Milli rəqslərimiz milli dəyərimizdir

 

Ustalıqla ifa olunan rəqs musiqi ilə qovuşaraq həyatı əks etdirir. Milli rəqslərdə ötən əsrlər, xalqın keçdiyi sınaqlar, sevinc və kədərləri, ən ülvi hissləri əbədiləşir. Milli rəqslərimiz milli dəyərimizdir. Rəqslərdəki şənlik, şuxluq, xanımların nazlı əl hərəkətləri, bəylərin qəhrəmanlığı, hərəkətlərin fəlsəfi mənası digər xalqları da biganə qoymur. Qədim rəqslərin bu günə qədər gəlib çatan növləri rəqqaslar tərəfindən sevilə-sevilə ifa olunur və ürəkləri fəth edir.

Milli rəqslərimiz incəsənətin ən qədim növlərindəndir. Rəqslərimizin ilkin formaları Azərbaycanda yaşamış insanların ibtidai baxışları, həyat tərzi və inancları nəticəsində yaranıb. Rəqslər hələ eramızdan 2-3 min il əvvəl tunc dövründə məişətdə mühüm yer tutub. Qobustanda qayaüstü rəsmlərdə rəqs edən fiqurlar da bunu təsdiq edir. O dövrün rəqsləri mərasim xarakterli olub. İnsanlar ovun uğurlu olması, döyüşün qalibiyyətlə nəticələnməsi üçün rəqs oynamağı vacib hesab edib. Ovsuna, tilsimə, totemlərə inanaraq bu haqda düşüncələrini rəqs edərək bildirib və rəqsi bir çox bədbəxtlikdən qurtaran ayin kimi qəbul edirblər. Tədricən rəqslər mərasim xarakterini və ibadət mənzərəsini dəyişərək, sənətə çevrildi. Milli rəqslər Azərbaycandan kənarda da yayılır və məşhurlaşırdı. Rəqqaslar Türkiyə, İran, Ərəb hökmdarlarının sarayına dəvət olunardı.

Rəqssiz heç bir şənlik, toy məclisi keçmirdi. Hər regionun, kəndin adət-ənənələrindən, inanclarından yoğrulan milli rəqslər ifa olunduqca insanların yaddaşında qalıb nəsildən-nəsilə ötürülürdü. Toy məclislərini aparmaq üçün dəvət alan musiqiçilər dəstəsində rəqqaslar olurdu. Musiqiçilər həmin rəqqasları istedadlı oğlanlar arasından seçir və təcrübəli rəqqasların köməyi ilə bir neçə il rəqsin incəliklərini öyrədirdilər. Rəqqaslar 16-17 yaşa çatdıqda musiqiçi dəstəsinə qoşulur və dəvət aldıqları toya gedirdi. Hər musiqi dəstəsinin öz rəqqasları olurdu. Məhz həmin rəqqaslar qədim xalq rəqslərini qoruyur və növbəti nəslin nümayəndələrinə öyrədirdi.

Milli rəqslərimiz professional səhnədə

XX əsrin 30-cu illərində milli rəqslər artıq müxtəlif klublarda da nümayiş olunmağa başladı. Professional rəqqaslar səhnədə bir neçə Azərbaycan rəqslərini nümayiş etdirirdi. Lakin bu rəqslərdə milli rəqslərimizə aid olmayan hərəkətlər də yer alırdı. Rəqqaslar özü də bunu başa düşürdü. Elə bu səbəbdən də məşhur rəqqas Əşrəf Səfərov 1935-ci ildə estrada baletmeyestri İ.İ.Abratova xoreoqrafik professional kollektiv təşkil etməyi təklif edir. Təklif qəbul olunur və professional Azərbaycan xalq ansamblına qəbul elan edilir. Ansambla qəbul olmaq istəyən 60 nəfərdən 16-sı seçilir. Onlardan Əlibaba Abdullayev, Əminə Dilbazi, Leyla Bədirbəyli, Böyükağa Məmmədov, Hüdziyə İbrahimova və başqaları rəqs sənətində xeyli uğur əldə edirlər. Ansamblın əsas rəqqasları milli rəqslərin incəliklərinə bələd olmaq üçün rayon və kəndlərə gedir və kənd rəqqaslarından unudulmaqda olan rəqs ünsürlərini öyrənirdi.

Professional Azərbaycan xalq rəqsi ansamblı sayəsində "Ceyran bala", "Vağzalı-Mirzəyi", "İnnabı", "Qazağı", "Ənzəli", "Uzundərə", "Tərəkəmə", "Turacı", "Alma", "Lalə", "Dəsmalı" rəqsləri professional səhnədə ilk dəfə ifa olundu. Bu rəqslər bu gün də sevilməkdədir.

