Cümhuriyyət tələbələri

 

I fəsil

 

Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik təhdidlərlə üzləşsə , Vətən millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış talelərinə güzgü tutmuşdur.

   "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

       Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərində yazdıqları arxiv qovluqlarında öz müfəssəl əksini tapmışdır. 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Parlamentinin S.M.Qənizadənin sədrliyi ilə keçən səhər iclasında təhsil sahəsinə dair üç məsələ müzakirə olunmuşdu: - Dövlət Universitetinin açılması barədə; xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün gənclərin göndərilməsinə dairtürk dilində (azərbaycanca - T.Q.) kitabların alınmasına 1 milyon manat vəsait ayrılması haqqında.

   Universitet kommersiya məktəbinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) binasında yerləşirdi. Universitetin rektoru tanınmış tibb alimi və cərrah Vasili İvanoviç Razumovski idi. Tarix-filologiya fakültəsində Məhəmməd Əmin Rəsulzadə və xalq maarif naziri Rəşidxan Qaplanov Osmanlı ədəbiyyatından, Məhəmmədağa Şaxtaxtinski Azərbaycan qrammatikasından dərs deyirdilər. İlk tədris ilində ali məktəbdə 1094 tələbə təhsil alırdı. 1919-cu ilin noyabr ayında universitet rəhbərliyi tələbələrin ehtiyaclarını nəzərə alaraq, hökumətə aşağıdakı məktubla müraciət etmişdi:

   "Universitetin İdarə Heyəti Sizdən xahiş edir ki, Daxili İşlər Nazirliyinin şəhər binasını (keçmiş hərbi xəstəxana) tələbə yataqxanası kimi istifadə edilmək üçün Bakı Universitetinin sərəncamına verəsiniz. Belə ki, yeni açılmış ali məktəbə daxil olmaq məqsədilə Bakıya gələn abituriyentləri yerləşdirmək üçün imkanımız yoxdur. Tələbə yataqxanasının təşkili universitetin akademik həyatının düzgün qurulmasında mühüm əhəmiyyət kəsb edir".

   Hökumət Universitet rəhbərliyinin xahişinə dərhal müsbət cavab vermişdir. Bakının mərkəzindəki Mağazin (indiki Süleyman Rüstəm küçəsi) və 2-ci Qanlıtəpə (indiki Mikayıl Rəfili küçəsi) tinindəki üçmərtəbəli bina Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş gənclərin yaşayış yerinə çevrilmişdir. Universitetin onilliyi ərəfəsində bu təhsil ocağı 1929-cu ildə ləğv ediləndə yataqxanası da bağlanmışdı. Həmin vaxtdan bu günədək burada yardımçı məktəb fəaliyyət göstərir.

 

   Bir neçə il əvvəl tarixi bir binada yerləşən təhsil ocağına baş çəkmişdim. Beş yüz nəfər şagirdi qoynuna almış bu qeyri-adi məktəbin sinif otaqlarını dolaşdıqca qəlbimi qürur hissi bürümüşdü. Məktəbin direktoru Seyfəddin müəllimdən öyrəndim ki, Nəsimi rayonundakı 268 saylı yardımçı məktəbi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva himayəsinə götürüb.

   ***

   Azərbaycanda heç bir vaxt (elə indinin özündə də) Təhsil Nazirliyi 1918-1920-ci illərdə olduğu qədər geniş səlahiyyətlərə malik olmamışdır.

   Qori müəllimlər seminariyasının Azərbaycan bölməsi Qazağa köçürüldükdən sonra Təhsil Nazirliyinin sərəncamında idi. Hətta Mayılov qardaşlarının teatrı (indiki M.F.Axundov adına Milli OperaBalet Teatrı) nazirliyin tabeçiliyindəydi. Dövlət teatrına dair məsələlərə nazirlikdə baxılırdı. Arxivdə rastlaşdığımız bir sənədlə oxucuları tanış etmək istəyirəm.

