Sözdən sızılan göz yaşları...

 

Ağalar Bayramov: "Ömrümdə bir misra da olsa, şeir yazmamışam"

 

Çoxlarımız Xalq artisti, tanınmış bədii qiraət ustası Ağalar Bayramovun sənətinin valehiyik. Onun dediyi qəmli misralardan süzülən göz yaşları sanki gözlə görünür və ürəyimizə sızır.

- Ağalar müəllim, 60 yaşınız tamam olur. Bu münasibətlə sizi qəzetimizin adından təbrik edirəm. Belə deyirlər ki, 60 yaş qocalığın gəncliyidir. Sizin üçün yaşın fərqi varmı?

- İnanın, yaşın mənim üçün fərqi yoxdur. Bu dəqiqə özümü elə gümrah hiss edirəm ki, elə bilirəm 15-20 yaşındayam. Mən sözümü həmişə şeirlə deməyə öyrəşmişəm. Sevimli şairimiz Bəxtiyar Vahabzadənin belə bir şeri var:

Sevgi yaş tanımır, qəlbini yandır,

Sevərək yaşasan yaş düşməz yada.

Sevən doxsanında hələ cavandır,

Sevməyən qocadır, otuzunda da.

Ancaq yaşamaq üçün plan, təqvim var, 60 yaş tamam olubsa, bundan qaçmaq olmaz, barışmaq lazımdır.

- Siz şeir deyəndə səsinizdə bir qəmgin titrəyiş hiss olunur. Bu, seçdiyiniz şeirlərin ruhundan irəli gəlir, yoxsa həyatınızın hansısa məqamı ilə bağlıdır?

- Bilmirəm, xalça toxuyanları müşahidə etmisiniz, yoxsa yox. İndi hazır iplər satılır, ancaq əvvəllər onu nənələrimiz özləri yundan əyirib, rəngə boyayırdılar. Siz dediyiniz həmin titrəyiş, mənim şeirə verdiyim boyadır, səsin musiqisidir, sözə olan münasibətdir.

- Əgər geriyə boylansaq, bu 60 ili necə keçirmisiniz?

- Ağrılı-acılı keçib. Harın ömür sürməmişəm, çox çətinliyim olub. Yetim, kimsəsiz böyümüşəm. Qurban olum Allaha, ondan böyük day-day yox imiş. Son illərə qədər mən elə bir daxmada yaşayırdım ki, sənətlə məşğul olan bir insan üçün belə yerdə yaşamaq çox çətinlik yaradırdı. Allaha çox şükürlər olsun, yaşımın bu çağında arzuladığım şeyləri mənə qismət elədi. 60 ildən arxada ağrı-acılı xatirələrim qalıb.

- Bəlkə qəmgin şeirlərə daha çox üstünlük verməyinizə səbəb elə bu ağrı-acılı illərdir...

- Təbii, belə bir misra var, "Gözdən yaş çıxarmı, ürək yanmasa?". Keçmişə boylananda, ata-analı uşaqların yanında boynubükük, miskin görkəmdə gəzməyim yadıma düşür. Uşaqlıqdan mən kövrək olmuşam. Yenə deyirəm, gözümü açıb görmüşəm ki, məni nənəm böyüdüb. Görmüşəm ki, tanıdığım uşaqların ata-anası yanında, məndən yaxşı geyinir. Bütün bunlar mənim yaddaşımdan silinməyib. Yəni keçmişin ağrı-acılı günlərinin təsiri var. Çünki kədərin qədrini bilməyən sevincin qədrini bilməz. Sevinirəm ki, bütün bunlara rəğmən mərdümazar adam olmamışam. Kiməsə namərdlik etməmişəm. qazanmışamsa öz alnımın təri ilə qazanmışam. Bu gün dediyim şeirlərin qəmgin alınması, uşaqlıqda gəncliyimdə keçirdiyim həmin çətinliklərdən gəlir, onların əzablarının həmin şeirlərə hopmasıdır.

- Belə bir misra da var ki, ötən günə gün çatmaz, calasan günü-günə. Həmin ağrı-acılı illərə qayıtmaq istərdinizmi?

- Bütün çəkdiyim əzab-əziyyətlərə rəğmən, o illərə elə qayıtmaq istəyirəm...

- Hansı illərə?..

- Nənəmin dizi üstünə başımı qoyub yatdığım illərdən ötrü burnumun ucu göynəyir. Nənəmə "Tahir Zöhrə", "Əsli Kərəm" dastanlarından danışırdım, savadsız qadın olduğuna görə həmişə deyirdi ki, bala, oxu, savadsız qalma. Qəlbimi, ürəyimi verdiyim günlər yadıma düşür. Hər kəsin qəlbində bir sevgi, bir ümman yatır. O günlər mənim üçün artıq əlçatmazdır. Ancaq həmin günlərə bir qayıtmaq istərdim...

- Elə qəmli danışırsınız ki, sanki ilk oxunuz daşa dəyib...

