"İstəyirəm xalq artisti olum"

 

Rəhilə Bəndəliyeva: "Bəzi televiziyalar 50 yaşdan yuxarı sənətkarları siliblər..."

 

Əməkdar artist Rəhilə Bəndəliyeva uzun illərdir ki, Azərbaycan səhnəsində muğamlarımızı, xalq və bəstəkar mahnılarını yorulmadan ifa edir. Həm də yüksək səviyyədə və özünəməxsus tərzdə. O, uzun illər "Lalə" Qızlar Ansanblının tərkibində Azərbaycanın əksər bölgələrində konsertlər verib, tamaşaçı qarşısında özünü təsdiqləyib...

Elə indi də sənətini ürəkdən sevən müğənni "bizi sənətdi yaşadan" deyir.

- Rəhilə xanım, söhbətə sənətə gəlişinizdən başlayaq...

- Mən Qərbi Azərbaycanın Qafan rayonunun Kurud kəndində anadan olmuşam. İkinci sinifdən həvəsim olub oxumağa. Məktəbdə tədbirlər keçirilirdi, şagirdlər arasında səhnəciklər olurdu. Orda "Arşın mal alan"da Gülçöhrənin mahnısını oxumuşam. Məktəbin böyük uşaqlarına qoşulub digər mahnılar da oxuyurdum. Onda bzim nəğmə müəllimimiz Osman Poladoğlu idi. Bizim qohumdu. O, məni çox həvəsləndirib. Atam da görürdü ki, oxumağa çox həvəsim var. Sonra Bakıya köçdük. Bakıda televiziya, müğənnilər gördüm. Bu sənətə marağım birəbeş artdı. Çox istəyirdilər ki, mən müəllim olum. Ancaq dedim ki, mən bu sənəti seçəcəyəm, müğənni olacağam.

1976-cı ildə sənədlərimi Asəf Zeynallı adına Musiqi Məktəbinə verdim. Bütün el-oba, qohum-qardaş dedilər ki, bu qız müğənni olmamalıdı. Bunun axırı nə olacaq, bunu kim alacaq? Onda atama dedim ki, mən burdan başqa heç yerə sənəd verməyəcəm, özümü də öldürəcəyəm. Atam da dedi ki, "kim nə deyir, özü üçün deyir. Mənim qızımsansa, get, ağıllı ol". Həmişə deyirdim ki, bircə dəfə mənə sınaq verin. Hamının üzü Allahdaydı ki, mən kəsilim. Mən də dua elədim bizim tərəfədəki Cidalı pirinə, ondan kömək istədim. Elə oldu ki, işim rahat alındı, muğam məktəbinə girdim. Qurban olun Cidalı pirinə. Beş il orda oxudum. Oxuya-oxuya da "Lalə" Qızlar Ansamblına daxil oldum...

- Muğam məktəbində kimdən dərs aldınız?

- Mənim müəllimim Vahid Abdullayev olub. Vahid müəllim çox gözəl insan idi. Onun da ilk tələbələri mən, Qəndab Quliyeva, Sevinc Sarıyeva və s. olmuşuq. Bizdən sonra Mənsum müəllim olub. Gözəl müəllim, insan, yaxşı da sənətkar olub.

Heç yadımdan çıxmır. Sentyabr ayında bir neçə gün məktəbə gəldim, dərs olmadı. Qanadlanmışam, uçuram məktəbə qəbul olduğuma görə. Bir gün də gəldim, dedim, bu nədi, müəllim yoxdu. Bir də gördüm bir kişi mənə sarı gəldi. Dedi ki, "ay qız, sən niyə öz-özünə danışırsan?" Dedim ki, mənə deyirlər müəllimin Vahid müəllimdi, onu da tanımıram. Dedi ki, "Vahid müəllim mənəm". Utandım, amma dala da çəkilmədim. Dedim nə olsun ki, dərsə gəlmirsiniz, mən də dərs keçmirəm. Mən gəlmişəm ki, muğam öyrənəm. Onda Vahid müəllimin təxminən 35 yaşı olardı. Beləcə, dərslərə başladıq, hər şey yaxşı oldu. Stolun üstünə kağız salardım. Mən qastrola gedəndə, Vahid müəllim deyərdi ki, "Rəhilə yoxdu, buralara baxan da yoxdu".

Vahid müəllimdən əksər muğamları öyrənmişəm. Bir gün ""Humayun"un, "Çahargah"ın ayağı qaldı, Vahid müəllim" dedim. İkinci kursdan "Lalə" Qızlar Ansamblında çalışdığım üçün çox qastrollara gedirdim. Dedi ki, "a bala, biri Zaqatalada, biri Naxçıvanda qaldı". O bölgələrdə qastrolda olmuşdum, ona görə Vahid müəllim elə deyirdi...