   1919-cu il aprel ayının 27-də tərtib edilmiş və başqaları ilə yanaşı, Üzeyirbəy və Zülfüqarbəy Hacıbəyovlara göndərilmiş məktubda oxuyuruq:

   "Sizdən xahiş edirəm ki, bu il aprelin 28-də axşam saat 7-də Dövlət Teatrı İşləri üzrə Komissiyanın iclasında iştirak etmək üçün Xalq Maarif Nazirliyinə təşrif gətirəsiniz.

   Nazirliyin şöbə rəisi".

   Yeri gəlmişkən, Sovet hakimiyyətinin ilk illərində bu ənənə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən davam etdirilmişdir. Belə ki, onun göstərişiylə Azərbaycanda dövlət arxivi Təhsil Nazirliyinin nəzdində yaradılmışdır. Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı "Azərbaycan" qəzeti də Maarif Nazirliyinin tabeçiliyində olmuşdur. Qəzet səhifələrində təhsilə dair materialların tam genişliyi ilə dərc olunmasının bir səbəbi də bununla izah edilməlidir.

   Qəzetin 1919-cu il iyul-dekabr aylarında çıxan nömrələrini nəzərdən keçiririk. İyulun 23-də qəzet oxuculara bildirir ki, Bakıda vükalə (vəkillər) şurasının qərarı ilə korlar məktəbi açılacaqdır. "Tələbələr haqqında" sərlövhəli xəbərdə isə oxuyuruq: "Maarif nəzarəti 100 nəfər tələbəni xaricə göndərəcək. Hər tələbəyə 36.000 manat xərcləmək və 5.000 manat yol pulu hesablanıb. Cəmi 4.100.000 manat edir".

   Qəzetin 31 iyul tarixi sayında "Tələbələrin nəzərinə" elanından bəlli olur ki, İsveçrəyə 51 nəfər, Fransaya 13 nəfər, Türkiyəyə 4 nəfər, İtaliyaya 1 nəfər, Rusiyaya 17 nəfər, İngiltərəyə 3 nəfər, Almaniyaya 2 nəfər gənc göndəriləcəkdir.

   "Azərbaycan" qəzeti səhifələrindəki materiallar və eləcə də arxiv sənədləri göstərir ki, əcnəbi ölkələrə təhsil almağa göndəriləcək tələbələrin qəbul etdiyi şərtlər H.Z.Tağıyev tərəfindən təsdiq olunmuş maddələrin əsasında hazırlanmışdır.

   Böyük xeyriyyəçi-milyonçunun şərtləri belə idi:

   1. Hər tələbəyə təhsil müddəti ərzində 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.

   2. Tələbə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.

   3. Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları Xeyriyyə Cəmiyyətinə birdəfəlik və yaxud da hissə-hissə ödəyəcəkdir.

   Yeri gəlmişkən, H.Z.Tağıyevin hər bir tələbəyə ayırdığı vəsait öz zamanına görə daha çox idi. Nəriman Nərimanovun "Borc iltizamı"nda oxuyuruq:

 

   "1902-ci il iyunun 27-də mən, aşağıda imza edən kollec katibi Nəriman Nərimanov bu iltizamı fəxri vətəndaş Hacı Zeynalabdin Tağıyevə verirəm, ondan ötrü ki, o - Tağıyev ali məktəbdə təhslimi davam etdirmək üçün mənə beş il ərzində, birinci iki ilin hərəsində 360 manat verir, bu da cəmi iki min iki yüz səksən (2280) manat edir və mən elmlər kursunu başa çatdırandan sonra bu məbləği tamamilə ona, Tağıyevə qaytaracağıma söz verirəm.

   Bu barədə imza atıram.

   İmza: Nəriman Nərimanov".

   Nəriman Nərimanov H.Z.Tağıyevin himayəsi ilə 1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olmuşdu.