Milli rəqslərin nota salınması və nəşrinə isə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra başlanılıb. Elmi-Tədqiqat Musiqi Kabineti xalq musiqisinin, rəqslərin toplanılması və nota yazılmasına dair iş planını həyata keçirib. İlk belə toplu 1937-ci ildə çap olunub. Xalq artisti, dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun hazırladığı "Azərbaycan rəqs havaları" adlı ilk topluya 30 ən məşhur rəqs daxil edilib. Bu topludan sonra milli rəqslərimiz daha dərindən öyrənildi və bu haqda müxtəlif kitablar dərc olundu.

 

Milli rəqslərimizi yaşadanlar

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət rəqs ansamblının solisti - baletmeysteri Təranə Muradovanın sözlərinə görə, milli rəqslərimiz xarici ölkələrdə rəğbətlə qarşılanır: "Otuz ildir ki, dövlət rəqs ansamblında işləyirəm. Bu illər ərzində Dövlət rəqs ansamblı ilə bütün dünyanı gəzmişəm. Xarici ölkə vətəndaşları həmişə bizim rəqslərlə maraqlanıblar. Milli rəqslərimizi ifa edən rəqqasları ayaqüstü alqışlayıblar. Bu gün xarici ölkələrdə rəqslərimizə maraq daha da çoxalıb. Başqa dövlətlərdə konsertlərdə olduqda tamaşaçılar rəqs geyimlərimizə xüsusi diqqət yetirir, bizə şahzadə kimi geyindiyimizi və milli rəqs geyimlərimizə valeh olduqlarını deyirlər".

T.Muradova bildirib ki, milli rəqslərimiz xarici ölkələrdə yaxşı təbliğ olunur. Onun sözlərinə görə, hansısa dövlətin danışıq dilini kimsə başa düşməyə bilər, amma rəqsin dilini hər kəs anlayır. Başqa dildə səslənən mahnını belə başa düşmək üçün tərcümə etmək lazımdır. Rəqqas isə hərəkətləri ilə bir söz demədən milli rəqslərimizin, dəyərlərimizin mənasını çatdırır. "Bu səbəbdən də, dövlət konsertləri keçiriləndə rəqsləri daha çox salırlar".

Dövlət rəqs Ansamblının tez-tez xarici ölkələrə qastrol səfərlərinə getdiyini vurğulayan baletmeyster bu il artıq 6-7 dəfə xarici ölkələrdə olduğunu deyib: "Avropa Oyunları ilə bağlı çox böyük tədbirlər keçirilirdi. Bu tədbirlərlə əlaqədar Fransada, İtaliyada, Yunanıstanda və s. ölkələrdə iştirak edib milli rəqslərin dili ilə ölkəni yüksək səviyyədə təmsil etmişik".

Xalq artisti onu da qeyd edib ki, uşaq rəqs kollektivlərinin təbliğatı zəifdir: "Dünyada hər ölkədə uşaq festivalları keçirilir. Lakin Azərbaycandan uşaq rəqs kollektivləri bu cür festivallarda az iştirak edir. Ölkədə uşaqlar üçün rəqs kursları çox olsa da, belə kurslar xarici ölkələrdə keçirilən festivallara qatılmır. Belə ki, kurs və dərnəklərdə professional müəllimlər dərs demir. Bu səbəbdən də belə dərnəklərdə uşaqlarla sadəcə məşq keçirir və onları dünyada uşaqlar üçün keçirilən bir-birindən rəngarəng festivallara aparmırlar".

Məşhur rəqqasə deyir ki, rəqs onun həyatıdır: "İstəyirəm ki, milli rəqslərimiz dünyada daha da çox tanınsın. Rəqs mənim üçün hər şeydir. Rəqs etmədən yaşamağı təsəvvür edə bilmirəm. Səhnəyə çıxanda elə bil başqa ömrü yaşayıram. Ağrılarımı, dərdimi, məni narahat edən problemləri unuduram. Rəqs edərkən tamaşaçılara milli rəqslərimizi daha da çox sevdirməyə çalışıram".

