Sağlamlıq imkanları məhdud uşaqlar hansı qayğılarla əhatə olunublar?

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Sosial-iqtisadi inkişafın nəticəsidir ki, son illərdə sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial müdafiəsi güclənib. Hətta onlara göstərilən sosial xidmətin keyfiyyətinin artmasına da imkan yaradılıb.

   "Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunun 6-cı maddəsində əlilliyi olan insanların sosial müdafiəsini təmin edən dövlət orqanlarının siyahısı göstərilib. Həmin qanunun 7-ci maddəsində əlilliyi olan insanların sosial müdafiəsinə dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin iştirakı da nəzərdə tutulub. Bu insanların sosial təminatını yaxşılaşdırmaq məqsədilə müəssisə və idarələr öz vəsaitləri hesabına onların həyatının sığortası və bədbəxt hadisələrdən sığortasını təmin etməlidir.

   Ekspert Mehman Muradlının sözlərinə görə, qanunun 24-cü maddəsində də onların əmək hüququnun həyata keçirilməsi qaydaları müəyyən edilib: "Yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə fərdi reabilitasiya proqramları nəzərə alınmaqla, onların adi şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlilliyi olan şəxslərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir".

   Xatırladaq ki, "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun yenidən hazırlanmaq üzrədir. BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin Cenevrədə keçirilmiş 125-ci və 126-cı iclaslarında ölkəmizin bu sahədə gördüyü işlər barədə ilkin məruzəsi dinlənilib. Bəhs etdiyimiz iclaslarda ölkəmizin müvafiq nazirlik və qurumlarının nümayəndələrindən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması, Komitə üzvlərinin suallarının səmimi cavablandırılması yüksək qiymətləndirilib.

   Qeyd edək ki, əlil uşaqların hüquqlarının müdafiəsi hər zaman diqqət tələb edən sahələrdən biridir. Onlara göstərilən tibbi yardımın keyfıyyətinin artırılması, ölüm hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası və s. artıq dövlətin diqqət mərkəzinə çevrilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Uşaq Bərpa Mərkəzində 2769 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 364 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq stasionarambulator qaydada bərpa-müalicə xidməti ilə təmin edilib. Nazirlikdən verilən məlumata görə, həmçinin 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın Latviya Respublikasında ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Bununla da qeyd olunan dövrdə ƏƏSMN tərəfindən ümumilikdə 3497 nəfər uşaq bərpa-müalicə xidmətinə cəlb edilib.

   Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə xidməti göstərilən ümumilikdə 1226 nəfər uşaqdan 70 nəfərində (5,7 faiz) tam yaxşılaşma, digərlərində isə nisbi yaxşılaşma qeydə alınıb. Həmin müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqlara bərpa-müalicə xidməti göstərilməklə bərabər, onların sosial reabilitasiyası, şəxsiyyətinin korreksiya olunması, əmək terapiyası məqsədi ilə kompleks işlər görülür.

   Onu da qeyd edək ki, dünya təcrübəsində əlilliyi olan uşaqların inkişafı, cəmiyyətə inteqrasiyası ilə bağlı "Aktiv Terapiya", "İcma Əsaslı Reabilitasiya", kimi özünü doğrultmuş proqramlar hələ bir neçə il öncə UAFA təşkilatı tərəfindən Azərbaycana gətirilərək, yerli şəraitə uyğunlaşdırılmış və fəaliyyət göstərdiyi 14 il ərzində sınaqdan keçirilib. UAFA təşkilatı 1998-ci ildən Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı, təhsilı diqqət mərkəzində olmaqla sosial həyatın uzunmüddətli inkişafı məqsədilə yaradılıb. Hazırda dünyanın 90-dan çox ölkəsində İƏR Proqramı həyata keçirilir. İƏR bütün əlilliyi olan insanlar üçün imkanların bərabərləşdirilməsi, onların reabilitasiyası və sosial inteqrasiyasını təmin edən icmadaxili strategiyadır. İƏR-in əsas vəzifələrindən biri əlilliyi olan uşaqlar və böyüklərin əqli və fiziki bacarıqlarını inkişaf etdirərək, onların cəmiyyətin ümumi inkişafı prosesində fəal iştirakını təmin etməkdir.

