Ünvanlı sosial yardım

                         

                                   Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət 2006-cı ildən ünvanlı sosial yardımın tətbiqinə başlayıb. Bunun üçün 2005-ci ilin oktyabrında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanun qüvvəyə minib və həmin qanun əsasında 2006-cı ilin iyulun 1-dən ünvanlı yardımın verilməsi həyata keçirilib.

   Ünvanlı yardımın verilməsi üçün həmçinin Nazirlər Kabineti 2006-cı ilin fevralında "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nı və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası"nı təsdiq edib.

   Eyni zamanda, hər il "Ehtiyac meyarının həddi haqqında" qanun qəbul edilərək ehtiyac meyarı müəyyən edilir ki, məhz onun əsasında ailələrə ünvanlı yardım təyin edilir.

   2006-cı ildə ilk dəfə ünvanlı yardım verildikdə ehtiyac meyarının məbləği 30 manat müəyyən edilmişdi. 2014-cü il üçün bu hədd 100 manatdır.

   Ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.

   Qanunvericiliyə görə ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılacaq. 2014-cü il üçün yaşayış minimumu 125 manat olub.

   Ünvanlı yardımı kimlər almalıdır?

   "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna nəzər yetirdikdə görürük ki, bu cür yardımı yalnız aztəminatlı ailələr ala bilər. Qanunda qeyd edilir ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Orta aylıq gəlir hesablanan zaman əvvəlki 6 ay (kənd təsərrüfatı və mövsümi işlərlə məşğul olanlar üçün 12 ay) nəzərdə tutulur.

   Dövlət aztəminatlı ailələrə yardım verən zaman ünvanlılıq, ədalətlilik və bərabərlik (sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur) prinsiplərinə əməl etməlidir. Qanunda vurğulanır ki, sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

   Aztəminatlı ailələrin hamısı ünvanlı yardım ala bilər. Bu zaman öncə də bildirdik ki, ailənin adambaşına gəlirinin ehtiyac meyarından az olan hissəsi yardım şəklində verilir. Ehtiyac meyarı ilə bərabər bəzi ailə üzvləri sosial yardımın təyin olunması zamanı nəzərə alınmır. Qanuna görə tam dövlət təminatında olan şəxslər (uşaq eviinternatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər) müddətli həqiqi hərbi xidmətdə olan şəxslər, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər, axtarışda olan şəxslər, Azərbaycan ərazisində yaşamayan Azərbaycan vətəndaşları, əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla) ünvanlı yardım təyin edilən zaman ailənin tərkibində nəzərə alınmır.

   Nazirlər Kabinetinin "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda isə qeyd edilir ki, ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda, ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda, müavinət üçün müraciət edilməzdən 6 ay əvvəl ailə mənzil, avtomobil aldıqda və yaxud ailənin orta aylıq gəlirinin 3 mislindən çox məbləğdə alğı-satqı etdikdə, ailənin istifadəsində müraciət günü istehsal müddəti 20 ilədək olan nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla), kənd yerlərində ailəyə 1 inək və adambaşına 5 qoyun (və ya müvafiq şərti qaramal) və ondan artıq düşdükdə, yardım üçün müraciətdən 1 il əvvəl ailə respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və ya alqı-satqı etdikdə, həmçinin ailənin əmək qabiliyyətli, işləməyən üzvü Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş 2 münasib işdən imtina etdikdə sosial yardımın təyin olunmasından imtina edilir.

   Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgünya tam olmayan məlumatlar və sənədlər verildikdə "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 10.2-ci maddəsinə əsasən, həmin ailə 2 il müddətinə sosial yardım almaq hüququnu itirir.

   Yardım almaq üçün lazım olan sənədlər

   Qanunvericilik bildirir ki, əgər sadalanan meyarlara ailənin vəziyyəti uyğundursa, həmin ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etməlidir. Bu zaman o əsas sənəd kimi xüsusi ərizə forması (1 nömrəli əlavə), "Ailənin gəlir və əmlakı haqqında bəyannamə" (2 nömrəli əlavə) və "Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi " (5 nömrəli əlavə) təqdim etməlidir.

   Ailəni təmsil edən şəxs ailə üzvləri tərəfindən ailənin yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan üzvləri arasından könüllü seçilir. Bu barədə ailə üzvlərinin müvafiq orqan (notariat orqanı və ya icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyi) tərəfindən təsdiq edilmiş ərizəsi təqdim olunur. Əsas sənədlərin arasında ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayış da olmalıdır.

