Düşməni yandırıb, kül etmək gərək...

 

Xocalı şəhidlərinin xatirəsinə

 

Yaman narahatsan, yormuşam səni,

 

   Təntimə, təntimə hələ, ürəyim.

 

   Eləmişəm yollarımda şam səni,

 

   Tez dindin, tez gəldin dilə, ürəyim.

 

   

 

   Sıldırım yollar var, zirvə var öndə,

 

   Səni qorxutmasın o dağlar öndə,

 

   Yağı tapdağında yaylaqlar öndə,

 

   Düşmən tələ qurdu, tələ, ürəyim.

 

   

 

   Ağır zərbə oldu Göyçə niskili,

 

   Qəm-kədərlə yaşayırıq hər ili,

 

   Qəzəbdən adamın tutulur dili,

 

   Günləri veririk yelə, ürəyim.

 

   

 

   Uşaqlıq çağımda görmüşəm nələr?

 

   Cahan savaşında qəmliydi günlər,

 

   Onda yoxa çıxdı toylar, düyünlər,

 

   Zamanın hökmünə kölə ürəyim.

 

   

 

   Bəd xəbər gəlirdi min yol cəbhədən,

 

   Mənimlə çəkmisən o anları sən,

 

   Köksümün altında sızladın nədən?

 

   Daşdı kədər, döndü selə, ürəyim.

 

   

 

   Atasız Əlinin köməyi oldun,

 

   Ən çətin anlarda diləyi oldun,

 

   Həmişə sirdaşı, gərəyi oldun,

 

   Nə yaxşı dönmədin külə, ürəyim.

 

   

 

   Zəhmətə qatlaşdım yeddi yaşımdan,

 

   Kədərim, dərdlərim aşdı başımdan,

 

   Anam getdi, sarsıldım göz yaşımdan,

 

   Qəm çiləndi aya ilə, ürəyim.

 

   

 

   Nə yaxşı büdrəyib, təntimədik biz,

 

   Sıldırım yolları keçdik ikimiz.

 

   Ağır oldu belimizdə yükümüz,

 

   Yorğun düşdük gələ-gələ, ürəyim.

 

   

 

   Sənə arxalandım, yaxşı oxudum,

 

   Kömək, imdad andım, yaxşı oxudum,

 

   Vardı ülvi andım, yaxşı oxudum,

 

   Düşərmi o günlər ələ, ürəyim?

 

   

 

   Əlvida şagirdlik, əlvida, dedim,

 

   Ali təhsil alım dünyada, dedim,

 

   Bir də heyran oldum bu ada, dedim,

 

   Gəldik dərdi bölə, bölə, ürəyim.

 

   

 

   Fərəhləndik ilk kitabım çıxanda,

 

   Sevinc hissim gözlərimdə çaxanda,

 

   Mətin olduq, sarsılmadıq bir an da,

 

   Çətinliyi billə-bilə, ürəyim.

 

   

 

   Sevincini duyduq biz ilk övladın,

 

   Məni yaşadırsan, ürəkdir adın,

 

   Bir zaman sönməzdi atəşin, odun,

 

   İstərdim hər zaman gülə ürəyim.

 

   

 

   Sevgi hisslərini yaşayan oldun,

 

   Bir eşqin naminə yandın, qovruldun,

 

   Fərəhi, kədəri duydun, yoruldun,

 

   Sən də vurulmusan elə, ürəyim.

 

   Sənətin yolları, şeirin zirvəsi,

 

   Yaşamaq həvəsi, yazmaq həvəsi,

 

   İncitdi, inlətdi nadan tənəsi,

 

   Sağlam ol, xoşbəxtlik dilə, ürəyim.

 

   

 

   Qəlbimdə nə qədər arzu, dilək var,

 

   Qışdan gen dolanaq, gülsün ilk bahar,

 

   Arxam-köməyimdir bu el, bu diyar,

 

   Baş vuraq dənizə, gölə, ürəyim.

 

   

 

   Yaman narahatsan, yormuşam səni,

 

   Təntimə, təntimə hələ, ürəyim.

 

   Eləmişəm yollarımda şam səni,

 

   Tez dindin, tez gəldin dilə, ürəyim...

 

   22 mart 2005

 

   Hardasan

 

   Ağdam uğrunda gedən döyüşlərdə həlak olmuş ağdamlı şəhid Teymur Hüseynovun bacısı Ağgülün dilindən

 

   

 

   Qarabağda qan töküldü, qan axdı,

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   Daha gecdi, baş sındırmaq nahaqdı,

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   

 

   Dörd bacıydıq, dörd qardaşdan biri sən,

 

   Candan sevdin bu torpağı, eli sən,

 

   Ölməmisən, can-ciyərim, dirisən,

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   

 

   Dörd bacından sənə düşən bacı mən,

 

   Bil, ay qardaş, bil, başının tacı mən,

 

   Acı saydım bu günləri, acı, mən,

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   

 

   Namus, qeyrət dövr elədi qanında,

 

   Sən Ağdamı yaşadırdın canında,

 

   Çətin gündə oldun onun yanında,

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   

 

   Vətəni canından çox sevirdin sən,

 

   Döyüşə, vuruşa sinə gərdin sən,

 

   O yolda canını qurban verdin sən,

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   

 

   Şəhid oldun, mənim iftixarımsan,

 

   Adın müqəddəsdir, bir vüqarımsan,

 

   Şöhrətin əbədi, xilaskarımsan,

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   

 

   Cəsurlar yaşayır, ölmür dünyada,

 

   Acizlər xar olur, gülmür dünyada,

 

   Qorxaqlar öyünə bilmir dünyada,

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   

 

   Göz yaşımız selə dönüb neyləyək?

