Gerçəkliyə çevrilən neft əfsanəsi...

 

"Əsrin Müqaviləsi"ndən 20 il ötür: $120 milyard qazanmışıq, daha $120 milyard qazana bilərik

 

Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasından 20 il ötür. 1994-cü il sentyabrın 20-də dənizin dərinliyində yerləşən "Azəri", "Çıraq", "Günəşli" (AÇG) yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında müqavilə bağlanıb.

   "Əsrin müqaviləsi"ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları Anonim Ortaqlığı, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. 1994-cü il dekabrın 12-də isə Milli Məclis "Əsrin müqaviləsi"ni təsdiqləyib.

   "Əsrin müqaviləsi" Azərbaycan üçün böyük əhəmiyyətə malik hadisələrdən biri kimi xarakterizə edilə bilər. Belə bir müqavilənin imzalanması ölkəmizin iqtisadi həyatında ciddi dönüş yaratdı.

   1990-cı illərin əvvəli Azərbaycan, onun iqtisadiyyatı üçün çox çətin idi. Demək olar ki, sənayenin bütün sahələrində müəssisələr imkanlarını itirmişdi, neft sənayesi tənəzzül edirdi.

   1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almışdı, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi və 1994-cü ilədək ölkə iqtisadiyyatına xarici sərmayə qoyulmamışdı.

   Neft hasilatı da illər ötdükcə azalırdı. 1980-ci ildə 14,65 milyon ton neft hasil edən Azərbaycanda hasilat 1994-cü ildə 9,5 milyon tona düşmüşdü. Ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.

   Azərbaycan iqtisadiyyatının ağır böhran keçirdiyi dövrdə böyük neft müqaviləsinin bağlanılması böyük hadisə idi. "Əsrin Müqaviləsi" Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı sonrakı illərdə dünyanın 18 ölkəsinin 41 neft şirkəti ilə 32 saziş imzalandı...

   1993-cü ilin yayında Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ilk növbədə alovlanmaqda olan vətəndaş savaşının qarşısını almış, ölkədə daxili siyasi sabitliyi bərqərar etmişdi. Bununla da müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün zəmin imkanlar yaradılmışdı. Heydər Əliyev böyük təcrübəsi xarici siyasətin prioritetlərini düzgün müəyyənləşdirməklə təhlükələri neytrallaşdırır, regionda mənafeyi olan aparıcı dövlətlərin maraqlarını mümkün qədər tarazlaşdırmaqla təhdidləri dəf edirdi.

   Belə bir çətin dövrdə - Xəzərin sərvətləri ətrafında gedən böyük oyunlarda Azərbaycan öz mənafelərini qoruya bildi bu proseslərdə Azərbaycanın bütövlükdə Xəzər regionunun aparıcı dövlətinə çevrilməsi yolunda qəti addımlar atıldı: ölkənin müstəqil neft siyasəti gerçəkləşdirilərək beynəlxalq arenada Azərbaycanın söz sahibi olmasına nail olundu. Neft Azərbaycanın ən qiymətli iqtisadi sərvəti kimi ölkənin sosial-iqtisadi baxımdan çiçəklənməsi demək idi. Uğurlu neft siyasəti isə "qara qızıl"ı Azərbaycanın həm siyasi sərvətinə çevirirdi: Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, siyasi dividendlər qazanmasına imkanlar açırdı.

   1994-cü ilin 20 sentyabrında Xəzərin neft yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə "Əsrin müqaviləsi"nin imzalaması qarşısında müxtəlif, aşılması inanılmaz, hətta fantastik görünən əngəllər (regiondakı münaqişələr, Cənubi Qafqaza nüfuz uğrunda ABŞ-Rusiya rəqabəti, Azərbaycan-Rusiya Azərbaycan-İran münasibətlərində gərginlik, Moskvanın Rusiyadan yan keçəcək enerji layihələrinə dözümsüzlüyü, hələ davam edən Xəzərin statusu problemi s.) dursa da, ölkəmizin uğurlarına qısqanclıqla yanaşılsa da, hətta belə bir çətin şəraitdə ölkənin perspektivləri çoxları üçün qeyri-müəyyənlik dumanına bürünsə , sonda Heydər Əliyev qalib gəldi - Azərbaycan üçün mühüm önəmə malik, geosiyasi geoiqtisadi baxımdan inqilabi sayıla biləcək "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu.

