Xaricdə təhsil: Neft kapitalının insan kapitalına çevrilməsi

 

"Beşikdən qəbr evinə qədər oxuyun". "Elm Çində də olsa, arxasınca gedin"... VII əsrdə Məhəmməd peyğəmbərin səsləndirdiyi bu fikirlər hələ də öz aktuallığını qoruyur. Bəli, elm və təhsil bəşəriyyətin inkişaf tarixinin belə desək, mühərrikidi. Fikrimcə, elə bəşəriyyət tarixinin ən böyük kəşfi də yazıdı. Məhz yazı yazmaq sayəsində insanlar elmi həm bir-birinə, həm də gələcək nəslə ötürərək inkişafa nail olur. Bütün bunlar isə təhsil sisteminin içində formalaşır.

   Təhsil yeganə sahədi ki, onun içində bütün peşələr embrion halında birləşir. Bioloq da, mühəndis də, filoloq da, jurnalist də eyni sistemdən qidalanır. Təbii ki, elmin sirrlərinə yiyələnmək istəyən şəxs də öncə öz yaşadığı ərazidə parta arxasında əyləşir. Bunu bir növ "kəpənək effekti"nə bənzətmək olar. Yəni insan öncə sürfə halında dünyada öz varlığını hiss etdirir. Daha sonra həmin sürfə kəpənəyə çevrilir, qanadlanır, nəticədə bu çiçəkdən o çiçəyə qonur və gözəlliyi ilə ətraf mühitin könlünü oxşayır. Bəli, öncə sürfə təsiri bağışlayan şagird tələbə həyatında ilk addımlarını atınca kəpənəyə çevrilir. Ən gözəl kəpənəklər xalları və rəngarəngliyi ilə öyünürsə, ən şöhrətli tələbələr də xaricdə təhsil almasıyla diqqət mərkəzinə düşür.

   Prezidentin təşəbbüsü zəngin ənənənin davamıdı

   Azərbaycan Respublikasının bütün sahələr üzrə inkişafı haqqında söz açarkən, təhsil sahəsinin də nə qədər inkişaf etdiyini görürük. Qısa bir müddət ərzində müstəqil ölkəmizin yüksək nailiyyətlər əldə etməsi, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması Azərbaycanın yeni-yeni uğurlar əldə etməsinə zəmin yaradır. Ümumi inkişaf prosesi ölkənin ali təhsil sistemində də özünü göstərir.

   Son 12 il ərzində Azərbaycanda təhsil sahəsində mühüm işlər görülmüşdür. 2003-cü ildən Azərbaycanda başlanmış yeniləşmə siyasəti təhsil sektorunun da inkişafına əlavə təkan verdi. Təhsil sisteminin inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müxtəlif dövlət proqramları və sərəncamlar imzalandı. Prezidenti İlham Əliyevin tərəfindən irəli sürülmüş ən vacib təşəbbüslərdən biri də azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması məsələsi idi. Prezidentin irəli sürdüyü konsepsiyaya görə dünyanın müxtəlif elm ocaqlarına üz tutan azərbaycanlı tələbələr də gələcək adına ölkəmiz üçün əsl kapitala çevrilməli idi. Əslində, vətəndaşının xaricdə təhsil alması dövlətin bir əmanəti banka qoymasına bənzəyir. Həmin tələbə təhsilini başa vurduqdan sonra vətənə qayıdarkən dəyərini daha da artıran ləl-cəvahirata bənzəyir. Ümimiyyətlə, hazırda dövlətimizin əsas prinsiplərindən biri də neft kapitalını təhsilə yatırmaq və vətəndaşlarını dünyanın tanınmış universitetlərinə yollamaqdı. Əslində bu ənənə hələ cumhiriyyət dövründən öz prioritetini qorumaqdadı. Sovet dövründə də bu tendensiya davam edirildisə, müstəqilliyə qədəm qoyduğumuzdan dünyaya inteqrasiya prosesimiz daha da sürətləndi. Heydər Əliyevin qoyduğu bu ənənə yüksək şəkildə inkişaf etdirildi, Azərbaycan gəncinin xəyalı çin oldu.

   Əlbəttə, Azərbaycanın dövlət və özəl ali təhsil ocaqlarına da söz ola bilməz. Ölkəmizin aparıcı universitetlərində xarici ölkələrdən təhsil alanlar varsa, deməli bizim də "dilimizə görə dilçəyimiz var". 1919-cu ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetiylə Yaxın Şərqdə diqqət mərkəzinə düşən Azərbaycan elmi və təhsili keçmiş SSRİ-yə də öz nurunu saçmışdı.

