"Yaxşı ki, elə aktrisa olmuşam"

Səidə Quliyeva: "Mən ailəmi heç nəyə qurban vermərəm"

"Mən inciyən aktrisa deyiləm, həmişə çalışıram ki, özümdən inciyim"

 

Müsahibim 36 ildir sənətdədir. Bu illər ərzində tamaşaçılarını saysız rollarla sevindirib. Hər bir rolunu yaşaya-yaşaya yaradır. Xoşuna gəlməyən rol olanda da onu təbii yaratmağa çalışır. Deyir ki, "rol aktyorun övladıdır, aktyor onu istədiyi kimi yaratmalıdır". Həyatda isə heç nədən şikayətlənmir.

"Tutaq ki, mən dedim kasıbçılıqdır, filan problemim var. Kim mənə kömək edəcək? Bütün problemləri də nəzərə alanda, fikirləşirəm ki, bəs mən bu problemləri həll etmək üçün nə edirəm? Əlbəttə, mənim etdiklərim problemləri həll etmək üçün azlıq edir. Mən övlad böyüdürəm, mən sənət sahibiyəm, mənim ailəm var. Və bunlar bəsimdir". Belə deyir Milli Dram Teatrının aktrisası, xalq artisti Səidə Quliyeva.

- Səidə xanım, hazırda nə ilə məşğulsunuz?

- Hələ ki, teatrda təzə rolum yoxdur.

- Elə olurmu ki, sizə həvalə edilən roldan narazı qalıb imtina edəsiniz?

- Olur, əlbəttə, olur. Artıq 36 ildir ki, mən sənətdəyəm. Mən inciyən aktrisa deyiləm, həmişə çalışıram ki, özümdən inciyim. Nədənsə, mənim 35 illiyim qeyd olunmadı. Mən çox istərdim ki, qeyd olunsun. Çünki 35 il bir igidin ömrüdür. Qoy heç olmasa, sizin qəzetdə bu barədə yazılsın. Bu 35 ildə ürəyimcə olmayan rollar olub, amma oynamışam. Çünki hərdən elə hadisələr olur ki, sevmədiyin bir rolu sənə verirlər, onu elə əzizləyirsən ki, elə yadda saxlayırsan ki, bir də görürsən, artıq o rolu sevirsən. Amma görəndə ki, tamam ürəyimcə deyil, onda imtina edirəm.

- Sevmədiyiniz, məcburən oynadığınız rola özünüz əlavələr edirsiniz?

- Yox, mən elə aktrisa deyiləm. Mənim üçün pis rol yoxdur. Sadəcə böyük-balaca olduğuna diqqət yetirirəm. Amma sevmədiyim, yəni rejissor keyfiyyətlərini bəyənmədiyim rejissorların tamaşasında oynayanda özümü narahat hiss edirəm. bu narahatçılığı həmin rejissor özü hiss edir. Bununla belə, çalışıram ki, rolu rejissorun istədiyi kimi ifa edim. Bilirsiniz, mən nəyi dəyişə bilərəm. Ola bilər ki, obrazın psixolgiyasına təsir edim, ola bilər ki, geyimini, danışığını dəyişdirim. Amma rola əlavə sözlər artıra bilmərəm. Bəzən aktyorlar elə əlavələr edirlər ki, çaşıb qalırsan.

- Nədənsə, son illərin tamaşalarının böyük əksəriyyətində süni aktyor oyunu hiss olunur. Bu nəylə bağlıdır, aktorlar oyunlarını itiriblər, yoxsa başqa səbəb var?

- Mən 9 il aktyor sinfinə dərs demişəm. Aktyorun haqqı yoxdur ki, rolu süni oynasın. Əgər aktyor obraz yaradırsa, onun daxilinə varmalıdır. Süni oynamağı mən qəbul etmirəm, bu barədə heç eşitmək istəmirəm. Deməli, həmin adam aktyor deiyl, onun yeri teatr deyil. Elə aktyorun ömrü çox qısa olur. Bizim sənət canlı sənətdir. Mənə bir jurnalist kimi, bir tamaşaçı kimi cavab verin, tamaşçı rolu süni yaradan aktyoru sevir, bəyənir, yoxsa, rolu təbii yaradan aktyoru?

