"Heç vaxt anamın-atamın adından istifadə etməmişəm..."

 

Zemfira Qafarova: "Üzeyir bəydən yazdığım üçün çox təzyiqlərlə üzləşdim"

 

Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Azərbaycanda barmaqla sayılacaq musiqi tədqiqatçılarımızdandır. Həyatının çox hissəsini Azərbaycan musiqisinin inkişafına, tədqiqinə həsr edən Zemfira xanım Ü.Hacıbəyovun yaradıcılığını tədqiq etmiş, bu mövzuda bir sıra məqalələr- ""Koroğlu"nun avtoqrafı" (1972), "Ü.Hacıbəyovun opera estetikası" (1975), "Ü.Hacıbəyovun "Koroğlu" operasının üvertürası" (1973) və s. yazıb. "Ü.Hacıbəyovun "Koroğlu" operası" (1994) monoqrafiyasının müəllifidir.

   Eləcə də, bir çox tanınmış musiqi xadimləri haqdamusiqi nəzəriyyəsi tarixi sahəsində sanballı məqalələr yazan Zemfira xanım musiqi sahəsində tanınmış, sanballı tələbələr yetişdirib. Onunla Bəstəkarlar İttifaqında görüşüb uzunillik ömür və sənət yolundan danışdıq.

      - Zemfira xanım, istərdim ki, söhbətə musiqiyə olan marağınızdan başlayaq.

   - Uşaqlığım İçərişəhərdə keçib. Orda anadan olmuşam. Anam, atam rəssam olub. Musiqiyə həvəs təsadüfi deyil. Çünki evimizdə atamın tarı asılmışdı. Atam, baxmayaraq ki, rəssam idi, tar çalırdı. Mən gözümü açandan görmüşəm ki, anam da piano çalır. Baxmayaraq ki, anam rəssam idi, onun səsi var idi. O, xalq mahnılarını, bəstəkar mahnılarını həm çalırdı, həm də gözəl oxuyurdu.

   Hələ mən bağçaya gedəndə, orda müəllimə anama məsləhət gördü ki, "bu qızın yaxşı qabiliyyəti, çox gözəl səsi var, həm də ki, bizim bütün tədbirlərdə iştirak edir, onu musiqiyə qoysanız, yaxşı olar". Baxmayaraq ki, müharibədən sonrakı dövr idi. Çox çətin idi. Anam məni musiqi məktəbinə qoydu və mən 2 nömrəli Musiqi Məktəbində oxumağa başladım. Oranın müdiri o zaman Üzeyir Hacıbəylinin tələbələrindən olan Fatma Səmədova idi. Yaxşı məktəblərdən biri idi. Çünki bu məktəbdə bir çox musiqiçilər yetişiblər. Mən də o məktəbdə piano dərslərinə gedirdim. Anam məni pianist görmək istəyirdi. Hətta mən filarmoniyada bir çox konsertlərdə iştirak etmişdim. Bəstəkar Nazim Əliverdibəyov bizim nəzəriyyə müəllimimiz, Musa Mirzəyev musiqi ədəbiyyatı müəllimimiz idi. Onlar anama məsləhət gördülər ki, "bu qızın yaxşı nitq qabiliyyəti var, tez-tez özünü nəzəriyyə dərslərində göstərir. Qoyun musiqişünaslığa daxil olsun". Beləliklə, mən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil oldum, orda nəzəriyyə şöbəsində oxudum. O vaxt bu məktəbdə gözəl müəllimlər dərs deyirdi. Bu müəllimlərdən Zaxar Stelnik, Rəna Fərhadovanı heç vaxt unutmuram. Çünki onlar bizə həm musiqini sevdirirdi, həm də həyat dərsləri verirdi...

   Onu da deyim, mən məktəbdə oxuyanda, piano müəllimim deyirdi ki, "nahaq yerə sən fortepianoya daxil olmadın, sənin gözəl pianistlik qabiliyyətin var". Heç də təsadüfi deyil ki, pianoçularda olduğu kimi, mənim proqramım ciddi idi. O zaman mən Asəf Zeynallı adına Musiqi Məktəbini Qriqin konserti və fəqrlənmə diplomu ilə bitirərək Üzeyir Hacıbəyli adına Bakı Dövlət Konservatoriyasına daxil oldum. Burada tarix- nəzəriyyə fakültəsində oxudum. Bu fakültəni fərqlənmə diplomu ilə bitirdim. O zaman bizim rektorumuz görkəmli bəstəkar Cövdət Hacıyev idi. Mən konservatoriyanı bitirəndən sonra Cövdət Hacıyevin təşəbbüsü ilə orda qaldım. 1966-cı ildən bu günə kimi də müəllimlikdən professorluğa qədər ucaldım...

   - Sizin elmi işiniz Üzeyir Hacıbəylinin "Koroğlu" operası barədə olub. Bu operaya müraciət etməyiniz necə oldu?