   Ona görə inqilabi ki, postsovet məkanında Rusiyanın iştirakı olmadan bu ölkədən yan keçəcək neft layihəsinin reallaşması inanılmaz, əfsanəvi görünürdü. Bu, faktiki olaraq postsovet məkanının geosiyasi mənzərəsini kökündən dəyişmək demək idi.

   Məhz həmin günlərdə sonralar Heydər Əliyevin ortaya qoyduğu siyasi iradə ikiqat (həm iqtisadi, həm siyasi) nəticələr verdi: bacarıqlı "neft diplomatiyası", karbohidrogen ehtiyatlarımızla bağlı siyasət müstəvisində atılan addımlarla regionda Azərbaycanın maraqlarına uyğun strateji dəyişikliklərin əsası qoyuldu...

   İlk neft müqaviləsi 1994-cü ildə imzalansa da, bu müqavilədən ilk gəlir 2001-ci ilə təsadüf edir. Həmin ildə neft satışından Azərbaycan dövləti 270,9 milyon dollar gəlir əldə etdi. Neft müqaviləsindən gələn gəlirlərdən Azərbaycanın digər sahələrinin faydalanması da həmin ildən başlandı.

   1999-cu ildə təsis edilən Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanan vəsaitdən bütün iqtisadiyyat faydalandı. Bu məqsədlə 2003-cü ildən etibarən fondda toplanan vəsaitdən dövlət büdcəsinə transfertlər həyata keçirildi. Dövlət büdcəsinə transfertlərdə böyük dönüş isə 2008-ci ildən baş verdi.

   2008-ci ildə dövlət büdcəsinin gəlirlərində Neft Fondundan köçürmələrin payı 35,3 faiz olub. 2009-cu ildən büdcə gəlirlərində payı 40 faizi, 2010-cu ildən 50 faizi ötüb. 2013-cü ildə büdcə gəlirlərinin 58,2 faizi, 2014-cü ildə proqnoza əsasən büdcə gəlirlərinin 50 faizini birbaşa köçürmələr təşkil edəcək.

   Ümumilikdə, 2013-cü ilin sonuna qədər dövlət büdcəsinə fonddan 64,23 milyard dollar vəsait köçürülüb. Bu il daha 9,337 milyard manat (12 milyard dollar) transfert nəzərdə tutulub.

   Dövlət büdcəsinə köçürülən vəsaitin 98 faizindən çoxunu məhz AÇG müqaviləsi çərçivəsində ARDNF-nin birbaşa dolayı gəlirləri təşkil edir. 2001-2013-cü illər ərzində ARDNF 100,11 milyard dollar, 2014-cü ilin birinci yarısında əlavə olaraq 8,2 milyard dollar gəlir əldə edib.

   Gəlirin böyük hissəsi AÇG-dən daxil olub. 2000-2006-cı illər ərzində mənfəət neftinin satışı ilə bağlı daxilolmaların həcmi 2,5667 milyard dollar təşkil edib. Bu vəsaitin demək olar ki, 99 faizindən çoxu "Əsrin müqaviləsi" çərçivəsində satılan neftin puludur. AÇG-dən 2007-ci ildə 1,9296 milyard dollar, 2008-ci ildə 13,937 milyard dollar, 2009-cu ildə 9,49 milyard dollar, 2010-cu ildə 15,581 milyard dollar, 2011-ci ildə 19,027 milyard dollar, 2012-ci ildə 16,25 milyard dollar, 2013-cü ildə 16,707 milyard dollar gəlir əldə edib. 2001-2013-cü illərdə "Əsrin müqaviləsi" çərçivəsində neft satışından gəlir 95,5 milyard dollar olub.