- Əlbəttə, təbii yaradan aktyoru. Səidə xanım, qazanmısınız bu 36 ildə?

- Mən həmişə deyirəm ki, bu sənət mənə heç verməyib mən isə qazanmaq üçün gəlməmişəm bu sənətə. Sizə bir söz deyim, bizim sənəti şişirdib isə qeyri-adi bir məfhuma çevirmək düzgün deyil. Mən aktyorluğu bir peşə kimi qiymətləndirirəm. Bu sənət mənə məşhurluq gətirib. Sənətimi sevmişəm, rollarımı sevdirmişəm, özüm sevilmişəm. Qazandıqlarım bu olub. İtirdiklərim isə... Yenə deyirəm, mən bu sənətə qazanc dalınca gəlməmişəm. Mənim gözəl müəllimlərim olub. Rza Təhmasib, Ədil İsgəndərov kimi sənətkarlardan dərs almışam.

- Yeri gəlmişkən, Ədil İsgəndərov sizi üç il bəyənməyib...

- Mən bunu hər yerdə demişəm. Bəli, Ədil İsgəndərov məni 4 - kursa qədər bəyənməyib. Çünki çox utancaq qız idim. 4-cü kursda oxuyanda durub fikirləşdim ki, bu gedişlə hara gedirəm və utancaqlığı qoydum bir kənara. Onda Ədil müəllim dedi ki, "Hə qadam, səndən gözəl aktrisa olacaq..." Təbii ki, mən onlardan nə isə götürmüşəm. Amma yəqin ki, Allah da mənə nə isə verib. Mən sevinirəm ki, məni tamaşaçılarım sevir, məni təbii aktrisa kimi qəbul edirlər. Mən başqa cür ola bilmərəm. Əgər tamaşaçı məni sevirsə, başa düşürsə, məni təbii aktyor kimi qəbul edirsə, bu da mənim qazancımdır. Bundan böyükqazanc ola bilər?

- Qeyd etdiniz ki, filmlərə də çəkilirsiniz. Teatrla kinonun ən başlıca fərqi nədədir?

- Yəqin ki, siz çətinlikləri nəzərdə tutursunuz. Bilirsiniz, ikisi də çətindir. Amma filmdə rolu başdan oynaya bilmirsən, rolun içinə girə bilmirsən. Çünki kino elədir ki, bir kadr əvvəldən çəkilir, bir kadr axırdan, sonda montaj edilib birləşdirilir. Amma teatrda elə deyil. Teatrda yaratdığın obrazın əvvəli və axırı var. Necə ki, insan dünyaya gəlir və dünyadan gedir. Obraz da elədir.

Sənətin çətinlikləri də var, sevincli anları da. Mən xoşbəxt aktrisayam, televiziyanın Qızıl Fondunda saysız tamaşalarım var. Düzdür, kişilər arasında Qızıl Fondda tamaşaları olanlar çoxdur. Aktrisalarda bu, nadir hallarda olur.

İstər kino, istər teatr -hər ikisi incəsənətin növləridir. Nə qədər çətin olsa da, əsəri sevirsənsə, rolu oynamaq asan olacaq.

- Seçim qarşısında qalsaydınız, sizin üçün hansı əziz olardı- ailə, ya sənət?

- Mən bu sualı sevmirəm. Əlbəttə, ailəmi seçərdim. Mən ailəmi heç nəyə qurban vermərəm. Mən ailəmi, yoldaşımı, oğlumu, evimi, eşiyimi nəyə qurban verə bilərəm?! Əlbəttə, heç nəyə! Mən oğlumu heç kəsə tapşıra bilmərəm. İnanın, elə gün olub ki, 15 dəqiqə yatmışam. Çünki mənim üçün oğlumdan, yoldaşımdan əziz heç yoxdur. Həyatda tam xoşbəxt olan insan yoxdur.

- Səidə xanım, xalq artisti olmağınız evdə hiss olunur?

