Aktyorun yubileyi "Azərbaycanfilm"

 

Ənvər Həsənovun 65 illiyini qeyd etdi

 

   C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında əməkdar artist Ənvər Həsənovun 65 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

   Kinostudiyadan AZƏRTAC-a bildiriblər ki, qurumun direktoru Müşfiq Hətəmov yubilyarın sənət dünyasından, yaratdığı obrazlar qalereyasından söz açıb: "Ənvər Həsənov 50 ildir ki, "Azərbaycanfilm"də fəaliyyət göstərir, aktyor kimi filmlərə çəkilir, eyni zamanda, ikinci rejissor kimi filmlərin istehsalı ilə məşğul olur. Aktyorrejissor Ənvər Həsənovun milli kino tariximizdə layiqli yerini tutmuş Muradı ("Uşaqlığın son gecəsi"), Cəlalı ("Yeddi oğul istərəm"), Şahbaz bəyi ("Dərviş Parisi partladır") bugünkü gənclərimizin simvollarıdır. Bu obrazlara ekran həyatı verən aktyora həmin qəhrəmanlar tamaşaçı sevgisi və alqışı bəxş edirlər.

   Azərbaycan kinosunda onun öz yeri, öz dəst-xətti var. Yaratdığı obrazlar hər zaman tamaşaçıların marağına səbəb olub. 65 yaşını qeyd edən sənətkar bu gün yenə də eyni həvəslə çalışır, yaradır. Kinoda yeni addım atan kadrlar daim onun təcrübəsindən bəhrələnirlər.

   Ənvər müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, kinomuzun inkişafı naminə gördüyü bütün işlərdə uğurlar diləyirik".

   Əməkdar artist Elxan Qasımov da sənətkarın milli kino tariximizdə layiqli yerini tutmuş obrazlarının bugünkü gənclərimiz üçün bir örnək olduğunu söyləyib. O, yubilyarı kinostudiyanın kollektivi adından təbrik edərək ona kinomuzun inkişafı naminə gördüyü bütün işlərdə uğurlar arzulayıb".

   Ənvər Həsənov 1950-ci ildə Bakıda anadan olub. 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olub, 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına ADİİ-nun kino dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" Kinostudiyasında çalışır.

   Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

 

Ekspress. - 2015.- 20 avqust.- S.13.