"Qanlı gecə"

                                                                                                                    (poemadan bir parça)

 

                    Qaniçənlər

 

   Xalqım hey can atıb suverenliyə,

   Bəsdir özgələrə baş əydiyimiz.

   Azadlıq əzmini boğurlar niyə,

   İyirmi Yanvarda nələr gördük biz?

 

   Haqqını istəyən xalqın başına

   Qaniçən "ordumuz" min oyun açdı.

   Oğul, qız itirdi gör neçə ana,

   Güllələr zülmətdə gur işıq saçdı.

 

   O gün susduruldu yüzlərlə insan,

   Ana fəryadını eşitdi hamı.

   Ah çəkdi diyarım, sarsıldı yaman,

   Eşitdi yer üzü bu ittihamı.

 

   Şənbə gecəsində töküldü qanım,

   Mələklər diksindi güllə səsindən.

   Köksünü ötürdü Azərbaycanım,

   Dərdli anaların ah-naləsindən.

 

  Nahaq qan tökməyə gəlmişdi ordu,

   Günahsız insanlar şəhid oldular.

   Hədəf eylədilər müqəddəs yurdu,

   Quzğunlar Bakıya necə doldular?

 

   Başımın üstündən uçdu güllələr,

   Tankların nərəsi qulaq batırdı.

   Qeyrətli övladlar susdular hədər,

   Burda hiylə vardı, bəd niyyət vardı.

   

   Çatdı məqsədinə bədxahlar o gün,

   Küçələr boyandı lalə rənginə.

   Yanağı allandı bir anda göyün,

   Ağır zərbə aldıq biz dönə-dönə.

 

  Nəydi günahımız, nəydi bilmirəm?

   Kimin toyuğuna "kiş" demişdik biz.

   Bu zərbə üçün dəydi, bilmirəm?

   Qana qəltan oldu igidlərimiz.

 

  Nəydi günahımız, görən, ay Allah,

   Bakıda yağıştək yağdı güllələr.

   İnana bilmirəm, bilmirəm, billah,

   Niyə qan rənginə boyandı səhər?

 

   Nəydi günahımız, nəydi, ilahi,

   Bakının qəlbinə yara vurdular.

   Güllə sinəmizdən dəydi, ilahi,

   Tülkülər, çaqqallar ara vurdular.

 

   Nəydi günahımız, nəydi, görəsən?

   Zindana salındı Xəlil -üsyankar.

   Necə dərk edəsən, cavab verəsən?

   Hər sözün altında bir müəmma var.

 

   Xalqını sevməkdi cinayətləri,

   İşgəncə verdilər Lefortovoda.

   Niyə puça çıxdı saf niyyətləri,

   Yetmədi heç kimsə, yetmədi dada.

 

    idi günahı Xəlil Rzanın?

   Zülmət Lefortovo qəfəsdi ona.

   Bilərək qədrini şair hər anın,

   Nəğmələr bəxş etdi Azərbaycana.

   Salındı zindana neçə günahsız,

   Qantökən, qaniçən cəzalanmadı.

   Tanklar tapdalayan küçə günahsız,

   Cəlladın hər yanda cəlladdır adı.

 

   Hər an söylədilər: -Gözləyin hələ,

   Sizin bundan ayrı yolunuz yoxdur.

   Susaraq gözləmək qismətdir elə?

   Ya qılınc tutmağa qolumuz yoxdur?

 

   Susmuşuq, susuruq iki yüz ildir,

   Dözüm yarışının qalibi bizik.

   Bu qədim Gəncədir, o Ərdəbildir,

   Əhdə vəfadarıq, ilqara düzük.

 

   Susmuşuq, susuruq iki yüz ildir,

   Bu dərdə bir çarə tapılmır niyə?

   Heç kəs qeydimizə qalan deyildir,

   Əl-ələ verəyin birləşək deyə.

   Susmuşuq, susuruq iki yüz ildir,

   Dilimiz qıfıllı, sərhəd bağlıdır.

   O taylı-bu taylı vahid bir eldir,

   Ürəklər niskilli, sinə dağlıdır.

 

   Səbrin həddi var, hüdudu vardır,

   Arazı qədər danlamaq olar?

