Milli rəqslərimiz milli dəyərimizdir

Rəqslərimiz Azərbaycan xalqının tarixi qədər qədimdir desək, yanılmarıq. Qobustanda qayaüstü rəsmlərdə qədim insanların bizim hazırda "Yallı" kimi tanıdığımız rəqsəbənzər ifasının əks edilməsi rəqslərimizin qədimiliyinə danılmaz sübutdur. Bu günümüzədək uzun və kəşməkəşli zaman qət etmiş milli dəyərlərimiz olan rəqslərimizin eramızdan 2-3 min il əvvəl -Tunc dövründə yaranması barədə də kifayət qədər sübut var...

Beləliklə, milli Azərbaycan xalq rəqsləri çox qədim zamanlardan yaranıb və sevilib. Onlar solokollektiv şəkildə ifa olunur. Rəqslərimiz toy şənliklərində, bayramlarda daha çox istifadə olunur. Bunlardan bir çoxunu misal gətirmək olar: "Yallı" "Tərəkəmə" "Vağzalı" "Cəngi", "Mirzəyi", "Qaytağı" və s.

Azərbaycanda rəqs sənəti məişətdə, xalqımızın adət-ənənəsində müəyyən mövqe tutur. Sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz mistik ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, xalqın mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyət daşıdığının göstəricilərindən sayılır.

Milli rəqslərimizə xas olan və onu başqa xalqlarınkından fərqləndirən səciyyəvi cəhətlər az deyil. Rəqs sənətində zirvələr fəth etmiş Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və digər məşhur rəqqaslarımız öz ifalarında milli elementləri qoruyub saxlamaqla, onları xeyli inkişaf etdirməyə müvəffəq olublar.

Milli rəqslərimizin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün olub. Burada xalq musiqisi, eləcə də rəqsləri toplanıb və nota alınıb. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbülün rəhbərlik etdiyi həmin elmi-tədqiqat kabinetinin folklorun toplanıb çap olunmasında müstəsna xidmətləri olub.

Xatırladaq ki, xalq artisti Səid Rüstəmov tərəfindən hazırlanan bu ilk topluya - "Azərbaycan rəqs havaları" adı ilə 1937-ci ildə nəşr edilən məcmuəyə 30 ən məşhur rəqs daxil edilib ki, bu milli dəyərlərimiz bu gün də öz təravətliliyi ilə seçilməkdədir.

1951-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatı tərəfindən Tofiq Quliyev, Zakir Bağırov və Məmməd Saleh İsmayılovun not yazılarına əsasən "Azərbaycan xalq rəqsləri" toplusu da buraxılıb. Qədim xalq rəqsləri daxil edilmiş həmin məcmuənin redaktoru və ön sözünün müəllifi bəstəkar Səid Rüstəmov olub.

Azərbaycanda kişi və qadınların ayrıca rəqsləri var. Azərbaycan qadın rəqsləri üç hissədən ibarət olub, quş pərvazını, nazlı sonaların süzən hərəkətlərini xatırladır.

Azərbaycan rəqslərində qolların vəziyyəti olduqca mükəmməl işlənərək yüksək dərəcəyə qaldırılıb. Əlbəttə, qadın rəqslərindən fərqli olaraq, kişilərdə ayaqların hərəkət texnikası böyük rol oynayır və o qədər inkişaf etdirilir ki, rəqqaslar asanlıqla barmaq üstdə dayana bilirlər. Bu cəhətdən "Qazağı" rəqsi daha çox diqqəti cəlb edir.

Bu gün "Qazağı", "Heyvagülü", "Lalə", "Qızılgül", "İnnabı" və s. kimi Azərbaycan xalq rəqsləri ilə yanaşı, digər milli rəqslərimiz də var ki, onlar ölkəmizin coğrafi adlarını özündə yaşadırlar.

Mövzusuna görə rəqslər bir neçə yerə bölünür: mərasim, bayram, toy, məişət. Bildiyimiz kimi, hər şeyin daha gözəli uşaqlar üçün nəzərdə tutulur. Rəqslərdə də uşaqlar üçün ayrıca oyunlar var ki, balaca rəqqaslar onları məharət və coşğunluqla ifa edirlər. "Bənövşə", "Bir quşum var" və s. kimi rəqslər məhz uşaqlar üçün nəzərdə tutulub.

Əşyalarla oynanılan - "Qavalla rəqs", "Yaylığım", "Nəlbəki", "Xonça", "Dəsmalı", təbiətə həsr olunmuş "Turacı", "Ceyranı", "Şalaxo", "Qafqazı", "Lalə", "Qusarçay" və bu kimi lirik rəqslərlə yanaşı, məzəli, satirik, etiraz rəqsləri də vardır.

Azərbaycan xalqının rəqslərinə nəzər salsaq, əkin-biçin və bağçılığa dair ("Araba", "Cütcü"), qəhrəmanlıq obrazları yaradan hərbi-qəhrəmanlıq, idmana dair "Misri", "Koroğlu çığatayı", "Koroğlu döşəməsi", "Koroğlu çağırışı", "Qoçu Əli" (Abşeron), "Beşatılan" (Qarabağ), "Mücəssəmə" (Lənkəran), "Zorxana"nı da burada görərik.

