"Bir nəmər çatacaq qaranquşlara"

                                                                                                                                         

                                                                                                                                              Ramiz Əskər-60

 

Yaşıdlarımın, məndən beş-on yaş böyük, ya da kiçik olan tanıdığım adamların 60-70 yaşa çatdıqlarını eşidəndə həmişə heyrətlənmişəm. Necə oldu ki, illər belə sürətlə ötüb keçdi? Qədim Oğuz ellərində buz bulaqlarından içdiyimiz, uca dağlarında dolaşdığımız, çöllərində, yamaclarında kərənti çəkdiyimiz, çiçəkli çəmənlərinin şehində islandığımız uşaqlıq dostlarım necə oldu ki, belə tez yaşlandılar?

   Özümün də yaşımın üstünə yaş gəldikcə həm sevinmişəm, həm də kədərlənmişəm. Sevinmişəm ki, Ulu Tanrı mənə bir ilömür bəxş etdi, yaşamaq möhləti verdi. Kədərlənmişəm ki, bir il də yaşlandım, gəncliyimdən uzaqlaşa-uzaqlaşa ömrün qürubuna doğru bir il də yaxınlaşdım. Gənclik dostum, tanınmış türkoloq Ramiz Əskərin 60 yaşı olduğunu eşidəndə də eyni hissləri keçirmişəm. İnanmadım ki, Ramiz Əskərin 60 yaşı tamam olur. Ancaq təbiətin əzəli və əbədi qanunları var. Dünyaya göz açan hər kəs Tanrının ona verdiyi ömrün illərindən bir-birinə körpü sala-sala irəliləyir. Elə insanlar var ki, bir körpüdən o birinə keçməmiş arxasındakı körpülər uçub dağılır, ondan əsər-əlamət qalmır. Elələri də var ki, qurduğu körpülər nəinki qalır, hətta bu körpülərdən neçə-neçə yolçu keçib onun arxasınca gəlir. Ramiz Əskərin ömür yolu, saldığı körpülər əsl elm fədaisinin, cəfakeş bir alimin özündən sonra qoyduğu pozulmaz izlərdir.

   Ramiz Əskəri mən qırx ildən çoxdur ki, tanıyıram. O, orta məktəbi 1971-ci ildə, mən isə ondan bir il sonra 1972-ci ildə bitirmişəm. O vaxtlar yaxşı oxuyan uşaqların adı bütün ətraf kəndlərə yayılırdı. Ramiz Qaraçanta (1939-cu ildən Əzizbəyov) kənd orta məktəbində oxuyarkən adını tez-tez eşidərdik. Şeir və məqalələrlə rayonumuzda " Amasiya rayonunda çıxan "Əmək" qəzetində çıxış edirdi. Orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə daxil oldu. Üçüncü kursu bitirdikdən sonra təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirdibu mötəbər universiteti bitirən ilk amasiyalı jurnalist Ramizin tale payına düşdü. O, çox müxtəlif vəzifələrdə - Azərbaycan radiosunda redaktor (1978-1983), Azərbaycan, türk, ərəb, rus, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993) və başqa vəzifələrdə uğurla çalışmışdır. Ramiz Əskər Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, respublikanın Əməkdar jurnalistidir. O, "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Yeni Orhun" "Türk dünyasına xidmət", Türkmənistanın "Altun əsr", TÜRKSOY-un "Özəl ödül" mükafatları laureatıdır. Hazırda bu görkəmli alim BDU-nun nüfuzlu bir kafedrasının Türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışır, inzibati-idarə işləri ilə yanaşı, elmi axtarışlarını, tərcüməçilik fəaliyyətini uğurla davam etdirir. Əslində Ramiz Əskərin gördüyü işlər, qazandığı titullar sadaladıqlarımızdan qat-qat çoxdur. Onun gərgin yaradıcılıq axtarışları ağır zehni əməyi nəticəsində işıq üzü görən böyük ensiklopedik alim Mahmud Kaşğarinin "Divanü-lüğat-it türk əsərinin adını çəkmək kifayətdir ki, Ramiz Əskərin Azərbaycan dilçiliyi, türkologiya elmində özünəməxsus yerini mövqeyini müəyyənləşdirəsən. Hələ mən onun türk xalqları ədəbiyyatından tərcümə etdiyi fundamental əsərləri, tərtib etdiyi kitabları demirəm. "Monqolların gizli tarixi", Yusif Xas Hacibin "Qutadğu bilik", Z.M. Baburun "Baburnamə", B.Çobanzadənin "Seçilmiş əsərləri", B.Ögəlin "Türk mifologiyası", F.Sümərin "Oğuzlar" daha neçə-neçə əsər bu qəbildəndir.