- Xeyr, çünki mən elə bir ailənin gəliniyəm ki, orada sənətə böyük qiymət verilir. Mənim yoldaşım Tofiq Quliyevin qardaşı oğludur. Rəhmətik qayınanam Elmira Quliyeva Bakı Musiqi Akademiyasının aparıcı vokal müəllimi olub. Bu gün Opera Balet Teatrının aparıcı solistlərinin 90 faizi onun tələbələridir. Vaxtilə qayınatam ona oxumağa icazə vermədiyi üçün yalnız müəllimliklə məşğul olub. Əməkdar İncəsənət Xadimi idi.

- Bəs onda üçün Eldar Quliyev sizi filmlərinə çəkməyib?

- Mənim Eldar müəllimlə bir qohum kimi münasibətlərimiz çox əladır. Amma bilmirəm üçün o məni çəkməyib. Əslində bizim aramızda sırf qohum münasibətləri üstün olub, düşünürəm ki, yaradıcılıqda qohumbazlıq olmamalıdır. Bu gün mənim oğlum, baxmayaraq ki, atası da, mən onun bu seçiminə qarşıyıq, amma operator olmaq istəyir. Hərdə söz düşəndə məndən soruşur ki, mən film çəksəm, çəkilərsənmi? Deyirəm ki, "çəkilmərəm", görürəm ki, xətrinə dəyir bu zarafat. Amma əslində ən böyük arzumdur, oğlum elə bir rejissor olsun ki, böyük həvəslə onun filmində çəkilim.

Əgər mən sizinlə oturub rahat söhbət edə bilirəmsə, deməli, xoşbəxtəm. Bir mən bunu heç kəsə deməmişəm, kənar adamlardan haqqımda qəribə sözlər eşitmədiymə görə özümü xoşbəxt hiss edirəm. Çünki mən bu vaxta kimi vulqar rollar oynamamışam, tamaşaçıda özümə qarşı ikrah hissi yaratmamışam. Buna görə heç kəs mənə başqa cür baxa bilməz.

- Səidə xanım, yəqin diqqət etmisiniz ki, tamaşaların əksəriyyətində əsas qəhrəmanlar kişi obrazlarıdır. Hətta, qadın müəlliflərin əsərlərində baş qəhrəman kişilərdir. Sizcə, bu nəylə bağlıdır? Bir aktrisa kimi bu sizdə qısqanclıq yaratmır ki?

- Bilirsinizmi, qadın psixologiyasını hər kəs dərindən öyrənə bilmir. Amma Elçinin əsərlərində çox vaxt baş qəhrəman qadınlar olur. Elçin müəllim qadın psixologiyasını yaxşı bilir. Bir Əli Əmirli.

- Elə anlarınız olurmu ki, fikirləşəsiniz, "kaş aktrisa olmayaydım"...

- Olur elə anlar. Hərdən fikirləşirəm ki, kaş həkim ya başqa sənət sahibi olaydım. Amma həmin hisslər ötəri olur. Hərdən elə olur ki, küsürsən insanlardan. Belə anlarda sevinirəm, düşünürəm, yaxşı ki, elə aktrisa olmuşam. Bilirsiniz, həyat təzadlarla doludur.

İstəmirəm ki, oxucular biz aktrisalar, sənət adamları haqqında düşünsünlər ki, "onlar bizdən fərqlənir". Mən sizin kimi insanam. Bilirsiniz niyə mənə bir qədər başqa baxırlar? Çünki mən səhnədə insan obrazları yaradıram.

- Əksər aktyorlar deyirlər ki, "mənim şah əsərim var, onu yaratmalıyam". Sizin necə, arzusunda olduğunuz rol var?

- Yox, mən elə düşünmürəm. Həddindən artıq gözəl rollar oynmışam, obrazlar yaratmışam. Hamısı da tamaşaçılar tərəfindən sevilib. Amma şah əsər yaratmaq fikrim olmayıb. 36 ildir sənətdəyəm, bu barədə düşünməmişəm. bilim, bəlkə olacaq...

 

İLTİFAT

Ekspress.-2014.- 25-27 yanvar.- S.20.