   2014-cü ilin birinci yarısında mənfəət neftinin qazın satışından fond 6,3554 milyard manat (təxminən 8,1 milyard dollar) qazanıb. Bunun 97-98 faizi AÇG layihəsi üzrə gəlirlərdir. Bu da təxminən 7,8-7,9 milyard dollar vəsaitdir. Beləliklə, 2001-ci ildən 2014-cü ilin birinci yarısına qədər AÇG müqaviləsi üzrə fonda daxil olan xalis gəlir 103,4 milyard dollardan çoxdur. Neft Fondunun ümumi gəlirləri isə 108 milyard dolları ötür.

   Qeyd edək ki, əlavə olan 5 milyard dollarlıq vəsaitin bir hissəsi AÇG-nin hesabına əldə edilən vəsaitlərə aiddir. Fondda toplanan gəlirlərin bir hissəsi başqa neft qaz müqavilələrindən daxil olsa da, digər hissəsi vəsaitlərin idarəedilməsindən əldə edilib. İdarəedilən vəsait isə AÇG-nin hesabına əldə edilən vəsaitdir.

 

   "Əsrin müqaviləsi" Azərbaycanın xarici ticarətinin yüksəlməsində böyük rola sahibdir. 2003-cü ildə ölkəmizin ixracı 2,6 milyard dollar olduğu halda 2013-cü ilin yekununda 24 milyard dollara çatıb. Ötən müddətdə ixracda 9,23 dəfə artım baş verib. Artımın bu qədər böyük olmasının yeganə səbəbi xam neft, neft məhsulları təbii qazın satışının artmasıdır. 2013-cü ildə Azərbaycanın ixracının 93 faizini neft qaz sektoru təmin edib.

   Azərbaycanın AÇG-dən əldə etdiyi gəlir sadalananlarla da kifayətlənmir. Ölkəmizin "Əsrin müqaviləsi"ndən digər gəliri olub.

   Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirir ki, "Əsrin müqaviləsi"ndə pay sahibi olan Azərbaycan Dövlət Neft Şirkətinin qazancı var. Bundan əlavə, xarici neft şirkətləri 1995-ci ildən başlayaraq həm dövlət büdcəsinə, həm Dövlət Sosial Müdafiə Fonduna vergi sosial sığorta haqları ödəyib. Bundan əlavə, müxtəlif sosial layihələr həyata keçirilir (Modern.az).

   Şaban söyləyir ki, Azərbaycanın digər qazancları da olur: "Bunu heç yerdə açıqlamayıblar. "Əsrin müqaviləsi"ndən dövlət büdcəsinə 15 milyarda yaxın bu ya digər səpkidə vergilər daxil olub. Dövlət Neft Fonduna gələn vəsaitlə cəmləsək, Azərbaycan tərəfi bu müqavilədən 120 milyarddan artıq gəlir əldə edib. Təbii ki, bu vəsaitlərin bir hissəsi xərclənib. Bu gün Dövlət Neft Fondunda 37 milyarddan bir qədər artıq vəsait qalıb. Deməli, gəlirin 60 faizdən bir qədər artığı xərclənib".

   Qeyd edək ki, 2024-cü ilin dekabrında müqavilənin hüquqi müddəti başa çatır. İ.Şabanın sözlərinə görə, bundan sonra ixrac olunan neftin orta qiyməti 80 dollar olacaqsa, onda ölkəmizin qazancı təqribən 100 milyard dollara çatacaq. Əgər neftin orta ixrac qiyməti 100 dollar olarsa, Azərbaycanın gəliri təqribən 120 milyard səviyyəsində olacaq.

   Onu da əlavə edək ki, indiyədək AÇG yataqlar blokundan 345 milyon ton neft 100 milyard kubmetr qaz hasil edilib.

 

  

Vasif Cəfərov

Ekspress.-2014.- 20-22 sentyabr.- S.11.