   Orxon abidələri haqqında Azərbaycan filologiyasında bir sıra maraqlı araşdırmalar aparılmış, dəyərli tədqiqat əsərləri yazılmışdır. Bakı Dövlət Universitetindən bu müqəddəs məkana ayaq basıb, Orxon abidələrini ziyarət etmək şərəfi yenə Ramiz Əskərə nəsib olmuşdur. Ramiz Əskərin təbirincə desək, "türk dünyasının gerçək patriotu əsil ziyalısı akademik Abel Məhərrəmov" bu sahədə ona yaxından köməklik göstərmiş nəticədə Abel müəllimin maddi-mənəvi dəstəyi, Ramiz Əskərin gərgin axtarışları hesabına "Orxon abidələri" (Bakı, 2012) adlı nəfis tərtibatlı qiymətli bir kitab işıq üzü görmüşdür. Qədim türk yazılı abıidələri fənninin tədrisində mövcud boşluğun doldurulmasında bu tədris vəsaiti indi faydalı bir mənbədir. Biz yeri gəlmişkən, Azərbaycan dilinə ədəbiyyatına, ümumiyyətlə, elm təhsilə göstərdiyi böyük diqqət qayğıya görə akademik Abel Məhərrəmova dərin təşəkkürümüzü sonsuz şükranlığımızı bildiririk.

   Ramiz Əskər vaxtilə onun müəllimləri, müəllimlərinin müəllimi olmuş AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyevlə, professor Pənah Xəlilovla, mərhum professor Yusif Seyidovla daha neçə görkəmli alimlə çiyin-çiyinə çalışmış indi çalışır. Müəllim üçün tələbənin, tələbə üçün müəllimin bundan böyük fəxri ola bilməz. bu görkəmli elm adamları sırasında BDU-da təhsil aldığım illərdə mənə dərs demiş Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Ağamusa Axundov, Fərhad Zeynalov, Cəlal Abdullayev, Samət Əlizadə, Tofiq Hüseynoğlu kimi alimlərin qarşısında ehtiramla, aciz bir şagird tək baş əyirəm. Qoy tanrının işığı dünyadan köçənlərin , dünyada qalanların da üstündə olsun!

   Məşhur bir kəlam var: "Alim olmaq asandır, insan olmaq çətin". İnsan məfhumu altında bu kəlamda, məncə, humanizm, xeyirxahlıq, daxili saflıq, təvazökarlıq, zəhmətsevərlik sair kimi yüksək mənəvi keyfiyyətlər ifadə olunmuşdur. Məhz bu keyfiyyətlərdir Ramiz Əskəri dağdan ağır işlərin altına girməyə vadar edən, gecəli-gündüzlü onu çalışdıran. Həm bu keyfiyyətlər Ramizin etno-milli yaddaşından, nəsil-nəsil qanından-iliyindən süzülüb gələn mənəvi göstəricilərdir. Ümumiyyətlə, Ramiz Əskərin mənsub olduğu Alməmmədlilər nəsli açıq dünyagörüşlü, elm təhsilə yüksək qiymət verən intellekt nəsil kimi tanınır. Onun atası Baxşəli Əskərov Ağbaba mahalında tanınmış pedaqoqlardan idi. Baxşəli müəllim uzun müddət Amasiya rayonunda müxtəlif məsul vəzifələrdə (məktəb direktoru, "Sovet Ermənistanı" qəzetinin xüsusi müxbiri, "Əmək" qəzetinin redaktoru, Amasiya rayon partiya komitəsində təlimatçı, şöbə müdiri) çalışmışdı. Onun 2001-ci ildə nəşr etdirdiyi "Ağbabada qalan izlər" kitabı maraqlı etnoqrafik məlumatlarla, Ağbabanın tarixi, iqtisadiyyatı, əhalinin etnik tərkibi, milli məişəti sair materiallarla olduqca zəngindir. Bütün şüurlu həyatını maarifin inkişafına sərf etmiş bu el ağsaqqalını Məmməd Aslan sərrast obrazlı ifadə ilə "əyalətə məhkum olunmuş böyük ziyalı, gölə düşmüş balina" adlandırmışdır.

