Şəhidlər Xiyabanı 20 yanvarın ildönümə hazırdır

 

                                                                                    Ombudsman: "20 Yanvar faciəsi insanlığa qarşı yönəlmiş qatı cinayətdir"

 

Artıq 24-cü yanvardır ki, bizlər onu "Qara Yanvar" adlandırıb, matəm günü kimi qeyd edirik. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

   Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkan var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüzminlərlə insan vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.

   Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar görülür. Ötən bir həftə ərzində Şəhidlər Xiyabanı ərazisində aparılan hazırlıqlar dünən yekunlaşdırılıb. Son tamamlama işlərindən sonra xiyaban tamamilə ziyarətçilərin ziyarətinə hazır vəziyyətə gətirilib.

   Faciənin 24-cü ildönümündə də Şəhidlər Xiyabanının qarşısında gül ekspozisiyası hazırlanıb. Xiyabanın girişində 300 kvadratmetrlik sahədə güllərdən buta ornamenti əks olunub. Xiyabanın pilləkənlərində isə güllərdən şam, Azərbaycan bayrağı və xüsusi ornamentlər hazırlanıb. Bununla yanaşı, Şəhidlər Xiyabanının əsas hərəkət hissəsi qərənfillərlə bəzədilib. Döşəmələrin sökülmüş hissələri yenilənib, xiyabanda təmizlik işləri görülüb.

   Faciənin 24-cü ildönümü günü bəzi nəqliyyat vasitələrinin gediş haqlarında da güzəştlər tətbiq olunacaq. Belə ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin adıçəkilən günlə bağlı olan tədbirlər planına əsasən, Abşeron şəhərətrafı zonada saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək. Saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

   Bakı Metropoliteni də "20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı"nı tərtib edib. 20 Yanvar günündə metropoliten xüsusi rejimində fəaliyyət göstərəcək. Metropoliten rəisinin tapşırığına əsasən, bütün xidmətlər, ilk növbədə isə hərəkət, yol, elektrik deposu, tunel qurğuları, elektrik təchizatı, işarəvermə və rabitə xidmətlərinin hər biri cavabdehlik daşıdığı sahələr üzrə müvafiq hazırlıq işlərini yerinə yetirirlər.

   "20 Yanvar" stansiyası əvvəlki illərdə olduğu kimi xüsusi bədii tərtibatda olacaq, işçilərdən fəxri qarovul dəstəsi düzüləcək. Həmçinin, bütün stansiyavaqonlarda xüsusi musiqi parçalarının səsləndirilməsi üzərində də aparılır.

   Eyni zamanda, Bakıda yanvarın 20-də bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar həmin gün saat 08:00-dan mərasim qurtaranadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

   Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"nı bir neçə gün bundan əvvəl təsdiq edib. Sənəddə qeyd olunan tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər Xiyabanı ərazisində lazımi işlər aparılacaq, yanvarın 17-də bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiyaqurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunacaq.

   Yeri gəlmişkən, dünən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Elmira Süleymanova 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanatla müraciət edib. Bəyanatda qeyd olunur ki, 24 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı yönəlmiş qatı cinayətdir: "Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günüdür. Bütün cinayət hadisələri kimi, bu qanlı aksiyanın da sifarişçiləri və icraçıları vardı. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi, Azərbaycana qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, sovet hökuməti Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi.

   1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilmişdi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı. Stavropol, RostovKrasnodardan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilmişdi. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulmuşdu".

   Bəyanatda qeyd olunur ki, keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Ölçüyəgəlməz dağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar xüsusi qəddarlıqla, qətlə yetirilmiş, şəhərin küçələri qana qərq olmuşdu.

   Ombudsman hesab edir ki, kütləvi insan itkisi ilə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. "Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq".

   Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

 

  

Günay RAMİZQIZI

Ekspress.-2013.- 17 yanvar.- S.5.