"Artıq mənim missiyam fərqlidir"

 

Pərviz Məmmədrzayev: Sadəcə, öz işimlə məşğul olmaq istəyirəm, heç kimə problem yaratmıramsa, heç kim mənə problem yaratmasın

 

TANITIM: Pərviz Məmmədrzayev 1994-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirib. 1994-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışıb. Aktyor bu müddət ərzində S.Mrojekin "Karol xofu", Ə.Haqverdiyevin "Kimdir müqəssir?", B.Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S.Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş.Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında rol alıb və özünü peşəkar aktyor kimi təsdiq edib. Məmmədrzayev 1998-ci ildə məşhur gürcü rejissoru Robert Sturuanın "master-klass"larında dərs alıb, dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festivalseminarlarda iştirak edib. 2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlayıb, həmin ilin may ayında "Simsar" teatr-studiyasını yaradıb. Teatr-studiya "Vaqa" adlı ilk tamaşasını 2011-ci il yanvarın 27-də nümayiş etdirib. 2013-cü ildən Akademik Milli Dram Teatrının studiyasında ritmplastika üzrə müəllim və həmin teatrın aktyoru kimi çalışır. Filmoqrafiya: "Fatehlərin divanı" (1997), "Dronqo" (serial, 2002), "Fırtına Adamları" (2004), "Arxada qalmış gələcək" (2005) "Yalan" (2006) "Cavid ömrü" (2007), "Qala" (2008), "Hökmdarın taleyi" (2008) və s.

Əməkdar artist Pərviz Məmmədrzayev uzun müddət Pantomim Teatrında çalışıb, daha sonra öz yolunu seçib, sərbəst fəaliyyətə başlayıb. Aktyor həm pedaqoji fəaliyyətlə məşğuldur, Mədəniyyət və İncəsət Universitetinin "Xoreoqrafiya sənəti və səhnə plastikası" kafedrasında səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, plastikapantomima fənnləri üzrə dərs deyir. Bunan başqa, o, Milli Dram Teatrının studiyasında ritmplastika üzrə müəllim və həmin teatrın aktyorudur.

   "Sadəcə, çalışmaq istəyirəm, öz işimlə məşğul olmaq istəyirəm. Mən heç kimə problem yaratmıramsa, heç kim də mənə problem yaratmamalıdır", - deyir Pərviz Məmmədrzayev.

     - Pantomim Teatrı ilk vaxtlar teatrallar tərəfindən birmənalı qarşılanmadı, lakin bütün varlığı ilə bu sənətə Sizin kimi bağlı olanlar az bir vaxtda pantomimanı sevdirməyi bacardı...

   - Bu, gerçəkdən də belə idi, ancaq mənim fəaliyyətim Pantomim Teatrından bir qədər əvvələ təsadüf edir. 1993-cü ildə Gənc Tamaşaçılar Teatrının nəzdində aktyor truppasında idim. Orda çalışdığım aylar ərzində bir neçə tamaşada rol almışdım. Sonra Pantomim Teatrında olan fəaliyyətim başladı. Ancaq mən heç bir zaman qarşıma məqsəd qoymamışdım ki, sırf pantomima ilə məşğul olacağam. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr kollektivinin rejissoru fakültəsini bitirmişəm, daima hərəkətə, dinamikaya meylim olub. Eyni zamanda, rəssamlığa, idmana, bir sözlə, hərəkətlə bağlı olan hər peşəyə meylim olub. Bütün bunlar özünü ifadə formasıdır, hər zaman o fikirdə olmuşam ki, səhnəyə çıxıb sadəcə söz deməklə kifayətlənmək olmaz. Ola bilsin ki, sən hərəkət etmirsən, ancaq sözün içi o qədər dolu olmalıdır ki, sən aktyor kimi özünü ifadə etməyi bacarmalısan. Hələ 18-20 yaşlarında əzbərçilik kimi məqamları görəndə bir qədər iyrənirdim. Bu kimi məqamların nəticəsi idi ki, özüm öz üzərimdə işləməyə başladım, formalar axtarmağa başladım. O vaxtı inqilabi olan, hətta ondan da əvvəlki dövrlər üçün inqilab sayılan Qratovski sistemi ilə maraqlanmağa başladım. Stanislavskinin tələbəsi, Amerikada məhşur olan Mixail Çexovun metodu ilə məşğul olmağa başladım. Əlbəttə ki, Stanislavski məktəbi ilə də yaxından maraqlanırdım. Yəni, öz dünyamın tələbatını axtarırdım. Axtarış zamanı düşünürdüm ki, nədə rahatlıq tapa bilərəm. Aktyor sözünün özü "akt-hərəkət" deməkdir, başa düşürdüm ki, məqsədyönlü şəkildə hərəkət etməliyəm və belə də davam etdim. Hələ tələbə vaxtı mənə deyirdilər ki, hazırladığın tamaşalar plastikası ilə fərqlənir. O vaxtlar heç Pantomim Teatrı yox idi, daha sonra, 1994-cü ildə yarandı. Özümü tərifləmək fikrindən qat-qat uzağam, ancaq bu bir həqiqətdir ki, mənim əsas fəaliyyətim tələbəlik illərindən - 1989-1995-ci illərdən başlayıb.