   Xalqımızın digər bir görkəmli dövlət xadimi - Əziz Əliyev 1951-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyərkən H.Z.Tağıyevin yaxşılığından dəst-xəttilə yazdığı tərcümeyi-halında bunları xatırlayırdı: "1917-ci ildə bütün fənlərdən "5" qiymət almaqla gimnaziyanı qızıl medalla bitirdim. Təhsili davam etdirmək üçün vəsaitin olmadığına görə, maddi yardım üçün o vaxt Bakı milyoneri Tağıyevə müraciət etdim. O, mənə 300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsini isə özümlə götürüb Petroqrada getdim. Attestat müsabiqəsi yolu ilə Hərbi-Tibb Akademiyasına daxil oldum".

   ... O zaman, 1919-cu ildə soydaşlarımızın əcnəbi ölkələrə ali təhsil almağa göndərilməsi Azərbaycan həyatında əlamətdar bir hadisəyə çevrilmişdi. Bu, hamıdan çox maarifpərvər millət atası H.Z.Tağıyevi məmnun edirdi. Onun bütün var-dövləti, zavodları, mədənləri, fabrik və balıq vətəgələri, maliyyə vəsaitləri... Azərbaycan Cümhuriyyətinin iqtisadi bazasına çevrilmişdi.

   Cümhuriyyətin ali qonaqlarını öz evində (indiki Azərbaycan Tarix Muzeyi binası - T.Q.) qarşılayan millət atası doxsan altı yaşını adlasa da, müsafirlərin gözünə qıvraq və gümrah bir cəngavər kimi görünürdü.

   "Azərbaycan" qəzetinin 1919-cu il 9 dekabr tarixli sayındakı "Müsəlman tələbələrin xarici ölkələrə göndərilməsi" yazısından bəlli olur ki, hökumət bu tədbiri mütəşəkkil həyata keçirmək məqsədilə tələbələrin nümayəndələrindən ibarət təşkilat yaratmışdır. Təşkilat bürosunun sədri Teymur Aslanov Maarif Nazirliyinin nümayəndəsi Şaxtaxtinski ilə birlikdə lazımi yol vəsiqələri almaq üçün TiflisBatum şəhərlərində olmuşlar.

   Qəzetin 1919-cu il 12 dekabr sayındakı "Tələbələrin yığıncağı" sərlövhəli xəbərdən öyrənirik ki, tələbə Bürosunun qərarı ilə xaricə yola düşən gənclərin bəzi ərzaq və digər ləvazimatla təmin olunması məsələləri həll edilmişdir. Ticarət və sənaye nazirlikləri hər bir tələbəyə 40 arşın parça, 2 cüt döşəkağı, 2 ədəd əl-uz dəsmalı, 6 ədəd yaylıq və s. vermişlər.

   ***

   100 nəfər Azərbaycan türkünün Avropa ölkələrinə ali təhsil almağa göndərilməsi məsələsi ümumdövlət və ümumxalq işinə çevrilmişdi. Milli təhsil tariximizdə yeni bir səhifə açmış bu hökumət qərarına əməl olunması böyük qürur hissilə müşayiət olunurdu.

   100 nəfər istedadlı gəncin seçilməsi üçün Azərbaycan Parlamentinin qərarı ilə dövlət komissiyası yaradılmışdı. Bu komissiyaya Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi. Komissiyanın tərkibinə deputatlardan Mehdi bəy Hacınski, Qarabəy Qarabəyov, Əhməd bəy PepinovAbdulla bəy Əfəndiyev daxil idilər.

   Komissiyaya Azərbaycan Cümhuriyyətinin banisinin sədr-ilk etməsi mühüm əhəmiyyət kəsb edirdi. Bəs üzvləri haqqında nə bilirik?

 

   (ardı var)

 

Teyyub QURBAN

Ekspress.-2015.- 11-13 aprel- S.15.