- Yeri gəlmişkən "Lalə" Qızlar Ansanblına necə gedib çıxdınız?

- Bu ansanbl AzTV-yə tez-tez çıxırdı. Bir gün "Səhər görüşləri" verilişi gedirdi. Atam verilişə baxıb ansamblın çıxışını gördü. Və qardaşıma dedi ki, "Rəhiləni apar o ansambla, qoy qızlarla işləsin". Onu qeyd edim ki, Asəf Zeynallıda Hacıbaba müəllimin Gülbahar adlı tələbəsi var idi. O, "Lalə" Qızlar Ansamblına gedirdi. Mənə dedi ki, sən də getmək istəyirsən? Dedim ki, gedərəm, atam da istəyir ki, mən ora gedim. O dedi ki, "Ceyran xanıma deyərəm". Onun oxuyanları çox idi. Firuzə İbadova, Ruhəngiz Allahverdiyeva və başqaları orda idi. Demişdi ki, "özüm xəbər edəcəyəm". 1977-ci ildə qızlar artıq ordan çıxmışdı, məni çağırdılar. Oktyabrın 4-də sənədlərimi götürüb ora getdim. Mən o vaxtı "Aman təklik əlindən", "Əzizlərim", "Gəl inad etmə" mahnılarını oxudum. Ceyran xanım məni elə həmin vaxt işə götürdü. Səhəri gün qastrola getdik. Orda xalq, bəstəkar, aşıqsayağı mahnılar oxudum. İndi baxıram ki, indiki gənclər pulu düşünür. Biz ancaq sənəti düşünmüşük. Heç bilmirdim nə maaş alırdım... Sənətimizə çox bağlı olmuşuq. Maaş bizi o qədər maraqlandırmayıb.

- Ceyran Haşımova kimi dəyərli bir sənətkar sizin xatirinizdə necə qalıb?

- Ceyran xanım çox insani keyfiyyətləri olan bir xanımdı. Dostluğa sadiqdi, gözəl ana, ciddi insandı. Ciddi olmasa idi, uzun illər bu ansamblı saxlaya bilməzdi. Bizə öz balaları kimi qayğı göstərirdi...

- Bəs, nə vaxtdan ailə qurdunuz?

- 1982-ci ildə ailə qurdum. Sənətimi atmadım. Övladlarımı da götürüb qastrollara getmişəm. Çox əziyyətli günlərim olub, amma sənətdən ayrılmamışam. Uşaqla çox çətin idi. Onları Naxçıvana, Ağcabədiyə, Saatlıya aparmışam...

Bi oğlum, bir qızım var. İkisinin də musiqi duyumu güclüdür. Oğlumu tara, qızımı pianoya qoymuşdum. İkisi də bu sənətin arxasınca getmədilər.

- Peşman deyilsiniz ki, bu sənətə gəlməyinizə görə?

- Bəzən haqsızlıqlar olanda, adama çox pis təsir edir. Amma yenidən bu dünyaya gəlsəydim, yenə bu sənəti seçərdim. Hardasa bu sənətə bağlısan. Bu sənət olmasa, onsuz qeyri-mümkündü. Mən "Lalə"dən çıxdım, gördüm iş yoxdu. Muğam Teatrına gedib orda işlədim. Özümü səhnəsiz, konsertsiz təsəvvür edə bilmirəm. Evdə bişirirəm, düşürürəm də, amma sənət öz yerində qalır.

Əsgərlər qarşısında gedib konsertlər veririk. Elə bilirəm ki, hamısı öz balalarımdı. Əgər onlar məndən zövq alırsa, bu mənim üçün bir dünyadı.

- İndi hansı müğənnilərə qulaq asırsınız?

- Korifey sənətkarlarımızdan İslam Rzayevə, Rübabə Muradovaya, Arif Babayevə, Zeynəb Xanlarovaya qulaq asıram. Gənclərdən də Aytən, Babək Niftəliyev, Arzu Əliyeva yaxşı oxuyandırlar. Mənsum İbrahimov bir müəllim, bir xanəndə kimi çox xoşuma gəlir. Eləcə də Nəzakət Teymurova. Mənim yaşıdlarımdan Almaz Orucova xoşladığım müğənnilərdəndir...

- Hansı arzularla yaşayırsınız?

