Əlillər üçün hər cür şərait yaradılır

 

Onların komplekslərindən qurtulmalarına nail olmaq, problemlərini həll etmək hər kəsin borcudur

 

Fiziki qüsurlu şəxslər ətrafa qarşı nə qədər çox özünü kompleksli hiss etsələr də onların əksəriyyəti işləmək arzusundadırlar. Əslində gənc əlillərin müxtəlif komlekslərindən azad olmaları, özlərini vətəndaş kimi təsdiqləmələri üçün onların işləmələri olduqca vacibdir. Ancaq təəssüf ki, əlillərin əlillik dərəcəsini müəyyən edən sənəddə əmək qabiliyyətsizliyinin yazılması onları işləməkdən məhrum edir.

   "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna görə, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi və uşaqların sağlamlıq imkanları məhdudluğunu doğuran səbəblərin aradan qaldırmasına, əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəblinin sözlərinə görə, çox zaman işləmək arzusunda olan əlilliyi olan gənclər işsiz qalır. Onun fikrincə, yaxşı olar ki, belə gənclərə əlil cəmiyyətləri, mərhəmət hüquqlu insanlar kömək etsinlər. "Bəzi hallarda isə elə əlillər olur ki, onların işləməsi mümkün deyil. Məsələn, gözü görməyən insan gələrək hansısa müəssisədə gözətçi işləmək istəyir. Təbii ki, bu, mümkün deyil. Lakin buna baxmayaraq bu işlərdə, əlillərin məşğulluq məsələsində bir təsnifatlaşma, xüsusi normativlər olmalıdır".

   Bu gün rüşvətlə əlillik dərəcəsi alanların olduğunu da deyən Rəcəbli buna qarşı ciddi mübarizənin aparılmasını vaxib sayır. "Elə hallar indi çox olsa da bu gizli aparıldığından heç kim xəbər tutmur və cəzalandırılmamış qalır. Əslində yalandan əlillik dərəcəsi alan adamlar İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyətə cəlb olunur. İki ildən bir əlliliyin təzədən yoxlanılması da buna xidmət edir".

   H.Rəcəbli onu da qeyd edib ki, əilliyi olan insanlara qarşı xüsusi diqqət, qayğı hər bir kəsin borcu, vəzifəsidir: "Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə problemlərini həll etmək sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olmalıdır. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabər hüquqlu yaşamaq haqqı varbu onlar üçün çox vacibdir".

   Xatırladaq ki, bərabər imkanlar cəmiyyətinin əsas prinsipləri ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. Ümumiyyətlə isə "Bərabər imkanların təmin olunması" termini xidmət, fəaliyyət növləri, informasiyasosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir. Hazırda isə Azərbaycan Respublikasının qanunvericiliyində də ölkədə əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanun və dövlət proqramları fəaliyyət göstərir. H.Rəcəbli deyir ki, əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasıdır: "Ölkənin qanunvericilik bazasında qanunvericiliyin bu gün ilkin bəzi institutları müəyyənləşib, çərçivə qanunlarımız var. Yəni həmin qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Lakin maliyyə dəstəyinin həcmi baxımından bu, birmənalı qəbul edilmir. Amma onu da qeyd edim ki, dövlət başçısı bu sahədə ardıcıl olaraq aparır".

   Şəhid ailələrinə hər ay 100 manat birdəfəlik müavinətin verilməsi, əlillərə aldıqları müavinətdən fərqli olaraq prezident müavinətinin verilməsi, eləcə də əlillər üçün mənzil tikintisinə, nəqliyyat vasitələrinə pulun ayrılması dövlət tərəfindən bu təbəqəyə olan diqqətin nəticəsidir: "Belə bir qayğı MDB dövlətlərinin demək olar ki, heç birində yoxdur".

 

   Onun sözlərinə göər, ən əsası bütün cəmiyyətdə istər Qarabağ əlillərinə, istərsə də digər əlillərə qarşı mərhəmət prinsipi oyanmalıdır. Deputat bunun üçün əlillər cəmiyyətlərindən, mətbuatdan da çox şeyin asılı olduğunu bildirir. "Çox təəssüf ki, bu gün elə əlillər var, mərhəmət istədikləri qurumlarda elə bir şərait yaradırlar ki, həmin yer artıq onlara üz göstərir. Bunun üçün əlillər cəmiyyətinin xüsusi səriştəsi olmalıdır. Onlar bütün işlərini düzgün tənzimləməlidirlər".

