"İçim titrədi, Şuşa yadıma düşdü..."

 

Fransada yaşayan azərbaycanlı müğənni: "Bağlanış mərasimini mən şərh edəcəyəm"

 

"Bakı 2015" Avropa oyunlarının açılış mərasiminin Fransada canlı yayımının şərhi bu ölkədə yaşayan azərbaycanlı müğənni Təranə Monbarbuta həvalə olundu. Fransada Azərbaycanı tanıtmaq üçün əlinə keçən bu fürsətdən müğənni yararlana bilibmi? "Publika.az" həmvətənimizlə müsahibəsində bu məqama toxunub.

   - Təranə xanım, siz Fransa televiziyası üçün "Baku 2015" Avropa Oyunlarının açılış mərasimini şərh etdiniz... Hansı hisslər keçirdiniz?

   - Azərbaycan üçün bu tarixi tədbirdə hazırda yaşadığım Fransadan olan nümayəndə kimi iştirak etdim. Doğrusu, çox böyük qürur hissi keçirdim, yüksək emosiyalar yaşadım. Fransada özümü çox yaxşı hiss edirəm, bu ölkədə ailə qurmuşam. Lakin Azərbaycan mənim qanımdadır. Mənə tədbirdə Fransa xalqına Azərbaycanı tanıtmaq missiyası verildi. Bu qeyri-adi tapşırığın məsuliyyətini verilişdən sonra daha çox hiss etdim.

   - Ancaq siz müğənnilik fəaliyyətinizlə artıq bu vəzifəni yerinə yetirirsiniz, elə deyilmi?

   - Bəli, əlbəttə, mən fransız-azərbaycanlı müğənniyəm və tam azad şəkildə hər iki xalqa biri-birinin mədəniyyətini tanımağı təklif edirəm. Məqsədim bu iki xalqı yaxınlaşdırmaqdır. Məsələn, mənim "Esquisse" albomum vasitəsilə. Ya da ki, tezliklə Fransada səhnədə təqdim olunacaq "Azerbaijan Project" (Azərbaycan haqqında tamaşanın kod adıdır) kimi layihələr vasitəsi ilə. Ancaq Bakıda Avropa oyunlarının Fransa milli televiziyasında təqdimatı çox güclü bir məqamdır, minlərlə fransız bu mərasimlə maraqlandı. Bu da mənim üçün inanılmaz bir imkan idi. Belə ki, bu fürsətdən yararlanıb Azərbaycan gerçəkliklərini fransızlara çatdırdım.

   - Hansı mesajları çatdıra bildiniz?

   - Hər şeydən öncə Azərbaycan mədəniyyətinin bütün zənginliyini fransızlara çatdırmaq istədim və mərasimin fenomenal quruluşu bu barədə mənə böyük kömək oldu. Sonra Azərbaycana məxsus olan tolerantlıq və müxtəliflik ruhunu göstərmək istədim. Azərbaycanda müxtəlif etnik qrupların harmoniyada yaşaması, müxtəlif dini adət-ənənələrin azad və təhlükəsiz şəraitdə qeyd edilməsi barədə danışmaq imkanım oldu. Nəhayət, Ermənistan nümayəndə heyətinin çıxışı zamanı Azərbaycanın 20 faiz torpaqlarının həmin ölkə tərəfindən işğal altında olduğunu, 1 milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma el-obasından qaçqın düşdüyünübuna baxmayaraq, Ermənistan nümayəndələrini Bakıda qəbul etməklə Azərbaycanın problemi danışıqlar yolu ilə həll etməkdə maraqlı olduğunu çatdırdım.

   - Demək istədiyiniz, lakin deyə bilmədiyiniz ismarış necə, oldu?

   - Əlbəttə, bəzi məqamlara aid daha çox məlumat vermək istərdim. Ancaq canlı yayımda şərh etmək çətin tapşırıqdır. Deyə bilmədiklərim üçün təəssüflənmirəm. Çünki bağlanış mərasimini də şərh edəcəyəm. Daha çox məlumat vermək üçün növbəti imkanım olacaqbu şansımdan maksimum yararlanacam.

   - Güclü emosiyadan danışırdınız, hansı məqamda hissləriniz ən yüksək həddə çatdı?

   - İki məqam mənim üçün həqiqətən də çox təsirli oldu. Birincisi, Mehriban xanım Əliyevanın nitqinin sinxron tərcüməsi oldu. Onun sözləri və səsinin emosiyası mənə çox təsir etmişdi. Mən öz şəxsi emosiyama baxmayaraq, onun mesajını və emosiyasını əlimdən gələn qədər aydın çatdırmağa çalışdım.

   İkinci həyəcanlı məqam Azərbaycan nümayəndə heyətinin səhnəyə "Qarabağ şikəstəsi" sədaları altında çıxışı zamanı oldu. Bir qarabağlı kimi, həmin an bütün içimi titrətdi, uşaqlıq xatirələrim, Şuşa yadıma düşdü...

   - Bu televiziya təcrübəsindən sonra fransızlardan Azərbaycanla bağlı mesajlar aldınızmı?

 

   - Bəli, çox mesaj alıram. Xüsusən, "Facebook" səhifəm və saytım www.taranaparisbakou.com vasitəsi ilə. Özü də yalnız şərhlərimlə əlaqədar olmayıb. Bakının gözəl görüntüləri ilə təşkil olunan möhtəşəm şou barədə də təbrik və təşəkkür mesajları almışam. Məncə, bundan sonra bir çox fransızlar Azərbaycana səyahət edəcəklər. Çünki onlar gördüklərinə heyran oldular.

   - Səhv etmirəmsə, siz Bakı haqqında daha bir verilişdə iştirak etmisiniz?

   - Bəli, doğrudur, mən həmin verilişə dəvət olunmuşdum. Orada Azərbaycandan danışdım və azərbaycan dilində mahnılar oxudum. Aparıcı məndən Azərbaycan himnindən bir parça oxumağı xahiş etdi...

   Hətta bir restoranda fransız tamaşaçıları tərəfindən tanındım və onlar məni Bakı və Azərbaycan barədə sorğu-suala tutdular.

   - Son olaraq planlarınız barədə danışardınız...

   - 28 iyunda "Bakı 2015"-in bağlanış mərasiminin canlı yayımında şərhçi olacağam, sonra böyük fransız rejissoru Yvan Attalın filminin çəkilişində iştirak edəcəyəm. Orada faşist Almaniyasının bal səhnəsində kiçik bir rol ifa edəcəyəm. Daha sonra ailəlikcə Fransanın cənubuna istirahətə gedəcəyik. Sentyabr ayında isə "Azerbaijan Project" adlanan tamaşamın premyerası olacaq.

   Oktyabr ayından başlayaraq "Şəhrizad" adlı musiqili tamaşanın turu başlayacaq və mən orada baş rolda çıxış edəcəm.

   Eyni zamanda, 2015-də Bakıda bir tədbir gözlənilir, ancaq hələ son təsdiqini almamışam.

 

Ekspress.-2015.- 23 iyun.- S.23.