   Ramizin əmisi Kərim Əskərov da Qərbi Azərbaycanda böyük nüfuz sahibi idi. O, on ildən artıq Amasiya rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışmış, rayondakı azərbaycanlı məktəblərin (14 orta, 8 səkkizillik məktəb) inkişafında, bu tədris ocaqlarının yerli milli kadrlarla təmin olunmasinda böyuk əmək sərf etmişdi. Olduqca təvazökar həlim təbiətli bu insan 1988-ci ilin deportasiyasınadək Amasiya rayonunda iki dildə nəşr olunan "Əmək" ("Aşxatank") qəzetinin redaktoru idi. Redaksiyada yaradılan 1987-ci ilədək fəaliyyət göstərən "Ağbaba" ədəbi birliyi Kərim müəllimin qəzetin məsul katibi Rakif Namazovun sayəsində özünə pərəstişkarlar qazandı. İndi onlar bizim aramızda olmasalar da, xatirələrdə yaşayırlar.

   Mən bu məqaləni Ramiz Əskərə həsr etsəm , özümdən asılı olmayaraq tanıdığım ürəyi nurlu, xeyirxah insanları xatırlamaya bilmədim. Görünür, bu da taleyin bir hökmüdür ki, Ramiz müəllim kimi təvazökar ziyalının, elm fədaisinin adını tək çəkmək, ondan ayrıca bəhs etmək olmur.

   Professor Ramiz Əskər 60 yaşına sanballı əsərlərlə, dərin məzmunlu tədqiqatlarla qədəm qoyur. Ana təbiətdə baharın gəlişini qaranquşlar necə muştuluqlayırsa, Ramiz müəllimin çap etdirdiyi kitablar tərcümə əsərləri elm aləminə bu sahədə ilk araşdırmaların xoş sorağını çatdırır. Ramiz Əskərin "Əmək" qəzetinin 1983-cü il aprel nömrələrinin birində dərc olunmuş "Baharın gəlişi" adlı şeirində yazdığı kimi:

   Baharın gəlişi gəlin gəlişi,

   Bir nəmər çatacaq qaranquşlara.

   Görən təbiətin nədir bəxşişi,

   Göyləri qanadla yaran quşlara"

   Bu bəndi öz-özumə təkrarlaya-təkrarlaya fikirləşirəm ki, ana təbiətin yaratdığı bəzi varlıqlarla əsl ziyalılar, elm adamları arasında oxşarlıqlar çoxdur. Qaranquşlar baharın müjdəsini gətirir, bal arıları min bir çiçəkdən zərrə-zərrə bal toplayır, qarışqalar özündən dəfələrlə ağır yük çəkir. Ancaq qaranquş, bal arısı, qarışqalar heç kimdən heç ummurlar. Ulu qüdrət necə nizamlayıbsa, onlar da elə edirlər. Ramiz Əskərin ömür yolu eynilə beləcədir; cəmiyyətdə yaşayıb-yaratmasına baxmayaraq, təbiət qanunlarından kənara çıxmır, o da eyni işi görür: qarışqanın, bal arısının, qaranquşun etdiyi kimi!

 

Avtandil AĞBABA Sumqayıt Dövlət Universiteti Əməkdar journalist

 

Ekspress.-2014.- 10 yanvar.- S.14.