   Rəcəbli hesab edir ki, əlillərin cəmiyyətə reinteqrasiyası, əlilliyin bərpası, əlillərin reabilitasiyası ən aktual məsələlərdir. Təbii ki, əlillərin rifahının yaxşılaşdırlması üçün hüquqi baza möhkəm olmalıdır. "Xatırladım ki, bütün dünyada sosial müdafiənin həmrəylik, islam, sosialist kimi modelləri var. Məsələn, islam modeli sosial müdafiədə nədir? Bu modeldə sosial müdafiə elə qurulub ki, ora heç kim müdaxilə etmir, cəmiyyət özü özünün sosial müdafiəsini təmin edir. Buna Avropada libertarizm deyirlər. Hamı bilir ki, İslamda fitrə, sədəqə, zəkat kimi anlayışlar varhesab olunur ki, əlilə kömək edən savaba qovuşar. Bu kimi təbliğata da ehtiyac böyükdür. Amma bizim bu gün qeyd etdiyimiz model beş mərhələli maraqlı bir model olan Avropa modelidir. Ümumiyyətlə, dövlət elə qanunlar qəbul etməlidir ki, insan özü özünü müdafiə edə bilsin. Ondan başqa bizdə sosial xidmət mexanizmi inkişaf etməlidir. Əsasən də II qrup əlillərin xidmət məsələləri. Məlumat üçün qeyd edim ki, Macarıstanda sosial müdafiə ilə Əmək və Sosial Müdafiə Nazirliyi məşğul olmur. Orada bu işlə qeyri-hökumət təşkilatları məşğul olur. Ölkə büdcəsinə ayrılan vəsait tenderə təqdim olunur, QHT-lər tenderdə iştirak edərək qalib olduqdan sonra sosial müdafiəni təşkil edirlər".

   Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi üçün nazirlik tərəfindən görülən işlərlə bağlı məlumat verib: "Son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunmasına nəzarətin xeyli güclənməsinin nəticəsi olaraq bu ilin ötən dövründə əlilliyi olan şəxslərdən tam reabilitasiya olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1645 nəfər artaraq 6938 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 2907 nəfər artaraq 3952 nəfər təşkil edib. Həmçinin bu dövrdə təkrar əlillik müəyyən edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. Bu təbəqədən olanların mənzilllə və minik avtomobili ilə təminatında mühüm addımlar atılmaqla bərabər, əlilliyi olan şəxslərə 569 ədəd əlil arabası, 369 ədəd eşitmə aparatı verilib, ümumilikdə 4012 nəfərə protez-ortopedik xidmət göstərilib. Nazirliyin bərpa mərkəzlərində 6618 nəfər bərpa-müalicə xidməti ilə təmin olunub, 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil edilib. Əlilliyi olan insanların məşğulluğuna şərait yaradılması, əmək bazarına maneəsiz çıxışının dəstəklənməsi də diqqətdə saxlanılır. Ötən ilin 9 ayında məşğulluq xidməti tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 814 nəfərin məşğulluğu təmin edilib ki, onlardan 191 nəfəri əlilliyi olan şəxslərdir. Həmçinin bu müddətdə 340 nəfər əlilliyi olan şəxs, o cümlədən 60 nəfər gözdən əlil şəxs peşə hazırlığına cəlb edilib".

   Onu da qeyd edək ki, yaradılaan bütün şəraitlər fiziki qüsurlu şəxslərin müxtəlif komplekslərdən azad olmalarında müəyyən rol oynayır.

   Bu arada, artıq yeddinci gününü keçirən I Avropa Oyunları üçün inşa edilmiş bütün arenalarda fiziki qüsurlu şəxslərin girişi üçün bütün lazımi şəraitin yaradılıb. İdman qurğularının təməli qoyulan gündən belə bir imkanın yaradılması birinci dərəcəli məsələyə çevrilib. Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş, onlara kömək etmək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər, bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək. "Bakı 2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, əlilliyi olan qonaqlarımızın rahatlığını təmin etmək ən başlıca məsələlərdəndir: "Bu şəxslərin rahatlığının bütün digər tamaşaçılarla eyni səviyyədə olacağına inanırıq. Avropa Oyunlarının faydalarından biri də, arenalara giriş imkanı yaradan vasitələrin yaradılması üçün görülən planlaşdırma və hazırlıq işləridir. Bakı şəhəri, beynəlxalq tələblərə cavab verən bu mirasdan Avropa Oyunlarından sonra, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və bu kimi digər yarışlarda da faydalanacaq".

 

   Rəşid RƏŞAD

   Ekspress.-2015.- 19 noyabr.- S.9.