"Naxçıvan teatrında bir-iki yaxşı rejissor var..."

 

Çingiz Haqverdiyev: "Çox adam göndərmişəm İncəsənət Universitetinə oxumağa..."

 

Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyevin aktyor, rejissor, musiqiçi kimi böyük xidmətləri var. Hazırda 86 yaşı olan sənətkar bu yaşda cavan aktyorlardan geri qalmır. Həyatını incəsənətə həsr edən Çingiz müəllim yorulmaq nə olduğunu bilmir. Bu yaşında könlündən "Arşın mal alan"da Sultan bəyi, "Məşədi İbad"da Məşədi İbadı oynamaq keçir...

   ... Və əlbəttə ki, arzuları, istəkləri çoxdur. Qocaman sənətkar onların bəzilərini Naxçıvanda olan əməkdaşımızla bölüşüb.

       - Çingiz müəllim, necə oldu ki, sizdə teatra maraq yarandı?

   - Mən 1928-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Orta məktəbdə oxuduğum dövrdə mənim incəsənətə çox həvəsim olub. 10 yaşından məktəbin özfəaliyyət kollektivinin hər tədbirində iştirak eləmişəm. Müharibə dövründə Bakıda məktəblərin bədii öz fəaliyyətinə baxış müsabiqəsi keçirilirdi. Müharibəyə aid səhnələr oynanmalıydı. Naxçıvan Dram Teatrının rejissoru, mərhum İbrahim Həmzəyev o vaxt qırx nəfər pioner üçün yaxşı bir ssenari hazırlamışdı. Müharibədə Hitlerin məğlub olması, bizim qoşunların Budapeşti alması səhnəsi idi. Mən Hitleri oynayırdım. Bu tamaşa çox xoşlarına gəldi. O vaxt Mərkəzi Komitənin katibi Mircəfər Bağırov idi. O, baxış müsabiqəsinin yekununa özü baxdı. Orda göstəriş verdi ki, bizim qırxımıza da paltar versinlər. Bundan sonra mənim teatra həvəsim lap artdı.

   Həm də ona görə teatra həvəsim var idi ki, mənim qardaşlarım Azərbaycanın xalq artisti Əyyub Haqverdiyev, Azərbaycanın əməkdar artristi Yusub Haqverdiyev olub. Evdə qardaşlarımın məşqinə baxardım. Eləcə də, böyük qardaşıma həmişə deyərdim ki, "icazə ver, teatra gəlim, arxa yerlərdən birində oturum sizin iştirak etdiyiniz tamaşalara baxım". Qardaşım da nəzarətçiyə tapşırmışdı ki, bu uşağın teatra həvəsi var, gələndə içəri burax.

   O vaxtı məni Gömürə pioner düşərgəsinə göndərdilər. Orda da uşaqlardan ibarət teatr kollektivi yaratdıq. Sonra Pionerlər Evində kiçik tamaşalarda çıxış edirdim. Bunu görən Naxçıvan Teatrının direktoru İbrahim Həmzəyev məni rəhbərlik etdiyi teatra uşaq rolları oynamağa dəvət etdi. "Vaqif"də balaca Gürcünü oynadım. Şekspirin "Namus"unda oynadım. Belə-belə, Naxçıvan teatrında püxtələşdim. Həm də Naxçıvan Musiqi Məktəbinə gedirdim. Teatrda operadan tutmuş, nə qədər musiqili komediya oynayırdılar, pulsuz kamança çalırdım. 1949-cu ildə əsgərliyə getdim. Əsgərlikdə Duvanlıda oldum. Sanqaçalda Mədəniyyət Sarayı var idi. Orda da teatrsız dayana bilmədim. Komsomal Komitəsinə gedib dedim ki, "bizə kömək eləyin, komandirdən icazə alın, sizə qəşəng tamaşa qoyum". Onlar da danışdılar, hissənin komandiri dedi ki, "səni ezamiyyətə göndəririk, mədəniyyət sarayına gedib onlara kömək elə". "Arşın mal alan"ı tamaşaya qoyduq. Mən Vəlini oynayırdım.