   - Bu da diqqəti cəlb edir ki, Pantomim Teatrında bir araya gələn aktyorların hər biri fərqli düşüncə sahibidirlər...

   - Fərqli düşüncə, amma eyni məqsəd uğrunda mübarizə deyək. Heç kimə bənzəməmək, çox danışıb bezdirməkdənsə, danışmadan sadəcə hərəkətlə mənalı anlatma yolu bizim başlıca məqsədimiz idi. 4-cü kursda oxuyarkən bir gün Bəxtiyar Xanızadə məşqimizdə iştirak etdi. Onunla artıq tanışlığımız vardı və məşqimizdə belə bir sənətkarın iştirak etməsi bizim üçün böyük hadisə idi. Məşqi izlədikdən sonra dedi ki, "Pərviz mən səni indiyə kimi idmançı kimi, tamaşa qurmaq istəyən biri kimi, sənətdə həvəskar kimi tanıyırdım, ancaq indiaktyorluq imkanlarının şahidi oldum". Rejissor demədi, çünki 20-22 yaşlı birinə rejissor demək doğru olmazdı. Və əlbəttə ki, yaratmaq fikrində olduğu teatrdan da bəhs etdi və məni də həmin teatda görmək istədiyini bildirdi. Sonralar bilirsiniz ki, "Dəli yığıncağı" teatr studiyası adı ilə başladıq və nəhayət, Pantomim Teatrı ilə fəaliyyətimizi davam etdik. Bu teatrda musiqili tamaşalardan tutmuş, parodiyalara, rəqsə qədər məşğul olduq.

   - Bir sözlə, janr məhdudiyyəti tanımırdınız...

   - Doğrudan da, janr məhdudiyyəti olmadan fəaliyyət göstərdik və bu da bizlərin inkişafında böyük rol oynadı. 1994-cü ildən 2010-cu ilə qədər, yəni, 16 il çalışdım. Və bu illər ərzində sayını unutduğum qədər tamaşalarda rol aldım.

   - Bu uğurlara rəğmən, sənətdə axtarışlarınız, öz yerini tapmaq istəyi bitmədi...

   - Aktyor hər zaman öz üzərində çalışmalıdır. Öz üzərində çalışmaq, müşahidə qabiliyyətini inkişaf etdirmək, axtarışda olmaqs. bütün bunlar yaradıcılığı inkişaf etdirən məqamlardır. Hər gün çalışırıq ki, nəsə edək. Bu baxımdan artıq mənim missiyam da fərqlidir və bu missiyanı özüm belə düşünmüşəm. Akademik Milli Dram Teatrının studiyasında ritmplastika üzrə müəllim kimi çalışıram, tələbələrimin inkişafı üçün, onların yetişməsi üçün əlimdən gələni əsirgəmirəm. Bu uşaqlar o qədər inkişaf etməli, o qədər qabağa getməlidir ki, artıq mənim dabanımı basmağa başlamalıdırlar, onda mən qabağa getməyə başlayacağam. Bildiyiniz kimi, təsir əks-təsirə bərabərdir, yəni, vurursan, gəlir dəyir və sən irəli getməyə başlayırsan. Bu baxımdan çalışıram ki, tələbələrlə mütəmadi olaraq məşğul olum. Və bir çox şeylər var ki, özümə qadağa qoyuram. Ola bilsin ki, qadağa qoyduğum işlər maddi baxımdan mənə kömək ola bilər, ancaq içimdəkilərə xəyanət etmək istəmirəm.

   - Yəni, seçdiyiniz, addımladığınız bu yola inanırsınız?

   - İnanıram!. Hətta əcnəbi ölkələrdə olduğum zaman da şahid olub görürdüm ki, bu, artıq dəfələrlə sübut olunub, getdiyimiz yol düz yoldur, yəni hər kəs özünə uyğun yolla gedir, mən də öz yolumla davam edirəm.bu yolda özümü suda balıq kimi hiss edirəm.

   - Dəfələrlə beynəlxalq festivallara, xaricdə keçirilən müxtəlif tədbirlərə qatılmısınız. Əcnəbi ölkələrin teatr və mədəniyyətində nələrin şahidi olursunuz, nələr Sizi cəlb edir?