 

   - "Koroğlu" operasına mənim marağım heç də təsadüfi deyil. Biz o zaman birinci kursdan müxtəlif müəllimlərin rəhbərliyi altında kurs işləri yazırdıq. Mənim müəllimim İ.Abezqaus idi. O, rus musiqisi tarixindən dərs deyirdi. Onun Üzeyir Hacıbəyli yaradıcılığına böyük marağı var idi. Özüsonralar onun haqqında kitab yazmışdı. O, mənə kurs işi verdi Üzeyir Hacıbəylinin "Koroğlu" operasında musiqi formaları haqqında. Bu kurs işini yazdım. Baxmayaraq, əlaçı tələbələrdən idim, öndə gedirdim, amma o, mənim bu kurs işimi tənqid etdi. Birki, mənim diplom rəhbərim başqa müəllim idi. Müəllimlər arasında da ziddiyyət var idi -sən o müəllimin tələbəsisən, mənim tələbəm deyilsən... Bu da bir səbəb idi. Bu, mənə çox pis təsir etdi...

   isə... Konservatoriyanı bitirəndən sonra aspiranturaya daxil oldum. Qubad Qasımov o vaxt Azərbaycan Elmlər Akademiyasında Memarlıq İncəsənət İnstitutunun musiqi bölməsinin müdiri idi. Onu da deyim ki, o, Üzeyir Hacıbəylinin bacanağı idi. Mənə dedi, "sənə məsləhət görürəm ki, Üzeyir Hacıbəylinin "Koroğlu" operası haqqında elmi yazasan". Mən çox sevindim. Baxmayaraq ki, Üzeyir Hacıbəyli haqqında bir çox rus Azərbaycan musiqişünasları çoxlu əsərlər yazmışdılar, lakin "Koroğlu" haqqında tam olaraq monoqrafiq yox idi. Onun məsləhəti ilə mən bu mövzunu götürdüm. Bu mövzu ilə Bakıda xaricdə bir çox konfranslarda çıxış elədim. Bu mövzu ilə bağlı demək olar ki, mənim 50-dən çox elmi-publisistik məqalələrim var. Nəhayət, bu işi yazdım.

   - Bildiyim qədər bu sizə asan başa gəlməyib, hətta təzyiqlərə məruz qalmısınız...

   - Bu işi yazanda, çox maneçilik var idi. Necə deyərlər, "içim özümü yandırır, çölüm başqasını". Əvvəla, çox adam mənə deyirdi ki, " üçün bu mövzuya müraciət etmisən? Bu mövzuya müraciət edənlər var". Amma mən özümə rəhbər Azərbaycanda tanınmış musiqişünas Elmira Abbasovanı seçdim. Başqa musiqişünaslar özlərinə elmi rəhbər Moskvadan, Leninqraddan seçirdilər. Lakin mən o zaman ailə qurmuşdum, artıq oğlum var idi. Bilirdim ki, mənim üçün uşaqla uzaq yerə getmək mümkün olmayacaq. Elmira Abbasova əvvəlcə mənə yaxşı yanaşdı, sonra işimi durdurdu. Belə başa düşdüm ki, o da Üzeyir Hacıbəyli haqqında yazdığına görə sanki qısqanclıq edir. Bir dəfə mənə dedi ki, mən belə yaza bilmirəm. 1974-də müdafiə etməli idim, 1984-də müdafiə etdim... 1981-1991-ci illər arasında isə işlədiyim konservatoriyada musiqi tarixi nəzəriyyəsi üzrə dekan oldum...

   Bir çoxları deyirdi ki, rəhbərini dəyiş, mən dəyişmədim. Ona görə ki, Elmira xanımın mənə münasibəti yaxşı idi. O, məni dekan elədi, mənə inamı var idi. Hər bir şeydə mənimlə məsləhətləşirdi... Mən bu əzabı öz çiynimə götürdüm. Dedilər ki, bu dissertasiyanı kitab şəklində çıxar, sonra müdafiə elə. Mən kitab şəklində çıxartdım. Kitabın siqnal nüsxəsini rəhbərimə gətirdim. Kitaba baxdı. Rəngi-rufu qaçdı. Çünki mən Bəstəkarlar İttifaqının o vaxtki rəhbəri Tofiq Quliyevdən məktub aldım. O məktubla nəşriyyata getdim. Onlar da götürüb Tofiq müəllimin yazısını kitabımda giriş kimi verdilər. Kitabın redaktoru da musiqişünas Zemfira Səfərova oldu. O da Üzeyir Hacıbəyli yaradıcılığı ilə məşğul idi. Onun estetik fikirlərini təhlil eləmişdi və kitabı çıxmışdı. Elmira Abbasova hirsləndi ki, Zemfira Səfərovanın sənin işinə nə aidiyyatı var? Dedim ki, onu üzeyirşünas olduğu üçün seçiblər.

   O zaman bizdə müdafiə üzrə elmi şura yox idi. Mən də bu işimi Daşkənddə müdafiə elədim. Anam o zaman sağ idi. Müdafiəyə onunla getmişdim.