   - Əsgərlikdən sonra Naxçıvan Teatrına gəldiniz...

   - Naxçıvan Teatrında gözəl aktyorlar olub. İbrahim Həmzəyev, Musa Musayev, Mirhəsən Mirişli, mənim qardaşım Əyyub Haqverdiyev və başqalarının adını çəkə bilərəm.

   - Şahbuz Rayon Mədəniyyət Şöbəsinə gəlişiniz necə oldu? Orda nə işlər gördünüz?

   - Naxçıvanda Mollayev adlı bir nəfər var idi. Bir dəfə o mənə dedi ki, "bacımın xeyir-işi olacaq". Kamançanı da gətir, o məclisdə çal. O vaxt musiqiçi, çalan yox idi. Bir radio idi, vəssalam. Mən məclisdə yaxşı kamança çaldım. Onda Mollayev dedi ki, "Şahbuz Mədəniyyət Şöbəsinə müdir təyin olunmalıyam bu günlərdə. Gəlib yanımda işləyərsən?" Mən də həmin vaxt düşünürdüm ki, bir kollektivim olsun, sərbəst işləyim, ortaya bir şey çıxarım. Onun dediyi də yerinə düşdü. Dedim, gələrəm.

   Gəldim Şahbuz Mədəniyyət Şöbəsinə, gördüm ki, nə tar, nə də kamança çalan var. Orda dram dərnəyi yaratdım. Qeybulla Rəsulovun "Rəhmə gəl, mələyim" əsərini tamaşaya qoydum. Birinci katibin yanına getdim. Onun köməkliyi ilə müəllimləri teatra cəlb etdim. "Vaqif" dramını tamaşaya qoydum. Özüm Kürd Musa rolunda oynadım. Tar, kamança, qarmon həvəskarlarını topladım bir yerə. Bir dördlük də yaratdım. Onlarla tarlalara, fermalara teatr, konsert verməyə getdik. Naxçıvan üzrə keçirilən bütün müsabiqələrdə birinci yerə çıxdıq.

   Dram kollektivi ilə 1980-ci ildə Şamaxıya getdik. Azərbaycan üzrə dram dərnəklərinə və xalq teatrlarına baxış müsabiqəsi keçirilirdi. "Bizim adam", "Ər və arvad" tamaşaları ilə getmişdik. Hərəsi birpərdəli idi. Musiqisini də özüm vermişdim. İkisini də musiqili komediya eləmişdim. Rəşid Behbudov bizim Şahbuzun deputatı idi. Bizə bir avtobus da bağışlamışdı. Həmin avtobusla Şamaxıya getdik. Növbə bizə gəldi. Şəmsi Bədəlbəyli komissiyanın sədri idi. Tamaşadan sonra Şəmsi müəllim tamaşanın kim tərəfindən hazırlandığını soruşdu. Şöbə müdiri məni göstərdi. Dedi, "haranı bitirmisən?" Dedim ki, "heç yeri. Həvəskar adam olmuşam. On yaşından səhnədəyəm. Musiqiçiyəm, aktyoram, rejissoram". Dedi, "lap yaxşı, sən gözəl tamaşalar qoymusan. Musiqilər də düzdü. "Vaqif", "Fərhad və Şirin" oynamısınız, çox gözəl, hamımızın xoşuna gəldi. Amma Şahbuz dağ yerində musiqili komediya janrına meyl edib, belə gözəl oynayıb. Birinci yer Şahbuzundu".

   - Qardaşlarınızın aktyor olmağınıza köməklikləri oldumu?

