Əlillərin problemlərinin həlli

 

Dövlətin bu sahədə atdığı addımlar qənaətbəxşdir

 

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Əlilliyin səviyyəsi və əlilliyi olan şəxslərə göstərilən diqqət, qayğı hökumət və qeyri-hökumət təşkilatlarının, əlaqədar nazirliklərin birgə fəaliyyətindən daha çox asılıdır. Bu baxımdan işin düzgün təşkili üçün dünya ölkələrinin təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatlarla lazımi işin aparılması vacib məsələlərdəndir.

   2012-2015-ci illərdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Dövlət Proqramı layihəsinin, əlilliyi olan şəxslərin fərdi reabilitasiya proqramının hazırlanması, əlilliyin müəyyən olunması meyarlarına dair, Tibbi-sosial ekspert komissiyaları haqqında və Əlillərin Bərpa mərkəzlərinin fəaliyyəti ilə bağlı əsasnamələrin müasir tələblərə uyğunlaşdırılması üzrə işlər həyata keçirilməkdədir. Əlilliyi olan şəxslərin problemlərinin həlləri üzrə bir sıra üsullar var:

 

   1.Əlilliyi olan şəxslərin problemlərinin həllinin hüquqi aspekti (əlilliyi olan şəxslərin hüquqlarının tam şəkildə de-yure şəkildə təmin olunması, bu istiqamətdə qanunda mövcud olan boşluqların aradan qaldırılması);

 

   2.Sosial mühit aspekti (bu aspektə əlilliyi olan şəxslərin mikrososial mühiti ilə bağlı məqamlar: ailə, əmək kollektivi, mənzil, yeri s. və makrososial mühit daxildir: məlumat mühiti, sosial qruplarlar, əmək bazarı və s.);

 

   3.Psixoloji aspekt (bu aspektə həm əlilliyi olan şəxslərin özlərinin fərdi-psixoloji oriyentasiya, həm də əlillik probleminin cəmiyyət tərəfindən emosional-psixoloji qəbuluna aiddir);

 

   4.İctimai-ideoloji aspekt (əlilliyi olan şəxslərə dair dövlət müəssisələrinin praktiki fəaliyyətinin məzmununu və bu istiqamətdə dövlət siyasətinin formalaşmasını təyin edir);

 

   5.İstehsalat-iqtisadi aspekti (əlilliyi olan şəxslərin bütövya qismən şəkildə peşəkar, məişət və ictimai fəaliyyətdə iştirakı);

 

   6.Anatomik-fəaliyyət aspekti (əlilliyi olan şəxslərin reabilitasiya potensialının inkişafına yardım edəcək sosial mühitin formalaşması).

 

   Ekspertlər hesab edirlər ki, "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir: əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Bu qanuna görə əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.

   Qeyd edək ki, əvvəllər əlillər daha çox tibbi-sosial ekspert komissiyalarında problemlərlə üzləşirdilər. Əmək və əhalinin sosial müdafiəsi naziri dəyişəndən sonra bu sahədə probemlər də həllini tapmağa başladı. Belə ki, indiyədək ölkədə 25-dək tibbi-sosial ekspert komissiyasının (TSEK) tərkibi dəyişdirilib. İlkin əlillik təyinatı ilə bağlı işlər nazirlik tərəfindən yaradılmış işçi qruplar tərəfindən yoxlanıldıqdan sonra təsdiqlənib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, əlilliyin müəyyən olunması ilə bağlı əhalidən şikayət xarakterli müraciətlərin sayı dəfələrlə azalıb. Amma neqativ halların hələ də mövcud olduğu barədə məlumatlar da daxil olur: "Bizim məqsədimiz bu sahədə şəffaflığı tam təmin etməkdir".

   Nazir tibbi-sosial ekspertiza xidmətində aparılan islahatların mühüm bir istiqaməti kimi əlilliyin müəyyən olunması prosedurunun avtomatlaşdırılması işlərinin aparıldığını, əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacağını da qeyd edib: "Müvafiq proqram təminatının hazırlanması işləri artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda biz artıq bu işlərin pilot mərhələsinə başlayacağıq. İlk növbədə hər bir TSEK sədri elektron imza ilə təmin olunacaq, əlillik təyinatı ilə bağlı aidiyyəti qurumlar arasında məlumat mübadiləsi tam avtomatlaşacaq. Əvvəllər TSEK-lərin əlillik təyinatını təsdiqləyən formal qurum kimi mövcud olmuş Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin fəaliyyətinin yenidən qurulmasının və əlillik təyinatı ilə bağlı verilən qərarlara görə TSEK-lərin tam məsuliyyət daşıması vacibdir, eyni zamanda əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraiti göstərilməlidir. Lakin bir çox TSEK-lər tərəfindən bu qaydalara əməl edilmir və həmin bənddə qısa olaraq "əmək qabiliyyətsiz" sözü yazılır ki, bu da işəgötürənlərlə əlilliyi olan şəxslər arasında onların məşğulluğu və əmək münasibətlərinin pozulmasında müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Belə hallara son qoyulmalıdır".