- Arzular bitmir ki... Mənə həmişə deyirdilər ki, nəyə görə ad almaq barədə fikirləşmirsən. Mən də deyirdim ki, mənim adım da, sanım da övladlarımdı. Əgər övladlarım xoşbəxt olsa, bu mənim üçün hər şeydən üstündü. Əgər taleyimdə varsa ad alım, zəhmətimə dəyər vermələri alın yazımda varsa, onda ad alacağam. Bunu Allah mənə bağışlayacaq...

Elə mahnılar var ki, istəyirsən onu yazdırasan, xalqa çatdırasan. Prezidentimiz mənə əməkdar artist adı verib. Allah onun canını sağ eləsin. İndi də istəyərəm xalq artisti olum. Arzular tükənməzdi...

- Yaşınızın üstünə yaş gəlməyi sizi narahat etmir ki?

- Yaşın üstə yaş gəlməyi qocalıqdı. O da hər adama qismət olmur. Allah axırından saxlasın. Yaşın üstə yaş gəlməlidir də. Mən varamsa, paxıllığımı çəkəcəkər də. Yaxşı günümə dost sevinəcək, pis günümə düşmən. O həmişə var, demək olmaz ki, yoxdu...

- Vaxtınızı necə keçirirsiniz, həyatınızdan, yaşamınızdan razısınızmı?

- Vaxtım olanda, internetə girib xəbərləri oxuyuram.

Tam demək olmaz ki, xoşbəxtəm. Allaha şükür, övladlarım, nəvəm, həyatda məni başa düşən yoldaşım var. Əgər atanı itirirsənsə, onda nə xoşbəxtlik? Demək olmaz ki, başdan-ayağa xoşbəxtəm. Həmişə Allahın şükürlü bəndəsiyəm. Narazı deyiləm. Xoşbəxt anlar olur. Bəzilərinə baxanda, əlbəttə, xoşbəxtəm.

- Hansı televiziya kanallarına baxırsınız. Verilişlərin səviyyəsi sizi qane edirmi? Dəvətlərə cavab vermirsiniz, yoxsa çağırmırlar?

- Elə verilişlər var ki, onlara baxmağa dəyməz. Onda ya rus, ya da türk kanalına çevirirsən.

Adamın yaralı yeridi bizi televiziya verlişinə dəvət etmək məsələsi. Bəzi televiziyalar 50 yaşdan yuxarı adamları silirlər. Amma kiminsə bir balaca vicdanı varsa, düşünür ki, bu müğənninin bu qədər əziyyəti olub, onu çağıraq efirdə görünsün. Mən qalmaqallı verilişlərə getmirəm. Danışmaqla aram yoxdu. Kiminsə qeybətin edəm, kiminsə artıq sözünü deyəm... Bu, mənlik deyil. Deyirəm ki, məni çağırın, oxuyum.

Qalmaqallara çox pis baxıram. Bizim də dövrümüzdə müğənni müğənnini istəməyib. İndi bir şey olan ki, müğənnilər bir-birinə "mən səni məhkəməyə verirəm" deyirlər. O qədər qabartmaq düzgün deyil. Onunla mən yadda qalıramsa, heç qalmayım...

- Hazırda hansı mahnılar üzərində işləyirsiniz?

- Bəstəkar, vətənpərvər ruhlu mahnılar oxuyuram. Rəhilə Həsənovanın aşıq Ələsgərin sözlərinə oxuduğu "Bəzən gözəl" mahnısını, Məmmədbağırın Fazil Şahinin sözlərinə oxuduğu "Apardı, getdi" mahnısını oxumuşam. Aşıqsayağı mahnılar yazdırmışam. Bu, mənim qanımda var. Əvvələr də oxumuşam aşıqsayağı mahnıları. Onda heç aşıq mahnısına baxmırdılar...

Bir diskim, iki albomum işıq üzü görüb. Biri mərhum Məlahət Həmidqızının mahnılarından ibarətdi. "Sən oldun", Əliş Əhmədoğlunun sözlərinə "Bakı" və s.

Nəvələrim üçün mahnılar var. Ramazan Səməroğlunun "Zəngəzurdadır", Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış "Axtaracaqsan" mahnılarını aşıqsayağı edib Ramazan Səməroğlunun yaradıcılıq gecəsində oxumuşam.

Ona peşmanam ki, səsimin gur vaxtlarında "Mirzə Hüseyn", "Şahnaz" dəsgahlarını yazdırmadım. Dövlət imtahanında "Orta Mahur"u oxumuşdum, onu yazdıra bilərdim...

İndi də səsin o vaxtı deyil. İnsan ildən-ilə yaşlandıqca xəstəlik tapır...

