Ermənilərin 24 aprel həşiri....

 

Böyük yalan və Malta məhkəməsinin həqiqətləri

 

"Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü vardır - o da hakimiyyət üçün yeni bir fürsətdir, ermənilərə üz vermiş ağır çətinliklərin faciələrə gətirib çıxara biləcəyinin günahı onları anlamadıqları işə təhrik edənlərin üzərinə düşür". İngilis yazıçı- publisisti S.F.Dikson-Consonun 1916-cı ildə yazılmış "Ermənilər" kitabından

Ermənilərin bədnam günə çevirdiyi daha bir 24 aprel yetişdi. Haylar onlara dəstəvuz verənləri Eçmiədzində öz başlarına yığıb yenə şaxsey-vaxsey salacaqlar və ya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən, "özləri çalıb, özləri oynayacaqlar".

   Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Böyük "yalan və Malta məhkəməsinin həqiqətləri" adlı araşdırmasında qondarma soyqırımın tarixi saxtakarlıqdan başqa bir şey olmadığını yazır. Alimin araşdırmasını Lent.az-a istinadən təqdim edirik

      GİRİŞ: Yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin soyqrım termini təklif edənə qədər dünya siyasətçiləri və hüquqşünasları bu cür cinayətlərə konkret bir ad verməmişdi. İlk dəfə 1944-cü ildə Rafael Lemkin Avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi surətdə məhv edilməsi siyasətini ifadə etmək üçün "soyqırım" terminini işlətdi. Yunan dilində genos - "nəsil, kök, soy" sözü ilə latın dilində caedo - "öldürürəm" sözlərinin birləşməsindən "genosid" termini belə yarandı.

   İndiyə qədər dünyanın bir çox ölkələri "genosid" terminini tərcümə etmədən orijinalda işlədirlər. Azərbaycanın siyasi və hüquqi leksikonuna isə 1990-cı illərdə "soyqırım" kimi daxil olan bu termin insanlıq və insanlar əleyhinə olan bəşəri bir cinayəti ifadə edir. Hansı dildə işlənməsindən asılı olmayaraq, cinayətin təfsiri bu əmələ məruz qalmış millətin, etnosun, irqi və ya dini qrupun soyunun, kökünün kəsilməsini əks etdirir.

   Tarixi faktlar və sənədlər sübut edir ki, erməni millətçiləri xəyali "böyük Ermənistan"ı yaratmaq üçün ayrı"ayrı zamanlarda tarixi faktları saxtalaşdıraraq, özlərini guya soyqırıma məruz qalan tərəf kimi göstərmişlər. Lakin faktlar göstərir ki, ermənilər bütün zamanlarda azərbaycanlılara və türklərə qarşı kütləvi qırğınlar, sui-qəsdlər və terrorlar törətmiş, dinc əhalini ucdantutma məhv etmişlər.

   Tarixi keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac vardır. Dünyaya özünü "məzlum xalq" kimi tanıtmağa çalışan ermənilər hər yerdə geniş təbliğat apararaq, uydurma "erməni soyqırımı"nın tanınmasına ciddi cəhd etmişlər və bu gün də bu yolda yorulmadan çalışırlar.

   Türkiyənin Xarici İşlər Naziri olmuş Qabriel Norandukyan Lozanna konfransına Türkiyənin göndərdiyi heyətin rəhbəri İsmət paşa ilə arasında aşağıdakı dialoq olmuşdur:

   - Biz bir erməni yurdu istəyirik.

   - Necə bir erməni yurdu?

   - Türkiyənin bir yerini ayıracaqsınız.

   - Türkiyənin harasında istəyirsiniz? Şərqindəmi, cənubundamı, yoxsa qərbindəmi?

 

   - Harada olursa olsun, erməni yurdu olaraq bizə bir yer verin, biz də orada toplanaq, orada yaşayaq...

   (Karakoç, Ercan, "Osmanlı Hariciyesinde Bir Ermeni Nazır: Gabriyel Noradunkyan Efendi", Uluslararası İlişkiler, Cilt 7, Sayı 25 (Bahar 2010), s. 157-177.)

   Bəs uydurma

   "erməni soyqırımı" məsələsi haradan yaranıb?