Yallı (halay) xalqımızın ən qədim milli rəqslərindən biri və ən çox seviləni və ifa edilənidir ki, o, nəinki respublikamızda, daha geniş məkanda türkdilli xalqlarda min illər boyudur ki, qorunub saxlanmaqdadır.

Rəqslərimiz tək (solo) və cüt (duet), eləcə də kollektiv (qrup) şəklində ifa olunur ki, bu da onların özünəməxsusluğu və xaraktercə müxtəlif xalqlardan fərqləndirən cəhətlərindəndir.

Ritminə görə rəqslər 3 cür olur: ağır, aram ("Mirzəyi", "Turacı", "Uzundərə"). Və əsasən yaşlı qadın və kişilər tərəfindən oynanılır.

Yüngül, şən rəqslərimiz isə əsasən gənclər tərəfindən ifa edilir ki, onlara da nümunə kimi "Tərəkəmə", "Brilliant", "Ceyranı" və s. göstərə bilərik. Cəld oynanılan "Qaytağı", "Ləzgihəngi", "Qazağı", "Xançobanı" kimi rəqslərimiz də gənclər tərəfindən daha çox oynanılır.

Əməkdar artist, bir çox filmlərdə rəqs səhnələrinin əvəzedilməz ifaçısı, məşhur rəqqas Kamil Dadaşov deyir ki, Azərbaycan xalqının bir çox rəqsləri var ki, bunların hər birinin ayrıca məna kəsb edən hərəkətləri, ideyası, mövzusu var. Lakin təəssüf ki, müasir dövrümüzdə şou-biznesin sərt qanunları nöqteyi-nəzərindən rəqslərimiz geniş təbliğatdan kənarda qalıb. Bir çox rəqslərin elementləri unudulur, fəlsəfəsinə fikir verilmir.

Geniş rəqs meydançasını xatırladan toylarımızda düzgün rəqs hərəkətlərinə az rast gəlinir, həmin rəqsin ya musiqisi düz ifa edilmir, ya da ki, rəqs hərəkətləri həmin rəqsin fəlsəfəsinə ümumiyyətlə uyğun gəlmir.

Yetişməkdə olan nəsil rəqslərimizin melodiyalarını biri-birindən ayırmaqda çətinlik çəkir.

Əməkdar incəsənət xadim Elnarə Dadaşzadə bütün Azərbaycan milli rəqslərini süzgəcdən keçirərək onları sistemləşdirib. E.Dadaşova hazırda rəqsləri ifa edən ifaçılar və rəqqaslardan da narazıdır: ""İnnabı", "Qazağı", "Vağzalı", "Brilyant" və s. milli rəqslərdə hansı üsulla keçidlər əmələ gəlməsini sistemləşdirdim. Heç birinin səs sırasında dəyişiklik əmələ gəlmir. Milli rəqslərin sistemə ehtiyacı var idi. Çünki Avropa alimləri bizim musiqini tonal yox, modal kimi qəbul edirdi. Sübut olundu ki, bizim ifaçılarımız bu rəqsləri qanunauyğun şəkildə ifa edirlər".

Bəstəkar və nəzəriyyəçi alimin fikrincə, hazırda rəqslərinizin ifasında və oynanılmasında qüsur çoxdur: "Köhnə lent yazılarında üçlüyün ifasına baxın. İnsanın sümükləri də oynamaq istəyir. İndi onu elə bir vəziyyətə salıblar ki, artıq bizim mahnılarımız çevrilib olub qondarma bir rəqs. Onu kobud, yüksək dinamikada ifa edirlər. Bu, musiqi deyil, eybəcər ifadır. O rəqslərə alışmışıq, onları eşitmişik biz. Bizim gənclərimiz isə onu eşitmək istəmir".

Milli rəqs sənətimizin korifeyləri bugünkü milli rəslərin quruluşu və ifasından narazılıqlarını da gizlətmirlər.

Xalq artisti, rəqqasə Əminə Dilbazi bildirmişdi ki, rəqs çox çətin, səbr və hövsələ tələb edən sənətdir. Bu sənətə gənc ikən gəlib, qocalanlar var: "Səhnədə 20-25 il dözmək çox böyük işdir. Bəzən səhnəni daha tez tərk edirlər. Ya zədə alırlar, ya ciddi pəhrizə dözə bilmirlər. Rəqqasə olmağın əsas şərtlərindən biri xarici görkəmdir".