   Ağı söyləməkdən dilim qabardır,

   Çayı da heç hədər danlamaq olar?

 

   Susmaq qızıl olub xalqımız üçün,

   Birliyə birlikdə can atmaq gərək.

   Bəxtimə düşəcək görən hansı gün?

   Möhlət ver, ay Allah, o günü görək.

 

   Qırılıb köləlik zənciri tamam,

   Ellər torpağının sahibi olub.

   Azad görməliyik hər yeri tamam,

   Qan tökən həmişə qanda boğulub.

 

   Vahid olmalıdır Azərbaycanım,

   Şirvanım, Muğanım, Qarabağım var.

   Yaşa dolmalıdır Azərbaycanım,

   Bir dilim, bir elim, bir torpağım var.

 

   Onun bir qarışı yad elə keçməz,

   Tomrislər qoruyub öz qanı ilə.

   Sərin bulağından yadlar su içməz,

   Bu elin şöhrəti düşübdür dilə.

 

   Sərhəd kəndlərimi atəşə tutan,

   Qatili, cəlladı cilovlayan yox.

   Gecə , gündüz səngərdə yatan

   Qəddar millətçilər, saqqallılar çox.

 

    Özgə torpağında gözümüz yoxdur,

   Qonşunun məqsədi hamıya bəlli.

   Qeyrətsiz deyilik, gözümüz toxdur,

   Torpağa bağlıyıq obalı, elli.

 

   Gördü öz işini güclü zəlzələ,

   Dostları çox oldu "cəfakeş" xalqın.

   Gəldi bağlamalar bədniyyət elə,

   Artdı silahları birəbeş xalqın.

   

   Siz ey BMT- oturan kəslər,

   Mənim xalqımı düşünün barı.

   İnsan hüququndan dəm vuran kəslər,

   Azadlıq istəyir Odlar diyarı.

 

   Təxirəsalınmaz məsələ budur,

   Daha parçalanmış ölkə qalmayıb,

   Bu ulu istəkdir, ulu arzudur,

   Bizimtək niskilli millət olmayıb.

 

   Salın gündəliyə, birləşdirin siz,

   Şimali, Cənubi Azərbaycanı.

   Məsələ həll edin, qərar verin siz,

   Xoş xəbər dolaşsın, gəzsin hər yanı.

   ***

   Əzizinəm, çarəsiz,

   Dərdə düşdük çarəsiz,

   Bəlaya tutulmuşuq,

   Çarə tapın, çarə, siz.

   Eləmi qazan ağlar,

   Ocaqda qazan ağlar.

   Şəhidə ağı deyən,

   Bayatı yazan ağlar.

   

    Eləmi dilim-dilim,

   Doğrandım dilim-dilim.

   Dərdim ümmana dönüb,

   Qələm tutmayır əlim.

   

   Bizə yaddı bu tankçı,

   Lap cəlladdı bu tankçı.

   Nişan alıb sinəmi,

   Niyə atdı bu tankçı?

 

   tufandı, gurhagurdu,

   Faciədi, vurhavurdu.

   Moskvadan gəlib bu bəla,

   Günahsızı qırhaqırdı.

   Dil açdı avtomatlar,

   Od saçdı avtomatlar.

   Qatillərin əlində

   Gör neçə avtomat var?

   

   Ana, bacı qan ağlar,

   Damarımda qan ağlar.

   Şəhidlərin dərdinə

   Ürəyi yanan ağlar.

 

   Ana, bağla yaramı,

   Açıb yoxla yaramı.

   Hər yetənə göstərmə,

   Pünhan saxla yaramı.

   

   Yox, əyilməz Sabirim,

   Qorxu bilməz Sabirim.

   Adaşıydı o mərdin

   Böyük, ölməz Sabirin.

 

   Qorxmaz idi Şakirim ,

   Əyilmədi Şakirim .

   Düşmənlərə, qatillərə

   "Ölüm!" -dedi Şakirim .

 

  Hər kəs qorxmaz aslan oldu,

   İttihamçı zaman oldu.

   Şəhidlərdən birisi

   Soydaşımız Ruslan oldu.

 

   Teymurumuz neyləyəydi?

   Sinəsindən güllə dəydi.

   Qanlı yanvar gecəsində

   Qapıları ölüm döydü.