   Bilirsiniz, anam Güllü Mustafayeva xalq rəssamı idi. Heç bir zaman işimin keçməyi üçün mən anamın, atamın adından istifadə etməzdim. O zaman Daşkənddə mənə münasibət yaxşı idi. Amma anamı görəndən sonra mənə münasibət ikiqat artdı ki, belə anan var... Aristokrat, çox gözəl qadın... Müdafiə yüksək səviyyədə keçdi. Anam həmişə mənə tənqidi yanaşıb. "Məndən olub, mənə oxşamayan qızım" deyərdi. Müdafiədən sonra anam mənə dedi ki, "qızım, mən bilmirdim ki, sən belə ağıllısan". Bu, həyatımda ən gözəl mükafat oldu. Çünki anam mənim işimi bəyəndi və mənə görə sevindi...

 

   1973-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüyəm. Bir üzv kimi, bütün tədbirlərdə, plenumlarda, qurultaylarda çıxış eləmişəm, yazmışam. Bir çox məqalələrim və resenziyalarım var. Bəstəkarlarımız haqqında bir çox kitablarım var. Bəstəkarlardan Ramiz Mustafayev, Tofiq Bakıxanov, Hacı Xanməmmədov, Şəfiqə Axundova, ifaçılardan Telman Hacıyev, Əli Haqverdiyev haqqında kitablarım var. O vaxt kitab buraxmaq çox çətin idi. İndiki kimi deyildi, o vaxt bu işə görə Mədəniyyət Nazirliyindən pul alırdıq. İndi öz pulumuza çap edirik yazıları. Televiziyada, radioda çıxış edirik, qonorar vermirlər...

   Musiqişünasların işi təbliğat işidir. Bizim borcumuzdur ki, musiqiçilərimizi, bəstəkarlarımızı təbliğ edək. Bir musiqişünas kimi, bu işlə daim məşğul olmuşam, çoxlu məqalələrim var...

   Mən Moskva Konservatoriyasında təkmilləşmə kursunda 4 ay oxudum. O dövrü həyatımda işıqlı dövr kimi qiymətləndirirəm. Orda bir çox gözəl müəllimlərdən dərs aldıq. Orda mən öz dissertasiyamı tamamladım...

   Bir sözlə, musiqiçi olmağıma, musiqini sevməyimə bir çox amillər səbəb olub. Uşaqlıqda "Arşın mal alan" filminə getmişdim, çox təsirləndim. Beş yaşım olardı. İndiyə qədər də o təsir altındayam. Sonra Bülbülü səhnədə gördüm. 1960-cı il idi. Mən musiqi məktəbində oxuyurdum. Anamla Opera Teatrına getdik. Bülbül artıq yaşlı idi. Heç yadımdan çıxmır, elə obraz yaratmışdı, elə bildim ki, doğrudan da Koroğludu. Səhnədə atın üstündə, əlində saz, hünərlə, cəsarətlə hərəkət edirdi. Son zamanlar Koroğlu obrazını yaradanlar var. İstəyirlər özlərini Bülbülə oxşatsınlar. Ancaq hər kəs ayağını, gərək, yorğanına görə uzatsın. Sən bu obrazı yarada bilərsən, ya yox? Desəniz, Koroğlu necə olar? O dəqiqə mənim xəyalıma Bülbül gəlir.

   Mənim dayım bəstəkar Ramiz Mustafayev həm vokalda oxuyub, həm də bəstəkarlıqda. Vokalda Bülbülün sinfində oxuyub. Dayım mənə Bülbüldən çox danışırdı ki, Bülbülcür gözəl müəllim, həm də gözəl insandı. O, tələbələrini evə də yığardı. Onun stolunun üstündə gözəl şirniyyatlar olardı. Mütləq deyərdi ki, siz çay için, şirniyyatlardan yeyin. Mənim qardaşım Əli Haqverdiyev rəssam idi. Sonra səsi üzə çıxdı, müğənni oldu. Bülbül onun səsini bəyənib konservatoriyaya imtahansız qəbul etmişdi. Lakin Bülbül 1961-ci il sentyabr ayının 26-da rəhmətə getdi. Qardaşıma qismət olmadı onun tələbəsi olsun...

   Səs belədi ki, genlə gəlir. Atamın, anamın da səsi var idi. Ona görə qardaşımda, məndə səs var. Oxumaq, çalmaq müəllimlik fəaliyyətimdə mənə həmişə kömək edib. 1998-2005-ci illərdə Türkiyənin Ədirnə şəhərində konservatoriyada işləmişəm. Orda musiqi tarixindən, solfecio harmoniyadan dərs demişəm. Dərslərimdə həm çalırdım, həm oxuyurdum. Bir dəfə konservatoriyanın müdiri məni çağırdı, dedi ki, bəs sizin səsiniz var, şandan dərs deyin. Dedim ki, hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Mən musiqişünasam, öz dərslərimi deyəcəyəm...

 

   (davamı var)

  

Namiq MƏMMƏDLİ

Ekspress.-2015.- 7-9 fevral.- S.20.