   Lakin modernləşən dünya ilə də ayaqlaşmaq vacib amillərdən biridi. Buna görə də zəruri ixtisaslar üzrə azərbaycanlı gənclərin xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək üçün "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalandı. Həmin sərəncama uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradıldı. Proqramın əsas məqsədi dünyanın aparıcı ölkələrinin ən tanınmış və nüfuzlu təhsil müəssisələrində istedadlı azərbaycanlı gənclərin biliyə yiyələnməsi məsələlərinin tənzimlənməsi idi. Bu proqram çərçivəsində artıq minlərlə azərbaycanlı gənc müxtəlif tanınmış dünya universitetlərində təhsil almağa göndərilmişdir.

   Dövlət Proqramının verdiyi üstünlük

   "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası haqqında məlumatla tanış olduqda statistik faktlardan biz bu vəzifənin nesə dəqiqliklə yerinə yetirildiyinin şahidi oluruq. Qeyd olunan bu müddət ərzində Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazananların ümumi sayı 3185 nəfər olmuşdur. Onlardan təhsil alanlar 2286 nəfər təşkil etmişdir. Oxumağa göndərilənlərin arasından isə 821 nəfər məzun adına yiyələnmişdir.

   Göstərilən illər ərzində proqram çərçivəsində 33 ölkədə 542 universitet qapılarını azərbaycanlı gənclərin üzünə açmışdır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Türkiyə və s. kimi dövlətlərin nüfuzlu ali təhsil ocaqlarında azərbaycanlı tələbələrin oxuması üçün geniş perspektivlər açılmışdır. Dövlət tərəfindən bu tələbələrə Harvard, Oksford, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İstanbul Texnik Universiteti, HEC Paris, MDBMİ və s. kimi ali təhsil müəssisələrində təhsil almaq şəraiti yaradılmışdır.

   Proqram icra olunmağa başladığı 20072008 tədris ilindən 66 nəfər xaricə oxumağa göndərilmişdisə, artıq növbəti illərdə göndərilənlərin sayı bir neçə dəfə artmışdır. Belə ki, 20082009 - 134, 20092010- 308, 20102011 - 275, 20112012 - 145, 20122013 - 607, 20132014 - 787, 20142015 - 573 nəfər təhsil almağa göndərilmişdir.

   2014/2015-ci tədris ili üçün dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 573 tələbənin adı Proqram təqaüdçüləri siyahısına daxil edilmişdir. Son tədris ilində müsabiqə nəticəsində 311 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanmışdır. Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində istər yüksək TQDK göstəricilərinə malik, istər beynəlxalq olimpiada iştirakçıları, istərsə də müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 153 tələbə isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq imkanı əldə etmişlər. Sevindirici haldır ki, ilk dəfə olaraq 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanmışdır.

   Ümumilikdə tələbələrin əsasən Türkiyə və ingilis dilli ölkələrdə təhsil almağa üstünlük verdiyi müşahidə olunur. Gənclərin seçimində Türkiyə 662 tələbə ili ikinci yerdə olduğu halda siyahıya 902 nəfərlə Böyük Britaniya liderlik edir. Ölkələr üzrə statistikada sonrakı yerləri Almaniya (424), Kanada (221), Niderlandın (144) tutduğunun şahidi oluruq. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanmışdır.

   Davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilmə əsas məqsədlərdən biridi. Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərindən məzun olmuş gənclərimiz də öz töhfələrini verməkdədir. 2007-2014-cü illərdə xaricdə dövlət proqramı çərçivəsində təhsil almaq hüququ qazananların ixtisas və təhsil səviyyələri üzrə statistikada maraqlıdı.

   Belə ki, gənclərin seçimində burada birinci yeri tibb sahəsi tutur - 825 nəfər. İkinci yerdə 743 nəfərlə iqtisadiyyat sahəsi qərarlaşıb. Sevindirici haldırki, müasir dünyada ən tələb olunan və respublikada ehtiyac duyulan ixtisas sahələrindən biri olan informasiya texnologiyaları 316 şəxsin seçimində əsas olub. Sonrakı yerləri isə mühəndislik (276) və sosial və humanitar (209) ixtisas istiqamətləri tutur.

   Təhsilin səviyyəsinin seçimində də əsas meyar kimi keyfiyyət götürülür. Buna görədə xaricdə təhsil alanların arasında magistratura pilləsini seçənlər daha çoxdur - 1372 nəfər. 1161 gənc isə təhsillərini bakalavr pilləsində alırlar. Təhsilin səviyyəsinin yüksək pillələri olan rezidentura və dokturanturada oxumaq istəyənlərin sayıda az olmamışdır. Müvafiq olaraq 483 və 169 nəfər.