   - Qardaşım deyirdi ki, "sən bu sahədən əl çək. Biz iki qardaş aktyoruq. Sən bura nəyə gəlib-gedirsən?" Mən də deyirdim ki, işim budu. Axırı gördülər burda nələr elədim, dedilər, çox sağ ol ki, bzim başımızı uca elədin. "Evliykən subay"da mənim qardaşım Əyyub Haqverdiyev Kəblə Hacını oynayırdı. Qardaşım rəhmətə gedəndən sonra o tamaşa oynanılmadı. Mən o tamaşanı 20 ildən sonra aparıb Naxçıvan Teatrında tamaşaya qoydum. Qardaşımın oğlu gəlib dedi ki, sən mənim atamı elə bil diriltdin. Mənim hələ həvəsim var. Mən işləməsəm yaşayammaram...

   - Yeri gəlmişkən, xalq teatrı yaratmaq məsələsi necə oldu?

   - Bu yaxınlarda Xalq Teatrı almaq üçün Üzeyir Hacıbəyovun "Ər və arvad"ını tamaşaya qoyduq. Musiqi rəhbəri mən, rejissoru Ramiz Cəlilov oldu. Mən həm də baş rolu -Mərcan bəyi oynayırdım. Mədəniyyət Nazirliyindən, Naxçıvan Dram Teatrının baş rejissoru, teatrşünaslar gəldilər. İctimaiyyəti də yığdılar. Tamaşanı bəyəndilər. Dedilər ki, Xalq Teatrını təsdiq edirik.

   - Siz həm də rejissorsunuz...

   - Mən Şahbuza gələndən bu günə kimi irili-xırdalı 100-dən artıq əsər tamaşaya qoymuşam. "Vaqif", "Fərhad və Şirin", "Yağışdan çıxdıq, yağmura düşdük", "Lənkəran xanının vəziri" və s. Naxçıvan teatrında yaxşı bir-iki rejissor var. Çox olmalıdır, yoxdur. 1977-ci ildə gənclərin Ümumittifaq Festivalında Şahbuzun özfəaliyyət kollektivi 27 qızıl medal aldı...

   Naxçıvanda mənim ən xoşuma gələn rejissor Kamran Quliyevdi. Gözəl rejissordu, gözəl də tamaşalar qoyur. İbrahim Həmzəyev, Səməd Mollalı kimi rejissorlarımız olub. Naxçıvanda 3 xalq teatrı var: Şərurda, Babəkdə, biri də Şahbuzda.

   - Hansı rolları oynayırsınız hazırda?

   - Ən baş rolları özüm oynayıram. "Məşədi İbad"da Hətəm bəyi oynayıram. Keçən ay Naxçıvan Dram Teatrında "Evliykən subay"ı tamaşaya qoyduq. Orda Kəlbə Hacını oynadım.

 

   - 86 yaşda özünüzü necə hiss edirsiniz?

   - O cavanlıq həvəsi indi də var. Nəyə deyirsiniz, and içim ki, mənim cavanlıqla indiki vaxtımda heç bir fərq yoxdu. Tamaşaya, konsertlərə, musiqiyə həvəs var, günlərlə məşq eləyim, yorulmuram. Heç kim də məni məcbur eləmir ki, çıx səhnədə oyna...

   Düzdür, qocalığın vaxtı gəlib. Amma göydəki Allah məni yaxşı saxlayıb. Bir də övladlarım. Mənim çox gözəl övladlarım, nəvələrim var...

   Oğlum Şücaət Haqverdiyevin Səmərqənddə böyük ansamblı var idi. Sintezator çalırdı. Burda da "Batabat" ansamblı yaratmışdı. O biri oğlum zərb çalırdı. O da Rusiyadan köçüb Bakıya gəldi...

   1977-ci ildə mənə Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi adını verdilər. Dəfələrlə Azərbaycan və Naxçıvan Ali Sovetlərinin Fəxri Fərmanlarını almışam. Çox mükafatlara layiq görülmüşəm...

   - Bu yaşdı könlünüzdən hansı rolu oynamaq keçir?