 

   Ürəyimiz külə dönüb, neyləyək?

 

   Bir günümüz ilə dönüb neyləyək?

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   

 

   Yox, ananın üzü heç vaxt gülməyir,

 

   Sevinc nədir, fərəh nədir bilməyir,

 

   Kimsə onun göz yaşını silməyir,

 

   Ay Teymurum, qardaş payım, hardasan?

 

   Əbədiyyət adlı bir diyardasan!

 

   24 iyul 1999

 

   Alın yazısı...

 

   ("Əbədi qəhrəmanlıq" poemasından)

 

   Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Seyidovun ömür-gün yoldaşı Şəkər xanıma ithaf olunur.

 

   

 

   Alın yazısıymış, inanmaq çətin,

 

   Sarsılma, mərd dayan, dözümlü ana.

 

   Belə imiş sənin bəxtin, qismətin,

 

   Həsrət oduna yan, dözümlü ana.

 

   

 

   Daşı dörd balanın qayğı yükünü,

 

   İntizarla yaşayırsan hər günü,

 

   İlahidən gələn bir səsi, ünü,

 

   Silmə yaddaşından, dözümlü ana.

 

   Gərək çin olaydı arzun, niyyətin,

 

   Taleyin sınağı çətindi, çətin,

 

   Sənin ülvi sevgin, saf məhəbbətin

 

   Hey tutur qolundan, dözümlü ana.

 

   

 

   Məhərrəmin tövsiyyəsi yadında,

 

   Adın Şəkər, ömrün zəhər dadında,

 

   Çox alışdın iztirabın odunda,

 

   Arxan Azərbaycan, dözümlü ana.

 

   

 

   Qəhrəmanın arvadıdır, deyirlər,

 

   Məzarı önündə hey baş əyirlər,

 

   Fəxri övlad sayıb onu öyürlər,

 

   Sevir hər bir insan, dözümlü ana.

 

   

 

   Məhərrəm əvəzi qoşa oğlun var,

 

   Müqəddəs amalın, doğru yolun var,

 

   Sənə "qızım" deyir bu doğma diyar,

 

   Yurdundur Naxçıvan, dözümlü ana.

 

   

 

   Xeyir-dua aldın Öndərimizdən,

 

   Əcəl tez ayırdı Öndəri bizdən,

 

   Ümum Milli Lider Heydəri bizdən,

 

   Oydu yurda loğman, dözümlü ana.

 

   

 

   Özün gördün, yalnız özün hər işi,

 

   Lənətlədin bədniyyəti, şər işi,

 

   Getdi Məhərrəmlə ər nəvazişi,

 

   Sıxdı səni dövran, dözümlü ana.

 

   

 

   Bu gün Məhərrəmin rütbəsi səndə,

 

   Arzusu, istəyi, nəfəsi səndə,

 

   Hopub yaddaşına, gur səsi səndə,

 

   Xatırla, onu an, dözümlü ana.

 

   

 

   Adını vermisən öz nəvənə sən,

 

   Yanında sayırsan onu yenə sən,

 

   Ruhunu yad elə dönə-dönə sən,

 

   Şəkli evdə mehman, dözümlü ana.

 

   

 

   Həm atasan, həm anasan övlada,

 

   Qəhrəman Məhərrəm hey düşür yada,

 

   Darıxma, dörd balan yetişər dada,

 

   Yarı övladından, dözümlü ana.

 

   

 

   Cüt oğulun, qoşa qızın anası,

 

   Ülviyyə, Şərqiyyə səni anası,

 

   Nəvələrçün yanasısan, yanası,

 

   Çıxdın çox sınaqdan, dözümlü ana.

 

   

 

   Ata yadigarı mərd Rasim, Habil,

 

   Sən varsan, çəkməsin dərd Rasim, Habil,

 

   Məhərrəmin varisidir onlar, bil,

 

   Dönməzlər düz yoldan, dözümlü ana.

 

   

 

   Baba əvəzidir Məhərrəm nəvən,

 

   Hərdən görür səni gözü nəm, nəvən,

 

   Qoyma kədərlənsin, çəksin qəm, nəvən,

 

   Vallah üzülər can, dözümlü ana.

 

   

 

   Büdrəmədin, təntimədin yollarda,

 

   Sən sözünü işlə dedin yollarda,

 

   Ayıq idin, sayıq idin yollarda,

 

   Məğrursan hər zaman, dözümlü ana.

