170 min köçkün yeni evlərə köçüb

 

Prezident: "Ancaq hələ ki, ağır vəziyyətdə yaşayanlar da var"

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman prezident İlham Əliyevin diqqət qayğısı ilə əhatə olunduğunu göstərir.

   Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş insanların müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin bariz təzahürüdür. Dövlət başçısının yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Ölkənin bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Bunu prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilən yeni çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şərait də təsdiqləyir.

   Ümumilikdə 2001-2013-cü illərdə qaçqın və məcburi köçkünlər üçün yeni salınan 82 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilib. Son 10 ildə isə 77 qəsəbə və ya məhəllə, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilib. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunub. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılıb. Bu illər ərzində məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 4,6 dəfə artıb. AzərTAc-ın xəbərinə görə, ötən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təqribən 1100 manat təşkil edib ki, ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Son on ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalıb.

   Məhəlləyə gələn prezident əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olub. Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, lazımi avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıb. Dövlət başçısı otaqlarında və akt zalında yaradılan şəraitlə maraqlanıb. Daha sonra prezident Mədəniyyət Sarayında və 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbində də olub. İ.Əliyev məhəllənin baş planına baxıb. Bu məhəllə prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 məcburi köçkün köçürüləcək. Burada klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS tikilib. Su, elektrikqaz təchizatı şəbəkələri Gəncə şəhərinin kommunikasiya xətlərinə qoşulub. Ümumiyyətlə, son beş ildə bütün sosial-texniki infrastruktura malik 23 müasir qəsəbə salınmış, 16 min ailə və ya 76 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

   Daha sonra dövlət başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofeliya Məmmədovanın evində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olan Ofeliya Məmmədovanın dördotaqlı mənzilində hər cür şərait yaradılıb.

   Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən prezident qeyd edib ki, Gəncədəki şəhərcik son illər ərzində tikilən ən böyük köçkün şəhərciyidir. "Burada bütün işlər yüksək səviyyədə görülüb. Böyük ərazidir, 25 bina tikilibburada 7 min köçkün yaşayacaq. Son illər ərzində tikilən ən böyük layihədir. Əslində şəhər içində bir şəhərdir. Mən görürəm ki, çox gözəl işlər görülüb. Böyük məktəb, uşaq bağçası, tibb məntəqəsi, 500 nəfərlik mədəniyyət sarayı tikilib. Yəni, bütün şərait - idman meydançaları, açıq, qapalı stadion var. Burada rahat yaşamaq üçün bütün imkanlar var".

   Dövlət başçısı son illərdə köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün çox böyük işlər görüldüyünü xatırladaraq, ilk dəfə Dövlət Neft Fondundan birinci ödəmələrin köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldildildiyini bildirib. Dediyinə görə, o ildən indiyədək bu siyasət davam etdirilir. "Biz çalışırıq ki, hər il yeni mənzillərlə, evlərlə təmin olunan köçkünlərin sayını artıraq. Misal üçün, keçən il 20 min köçkünün evlə təmin edilməsi nəzərdə tutulurdusa, əslində biz təxminən 30 minə yaxın köçkünü evlə təmin etdik. Yəni, il ərzində 28 min köçkün yeni mənzillərə, evlərə köçüb. Əslində bir il ərzində böyük bir şəhər tikmişik" deyən İlham Əliyev 2014-cü ildə də bu siyasətin davam etdiriləcəyini vurğulayıb. "İlin birinci ayında biz yenə də köçkünlər üçün salınmış ən böyük qəsəbədə görüşürük. Həm dövlət büdcəsindən, həm də Dövlət Neft Fondundan vəsait ayrılır. Keçən il 640 milyon manat vəsait ayrılıb. Ondan 300 milyonu Dövlət Neft Fondundan, 300 milyonu dövlət büdcəsindən, cəmi 40 milyonu xarici beynəlxalq donor təşkilatlarından ayrılıb. Yəni, əslində bu, özü göstərir ki, bu gün Azərbaycan bütün bu böyük işləri öz hesabına görür və görəcək. Çünki bu, ən ciddi, ən böyük sosial problemdir. Ölkə qarşısında duran problemlərin arasında ən böyük problemdir".

   Dövlət başçısı onu da bildirib ki, son on il ərzində 170 minə yaxın köçkün yeni evlərə köçüb. "Ancaq hələ ki, ağır vəziyyətdə yaşayanlar da var" deyən İlham Əliyevin sözlərinə görə, gələcək illərdə bu sahədə tikinti işləri davam etdiriləcək. Prezident o cümlədən Gəncə şəhərində, digər şəhərlərdə fərdi evlər, mənzillər, şəhərciklər tikiləcəyini bildirib: "Biz elə etməliyik ki, bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şərait yaradaq. Ancaq əsas tikinti işləri torpaqlarımız işğaldan azad olunandan sonra başlanacaq. Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da var. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcək, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaq. O gün gələcək. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulub. Yəni, il ərzində təbii artım 120 min nəfər olub, getdikcə daha da artacaq. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaq. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaq".

   Bu gün Ermənistanın xarici yardım olmadan yaşaya bilmədiyini deyən Azərbaycan prezidentinin sözlərinə görə, bunu Ermənistanın ən yüksək vəzifəli şəxsləri də açıq etiraf edirlər. "İşğalçı siyasət onları bu vəziyyətə salıb. Azərbaycan isə bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edib! İnkişaf hələ daha da sürətlə davam edəcək. Ona görə, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcək. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olub. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq".

   Məcburi köçkünlərin öz doğma yurd-yuvasına qayıdacağını vurğulayan Azərbaycan prezidenti tarixi ədalətin tam şəkildə bərpa ediləcəyini bildirib. "Birinci mərhələdə işğal edilmiş torpaqlar boşaldılmalıdır. Dağlıq Qarabağda, ondan sonra bütün başqa yerlərdə azərbaycanlılar yaşayacaqlar. Biz hamımız çalışmalıyıq ki, bu günü yaxınlaşdıraq. Ancaq müvəqqəti olaraq indi bu şərait də var. Mən əminəm ki, bu, müvəqqəti bir yaşayış yeridir. Ancaq müvəqqəti də olsa, yaxşı olmalıdır. Burada bütün yüksək standartlar gözlənilib".

   Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını bildirən prezident sosial problemlərin həll olunduğunu, iqtisadiyyatın artdığını deyərək, köçkünlər üçün gözəl işlərin bundan sonra da görüləcəyini vurğulayıb. "Biz bundan sonra da bu işləri görəcəyik. Tikinti, yardımlar, güzəştlər, hər şey yerində qalacaq. Təki siz rahat yaşayasınız".

 

Səhifəni hazırladı Qənirə MƏMMƏDLİ

Ekspress.-2014.- 23 yanvar.- S. 9.