Əminə xanımın fikrincə, o dövrdə sənətə qarşı fərqli münasibət olub. Belə ki, rəqqasələr özlərini oynadığı rəqslərə qurban etməyə çalışıblar: "Onda deyirdilər ki, Şəfiqə Əmirovanın "Bənövşə"si, Roza Cəlilovanın "Gəlmədi"si, Əminə xanımın "Naz eləmə"si, "Turacı"sı və s. O ifaçılar hamısı adbaad getdi. Bu gün deyə bilmərəm ki, səhnədə Roza Cəlilova, Qarabağ maralı adlanan Tutu Həmidova var. Hər rəqqasəmizin özünə məxsus adı, şöhrəti vardı. Heç birimiz də bir-birimizə oxşamırdıq. İndi isə əvvəlki kimi deyil. Rəqqasə, sadəcə, oynayıb səhnədən düşməməlidir. Oynadığı rəqslərin mənasını, məzmununu tamaşaçılara anlatmalıdır".

Əminə xanımın sözlərinə görə, əgər rəqqasə oynadığı rəqsin mənasını dərk etmirsə, səhnəyə çıxmasa yaxşıdır. Ə.Dilbazi bildirib ki, o dövrdə Mahnı və Rəqs Ansamblının çox istedadlı üzvləri olub. Əlibaba Abdullayev, Məhərrəm və Fərəc Cavanşirovlar, Gülnisə Qafarova, Şəfiqə və Fizzə Hənifəyevalar, Tutu Həmidova kimi gözəl sənətkarlar ansamblın şöhrətini dünyaya yayıblar: "Sonra bir-birinin ardınca yeni qızlar və oğlanlar gəldi. Mən Filarmoniyada ansamblın rəhbəri olanda, virtuoz rəqqasımız Böyükağa Məmmədov və Roza Cəlilovanı qəbul etmişəm. Onların gəlişi ansambla təkan verdi. Bizim rəqslərimiz sanki danışırdı. Azərbaycan rəqslərinin tarixi yazılmalıdır. Hələlik elə bir kitaba rast gəlməmişəm".

Əməkdar artist Tahir Eynullayev deyir ki, Azərbaycanda rəqs dərnəkləri çoxdur, bu səbəbdən də orda dərs deyən müəllimlər peşəkar olmalıdır: "Bakıda dərnəklər çoxdur amma gərək orada dərs deyən müəllimlər peşəkar olsunlar. İndi toylarda 2-3 hərəkət edən özünə rəqqas deyir, dərnək açır. Amma orada heç bir sənət göstəricisi yoxdur. Həmin insanlar eyni hərəkətləri edirlər. Azərbaycana yaraşmayan hərəkətlər edirlər. Məsələn, mən məzəli rəqs ifa etdim. Burada bəzi elementləri əla etmək olar. Çünki adı buna imkan verir. Amma görürsən ki, toylarda da belə rəqs edirlər. Hər şey müəllimdən asılıdır, müəllim necə yönəltsə, uşaq da ona uyğunlaşacaq".

Dəyərli rəqqasımız T.Eynullayev bizi rəqslərimizə biganə yanaşmamağa çağırır. Rəqsləri olduğu kimi öz adı ilə təqdim etməyi məsləhət görməklə həyəcan təbili çalır: "Hamımız müqəssirik, çünki qorumuruq rəqslərimizi. Biz qədim rəqsi olduğu kimi təqdim etmiriksə, düşmənlərimiz oğurlayır, sonra ayılırıq ki, öz adlarına çıxıblar. Biz özümüz qorumalıyıq. Məsələn, rəqqas əgər hər hansı bəstəkarın musiqisi altında rəqs edirsə, bunu elan etmək lazımdır. Quruluşu verənin adını çəkmək lazımdır. Yəni, hər şey özümüzdən asılıdır.

Mən hər zaman deyirəm ki, bütün rəqs dərnəklərində nəzəriyyə olmalıdır. Uşaqlar ifa etdikləri rəqsin tarixini bilməlidirlər. Bu, tarixdir. Əgər keçilməsə, unudulacaq. İndi uşaqlardan soruşsaq ki, Əlibaba Abdullayev, Qəmər Almaszadə, Əminə Dilbazi kimdir, bilməyəcəklər".

Tanınmış rəqqas İlham Kəriminin sözlərinə görə Azərbaycan xalq rəqsləri dünya xalq rəqslərindən çox seçilir. Xüsusən qadın rəqsləri. Rəqqasə zərif hərəkət, jestlər, baxışlar, süzmələr libaslarla çox incə, təvazökar, utancaq obrazda olur. Burada hansısa hisslərin rəqsə qarışması mümkün deyil.

Dünyanın heç bir yerində Azərbaycandakı kimi, 111 rəqs növü mövcud deyil. Bu, xalqımızın musiqi rəqs sənətinin yaradıcısı olmasını göstərən faktlardandır. Hər rəqs özündə bir mənanı, tarixi, incəsənəti yaşadır. Hər xalqın özünəməxsus rəqs mədəniyyəti var. Azərbaycanın milli rəqsləri qədim köklərə bağlanıb, özündə zəngin tarixi yaşadan milli dəyərimizdir.

Namiq MƏMMƏDLİ

Ekspress.-2015.- 2 iyun S. 15.