- Həyatda çox şey olur. Tək elə məhəbbət mənasında demirəm... Həyatımda elə məqamlar olub ki, bəzi şeylər mənim üçün əlçatmaz olub. Ancaq inadımdan dönməmişəm, həmişə nikbin olmuşam ki, istədiyimə çatmalıyam. Bax, həmin günlər çox ağrı-acılı olsa da, mənim üçün xoşdur.

- Ağalar müəllim, vaxtsa şeir yazmaq fikrinə düşmüsünüz?

- Bəzən küçədə insanlar mənə yaxınlaşıb soruşurlar ki, şair, necəsiniz? Elə bilirlər ki, dediyim şeirlərin hamısını mən yazmışam. Ancaq ömrümdə bir misra da olsa, şeir yazmamışam. Şairlərdən birinin belə bir sözü var ki, pis şeir yazmaqdansa, yaxşı şeir demək daha yaxşıdır. Mən gözəl sözün, poeziyamızın, ümumiyyətlə, ədəbiyyatımızın təbliğatçısıyam.

- İstəmədiyiniz şeiri deməyə məcbur olmusunuz?

- Olub, ancaq bunun ağrısını özüm çəkmişəm. Şeirlər olub ki, baxmışam ki, bədii cəhətdən çox zəif olub, ancaq ya tədbir olub, ya da hansısa yubileydə deməyə məcbur olmuşam. Yəni ürəyimi zorlamışam, ona görə əzab çəkmişəm. Təsəvvür edin, xoşlamadığın yeməyi yeməyə məcbur olursan.

- Sənətiniz bu 60 ilin neçə ilini zəbt eləyib?

- Mən bu sənətə 1981-ci ildə gəlmişəm. 33 ildir ki, mən bədii qiraətlə məşğul oluram.

- Bu illər sizə verdi?

- Bu 33 il mənə xalqımın sevgisini, böyük bir dünya verdi. Poeziya mənim üçün çox şey deməkdir. İstədiklərimi mən poeziyada, şeirlərdə tapa bilirəm. Sənətimlə mən xalqımın sevimlisinə çevrildim. Sözün sehri ilə mənim ətrafım, qol-budağım çoxaldı, məni sevənləri sayı artdı. Dəfələrlə məni görəndə insanlar barmaqları ilə göstərib "bu Ağalar Bayramovdur, hər dəfə vətən həsrətli şeirləri ilə bizi ağladan, bizi Göyçəyə, Dərələyəzə, Vediyə, Şuşaya, Laçına, Kəlbəcərə aparan aktyordur"- deyib qucaqlayıb öpüblər. Ermənistanın Spitak rayonundan gəlmiş İbrahim kişi var, qoca kişidir, 83 yaşı var, hər dəfə məni görəndə ağlaya-ağlaya deyir ki, hələ o veriliş yadımdan çıxmır. Neçə il bundan əvvəl "Vətən qürbətdə qaldı" adlı verilişində mən kimsəsiz evin qapısını döyüb deyirdim ki,

Hardasan, hardasan, ay ev yiyəsi?

Doqqazın ağzında donub qalmışam.

Döyür şaxta məni, boran-qar məni,

El-yurd həsrətindən havalanmışam.

İsitməz özgə yurd-yuvalar məni,

Yalın ayağımla hara gedəsi,

Hardasan, hardasan, ay ev yiyəsi?

O misraları eşidəndən sonra həmin İbrahim kişi məni qucaqlayıb ağlayıb deyir ki, "sən o şeiri deyəndə mən elə bildim ki, öz evimdəyəm". Daha, bundan böyük məhəbbət olmalıdır?

- Bədii qiraət ustası kimi bu qədər şeir bilirsiniz, onların arasında eləsi varmı ki, sizin dilinizə həmişəlik bitib?

- Ay ağalar, bir tərlanım uçubdu,

Sağ əlimdən sol əlimə alınca.

Onu tutan xeyrin-bəhrin görməsin.

Mən yazığın naləsi var, dalınca.

Təbrizin yaxınlığında yerləşən Tikmədaşlı kəndindən olan Xəstə Qasımın şeiridir. Sevən aşiqin bir həsrəti, naləsini ifadə edir. Bu bənd həmişə dilimin əzbəridir.

- 60 yaşınızı kimlər təbrik elədi bu ad gününüz o birilərindən fərqləndimi?

- Təbii ki, fərqləndi. Müxtəlif peşə vəzifə sahibləri zəng edib 60 yaşımın tamam olması münasibətilə təbrik etdilər.

- Bəs şair dostlarınızdan kimlər sizi yada saldı?..

- Şairlərdən Rüstəm Behrudi, Zəlimxan Yaqub mənə zəng edib təbrik etdilər.

- Bu gün elə bir şair varmı ki, onun şeirlərini demək istəməmisiniz?..

- Çox xahiş edərəm, məni təxribata çəkməyin...

 

AYXAN

Ekspress.-2013.- 18-21 yanvar.- S.21.