   Xaricdə təhsil müsbət bəhrəsini verməkdədi

   Əslində, dünyanın tanınmış universitetlərində təhsil almağın üstünlükləri haqda çox danışmaq olar. Hər şeydən öncə həmin tələbə təhsil aldığı ölkədə öz dövlətini təmsil edir. Azərbaycanın isə belə nümayəndələrinə hər zaman ehtiyacı var. Dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq üçün həmin tələbəyə bir növ canlı eksponat gözü ilə baxmaq olar. Hətta qərib ölkədə təhsil alan həmyerlimizi canlı kitab kimi də qələmə vermək olar. Beləliklə də elmin qaymağını ölkəmizə gətirəcək tələbə həm də təsirə öz əks təsirini göstərir. Beləliklə də qloballaşan dünyada kimya və biologiya dili ilə desək maddələr mübadiləsi yaranır.

   Neft gəlirlərinin insan kapitalına çevrilməsi strategiyasının reallaşdırılması nəticəsində qurulan bilik iqtisadiyyatı sayəsində bundan sonra keyfiyyət göstəriciləri daha da yüksəlməyə doğru gedəcək və bu sahəyə qoyulmuş investisiya öz müsbət bəhrəsini verəcəkdir. Xaricdə təhsilini başa vuraraq vətənə dönən tələbə həm də zəngin təcrübə əldə edir. Əvvəla həmin tələbə dil bilgisi sarıdan heç bir problemlə üzləşmir. Üstəlik orda əldə etdiyi təcrübədən vətənində faydalanmaqla ölkəmizin dünyaya inteqrasiya olmasına şərait yaradır. Təsəvvür edin, ABŞ və Almaniyada təhsil alan gələcəyin həkimi vətənində çalışmaqla həm də yerli kapitalın ölkədən kənara çıxmasına da imkan vermir. Yəni, artıq bir azərbaycanlı pasient Almaniyaya müalicəyə yollanaraq belə desək, xeyri əcnəbilərə vermək fikrinə düşməyəcək. Xaricdə təhsil alan yerli həkimin əldə edəcəyi gəlir də özümüzə qalacaq və nəticədə bu iqtisadiyyatımızda dövriyyənin sürətlənməsinə təkan verəcək. Necə deyərlər, əl əli yuyur, o da qayıdıb üzü yuyur. Xaricdə təhsil həm də ölkədaxili təhsil sisetinin inkişafına da effektiv təsir göstərir. Məsələn, Avropada riyaziyyat sahəsində təhsil alan tələbə vətəninə həm də bir müəllim kimi qayıdır. O gələcəkdə hansısa bir tədris ocağında dərs deməklə bir növ bulaq funksiyası daşıyacaq. Necə deyərlər, xaricdən ölkəyə çəkilən bulaq. Belədə onun tələbəsi olanlar bir növ qiyabi də olsa, dünyanın müxtəlif guşələrinə səyahət edəcək həmin müəllimin sayəsində biliyini inkişaf etdirəcək. Deyərdim ki, əcnəbi ölkələrdə təhsil alanları canlı rabitə kimi qələmə verə bilərik. Həmin tələbələr Azərbaycandan dünyanın 4 bucağına çəkilən bir növ körpü rolunu oynayır. Həmin körpü sayəsində biz xəyali olaraq dünyanın istənilən yerinə gedib qayıda bilərik.

   Hə, bir məqamı da xüsusi vurğulamaq lazımdı. Dünyanın müxtəlif guşələrində təhsil alan həmyerlilərimizin gələcəkdə vətənə qayıtması şərt deyil. Onlar təhsilini başa vurandan sonra elə həmin məkanda fəaliyyət göstərməklə vətənimizi şərəfli işləri ilə təmsil edə bilər. Məsələn hamımız üçün bir azərbaycanlının NASA kimi elm ocağında çalışması qürur mənbəyi sayılardı. Belədə həm də savadlı həmyerlilərimizin bir yerdə fəaliyyət göstərməsi həm də lobbiçiliyimizin inkişafına da təkan olardı.

   Qeyd edək ki təhsil sahəsi Prezident İlham Əliyevin hər zaman diqqətində olmuşdu. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasınına əsasən "2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı"nın qəbul edilməsi nəzərdə tutulmuşdur.

 

   Rövşən Məmmədli

   Ekspress.-2015.- 8 iyul.- S. 17.