   Tarixən məlumdur ki, "erməni məsələsi" Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlmiş və böyük dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün ondan bir vasitə kimi istifadə etmişlər. Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, Türkiyənin torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət idi. Habelə həmin məsələ Şərqə yiyələnmək uğrunda çar Rusiyası və Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi. Şərq siyasətinin həyata keçirilməsi üçün ermənilərdən istifadə edildi və Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçildi. Birinci Dünya Müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniyanın tərəfində çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta 1914-cü il oktyabrın 29-da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə silahlandılar və hər yerdə türkləri qırmağa başladılar.

   Türkiyənin tanınmış tədqiqatçı alimi, professor İsmail Ürçelik "Ermeni iddiaları ve gerçekler" adlı kitabında göstərir ki, Birinci Dünya Müharibəsi ərəfəsində və müharibə illərində ermənilər öz istəklərini gerçəkləşdirmək üçün Rusiyadan dəstək alırdılar. Rusiya vəd etdi ki, yeni bir Ermənistan qurulmağa kömək edəcək. Bundan sonra Türkiyə ərazisində yeni"yeni erməni hərbi alaylarının təşkili prosesi sürətlənirdi. Bu alaylara erməni liderləri başçılıq edirdilər. Hətta bu erməni hərbi birləşmələrinin fəaliyyətini əlaqələndirmək üçün Tiflisdə Erməni Uluslararası Bürosu yaradıldı. Bir çox xarici ölkələrdən gələn ermənilər hesabına könüllü hərbi birləşmələrin sayı getdikcə çoxalırdı. Qısa zamanda Rusiyadan, İrandan, Amerikadan, İngiltərədən, Fransadan, Bolqarıstandan, Rumıniyadan və hətta Buxaradan gələn ermənilər könüllü erməni alaylarına daxil olurdular. Onlara xüsusi təlimat keçirdilər. Təqribən 180 minə qədər erməni belə təlim keçmişdi. Təlim keçən erməni casuslarına təxribat işləri ilə məşğul olmaq, adam öldürmək, türk ordusuna arxadan zərbə vurmaq tapşırığı verilmişdi. Bu ordunun qarşısında iki əsas tapşırıq aşağıdakı idi ki, ermənilərin hökümət tərəfindən köçürülməsini labüd etdi:

   Sənəd N:1

   "İlk öncə rus dövləti ordusunun qarşı tərəfdən Ərzuruma doğru hərəkəti ilə hücuma keçəcək orduya qarşı türklərin mücadələyə məcbur olacaqları təbii olduğuna görə bu fürsətdən istifadə etmək üçün geridə hazırlıq görmüş qəhrəman erməni çətələri (partizan dəstələri) Türk ordusunu arxa tərəfdən vurmaqla iki tərəf arasında qalan düşmənin hamısının beş yaşından böyük olanları ilə birlikdə yox və qətl edilmələri qərara alınmışdır."

   Sənəd N: 2

   "Öncəki qərarda hər nə qədər 5 yaşından böyük olanların kəsilməsinə qərar verilmişsə də, bu beş yaşındakı uşaqların nüfuz etibarilə əhəmiyyəti 9 qabaqcadan görmək və irəlidə mənsub olduqları milləti yada salaraq gələcəkdə erməni milləti üçün bir təhlükə təşkil edəcəklərinə görə iki yaşından böyük olanların kəsilmələrinə birlikdə qərar verilmişdir."

 

   (ALBÜM - 1916 - Ermeni Amal ve Harekat-ı İhtilaliyesi Tesavir ve Vesaik Albüm No. 1 Osmanlıca - Fransızca - Almanca - İngilizce izahatlı, Yayınevi, Matbaa-i Amire- Ahmed İhsan ve Şürekası,Sayfa sayısı : 64, Basım Tarihi 1916)

   Təbii ki, erməni silahlı dəstələrinin türklərə vurduğu ağır zərbələr və günahsız türk əhalisinin kütləvi məhv edilməsi, habelə ermənilərin yaşadıqları bu dövlətə xəyanəti Türkiyə dövlətini ciddi qərarlar qəbul etməyə məcbur etdi.

   Bir şey də maraqlıdır ki, ermənilərin respublika elan edəcəyindən 2 gün qabaq - 1915-ci il aprel ayının 22-də Eçmiədzin katolikosu ABŞ prezidenti Vilsona belə bir teleqram vurmuşdu: "Erməniləri türk fanatizminin özbaşınalığından xilas edin".