 

   

 

   On doqquzu yanvar doxsanıncı il,

 

   Sənin yaddaşından silinən deyil,

 

   Həmin gün doğulub, yadda saxla, bil,

 

   İlk Milli Qəhrəman, dözümlü ana.

 

   

 

   Əli Vəkil dərk elədi dərdini,

 

   El itirdi Məhərrəmi - mərdini,

 

   O qorudu balasını, yurdunu,

 

   Unutmaz bu məkan, dözümlü ana.

 

   24 oktyabr 2004

 

   Elə bildim...

 

   Boylanıram yollara mən,

 

   Gecikirsən bilməm nədən?

 

   Diksindim ayaq səsindən,

 

   Elə bildim gələn sənsən.

 

   

 

   Sənsiz qəlbim isinməyir,

 

   Hərdən lal olur, dinməyir,

 

   Heç nə canıma sinməyir -

 

   Elə bildim gələn sənsən.

 

   Əlim niyə yatmır işə,

 

   Sevən ürək sanki şüşə,

 

   Gəl yanımda qal həmişə,

 

   Elə bildim gələn sənsən.

 

   

 

   Sevgimi duyan olmayır,

 

   Qəlbimə həyan olmayır,

 

   Darıxma deyən olmayır,

 

   Elə bildim gələn sənsən.

 

   

 

   Harda qaldı can sirdaşım,

 

   Axdı qəlbimə göz yaşım,

 

   Bəlalıdır mənim başım,

 

   Elə bildim gələn sənsən.

 

   

 

   Darıxarmış yol gözləyən,

 

   Əli Vəkildi izləyən,

 

   Xəyalı yar əzizləyən,

 

   Elə bildim gələn sənsən.

 

   10 iyun 2002

 

   Sənəd, imza tələb etmə

 

   (Böyük fransız yazıçısı Aleksandr Dümanın Bakıdan məktubu. 25 noyabr 1858)

 

   

 

   Bir zaman İrana, indi Rusiyaya

 

   Məxsus bir Asiya şəhərindəyəm.

 

   Peyğəmbərim - Zərdüşt qoy olsun əyan,

 

   Səcdəgahım oddur, məcburam deyəm.

 

   

 

   Ayaqlarım altındakı torpaq, su,

 

   Ətrafımda hava yanır, inanın.

 

   Bakı neftlə zəngin, həqiqətdi bu,

 

   Görən Odlar yurdu sanır, inanın.

 

   

 

   Azərbaycanlılar - mərd, alicənab,

 

   Sənəd tələb etmə sövdələşəndə.

 

   Xalqın bir adı var - mərd, alicənab,

 

   Söz verdi, qurtardı, inandım mən də.

 

   

 

   Burda məğrur, nər kişilər var, bilin,

 

   Onlar cəsur, enlikürək, qamətli.

 

   Sözübütöv ər kişilər var, bilin,

 

   Qəlbi təmiz dostlar seçdim hörmətli.

 

   

 

   Hər bir adam qonaqpərvər, mehriban,

 

   Ağıllı, kamallı, fərasətlidir.

 

   Şər nədi, yalan nə, bilməz heç zaman,

 

   Çevikdir, qorxmazdır, nəcabətlidir.

 

   

 

   Əgər ortalıqda haqq-hesab olsa -

 

   Demək, kişi şərti, kişi sözü var.

 

   Dönməz dediyindən dünya dağılsa,

 

   Kişilərin bir sözü, bir üzü var.

 

   

 

   Müdriklər, ərənlər mətin, vüqarlı,

 

   Qayğıkeş, namuslu - ad çıxarıblar.

 

   Hər kəs həm qeyrətli, həm etibarlı,

 

   Qonağın da göz üstündə yeri var.

 

   

 

   Dəmirqapı Dərbənd - qədim bir məkan,

 

   Şəhərlərin vuran qəlbi deyərdim.

 

   Sakinləri istiqanlı, mehriban,

 

   Hörmətli qonağam, daha nə dərdim.

 

   

 

   Dümanın yazdığı millətiksə biz,

 

   Vədin, sözümüzün ağası olaq.

 

   Geriyə alınsın bölgələrimiz,

 

   Cənnət Qarabağda qələbə çalaq.

 

   

 

   Fransız yazarı, dahi bir ədib,

 

   Bizə qiymət verib, bəşəri qiymət.

 

   Dəyərli söz deyib, dəqiq vəsf edib,

 

   Qəlbində yurduma sonsuz məhəbbət.

 

   

 

   Nə gözəl söyləyib: Odlar ölkəsi!

 

   Düşməni yandırıb, kül etmək gərək.

 

   Şuşadan ucalsın qoy "Cəngi" səsi,

 

   Qanmazı qandırıb, kül etmək gərək,

 

   Düşməni yandırıb, kül etmək gərək.

 

   11 fevral 2006

 

  Əli VƏKİL

  Ekspress.-2015.- 26 yanvar.- S.15.