   Yeri gəlmişkən, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının müddəalarının həyata keçirilməsi məqsədilə Azərbaycanda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsi, həmçinin "2014-2018-ci illərdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihə sənədi də hazırlanıb.

   Bundan başqa, əlilliyin müəyyən olunması meyarlarının təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnaməyə dəyişiklikər edilib. "Ehtiyataya istefaya buraxılmış (orqanlarda xidmət etmiş) vətəndaşlara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə" Təlimat hazırlanıb. Əlillər barədə vahid məlumat bazasının yaradılması məqsədilə hazırlanmış xüsusi proqram təminatı üzrə məlumatların TSEK-lər tərəfindən doldurulması işləri davam etdirilir. Bununla yanaşı, "Uşaq əlilliyinin səbəbləri və aradan qaldırılmasına dair" Tədbirlər Planı hazırlanmaqdadır.

   Ekspertlərin fikrincə, ölkə qanunvericiliyinə əsasən əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər hüquqlara malik olması, cəmiyyətdəki proseslərdə bərabərhüquqlu iştirakı nəzərdə tutulsa da, mövcud şərait buna imkan vermir.

   "Sosial Qayğı və Tədqiqatlar Mərkəzi"nin sədri Gülnar Nəzərova bildirib ki, əlilliyi olan şəxslər cəmiyyətin digər üzvləri kimi ictimai nəqliyyatdan istifadə edə bilmir, təhsil ala bilmir, ictimai proseslərdə iştirak edə bilmir: "Düzdür, inklüziv təhsil sistemi əlil uşaqların təhsil alması üçün geniş imkan yaradır. Ölkəmizdə "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına əsasən "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramı təsdiq edilib. Hazırda ölkədə 60 minə yaxın əlil uşaq var. Onlardan 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inkluziv təhsil alır. Lakin hələ də bu proqramdan yararlanmayan əlilliyi olan uşaqlar var. Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanununda qeyd olunur ki, "Azərbaycan icra hakimiyyəti və idarəetmə orqanları, müəssisələri, idarələri və təşkilatları sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər. İctimai nəqliyyatda, keçidlərdə, ticarət obyektləri və ya təhsil müəssisələrində əlil arabasında hərəkət edən şəxsə nə zaman rast gəlmişik". Əslində problemin səbəbləri hər kəsə aydındır. İctimai nəqliyyat növlərindən, yalnız, "London taksi"lərində əlillərin istifadəsi üçün şərait var. Lakin əlilliyi olan şəxsin aldığı müavinətin məbləği bu taksilərdən istifadəyə imkanı vermir. Bundan əlavə, az sayda keçidlərdə, binalarda əlil arabalarından istifadə edən şəxslərin sərbəst hərəkəti üçün şərait yaradılıb. Köhnə tikililərdə isə panduslar, ümumiyyətlə, yoxdur. Əlil arabasından istifadə edərək hərəkət edən şəxs lifti olmayan binanın beşinci mərtəbəsində yaşayırsa, düşünün, onun bu binadan enməsi hansı çətinliklər hesabına başa gələ bilər və ya o insan həyatı boyu neçə dəfə bu imkandan yararlana bilər... Hələ regionlardan, ümumiyyətlə, danışılası deyil. Sanki regionlarda bu anlayışın nə olduğu ümumiyyətlə bəlli deyil. Düzdür, regionlarda hündürmərtəbəli binaların sayı bir o qədər də çox deyil, nəqliyyat hərəkət üçün nisbətən daha münasib və əhalinin sıxlığı daha aşağıdır. Lakin istənilən halda əlilliyi olan şəxs eyni problemlə qarşılaşır".

   Ekspertlər onu da qeyd edir ki, inklüziv təhsil olduqca faydalı proqram olsa da, bu cür maneələr onun reallaşmasına mane olur. Bundan əlavə, çox az valideyn bununla bağlı məlumatlıdır. Əlilliyi olan uşaqların inklüziv təhsildən yararlana bilməsi üçün ilk olaraq bu problemlər aradan qaldırılmalı, valideynlər arasında geniş maarifləndirmə tədbirləri aparılmalıdır.

   Qeyd edək ki, qanunda əlillərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olması üçün yetərli müddəlar qeyd olunub. Ancaqolur olsun, əsas problemlər praktikada özünü göstərir. Belə ki, "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əsasən, şəxsin əlil sayılması tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə həyata keçirilir.

   Ekspertlər onu da qeyd edir ki, əlilliyə görə verilən sosial müavinətlərin artırılması bu sahədə prioritet vəzifə olmalıdır. Ən azından nəzərə almalıyıq ki, bu müavinətlər yaşamını bununla sürdürən bir şəxsin ən zəruri ehtiyaclarını ödəməyə yetmir. Qanuna müvafiq olaraq, I və II qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış vaxtı müəyyən edilir. Lakin nəinki bu müddəa yerinə yetirilir, hətta deyərdim, nə məmurlar, nə də müvafiq qurumlarda çalışan əlilliyi olan şəxslər bu barədə məlumatlıdırlar. Bu mənada maarifləndirmə tədbirlərinə ehtiyac var.

 

   Rəşid RƏŞAD

 

Ekspress. - 2015.- 26 avqust.- S.10.