Hazırda "Mirzə Hüseyn"i, "Şahnaz"ı, "Qarabağ şikəstəsi"ni yazdırardım...

Əvvəl Leyli rolunda oynamaq həvəsim olub. Bir-iki dəfə ağız açdım, yoldaşım hirsləndi, onunla da qapatdım bu məsələni.

Bu saat Leyli rolunda oxuya bilmərəm. Həvəsim sönüb. Gərək ona hazır olasan, o rola girəsən. Gəncliyimdə çox istəmişəm ki, milli geyinim, rol oynayım. Ancaq onlar hamısı mənə qismət olmayıb. Yəqin, mənə qismətmiş ki, qastrollarda olum. Ömrümün çoxu "Lalə" ilə gedib...

- Nələrdən əsəbiləşirsiniz?

- Əsəbilik ondan olur ki, verilişdi, düşünürsən ki, orda sən olmalısan. Başqa insanları çağırırlar. Məsələn, kiminsə mahnısını oxumuşam. Orda mən olmalıyam. Məni çağırmırlar. Bax belə şeylərə əsəbiləşirəm. Bunun arxasında, yəqin, maliyyə məsələləri var.

- Gənc müğənnilrələ işləyirsiniz? Onlara öz bilik-bacarığınızı öyrədə bilirsinizmi?

- Bax, onu da eləmədik. Buna görə də peşmanam. Səkinə İsmayılova mənə dedi ki, "gəl, Asəf Zeynallıda muğam dərsi de". Dedim ki, "mən gəlim nə təhər tələbə öyrədim. Axı qastrollara gedirəm". Dedi ki, "hamı qastrollara gedir də". Baxdım, gördüm ki, Səkinə xanım düz deyir. Onda bilsəydim, dərs deyərdim, tələbələri öyrədərdim...

- Səhhətinizdə problem yoxdur ki?

- Boğazımda uzun illərdir ki, zob var. İndi baxıram ki, səsimi sıxır. Onu çıxarmaq istəmirəm. Qorxuram ki, birdən səsimə dəyər.

- Dolanışığınız necədir?

- İkiotaqlı mənzidə yaşayıram. Eyvanımı genişləndirmişəm. Gəlinim də yanımdadı. Yanımda iki nəvəm var. Yoldaşım yaradıcılığımı izləyir. O, ticarətçi olub. Klassikanı sevən insandı. Məndən çox musiqiyə bağlı insandı.

Qızım da musiqini sevir. Dram rejissorluğunu bitirib. Qızımın uşağı musiqiyə daha meyllidi...

- Yenə xaricə oxumağa dəvət alırsınız?

- Bax o da adamın yaralı yeridi. Vaxtında bizi çox həvəsdən salıblar. Qarşısını alıblar, qoymayıblar getməyə. Bunu sənət adamları ediblər. Bizim əvəzimizə özlərindən qızlar düzəldib gediblər...

Şəxsi xətlə dəvətlər olub İrana, Avstriyaya və s. Amma mən dövlətin xətti ilə xaricə getmək istəyirəm.

- Toylara gedirsinizmi?

- O toylara gedirəm ki, orda mənə dəyər verirlər. Hər toya getmirəm. Sırf şadlıq evində oturub işləməyi qəbul edə bilmirəm. Toylarda kim nə istəyirsə, çalışıram yox deməyim, xəstə olanda da canlı oxuyum. Mən heç vaxt toylarda pul söhbəti eləməmişəm. Demişəm ki, az pul versəniz də, halallıq verin. İndi oxuyanlar qiymət qoyur. Yarım saat 2500-3000 manat. İnsaf da yaxşı şeydi...

- Belə cavan, yaraşıqlı qalmağınızın sirri nədədir?

- Bizi sənət yaşadır. Heç kimə paxıllıq eləmərəm. Hamının balasına öz balam kimi xoşbəxtlik diləyirəm. Qarşımdakı insan da məni başa düşüb, qəlbimi qırmayıb. O da böyük şərtdir. Kişilər var ki, oxuyan qızları alır aparır, öz məqsədinə çatır, sonra oxumağa qoymur. Mən o kişilərə nifrət edirəm. Sən görürsən ki, bu sənətkardır, qoy oxusun da. Onu sıxmaq, qəfəsə salmaq düzgün deyil. Mən heç vaxt yoldaşımdan icazəsiz Rusiyaya dəvət aldığım toylara getməmişəm. Halbuki yoldaşm mənə deyir ki, "seçim sənindi". Mən baxıram ki, tanıdığım, məni başa düşən adam varsa, onunla o yolu gedirəm...

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2015.- 5 avqust.- S. 9.