   - Bu yaxınlarda hazırlayacağımız "Arşın mal alan"da Sultan bəyi oynamaq istərdim. "Vaqif"də Kürd Musanı, "Yağışdan çıxdıq, yağmura düşdük"də Hacı Qəmbəri, "Məşədi İbad"da Məşədi İbadı oynayardım. İndi bu obrazı öz şagirdimə vermişəm. İstəyirəm ki, o oynasın. Mən də onunla fəxr edim. Özü də gözəl oynayacaq.

   - Toylara da getmisiniz?

   - O vaxt tar, kamança bir də qaval idi... 1990-cı illərə qədər toylara getdim. Qazaxıstandan belə, Zəngibasar, Vedi- getmədiyimiz rayon qalmayıb. "Heyvagülü", "Uzundərə", "Vağzalı", "Mirzeyi", "Tərəkəmə", "Şalaxo" və s. mahnıları sifariş verərdilər. Şabaş verirdilər, o şabaşla 1-2 ay dolanmaq olardı. Bu uşaqların hamısını mən o toyun hesabına oxutmuşam...

   - Özünüzü xoşbəxt hiss edirsinizmi?

   - Xoşbəxtlik ondadır ki, işlədiyim kollektivdə hörmətim var. Rayonun bütün vəzifəli şəxsləri mənə hörmət edir. Nə iş olub, mən onun öhdəsindən gəlmişəm...

   - Cavanlarla aranız necədi?

   - Cavanlar mənə deyir ki, "sən bizdən çeviksən". Onlar mənə ağsaqqal da demirlər. Mən oxuyuram, musiqini onlara öyrədirəm. Çox adam göndərmişəm İncəsənət Universitetinə oxumağa.

   Hekayəni səhnələşdirib qiyabiçi tələbələrə vermişəm...

   Çox adamın diplom işinə rejissorluq eləmişəm... Yazısına kömək eləmişəm...

   - Sizi bu qədər cavan saxlayan nədi?

   - Məni indiyə qədər cavan saxlayan arvadımla fəxr eləmişəm. O özü də mədəniyyət işçisi olub uzun müddət, yaxşı oxuyan olub. 1954-cü ildə ailə qurmuşuq. İndi ağır xəstədi. Məni bu yaşda, şux, həvəsli saxlayan odu. Çox çətin işlərə qoymurdu girim. Həyat yoldaşım mənimlə fəxr edirdi. O özü gözəl "Şahnaz", "Qarabağ şikəstəsi", "Yetim segah" və s. muğamlar oxuyurdu. Mən 1954-cü ildən 1990-cı ilə qədər Şahbuz Rayon Mədəniyyət Evinin direktoru işləmişəm. 1990-cı ildən bədii rəhbər işlədim. İndi Xalq Teatrının rejissoruyam. Həyat yoldaşım bir dəfə deməzdi ki, niyə evə gec gəlirsən, bu kimdi evə gətirmisən? Kişi kişi olar, arvad da arvad...

 

   Təzə gələndə, 30 manat maaş almışam. Yuxarısı 50 manat oldu. O qədər adam gəldi-getdi başqa sahələrə. Amma biz dözdük. Teatrda 10 manat maaş versələr də, mən başqa sahəyə getməyəcəydim.

   - Siz həm də Ağsaqqallar Şurasının sədrisiniz...

   - Bizim ağsaqqallara rayon icra hakimiyyəti tərəfindən çox böyük kömək olur. Bizə Mədəniyyət Evində ayrıca bir otaq ayrılıb. Ağsaqqallar boş vaxtlarında gəlib orda şahmat, nərd oynayırlar. Şahmat Məktəbində Sosial Təminat Şöbəsi ilə bir yerdə ağsaqqalların yarışını keçirmişik. Ağsaqqalların Naxçıvanda özfəaliyyət yarışını təşkil etmişik. Aşıqlarımız, zurnaçılarımız, oxuyanımız var 70-80 yaşında. Burda ağsaqqallara hər şərait var.

 

  

Namiq MƏMMƏDLİ

Ekspress.-2014.- 6-8 sentyabr.- S.20.