənə həvalə olunan rollarda da böyük fəlsəfə olsun. Yoxsa söz yığnağı olan obrazla heç bir söz demək olmaz.

 

   - Ən gözəl, maraqlı obrazlara imza atmısınız, hazırda necə bir obraz oynamaq istərdiniz?

   - Bu sual mənim üçün də maraqlıdır, çünki öz-özümə də bu sualı verirəm, düşünürəm. Çox vaxt baxıram sənət yoldaşlarım hansı rolu oynamaqdan bəhs edir, özünü necə həmin rolda gördüyünü deyir. Mən belə fikirləşə bilmirəm, bəlkə arzuladığım rolu düşündüyüm kimi yüksək zirvəyə yüksəldə bilməyəcəyəm. Bəlkə sadəcə xəyalən obrazda özümü yaxşı görə bilirəm, bəlkə həmin obraz sadəcə xəyalən güclü görünürs. kimi suallar məni hər zaman düşündürür. Bu baxımdan obrazların seçimini rejissorların ixtiyarına verirəm, onlar məni hansı rolda görürlərsə, deməli həmin rolda uğurlu ifa nümayiş etdirə biləcəyəm. Yəqin ki, "Fransız" filmindəki rolum yadınızdadır, necə qəribə hərəkətlərlə rəqs edirəm. Ağlıma belə gəlməzdi ki, mən o hərəkətləri edə bilərəm, ancaq Vaqif Mustafayev məni inandırdı ki, obraz ifamda alınacaq. Və yaxud "Yoxlama" filmindəki lal-kar qadın obrazı, o da fərqliliyi ilə seçilirrejissor məni həmin obrazda gördü.

   - Adətən lal-kar, görmə əngəlli rolları oynayan aktyorlar əvvəlcədən həmin insanlarla ünsiyyətdə olur, onların yaşam tərzini izləyirlər...

   - Bu obraz mənə həvalə olunduğu gündən mən lal-kar insanlarla çalışan bir müəllimlə tanış oldum-məhşur loqoped Tamilla xanım uzun müddət mənimlə məşğul oldu, mətn üzrə bütün hərəkətləri mənə öyrətdi. Çoxları deyirdi ki, asandır, burda çətin heçyoxdur. Ancaq qətiyyən asan deyildi, hətta çox çətindi. Hətta Vaqif müəllimdən xahiş etdim ki, Tamilla xanım çəkilişdə iştirak etsin, çünki o bir rejissor olaraq hər dəfə bir əlavə və ya dəyişikliyi edə bilərdi, bu zaman da mən rolu tam olaraq oynaya bilməzdim. Mən lal-kar rolunu oynadığım zaman başa düşdüm ki, Allah qüsurlu insanlara güclü hissiyyat verir, əgər güclü hissiyyatları olmasa o zaman özlərini idarə edə bilməzlər.

   - Hər yaşın öz hesabatı var, öz-özünüzə hesabat verirsinizmi?

   - Ömrü verən Allahdır, bacardıqca mənalı, məsuliyyətli, dolu bir ömür yaşayacaqsan. Artıq 57 yaşım var və yaşımın necə məsuliyyətli bir dövrü olduğunu da yaxşı bilirəm. Ancaqolur-olsun özümü hər zaman gənc hiss edirəm. Çünki dünyaya, həyata olan baxışım çox gəncdir. Hətta bəzən sənət dostlarımla söhbət edərkən onların da mənim kimi hiss etdiklərini görürəm. Yəqin ki, bu da Allahın bir lütfüdür, yaşam gücü verir, həvəs verir. Həyatda sənətini sevərək, sənətində özünü taparaq, sənətiylə söz deyərək mənalı ömür sürməkdən gözəl heçola bilməz. 37 ildir bu sənətdəyəm və inanıram ki, hələ qarşıda daha önəmli rollara imza atacağam.

 

  

Xədicə QİYAS

Ekspress.-2014.- 6-8 sentyabr.- S.19.