Azərbaycanın Dostları Fransada muğama qulaq asdılar

 

Fransanın Nant şəhərində Azərbaycanın Fransadakı səfirliyi, Paris Azərbaycan Evi və Assosiasiyası Nant şəhərinin meriyası ilə əməkdaşlıqda muğam konserti təşkil edib.

 

Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri açan səfirlik əməkdaşı Ayaz Qocayev çıxışında Fransanın müxtəlif bölgələrində həyata keçirilən və Azərbaycanın zəngin və qədim mədəniyyətinin tanıdılmasına xidmət edən çoxsaylı layihələr, xüsusən də Heydər Əliyev Fondunun "Qafqazın mirvarisi: Azərbaycanın mədəni dəyərləri" adlı layihəsi barədə məlumat verib.

O, bu cür tədbirlərin Fransa kimi irinüfuzlu ölkədə Azərbaycanın zəngin mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətli olduğunu qeyd edərək gələcəkdə də davam edəcəyini vurğulayıb.

A.Qocayev Azərbaycanda hazırda böyük uğurla davam etdirilən ilk Avropa Oyunları haqda da məlumat verib.

Daha sonra Paris Azərbaycan Evinin sədri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva hər iki təşkilat haqqında məlumat verərək əsas məqsədlərinin Azərbaycanın Fransada daha geniş tanıdılmasından ibarət olduğunu qeyd edib. O, bu zamana qədər həyata keçirilən layihələrin müsbət nəticələr verdiyini vurğulayaraq, Nant şəhərindəki muğam konsertinin növbəti layihələr üçün yol açacağına ümid etdiyini bildirib.

Sonra tamaşaçılar Azərbaycanın əməkdar artistləri -kamançaçalan Elşən Mansurov, tarzən Malik Mansurov gənc xanəndə Kamilə Nəbiyevanın ifasında muğam musiqisini dinləyiblər. Böyük rəğbətlə qarşılanan konsert zamanı "Qarabağ şikəstəsi" daxil olmaqla, məşhur muğam parçaları səsləndirilib.

Konsertdən sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycana aid təbliğat materialları Birinci Avropa Oyunlarına aid suvenirlər,geyim əşyaları paylanıb.

 

Ekspress.-2015.- 20-22 iyun S. 23.