Azərbaycan Dövlət rəqs ansamblının üzvü, əməkdar artist, Bakı Xoreoqrafiya Akademiyasının rəqs müəllimi Emin Əliyevin sözlərinə görə, milli rəqslərimiz milli dəyərlərimizdir və unudulmamalıdır: "Milli rəqsləri də biz rəqqaslar yaşatmalıyıq. Dövlət rəqs ansamblında bütün milli rəqslərimizi hər dəfə hazırlayır, müxtəlif dövlətlərə dəvət aldıqda orada ifa edirik. Rəqslərimiz möhtəşəm, milli dəyərlərlə zəngin və gözəldir. "Qoçəli", "Azərbaycan", "Vağzalı", "Mirzəyi", "Ənzəli", "İnnabı", "Uzundərə", "Qaytağı", "Qarabağ", "Məğlubedilməz əsgər" və s. milli rəqslərimiz çox sevilir" deyən Əliyev əlavə edib ki, milli rəqslərimiz arasında yallılar da xüsusi yer tutur: "Yallıların bəlkə də mindən çox növü var. Yallı rəqslərində qəhrəmanlıq, mərdlik, həmrəylik, birlik, gözəllik və sülh təcəssüm olunur. "Hoydu, nərim", "Qaladan-qalaya", "Tənzərə", "Köçəri", "İrəvani", "Papiri", "Qazı-qazı", "Baharı", "Qənimo", "Kürdün ağırı", "Arzumanı", "Şəreyi", "Gopu", "Xələfi", "Tirmə şal", "Urfanı", "Fincan-fincan", "Dönə", "Nurqe", "Tello", "Gülüm, hey", "Haxışta", "Azərbaycan", "Qobustan" və s. yallı rəqsləri xalqımızın uzaq tarixinin şahidləridir".

Əməkdar artist vurğulayıb ki, professional rəqqaslar rəqsi insanları əyləndirmək üçün deyil, estetik zövq yaşatmaq üçün ifa edir: "Rəqslə insanların bir-birinə məhəbbətini və ya düşmənlərə qarşı mübarizəsini canlandırmaq olar. Ürəyində nə varsa onu rəqslə demək mümkündür. Rəqsə olan vurğunluq rəqqası hərəkətlərin üzərində işləyərək mükəmməlləşdirməyə təhrik edir".

 

Onun dediyinə görə, rəqs çox mürəkkəb sənətdir: "Lakin milli rəqslərin mənasının dərinliyini anlayanlar ondan yan keçə bilmir. Hər bir sahədə olduğu kimi, rəqs sənətində də çətinliklər olur. Elə hadisələr olur ki, məşqi yarımçıq qoyub evə getməli olursan. Rəqs sənəti daim ciddi məşqlər tələb edir. Dövlət rəqs ansamblında hər gün 4-6 saat məşq edirik ki, milli rəqslərimizi layiqincə ifa edək. Məşqlərlə yanaşı sağlamlığımıza da fikir verməliyik. Rəqqas düzgün qidalanmalı, zərərli vərdişlərdən uzaq durmalıdır. Rəqqas fiziki olaraq rəqs üçün tam hazır olmasa səhhətindəki problemlər rəqsinə mane ola bilər. Rəqs zamanı düzgün icra edilməyən hərəkət rəqqas üçün ağır travma ilə də nəticələnə bilər".

Sözsüz nəğmə, səssiz musiqi

Milli rəqsimizin inkişafında, təbliğində əvəzsiz xidmətləri olan xalq artisti Əminə Dilbazi deyib ki, hər bir rəqsimdə kimsənin görə bilməyəcəyi duyğularımı göz önünə gətirib rəqs edirəm: "Gülün açılması təbəssümü, yarpaqlarda bərq vuran şehlərin parıltısı göz ifadəmi, qol açıb süzməyim quşların qanad çalmasını ifadə edir".

Ə.Dilbazi hesab edirdi ki, rəqs sözsüz nəğmə, səssiz musiqidir: "Müxtəlif güllərin, çiçəklərin, zərifliyin harmoniyasıdır! Əgər rəssam gözəlliyi kətan üzərində əks etdirirsə, rəqqas onu əl, ayaq, bədən hərəkətləri ilə nümayiş etdirir. Rəqqas 3-4 dəqiqə ərzində şirin bir nağıl, ləzzətli əfsanə danışır. Onun hər tərpənişi, hərəkəti mənalı olmalıdır. Kamil sənətkarın əlləri də, çiyinləri də oxuyur, barmaqları danışır, bəzən səslə ifadə edilməsi mümkün olmayan ən incə mətləbləri bədən üzvləri tamaşaçıya çatdırır. Əllər-ayaqlar, arada heç bir vasitəçi olmadan adamlarla həsbi-hal edir, onları düşündürür, sehrləyir... Elə rəqs sənətinin qüdrəti, qüvvəti, vüsəti də bax burasındadır".

Milli rəqslərimiz o qədər gözəl və mənalıdır ki, onu ifa edən rəqqaslar şəxsi həyatlarını deyil, rəqsi yaşayıblar. Bunun nə dərəcədə böyük bir xoşbəxtlik olduğunu anlamaq üçün milli dəyərlərimiz olan milli rəqslərin professional ifasına baxmaq kifayətdir.

 

Aynurə MƏMMƏDOVA

Ekspress.-2015.- 13-16 iyun S. 14.