   Osmanlı dövləti bu vəziyyət qarşısında ilk tədbir olaraq ordudakı erməni əsilli əsgərləri döyüşən hissələrdən çıxarıb, arxa xidmətlərə verdi. Daxili işlər naziri Tələt bəyin imzasıyla 24 aprel 1915-ci ildə bir fərman verildi və dərhal erməni silahlıları haqqında əməliyyat başladıldı. Buna görə erməni komitələrinin başçıları həbs olunacaq və hərbi məhkəmələrə sövq ediləcəkdi. Bu dəyişikliklər nəticəsində İstanbulda yaşayan 77735 ermənidən 2435-i həbs olundu, dəstə başçıları hərbi məhkəmələrə çıxarıldı.

   24 aprel 1915-ci ildə erməni hərəkatına rəhbərlik edən 600 nəfər erməni yazıçı, şair, jurnalist, siyasətçi, həkim, vəkil, hüquqşünas, müəllim, alim və ruhaninin həbs edilməsi erməni millətçi ekstremistlərini bərk narahat edirdi. Çünki bu şəxslərin uzun müddət həbsdə saxlanılması "erməni məsələsi"nin öz istiqamətini itirməsi və bununla da erməni hərəkatının əsas liderlərinin zərərsizləşdirilməsi ilə nəticələnə bilərdi. Odur ki, həmin tarixdən etibarən ermənilər aprelin 24-nü soyqırımı günü kimi qeyd edirlər.

   Fransa və Böyük Britaniya Osmanlı İmperiyasında "Müharibə əsirləri ilə pis rəftar və ermənilərə qarşı qırğınlara görə" təhqiqatlar aparıb, 147 məmur və yüksək rütbəli zabit 1919-1921-ci illərdə Malta adasına sürgün edilib və Böyük Britaniyanın qanunları əsasında onların üzərində mühakimə qurulub. Mühakiməni əsasən İngiltərənin baş prokurorluğu aparıb və Maltadakı Türk məhbuslara aşağıdakı ittihamlar irəli sürlmüşdür:

   1.Sülh şərtlərinə tabe olmamaq (Mudros anlaşması bəndlərinə).

   2.Bu şərtlərin yerinə yetirilməsinə mane olmaq.

   3.İngilis komandirlərinə və zabitlərinə nalayiq hərəkət etmək.

   4.Əsirlərə pis münasibət göstərmək.

   5.Türkiyədə və Transqafqazda ermənilərə və digər əsillərə zülm etmək.

   6.Talançılıqda iştirak etmək, mülkiyyətə ziyan vurmaq və s.

   7. Müharibə qanun və qaydalarını başqa hər hansı bir formada pozmaq.

   (British Archives: PRO"F.O. 371/ 4172 Private and confidential: February 28, 1919)

   Malta sürgünündə olanları günahlandırmaq üçün istifadə olunan əsas mənbə, erməni Patriarxlığının hesabatlarıdır. Patriarxlıq "100 Cinayətkar Türk" adlı bir hesabat vermişdir. Ondan sonra başqa hesabatlar da qələmə almışdır. Ingilislər əvvəl bu hesabatları əsas götürmüşlər. "Türkiyədə ən çox nifrət edilən ingilis" - deyə səciyyələndirilən ingilis tərcüməçisi Ryan ilə İngiltərənin İzmir Baş Konsulu Ser H. Lamb da erməni Patriarxlığının hesabatlarını təsdiq edirlər. Beləliklə, bir ittihamnamə yaradılmışdır. İttihamnamələr, yer-yer başqa qaynaqlarla da əlavə etmək tələb olunmuşdur. İttihatçı düşməni "Səhər" qəzeti ilə "Renesans" adlı qəzetin hökumət əleyhinə yazıları da bir dəlil olaraq alınmışdır. Bəzi erməni şahidlərinin ifadələri də ittihamnamələrdə istifadə edilmişdir. Arada bir türk müxbirlər də görünür. Fransa və ermənilərə gizlində xidmət edən dövlət qurumlarında olan donosçular da bir dəlil kimi qəbul olunmuşdur. İngilis zabitlərinin iddiaları da cinayət dəlilləri kimi istifadə edilmişdir.

 

   (ardı var)

 

   Zaur Əliyev

   Siyasi elmlər üzrə

   fəlsəfə doktoru

  Ekspress.-2015.- 24 aprel- S.15.