   Ünvanlı yardım almaq üçün sadalanan əsas sənədlərdən başqa rəsmi orqan zəruri hallarda əlavə sənədlər də istəyə bilər. Bura nikah, boşanma, doğumya ölüm haqqında şəhadətnamələrin surəti, qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti, yerindən gəlir (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərərə görə verilən ödənclər də daxil olmaqla) haqqında arayış, ailə üzvlərinin aldıqları bütün növ pensiya, müavinət və təqaüdlərin məbləği haqqında aidiyyəti orqanın arayışı, ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış, ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti, ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisasya texniki peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış və s. aiddir.

   Qanunvericiliyə uyğun olaraq ailə aztəminatlı hesab edilərsə o halda sosial yardımın məbləği müəyyənləşdirilir. Konkret misalda bunun necə hesablandığını daha aydın başa düşə bilərik. Misal olaraq təsəvvür edək ki, ailə 5 nəfərdən ibarətdir, ailənin cəmi gəliri yalnız atanın və ananın aldığı 300 manatlıq əmək haqqından ibarətdir. "Ehtiyac meyarının həddi haqqında" qanuba əsasən 2014-cü ildə bir nəfərə düşən ehtiyac meyarı 100 manat olmalıdır. Deməli, sözügedən 5 nəfərlik ailənin ehtiyacını ödəməsi üçün gəliri 500 manatdan az olmamalıdır. Ailənin ümumi gəliri 300 manat olduğundan həmin ailəyə 200 manat ünvanlı yardım təyin edilir ki, ailə 500 manatlıq gəlirə sahib olsun. Əgər ailənin ümumi gəliri 400 manatdırsa ünvanlı yardım 100 manats. məbləğində təyin edilir.

   Ünvanlı sosial yardım üçün müraciətlər elektron formada da mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər bölməsinə daxil olmaqla ünvanlı yardım təyin edilməsi üçün müraciət etmək olar. Yeni müraciət mexanizmlərinin əsas cəhəti ünvanlı sosial yardım üçün ərizə-anket formalarının həm onlayn recimdə, həm də poçt şöbələri vasitəsi ilə qəbul məsələsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Yaxın zamanlarda həmin məlumatların mobil telefon nömrəsinə SMS-lə göndərilməsi planlaşdırılır.

   Ünvanlı yardımın statistik vəziyyəti

   2013-cü ilin sonuna olan məlumata əsasən, respublikada 615 516 nəfər ailə üzvünü əhatə edən 140 711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Onlardan 39 852-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

   Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat, hər ailə üzvü üçün 29,01 manat təşkil edir.

   Müqayisə üçün bildirək ki, 2013-cü ilin göstəricilərinə görə ölkədə 5 faiz yoxsul var. 2012-ci ildə yoxsulların payı 6 faiz olub. Ünvanlı dövlət sosial yardım təyin olunan ailələrin sayı 2012-ci ildə 120,478 idibir nəfərə düşən orta aylıq ünvanlı sosial yardımın məbləği 23,66 manat təşkil edib. 2006-cı ildən 2012-ci ilin sonuna qədər ünvanli sosial yardim üçün 1 milyard 208 milyon manat vəsait xərclənib. 2013-cü ilin yekunları açıqlanmasa da 2012-ci ildəki qədər, yəni 207 milyon manatın xərcləniləcəyi gözlənilir.

   Dövlət Statistika Komitəsinin məlumatına nəzər yetirdikdə aydın olur ki, 2009-cü ildən sonra ünvanlı sosial yardım alan ailələrin sayı azalır. Əgər 2009-cu ildə 163 409 ailə ünvanlı sosial yardım alırdısa, 2012-ci ildə onların sayı 120,5 minə qədər azalıb. Ancaq 2013-cü ildə onların sayı bir qədər artaraq 133,6 min olub.

   Eyni dinamika ünvanli dövlət sosial yardımı alan ailə üzvlərinin sayında da müşahidə edilib. Ünvanlı yardım alan ailə üzvlərinin sayı 2009-cu ildəki 750 min nəfərdən 2012-ci ildə 542 min nəfərə qədər azalıb. Ötən ildə isə 610 mini ötüb.

   Ünvanlı yardım alanların sayı azalsa da, bir adama düşən yardımın məbləği 2008-ci ildəki 17,4 manatdan 2013-cü ildəki 29 manata qədər artıb.

 

   Vasif CƏFƏROV

  Ekspress.-2014.- 28 yanvar.- S.9.