 

    Dara düşdü Bəhruz yaman,

   Aman! -dedi, Allah, aman.

   Çaya döndü, gölə döndü

   Bakımızda tökülən qan.

   

   Neyləmişdim yadlara mən?

   Ürəyimdən vurdu nədən?

   Zalım dövran axı niyə,

   Ayrı düşdük biz Rahimdən?

 

   Qəlbimi didir qəzəb,

   Məni qul edir qəzəb.

   Baxdı nifrət hissiylə

   Yad üzünə Mirqəzəb.

 

   Torpağı qədim, ulu,

   Əcdadı Qoç Koroğlu.

   Həkim olmalı idi

   Elçin Beydulla oğlu.

 

   Göylərdən od ələndi,

   Salman da güllələndi.

   Atasız neyləsin bəs,

   Üç qız, bir oğlan indi?

 

    Şəhid oldu, şəhid Rövşən,

   tez susdu igid Rövşən?

   Belə oğul itirənlər

   Bu dünyada olarmı şən?

   Səslər gəlir göydən, yerdən,

   Zərbə aldı el əsgərdən.

   Biz əbədi ayrı düşdük

   Odlar oğlu Ələsgərdən.

 

   Tanrım, mənə qulaq as,

   El-obada yenə yas?

   Hamı yaxşı bilir ki,

   Qorxaq deyildi Abbas.

   

   Elçin, göz açdın Qubada,

   Boy atdın eldə, obada.

   Sən öz doğma vətənində

   Axı niyə düşdün oda?

 

   Dörd aylıq qızın Şövqiyyə,

   Mirzə, ahı qalxır göyə.

   Özünü danlayacaq o,

   Nəhsdir ayağım, nəhs -deyə.

 

   Gücsüz idin o savaşda,

   Şəhid oldun əlli yaşda.

   Ay Səxavət, qıydı düşmən,

   Yaşayırsan sən yaddaşda.

 

   Bafadardır adın sənin,

   Əsiriydin bu Vətənin.

   Söylədin ki, mən torpağın,

   Meşə, hava, su Vətənin.

 

   İlqarımın düz ilqarı,

   Od oğlunun öz ilqarı.

   Allah, yaman tez itirdik

   Bu aləmdə biz İlqarı.

 

   Habil, hardasan, harda?

   Ana qəlbi qalıb darda.

   Eloğlu, ad günün idi

   On doqquzu yanvarda.

 

   Tələbəydi Azərimiz,

   Bada verdik Azəri biz.

   Yatır Dağüstü parkda o,

   Laylasını deyir dəniz.

 

   Qarabağ eşqiylə yandı,

   Bu torpağı Məkkə sandı.

   Zaur, yurdun Azərbaycan,

   Uyuduğun Xiyabandı.

 

   Çox darıxır Aynur balan,

   Yola baxır Aynur balan.

   Faiq, sənsiz anasını

   Oda yaxır Aynur balan.

 

    Qırxa çatmışdı yaşı,

   Qeyrət dostu, sirdaşı.

   Bayram yaman gecikdi,

   Harda qarışıb başı?

 

    Namiqin günahı nəydi?

   Namərdin gülləsi dəydi.

   Bir ay sonra qız evinə

   Axı nişan getməliydi.

   

   Xiyabanda məzarlar var,

   Birində yatır İlqar.

   Sona xala balam deyib,

   Soyuq qəbri ha qucaqlar.

 

   Töküldü al qanım, niyə?

   Lap üzüldü canım, niyə?

   Maşındaca susduruldu

   Svetlana xanım, niyə?

   

   Cabbar, Müşfiq, bir Fuad,

   Siz üç qardaş, üç qol-qanad.

   Fuadını itirəndən

   Ana hər gün edir fəryad.

   

   Ha yollara baxır ana,

   Tarıyel dönmür Lənkərana.

   Dəfn olunub Xiyabanda,

   Doğmalar baş çəkir ona.

   

   Sən sağ idin dünən, İlqar,

   Bir şam kimi sönən İlqar.

   Axı belə deməmişdin,

   İlqarından dönən İlqar?

 

   

 

   17 yanvar 2014

 

Əli VƏKİL

Ekspress.-2013.- 18-21 yanvar.- S.20.