   İƏP proqramlarından yalnız əlilliyi olan insanlar deyil, həm də bütövlükdə cəmiyyət bəhrələnir. Misal üçün, əgər əlil arabasından istifadə edən insanlar üçün parklarda, ictimai binalarda panduslar tikilirsə, şəhərə pilləkansız xüsusi avtobuslar gətirilirsə, bu, təkcə əlilliyi olan insanın deyil, həm də ona qulluq edən şəxsin və həmçinin, arabadan istifadə edən körpə uşaqlı valideynlərin də işini asanlaşdırır.

   Bundan başqa, milli qanunvericilikdə olan dəyişikliyə əsasən "16 yaşınadək əlil uşaqlar" anlayışı "Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" anlayışı ilə əvəz edilib, həmçinin "uşaqlıqdan əlil" anlayışı qanunvericilikdən çıxarılıb. Əslində bu dəyişikliyin səbəbi beynəlxalq praktikaya uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlara cəmiyyətdə olan digər uşaqlar kimi yanaşılmasından irəli gəlir. Ekspertlərin fikrincə, Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı ayrıca qanun olsa da, təhsil ocaqlarında belə uşaqların təhsil alması üçün xüsusi infrastruktur yoxdur. Yəni, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəblərin pilləkənlərində xüsusi şərait, siniflərdə, auditoriyalarda xüsusi oturacaqlar mövcud deyil. Bu baxımdan da qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var.

   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əsasən, belə uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları var. Qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisasali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər. Eyni zamanda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara dövlət tərəfindən sosial müavinət verilir, onların statusu və göstərilən yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Nazirlər Kabinetinin 2013-cü ildə təsdiq etdiyi "Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"na müvafiq olaraq sağlamlıq imkanları məhdud uşaqlara sosial işçisosial xidmətçi tərəfindən evdə sosial xidmət göstərilə bilər. Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şaqan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbireabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz olunub".

   Qeyd edək ki, əlillik uşaq və ailələrin üzləşdiyi mənəvi və fiziki problemlərdən biri olduğu üçün bir çox fəsadlara səbəb olur. Dünya təcrübəsindən məlumdur ki, bu kimi problemlər sonda ailələrin dağılmasına və uşaqların internat müəssisələrinə düşməsinə geniş şərait yaradır. Hazırda ölkəmizdə rəsmi qeydiyyatda olan 61293 uşaq müxtəlif formalı xəstəlik və onların ağır nəticələri üzündən əlilliyə məruz qalıb.

   UNİCEF-in əlilliyi olan uşaqlara həsr edilmiş "Dünya uşaqlarının vəziyyəti" adlı hesabatında bildirilir ki, regionda yaşadığı təxmin olunan 5,1 milyon əlilliyi olan uşaqdan təxminən 3,6 milyonu təməl uşaq hüququ hesab edilən sosial reyestrlərdə qeydiyyatda deyil və nəticədə izləri itirilir və cəmiyyətlərindən təcrid olunurlar. UNICEF bu məsələlərin aradan qaldırılması üçün təcili və sektorlararası siyasi tədbirlərin görülməli olduğuna inanır. Ekspertlərin fikrilə bildirsək, əlilliyi olan uşaqlar cəmiyyətin ən kövrək nümayəndələri hesab olunur. Bu baxımdan da regionlarda müsbət qlobal təcrübələr və uşaqların rifahı naminə mühüm islahatların keçirilməsi, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya prosesini sürətləndirməsi vacib məsəslə olaraq qalır.

 

   Rəşid RƏŞAD

   Ekspress.-2015.- 1 iyul.- S.9.