   - Öncəliklə əcnəbi ölkələrdə olan teatr sevgisini önə çəkmək istərdim. Orda təqdim etdiyimiz tamaşalar zamanı şahid oldum ki, salonda boş yer tapmaq mümkün olmur, yəni, o dərəcədə sənət sevgisi güclüdür və bizlərə olan maraq da güclüdür. Onları maraqlandıran və təəccübləndirən bizim hansı məktəbi keçməyimizlə bağlı məqamlardır. Xüsusilə Hollandiyada bunun şahidi oldum. Bizim məktəbimiz məqsədyönlü hərəkətdir. Və bizim üçün hərəkət varsa, deməli, düşüncə də var. Yəni, hərəkət məqsədyönlü olmayanda olur aerobika.

 

   - Artıq teatrlarda islahatlar aparılır, tamaşaçı da yavaş-yavaş teatra qayıdır...

   - İslahat yaxşı şeydir, ancaq öncə beyində başlamalıdır.

   - Məncə, Bəxtiyar Xanızadə ilə eyni düşüncə tərzində olanların üçün islahat illər öncə beyinlərdə başlayıb. Hazırda müstəqil fəlaiyyət göstərirsiniz, ancaq yenə də Bəxtiyar Xanızadənin Sizin yaradıcılığınızda rolu barədəki sualı verməkdən özümü saxlaya bilmirəm...

   - Deyirlər ki, əslini danan haramzadədir. Əlbəttə ki, Pantomim Teatrında bir araya gələndə artıq bizdə bir şeylər var idi. müəyyən illər ərzində biz qeyri-rəsmi olaraq artıq bölünmüşdük. Məsələn, Pərviz həm yazıçı idi, həm aktyorluq edirdi. Yazıçı deyəndə, ssenari yazırdım Bəxtiyar müəllimlə bir yerdə düzəlişlər edirdik. Yəni çəkdiyimiz bütün əziyyətlərin üzərində Bəxtiyar Xanızadənin əməyi var, bunu inkar etmək mümkün deyil. Ancaq olur-olsun, daim o fikirdə olmuşam ki, insanın özünün marağı, həvəsi, qabiliyyəti olmasa, ona qədər əmək versən belə xeyri yoxdur. Bunu tələbələrimdə hiss edirəm onlara da bu fikri aşılayıram. 1994-1998-ci illər mənim üçün həddindən artıq ağır, gərgin illər olaraq yadda qalıb. Çox əziyyət çəkirdik saatlarla məşq edirdik. Bütün günümüzü teatrda keçirirdik, hətta teatrda gecələdiyimiz zamanlar da olurdu. Bu qədər əziyyətin nəticəsidir ki, artıq hər birimiz öz sözmüzü deməyi bacardıq.

   - İndi Milli Teatrda çalışırsınız teatrın studiyasında dərs deyirsiniz, orada vəziyyət necədir?

   - Aktyor kimi çalışıram, müəllim kimi tələbələr yetişdirirəm. Çalışmaq üçün yaxşı şərait var, yaxşı bir kollektiv formalaşıb. Qeyd edim ki, mən hələ 1988-ci ildə Milli Teatrda fəhlə kimi çalışmışam. Tələbəlik illərindən, başqa bir istiqamətdə olan fəaliyyətdən sonra, illər keçəndən sonra nəhayət, yenidən bu teatrda fəaliyyətə başladım, görünür, mən bunları yaşamalı idim. Etiraf edim ki, heç bir iddiam yoxdur. Mənə elə gəlir ki, insanda iddia olmayanda aqqressiya da olmur. Sadəcə, çalışmaq istəyirəm, öz işimlə məşğul olmaq istəyirəm. Mən heç kimə problem yaratmıramsa, heç kim də mənə problem yaratmamalıdır. Bu, mənim düşüncə tərzimdir və belə də yoluma davam edirəm... Yox, əgər dünyamda bir sıxıntı varsa, o başqa məsələ, bu artıq mənim özümə aiddir. Mən həmişə qürur duydum ki, bu sənətdə gözəl insanlarla qarşılaşdım, ustad müəllimlərdən sənətin sirlərini öyrəndim. Rəhmətlik müəllimim Firdovsi Naibovun mənim üzərimdə haqqı çoxdur, daim deyirdi ki, oxu və öyrən. Təcrübəmi təkmilləşdirməkdə Bəxtiyar Xanızadənin rolu böyük oldu, onun etdiklərini heç bir zaman unutmaram. Ümumiyyətlə, istəklərimi həyata keçirməkdə Pantomim Teatrının xüsusi yeri oldu. Artıq öyrəndiklərimi daha da təkmişlləşdirərək tələbələrimə bu sənətin sirlərini aşılmağı qarşıma məqsəd qoymuşam. Ümidverici tələbələrim çoxdur, inanıram ki, onlar bu sənətdə öz sözlərini deyəcəklər.

 

 

Xədicə QİYAS

Ekspress $g 2015.- 21-23 fevral.- S.19.