"Aktrisalıqdan başqa əlimdən heç nə gəlmir..."

 

Şəlalə Şahvələdqızı: "Yalnız sənətimdə irəli getmək barədə düşünürəm"

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Şəlalə Şahvələdqızı "milli.az"a müsahibə verib. Aktrisa sənətə gəlişindən, hazırkı durumundan, eləcə də teatrın vəziyyətindən danışıb.

Tanıtım: Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində doğulub. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyoru fakültəsinə daxil olub. Sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov Elçinin "Ah, Paris, Paris!.." satirik komediyasını Akademik Milli Dram Teatrında tamaşaya hazırlayanda, tələbə aktrisaya da rol verib. Gülbəniz rolunun məşqlərinə inamla başlayan Şəlalə 1996-cı ildə aktrisa kimi bu teatra işə götürülüb. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb.

2012-ci il mayın 9-da əməkdar artist adına layiq görülüb.

- Necə oldu, aktrisa olmaq qərarına gəldiniz?

- Mən, əslində, aktrisa olmaq fikrində olmamışam. Arzum iqtisadçı olmaq idi. Lakin elə gətirdi ki, fikrimi dəyişdim. Sənədlərimi Dövlət Mədəniyyət İncəsənət Universitetinə verdim qəbul olundum. Nəticə etibarilə, aktrisa oldum. İndi işimdən, sənətimdən çox razıyam.

- Bu qərarınızı valideynləriniz necə qarşıladılar?

- Mənə qarşı heç bir etiraz olmadı. Yalnız qardaşlarım dedilər ki, özünü düz-əməlli aparsan, heç bir problem yoxdur (gülür).

- Bu vaxtacan ən uğurlu rolunuz hansı olub?

- Mən oynadığım bütün rollarımı sevirəm. O ki qaldı ən uğurlu roluma, onu mən yox, tamaşaçılar daha yaxşı bilərlər.

- İmtina etdiyiniz rol olub?

- Xeyr, elə bir rol olmayıb. Teatrda mənə həvalə olunan bütün rolları oynamışam. Amma filmlərdə, seriallarda imtina etdiyim rollar olub.

- Necə rol oynamaq istərdiniz?

- Psixoloji rol oynamaq istərdim. Özü teatrda yox, filmdə.

- Sənət baxımından hələ öyrənə bilmədiyiniz nəsə qalıb?

- Təbii ki, hər bir insan kimi, mənim zəif nöqtələrim var. Amma nələr olduğunu deməyəcəm, çünki düşmənlərim bundan istifadə edə bilərlər.

- Düşmənləriniz çoxdur?

- Düşmənim olmağına var, amma qədər olduğunu bilmirəm.

- Əlavə qazanc yeriniz var?

- Seriallardan qazanc əldə edirəm.

- Aktrisalıqdan savayı əlinizdən hansı gəlir?

- Heç bir . Xarici dil bilirəm. Onu da yüksək səviyyədə bilmirəm ki, gedim haradasa işləyim.

- Ailəlisiniz?

- Xeyr, ailə qurmamışam.

- Bunun özəl bir səbəbi var?

- Şəxsi həyatım haqqında danışmağı xoşlamıram.

- Səhnədən neçə yaşınızda getməyi planlaşdırırsınız?

- Belə bir planım yoxdur. Mən ölənə qədər səhnələrdə olacağam, inşallah.

- Sənətdə sizinlə rəqabət aparan insanlar var?

- Olub-olmadığını mən dəqiq deyə bilmərəm.

- Bəs siz necə, kiminləsə rəqabət aparırsınız?

- Xeyr, mən heç kimlə rəqabət aparmıram heç bir qalmaqala başımı qoşmuram.

- İndi nəyə can atırsınız?

- Yalnız yalnız sənətimdə irəli getmək barədə düşünürəm. Bütün fikrimi məhz buna yönəltmişəm.

- Həyatdan gözəyirsiniz?

- Yeni-yeni layihələrin həyata keçəcəyinə ümid edirəm. Elə layihələrin ki, biz aktrisalar özümüzü həmin layihələrdə daha da yaxşı təsdiqləyə bilək.

- Hal-hazırda hansı serialda çəkilirsiniz?

- İndi "Sənə inanıram" adlı serialda rol alıram. Serialın bir neçə bölümü artıq nümayiş olunub.

- "Ola bilərdi..." -bu ifadəni necə tamamlayardınız?

- Ola bilərdi, amma olmadı...

 

Ekspress.-2013.- 11-13 yanvar.- S.20